Şöhrətin işığı, taleyin kölgəsi
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kamil ƏFSƏROĞLU
Hollivud Amerikada nə deməkdirsə, Bollivud da Hindistanda eyni mənanı daşıyır. Bollivud ölkənin nəhəng kino dünyası, kino aləmidir. Bu möhtəşəm sənət dünyası hər il çəkilən filmlərin sayına görə uzun müddətdir liderliyini qoruyub saxlayır. Hər il ekranlara yüzlərlə, bəzən isə minə yaxın film çıxır. Kəmiyyət dalınca qaçan Bollivud bu göstəriciləri ilə dünya kinosuna sanki meydan oxuyur. Rəngarəng reklamlar, afişalar, onlardan boylanan çılğın baxışlı aktyor və aktrisaların tanış sifətləri tamaşaçını asanlıqla tora salır, onu kinoteatrlara cəlb edir.
Filmlərdə çəkilmək, kino ulduzu olmaq hansı hindli gəncin arzusu deyil? Gənclər filmlərin yalnız tamaşaçısı olaraq qalmaq istəməyib, başqa sevdaya da düşürlər. Rəngli afişalarda, reklamlarda özlərinin də şəkillərini görmək eşqiylə yaşayırlar. Bollivudun qapısını kimlər döymür: istedadı olan da, olmayan da, savadlı da, savadsız da, yaraşıqlı da, yaraşıqsız da... Hindistanın müxtəlif guşələrindən, şəhərlərindən bura üz tutanları bir arzu-istək birləşdirir - hansısa filmdə rol almaq. Sonrası da ki, necə deyərlər, Allah kərimdir.
Bollivuda pənah gətirən çox olur. O isə hər gələnə qapı açmır, bu sənət dünyasının öz qanunları var. Bollivud güclü, hünərlidir, kimisə kino ulduzuna çevirib, şöhrət dağının zirvəsinə qaldıra bilir. Hansısa kino ulduzunun işığını, şöləsini bir göz qırpımındaca söndürmək də onun əlindədir. Bollivud səhvləri bağışlamır, odur ki, onun nəhəng qapısından keçənlər addımlarını ölçüb-biçir, ehtiyatı əldən vermirlər. Necə deyərlər, dəvəçi ilə dost oldun, darvazanı gen götür.
Hind filmlərinə baxanda, bu ölkənin kino sənəti ilə yaxından tanış olanda müsəlman əsilli aktrisaların da adına rast gəlirik. Bu da təsadüfi deyil, ölkə əhalisinin təxminən on üç faizini müsəlmanlar təşkil edir. Hindistan kinosunu dünyada tanıdan, milyonlara sevdirən ulduzlardan biri də məhz müsəlman əsilli Nərgiz olub. Nərgizin ardınca daha bir neçə ekran ulduzunun şöləsi Bollivuda işıq saçmaqda idi: Vahidə Rəhman, Şabana Əzmi, Pərvin Babi, Zinət Aman və başqaları. Onların hər birinin hind kino tarixində öz yeri var.
Zinət Aman - bu ad Azərbaycan kinosevərlərinə də yaxşı tanışdır. Onun çəkildiyi filmlər kinoteatrlardan savayı, müxtəlif televiziya kanallarında da nümayiş etdirilir. İstər Hindistanda olsun, istərsə də ölkədən uzaqlarda, tamaşaçılar Zinət Amanın çəkildiyi filmlərin sorağında, intizarındadırlar. Asiya, Afrika və Latın Amerikası Ölkələrinin Beynəlxalq Daşkənd Kinofestivalında mən bunun bir daha şahidi olmuşam. Hindistan hər dəfə bu festivala böyük heyətlə qatılırdı. Hind kinosunun ən məşhur sənət ulduzlarını bu kino şənliyində görmək olurdu.
Zinət Amanla məni Özbəkistan Televiziyasının əməkdaşı Tahir tanış etdi. "Özbəkistan" mehmanxanasının foyesində adam çox idi. Festivalın rəsmi açılışına hazırlıq gedirdi. Tahir bir kənarda tək oturmuş, otuz-otuz beş yaşlarındakı qadını mənə göstərib soruşdu:
- Tanıdın o aktrisanı?
- "Əlibaba və qırx quldurun macəraları" filminə kim baxmayıb? - dedim.
Tahir aktrisa Zinət Amandan əvvəllər müsahibə almışdı. Odur ki, köhnə tanışlar kimi görüşdülər. Bizə tərcüməçilik edən isə Özbəkistan Beynəlxalq Radiosunun hind dilində verilişlər redaksiyasının əməkdaşı Mirzocon Tursunov idi. Onunla Moskvada ixtisasartırma kurslarında oxumuşduq.
Özbək həmkarlarım məni aktrisaya təqdim etdilər. Tahir ona dedi ki, azərbaycanlı həmkarımız sizin pərəstişkarınızdır, çəkildiyiniz çox filmə baxıb... Doğrusunu deyim, dostum bir az şişirdirdi. Mən Zinət Amanın çəkildiyi cəmi üç-dörd filmə baxmışdım.
Söhbət zamanı təbəssüm aktrisanın çöhrəsindən bir an belə çəkilmirdi. Amma gözlərinin dərinliklərində elə bil nəsə bir qüssə gizlənmişdi: üzü gülürdü, gözləri yox. Adətən, hindistanlı nümayəndələr qrup halında gəzib-dolaşırdılar. Zinət Aman isə tənhalıq axtarırdı. Niyə? Bu sualın cavabını bilmirdim.
Daşkənd kinofestivalında onun da şahidi oldum ki, Zinət Amanı Özbəkistanda çox yaxşı tanıyır, sənətini yüksək dəyərləndirirlər. Aktrisanı daim pərəstişkarlarının əhatəsində görmək olurdu. Hindsayağı sari geyinib özünü Zinətə bənzətmək istəyən yeniyetmə qızlar da var idi. Bu qızların arasında Rusiyanın müxtəlif şəhərlərindən gələnlər də az deyildi. Bəziləri hind dilində sərbəst danışırdı.
Onu da deyim ki, Zinət Aman "Özbəkfilm" kinostudiyasının hind kinematoqrafçıları ilə müştərək çəkdiyi "Əlibaba və qırx quldurun macəraları" filmindən sonra daha yaxşı tanınmış, məşhurlaşmışdı. Bu filmin aktrisanın yaradıcılığında xüsusi yeri var və bunu müsahibələrində özü də qeyd edib.
Özbək kinorejissoru Lütfi Feyziyevin hindistanlı həmkarı Umeş Mexra ilə birlikdə ekranlaşdırdığı bu film Özbəkistan-Hindistan dostluğunun yeni təcəssümü idi. "Əlibaba və qırx quldurun macəraları" Hindistanda da maraqla qarşılanmış, ən çox baxılan filmlər sırasında yer almışdı.
"Əlibaba və qırx quldurun macəraları" "1001 gecə" nağılının motivləri əsasında çəkilib. Yaradıcı kollektiv beynəlmiləldir. Bu ekran əsərini ərsəyə gətirənlər arasında kimlər yoxdur? Hind, özbək, rus, qırğız, gürcü, qazax və digər millətlərin nümayəndələri. Orta Asiya şəhər və kəndlərindəki tarixi məkanlar, qədim şəhər xarabalıqları tamaşaçını gördüyü mənzərələrin gerçəkliyinə, tarixiliyinə inandıra bilir. Qədim dövrlərin nağılı kimi, film də insanları düşündürən insani münasibətlərə, ictimai və əxlaqi məsələlərə toxunur. Təmizqəlbli, vicdanlı və xeyirxah Əlibabayla onun acgöz, tamahkar qardaşının simasında insanların cəmiyyətdəki yeri göstərilir. Bəli, qədimdə olduğu kimi, indi də insanlar fərqlidirlər: aralarında yaxşısı da var, pisi də, gözütox olanı da var, acgözü də.
Hind kinosunun nəhəng sənaye mexanizmi olan Bollivud çoxlarının taleyində rol oynayıb, onları kino ulduzuna çevirib. Çoxlarının tale yolu da məhz burada - təzadlarla dolu, şəfəqi ilə göz qamaşdıran məkanda qovuşub. Odur ki, bir çox sənətkarların şəxsi həyatında sənətin önəmli rolu olduğunu görürük. Rejissorların baş rolun ifaçısına - gözəl-göyçək aktrisalara vurulmağı, onlarla ailə qurmağı adi haldır. Bu evliliklərin çox vaxt uğursuzluqla bitməsi də sanki bir qanunauyğunluqdur. Bollivud surətpərəstdir, gözəlliksevəndir və onun rəngli, parlaq dünyası hər il yeni gözəllərin gəlişi ilə yenilənir. Yenilənən ab-hava fonunda bir çox evliliklərin köhnəlib solduğu da tez gözə dəyir. Zinət Amanın da həyatı istisna deyildi.
Zinət Aman Bombeydə anadan olub. Məzhəbcə atası müsəlman, anası isə induistdir. Taledən Zinətə atalı-analı həyat qismət deyilmiş. O, körpə ikən atası onlardan ayrılıb.
Orta məktəbi bitirdikdən sonra Zinət təhsilini davam etdirmək üçün Amerikaya getməli olur. Vətənə qayıdıb bir müddət jurnalist kimi fəaliyyət göstərir. Özünü bu sahədə tapmayan gənc qız başqa peşəyə meyil salır, model olur. Onun zahiri görünüşü, gözəlliyi, ifadəli çöhrəsi bu sahədə uğur qazanacağına sanki əvvəlcədən təminat verirdi. Hindistan gözəli yarışmasında ikinci yeri tutması, "Sakit Okean Asiyası gözəllik müsabiqəsi"nin qalibi olması Zinətin potensial imkanlarından xəbər verirdi.
Gənc qızın uğurları Bollivudun da nəzərindən yayına bilməzdi. Bollivud öz qapılarını Zinətin üzünə taybatay açdı. Aktrisalıq təhsili almasa da, bacarıqlı və qabiliyyətli idi. Buna görə də rejissorlar ona inanır, ürək qızdırırdılar. Doğrudur, ilk filmlərindəki rolları uğurlu alınmasa da, bu, Zinəti ruhdan salmırdı. O, özünə inanır, güvənirdi. Elə buna görə də tanınmış kino rejissoru Dev Anand aktrisanı "Qardaş və bacı" filmində ikinci qəhrəman roluna dəvət etdi. Təcrübəli rejissor zənnində yanılmamışdı. 1972-ci ildə ekranlara çıxan film aktrisaya uğur qazandırdı, onu tamaşaçılara tanıtdı, sevdirdi. Bollivud Zinətin simasında yeni bir ulduz tapdı. O ulduz ki, nuruna-şəfəqinə hind kinosunun ehtiyacı vardı.
Qısa müddətdə "Məhəbbət sorağında", "Duman", "Eşq melodiyası", "Əyləncə axtarışında", "Naməlum qadın", "Tamah", "Məhəbbətin əbədi nağılı", "Mafiya başçısı" və digər filmlərdəki rolları da maraqlı alındı. Zinətə gələn çəkiliş dəvətləri səngimək bilmirdi. Dövrünün ən məşhur aktyorlarından, rejissorlarından sayılan Rac Kapur da Zinət Aman yaradıcılığına biganə qalmır, aktrisanı "Həqiqət, məhəbbət və gözəllik" filminə çəkilişə dəvət edir. Rac Kapur öz filmlərində sosial problemlərə həmişə diqqət yetirib. İnsanın cəmiyyətdəki yeri, adamlar arasındakı münasibət, xarakter fərqliliyi rejissorun yeni filmində uğurla işlədiyi aktual mövzulardır. Mənəvi gözəllik zahiri gözəllikdən daha vacibdir - ssenaridə bu ideya öz əksini tapsa da, təəssüf ki, eyni fikri film haqqında demək olmur. Rejissorun intim mövzulara önəm verməsi filmin uğuruna xələl gətirməyə bilməzdi. Hind tamaşaçıları buna hazır deyildilər. Odur ki, Zinət Amanın yaradıcılığını təhlil edərkən tənqidçilər bu filmdən, necə deyərlər, yan keçməli olurlar.
80-ci illər Zinətin yaradıcılığında yeni bir mərhələ kimi dəyərləndirilir. Hindistanın ən məşhur aktyorları ilə tərəf-müqabili olur. Zinət qədd-qaməti ilə də seçilirdi, odur ki, rejissorlar aktrisanın bu üstünlüyündən yararlanmağa can atır, onu bir qədər açıq-saçıq epizodlarda göstərməklə filmin intim çalarlarını gücləndirmək istəyirdilər. Onu da deyim ki, ümumiyyətlə, hind filmlərində bu meyil sonradan artmağa başlamışdı. Hər dövr öz tələblərini irəli sürür və hind kinosu da bu tələblərlə barışmaq məcburiyyətindədir.
Bollivud daim yeni ulduzların, gözəllərin hesabına yeniləşir. Bu yeniliklərdən isə yeni eşq macəraları doğur.
Zinət Amanın da şəxsi həyatı filmi xatırladır: rəngli, dramatik hadisələrlə dolu musiqili filmi. Zinət Bollivuda qədəm qoyanda şorgöz rejissorlar onun simasında aktrisalıqdan daha çox gözəl, təravətli bir qız görürdülər. Rejissor Sancay Xanla eşq macərası Bollivuddakı dedi-qodulara son qoydu. Doğrudur, Sancay evli olsa da, bu, Zinətin qarşısında maneə sayıla bilməzdi. O, rejissorun ikinci arvadı olmağa razılaşdı. İlk baxışdan Zinət sanki öz səadətini tapmış, sevgisinə qovuşmuşdu. Ona həsəd aparanlar da az deyildi. Əslində, Zinətin özünün də həsəd apardıqları vardı...
Bir dəfə ziyafətdə Sancay Xanın birinci arvadı Zinətə şillə vurur. Arvadının hərəkətini təkrarlayan Sancayın zərbəsi isə daha güclü olur və Zinətin sağ gözü zədə alır. Bu, məclisdəkiləri heyrətə gətirir. Bir neçə gün sonra rejissor Sancay Xan mətbuatda çıxış edərək Zinətin başqa biri ilə əlaqədə olması faktını açıqlayır və ondan ayrıldığını bildirir. İlk sevgisi daşa dəyən Zinət üçün bu, dözülməz hal idi. Onu qarşıda nələr gözləyirdi, özü də bilmirdi.
1985-ci ildə Zinət Aman aktyor Macar Xanla ailə qurur. İki övladı olur. Bollivudda gözlər indi də Zinət Aman-Macar Xan evliliyinə dikilir. Birincidən fərqli olaraq, bu evliliyin uğurlu olacağına heç kim şübhə etmir. İki övlad anası olan Zinət kinodan ayrılmır, filmlərdə çəkilməkdə davam edir. Ailədaxili münasibətləri pünhan saxlamağa çalışsalar da, yeni söz-söhbətlər ortaya çıxır. Bir dəfə həyat yoldaşı Zinətə əl qaldırır. Bu isə sonun başlanğıcı demək idi. Boşanmanı rəsmiləşdirməyə az qalmış Macar Xan dünyasını dəyişir. Doğmaları onun ölümündə Zinəti günahkar sayırlar. Cəmi 13 il sürən ikinci evliliyi də belə başa çatır. Sanki onu taleyin qarğışı tutmuşdu. Bəlkə də bu inancdan idi ki, aktrisa bir daha ailə qurmaq fikrinə düşmür. Həyat isə davam edir.
Qəribə təsadüfdür, mən Zinət Amanla həmyaşıdam - eyni ildə doğulmuşuq. 1982-ci ildə biz tanış olanda 31 yaşımız vardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Oktyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















