Icma.az
close
up
RU
Son akkordların intizarı

Son akkordların intizarı

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rauf  Kasimov 1954-cü ildə Bakıda anadan olub. Piano təhsili almağa 6 yaşından başlayıb. 1978-ci ildə Bakı Dövlət Konservatoriyasının piano sinfini yüksək göstəricilərlə bitirib. 1980-ci ildə konservatoriyanın doktoranturasını başa vurub. 1980-1991-ci illərdə konservatoriyada piano müəllimi işləyib, bununla paralel 1985-1987-ci illərdə Moskva Konservatoriyasında professor Sergey Dorenskinin yanında kurs keçib.

Bəstəkar kimi o, caz üslubunda musiqilərin müəllifidir.

Rauf Kasimov Rusiya, İspaniya, Bolqarıstan, Türkiyə kimi ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin qalibi, Şimali Kiprdə, Belarusda beynəlxalq müsabiqələrin münsifi olub.

2005-ci ildən Şimali Kiprdə yaşayıb-işləyən Rauf Kasimovun yetirmələri müxtəlif beynəlxalq müsabiqələrdə 40-dan artıq medal qazanıblar.

Həm başlıqdan, həm də müsahibimlə söhbətdən düşüncəmin bir küncündə sanki qu quşunun son nəğməsi, son çırpıntıları ilişib qalıb. Dünya malı, dünyanın özü daha onu maraqlandırmır. Xatirələrini danışır, bəzən təəssüfdən - keçdiyi yolda yanlış hesab etdiyi addımlardan bəhs edərkən, bəzən də qarşıda daha heç nəyin qalmadığından və yalnız son bir nəğmə (konsert) arzusunun xiffətindən gözləri dolur. O konsert onun bütün yaşantısının, doğrusunun, yanlışının, sevgisinin, qəzəbinin, təəssüfünün, arzularının təntənəsi - son akkordu olmalıdır. Can atdığı yalnız budur. Kimdir axı, Rauf Kasimov? 90-cı illərdə məcburən vətənini, buradakı karyerasını buraxıb getməli olan sadə bir musiqiçi, yoxsa?.. Həmin o “yoxsa” və başqa “yoxsa”larla bağlı özü danışır. Susmadan, vergül qoymadan, suala yer saxlamadan...

Xalq hakiminin musiqi duyumlu oğlu

- Bakıda doğulmuşam, atam-anam musiqiçi deyildilər. Anam keçmiş Oktyabr rayonunun xalq hakimi işləyirdi. Evimizdə pianino vardı - “Qırmızı oktyabr” - o, mənim “oyuncağım” idi. Haradasa, altı yaşım olardı, anam səhər gedirdi işə, gecə qayıdırdı. Mən də oturub o klavişlərlə oynayırdım. Bir dəfə anamın bir qonağı gəlmişdi. Mənsə otaqda bir musiqi parçasını dınqıldadırdım. Qonaq anama dedi ki, “Ay Məleykə, bu uşaq elə bil Raç Kapurun “Avara” filmindən olan musiqini çalır”. Anam inanmadı, amma qonaq israrla mənə başqa musiqiləri də diktə etdi, mən də dınqıldatdım. Mən sadəcə eşitdiyimi təkrar edirdim. Qonaq çox təəccübləndi və dedi ki, bu uşaq musiqidən anlayır və çox gözəl musiqi duyumu var, onu mütləq musiqi məktəbinə qoymaq lazımdır.

Anam məni gətirdi, o vaxtlar Bülbül adına musiqi məktəbi indiki Bakı Musiqi Akademiyasının tərkibində fəaliyyət göstərirdi, ora, o vaxt koservatoriya idi. İndi isə həmin bina Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasına aiddir.

Müsabiqəyə təxminən 300 uşaq qatılmışdı. Onların içindən yalnız 60 nəfər seçildi. Bu, çox ciddi və çətin seçim idi. Mən də həmin seçimə qatıldım və məni qəbul etdilər. Müsabiqədəki bütün müəllimləri təəccübləndirə bilmişdim. Çox diribaş, çevik  uşaq idim. Hələ də o günü dünənmiş kimi xatırlayıram.

Məsələn, soruşurdular ki, bu notu tanıyırsan? Onlar klavişə basırdılar, mən səslə onu təkrar edirdim. Mənə görə bu asan idi, amma onlar buna heyran qalırdılar. Soruşurdular: “Başqa nə edə bilərsən?” Cavab verdim ki, mən “Monqolustan süitası” bəstələmişəm. Cəmi 5-6 yaşım vardı.”Çala bilərsənmi?” - deyə soruşdular. “Əlbəttə” deyib çaldım. Pianinoda əsasən qara klavişlərdə ifa edirdim. Onlarla nə çalırdımsa, Monqolustan və Çin musiqisinə bənzəyirdi. Bu, əslində pentatonika ladıdır. O vaxt bunun adını bilmirdim, amma bilirdim ki, qara klavişlərə basanda monqol notları səslənir. Oradakılar gülməkdən özlərini saxlaya bilmirdilər, amma bunu gizlədirdilər. Sonda da dedilər ki, çox gözəldir, keçə bilərsən. Və beləliklə, məni qəbul etdilər.

Sonra anam gördü ki, bu yol çox çətin və məsuliyyətlidir, daim nəzarət lazımdır. Ona görə də öz işindən, o dərəcədə nüfuzlu vəzifəsindən imtina etdi. Hakimlikdən çıxıb vəkil oldu. Çünki vəkillik sərbəst bir peşədir. İstəsə, işi qəbul edir, istəməsə, yox - heç kim onu məcbur edə bilməz. 11 il məni məktəbə apardı, gətirdi. Məktəbi də çox yaxşı qiymətlərlə bitirdim.

Mən məktəbdə keçirilən bir yarışmada ilk dəfə orkestrin tərkibində çıxış edən şagird oldum. O zaman məktəbin daxilində belə yarışmalar təşkil olunurdu. Mənim müəllimim hələ də sağdır - Dilarə Mirzəquliyeva. Bəlkə, adını eşitmisiniz. Məncə, o, dünyada ən yaxşı müəllimlərdən biridir. Peşəkar pianoçudur. Bülbül adına musiqi məktəbində dərs deyirdi.

18 illik piano təhsili

Məktəbdə yalnız mən 11 ilin hamısını oxudum. Yəni davam gətirə bildim. Müəllimim mənə dözdü, mən də onun tələbkarlığına. Heç kim axıra qədər oxuya bilmədi. Bu, demək olar ki, mümkün deyildi. Dilarə xanım elə bir insandır ki, bilmirəm, sanki Tanrı onu təkcə müəllimlik üçün yaradıb. Onun üçün güzəşt anlayışı yox idi. Yumşalma, göz yummaq, belə şeylər onda yox idi. Deyirdi, belə edəcəksən, deməli, etməlisən, öyrənməlisən, gecə-gündüz əmək sərf etməlisən. Əgər etməsən, işin bitmişdi. Mən gördüm ki, bu müəllimlə zarafat etmək olmaz, amma mən də istəyirdim, gedim dostlarla, qızlarla gəzim, futbola baxım, amma həyatımda elə şeylərə yer, vaxt yox idi. Anam qapının ağzında dayanardı, qoymazdı harasa getməyə. Sonra beş il konservatoriya təhsili aldım. Rəhmətlik Rafiq Atakişiyev mənim müəllimim oldu. Ardınca iki il də aspirantura... Beləliklə, ümumilikdə 18 il həyatımı piano üzrə təhsilə həsr etdim.

Nə yaxşı ki, bütün o müəllimlər, pedaqoqlar vardı - biz çox gözəl bir həyat yaşadıq. 1978-ci ildə Konservatoriyanı bitirdim, 1980-ci ildə isə aspiranturanı başa vurdum. Dərhal məni Konservatoriyaya müəllim kimi qəbul etdilər.

Çünki mən orda müəllim qalmaq üçün təşkil edilən müsabiqədə qalib gəlmişdim. Məni bütün komissiya üzvləri seçdi. Bütün komissiya imza atdı ki, Rauf Kasimov aspiranturaya tam layiqdir. Bu, bir növ elə indiki tövsiyə məktubu idi. Yəni onlar məni tövsiyə etdilər və nəticədə mən iki illik aspirantura təhsilindən sonra konservatoriyada müəllim işləməyə başladım.

5-ci kurs tələbələri ilə aramızda cəmi 2 yaş fərq var idi, amma mən artıq müəllim idim. İndi həmin yetirmələrim sosial şəbəkələrdə tapıb yazırlar mənə.

Sonra Moskvaya getdim, indi düşünürəm ki, getməklə bir səhv etdim. Çox keçmədən Moskvada xaos başladı, Yeltsin hakimiyyəti illərində professorlar küçədə siqaret-filan satırdılar. Moskva Konservatoriyasındakı bir professor mənə dedi ki, bu maaşla burda necə yaşayacaqsan?

Moskvada ikən, 1994-cü ildə mənə Bəhreynlə bağlı bir viza və iş təklifi gəldi. Bəhreyn... Ərəbistan... Allah, Allah! Təəccübləndim, amma qərar verdim və yola düşdüm. Orada yüksək əməkhaqqı verilirdi. Müqaviləyə imza atdım. Müqaviləyə görə ayda 800 dollar maaş almalı idim. Bu məbləğ Bəhreyn üçün kifayət qədər yaxşı idi. Hər şey qaydasında görünürdü. Lakin sonra institutun müdiri ilə oturub söhbət edəndə dedi: “Cənab Rauf, bilirsiniz ki, Körfəz ölkələrində böyük problemlər var. Ona görə də sizə müqavilədə göstərilən 800 dolları yox, sadəcə 400 dollar ödəyə biləcəyik”.

Mən dedim ki, yaxşı, onda mənə geri dönüş bileti verin, geri qayıdım. Çünki 400 dollarla mən burada nə edə bilərdim ki? O cavab verdi ki, narahat olmayın, burada tələbələriniz olacaq, şəxsi dərslər verəcəksiniz, orda-burda çıxışlarınız da olacaq. Amma məktəbin özü - institut - sizə yalnız 400 dollar ödəyə biləcək. Mən o vaxt hələ sovet təfəkkürü ilə düşünürdüm. Anladım ki, bu adamlara etibar etmək olmaz, açıq-aşkar yalan danışırlar. Amma orda qalmağımın bir yaxşı cəhəti də oldu ki, məni yaponlar kəşf etdilər. Yəni eşitdilər ki, Sovetlərdən bir pianoçu gəlib, virtuozdur. Elə bil gözəllik müsabiqəsinin qalibi idim - bir konsertdən o biri konsertə, ailədən ailəyə, bir evdən o birisinə aparırdılar. Gün ərzində 16 saat fasiləsiz çalışırdım. Çünki onlar mənə çox yaxşı pul verirdilər. Təsəvvür edin, institutdan ayda 400 dollar maaş alırdım, amma yaponlardan hər həftə 400 dollar qazanırdım. Nə isə... Sonra, təbii ki, oradan çıxmaq məcburiyyətində qaldım, qayıtdım yenə Moskvaya.

Türkiyə həyatı

Türkiyəyə elə vaxtda getdim ki, Rusiyada iqtisadi sistem çökmüş, defolt baş vermişdi. Moskvada vəziyyət çökəndə - pullar, banklar, hər şey dağılmağa başlayanda - kimin bankda pulu vardısa, hamısını itirdi. Amma mən bir az şanslı idim. O vaxtlar “Kosmos” otelində piano çalırdım. Hər axşam 15 dollar nağd pul alırdım. Repertuar çox geniş idi - “List”dən tutmuş “My Way”ə qədər hər şeyi çalırdım. Çünki yaxşı duyumum vardı, qulağım musiqini tez tuturdu. Dostlarım deyirdilər, biz işsiz, pulsuz, yeməksiz qaldıq, amma sən işləyirsən. Səni musiqi xilas etdi. Düz deyirdilər.

Getdim Türkiyəyə. Köhnə dostum Samir Güləhmədov - kamança ifaçısı, uzun illərdi, Türkiyədə yaşayırdı, onun evində qaldım. Türkcə bilmirdim. Samir dedi ki, Rauf, mən, arvadım Lalə və oğlum yalnız türkcə danışacağıq ki, sən bu dili öyrənəsən, burda rus dili söhbəti yoxdur. Bu üç nəfər üç ay ərzində beynimi alt-üst etdilər. Mən heç nə anlamırdım. “Rauf, sabah gedirik” deyirdilər. Mən soruşurdum: “Nə? Çto?” Amma rusca danışmaq qadağan idi.

O zaman başa düşdüm ki, yeni dil öyrənməyin yolu əvvəlcə köhnəni unutmaqdan keçir. Öz dilini sıfırlayıb, təzə dilə yer açmalısan. Hətta Çin dilini də bu üsulla öyrənmək olar - yetər ki, çinlilərlə yaşayıb, onların mühitinə düşəsən.

İngilis dilini necə öyrəndim? Moskvada kanadalı bir qız vardı. Soruşdu ki, sən mənə rus dilini öyrədə bilərsən? Dedim: “Əlbəttə. Amma sən də mənə ingiliscə öyrətməlisən”. Beləcə, üç ay ərzində o mənə ingilis dilini öyrətdi. İndi Şimali Kiprdə - Quzey Kıprıs Türk Cümhuriyyətində yaşayıram, orda işləyirəm, onlarla tələbəm var. Amma Bakıya qayıtmaq istəyirəm. Mən burda uğurlu müəllim, peşəkar pianoçu idim, öz sahəmdə daha da yüksələ bilərdim, amma 90-cı illərdə hər şey qarışdı, məvacibimiz olmadı, dolanışıq üçün çıxıb getdik. Ən əsas isə sənətə dəyər verən yox idi. İndi vəziyyət çox dəyişib. Bir dəfə Dostum Cavanşir Quliyevə dedim ki, Bakıda konsert vermək istəyirəm, dedi ki, sənin xəbərin varmı nə qədər zaman keçib və sən unudulmusan, kim sənin konsertinə bilet alıb gələr? Sən o vaxtlar Rauf Kasimov idin, indi o Raufu kimsə tanımır. Çox acı reallıqdır. Bu sözlər mənim üçün çox ağır oldu. Amma bir tərəfdən də haqlıdır, zaman keçdikcə populyarlıq azalır, insanlar unudurlar. Yaşım 70-i keçib artıq, saç-saqqal ağarıb, addımlarım da ağırlaşıb. Amma içimdə böyük bir arzu daşıyıram - axırıncı dəfə Azərbaycanda, doğma vətənimdə konsert vermək! Ölüm gəlməmişdən əvvəl bu arzumu həyata keçirmək istəyirəm.

Sizə həyatımın bu səhifələrini anlatmağımın səbəbi də budur. Bəlkə birisi maraqlanar, deyər, görək bu insan kimdir? Axı bu adam, yəni Rauf Kasimov 11 il  konservatoriyada müəllim olmuş, dünya səhnələrində, beynəlxalq müsabiqələrdə laureat seçilmiş, həyatını musiqiyə həsr etmiş bir insandır.

Uzun yolda son akkordlara doğru

Türkiyədə Ayla xanımla tanışlığım həyatımın dönüş nöqtəsi oldu. Çox yaxşı  insandır, fizika müəllimidir. Məni dəyərləndirdi, sənətimi, ifamı bəyəndi, dedi ki, sən yaxşı musiqiçisən, yaxşı məktəbin var və özün məktəbsən. Ailəm yox idi, ayrılmışdıq. İlk həyat yoldaşım Zülfiyyə xanım kamança ifaçısı idi. Oğlum Rustam Şotlandiyada, Aberdin şəhərində yaşayır. Neft mühəndisidir, vaxtilə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Ayla xanımla evləndik, o, iki dəfə mənim həyatımı xilas etdi. Bağırsaqlarımda şiş tapıldı, onunla birlikdə mübarizə aparıb, qalıb gəldik. Sonra da ürəyimdən əməliyyat olundum. Yenə yanımda oldu. Bunlardan sonra işləyə bilmədim, amma mən müəlliməm. Tələbələrim evimizə gəlir, öyrənirlər. Yoldaşım deyir, çox danışmaq sənə ziyandır. Deyirəm, müəllim danışmalıdır. Bəzən valideynlər gəlib şikayətlənirlər ki, müəllim, qızımızı bir müəllim yanına apardıq, bir saat oturdu, ağzını açmadı, uşağımıza bir söz demədi: “Saat bitdi, pulumuzu aldı və yola saldı”. Mən elə deyiləm. Ətraflı izah edirəm. Məsələn, siz soruşsanız ki, Rauf bəy, bu nədir? Mən oturub yarım saat onu izah edəcəyəm,  necə çalınır, necə uzadılır, necə duyulur - bunlar mənim işimdir.

Uzun illərdən bəri vətəndən kənarda yaşayıram, bunu deməliyəm, çünki kənardan hər şey daha aydın görünür. 44 günlük Vətən müharibəsi günlərində biz azərbaycanlılar yığışıb bir yerdə müzakirə edir, gedişatı izləyir, bir birimiz qürurlandığımızı dilə gətirirdik. Açıq deyirəm, bizim Ali Baş Komandanın etdikləri misilsiz şücaətdir. Hər yerdə bunu belə də deyirlər. Biz dövlətimizin, dövlətçiliyimizin arxasında olmalıyıq. Mənim heç bir təmənnam yoxdur, düşündüklərimi deyirəm. Bizə indi birlik hər zaman olduğundan daha çox lazımdır.

Ramilə QURBANLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see160

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see145

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see144

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see135

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see123

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see123

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see122

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see120

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see120

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see119

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see118

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see117

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see116

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see116

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see115

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see114

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see114

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see113

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see113

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri