Sovetlərin Naxçıvana yubiley hədiyyəsinin tarixçəsi
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ulu öndərin illər öncə maraqla baxdığı həmin traktor indi haradadır?
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ulu öndərin həyatı və fəaliyyəti ilə bağlı bir çox tarixi foto sərgilənir. Hər şəkilin də öz tarixi, öz hekayəsi var. Muzeydəki bir foto isə ziyarətçilərin diqqətini daha çox cəlb edir. Burada Heydər Əliyev və ətrafındakı rəhbər heyət maraqlı nəzərləri ilə dəmir təkərli, üstüaçıq bir traktora baxırlar.
Görəsən, ilk sovet əkin texnikası modellərindən olan bu traktor (söhbət o texnikadan gedir ki, bolşevik lideri Vladimir Lenin 100 min belə traktorla SSRİ-də komminizm qurmaqdan danışmışdı) Naxçıvana nə zaman gətirilib? Ulu öndər ona niyə belə maraqla baxıb? İndi o traktor haradadır? Bu suallara uzun müddət cavab tapa bilmədim. Öyrənə bildiyim bu idi ki, foto Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə Naxçıvanda – elə Heydər Əliyev Muzeyinin yerləşdiyi həmin binada, muxtar respublikanın 50 illik yubileyinə həsr olunmuş sərgidə çəkilib.
Suallarıma ipucunu, nəhayət, tapa bildim. Şərur rayonunun Yengicə kəndində yaşayan 73 yaşlı Mirmusa Seyidov bildirdi: “Babam təhsilli, dünyagörüşlü bir kişi olub. Sovet hakimiyyətinin ilk illərində Şərurun Ərəbyengicə kəndindən gedib uzaq Peterburqda ali təhsil alıb aqronom olmuşdu. Naxçıvana qayıdandan sonra o vaxtkı təsərrüfat məktəbində müəllim, sonra direktor işləmişdi. Sonra tale onunla elə bir oyun oynamışdı ki, bəy nəslindən olduğuna görə yurdundan didərgin düşmüşdü”.
Müsahibimizlə söhbətimiz uzun çəkdi, babası Əmiş bəyin şəkilinin olub-olmamasını soruşduq. Dedi ki, bir fotosu var idi, indi tapa bilmirəm, axtararam.
Soruşdum ki, bəs babanızın dostu Hüseyn Azəri kim olub? Dedi: “Əmiş bəyin bacanağı olub. Əgər o olmasaydı, babamın öldü-qaldısından xəbərimiz olmayacaqdı. Əslində, onu da burada babamın qohumu kimi çox incidiblər, ancaq Hüseyn Azəri uzun müddət Türkiyədə yaşamalı olsa da, sonra min bir əziyyətlə Naxçıvana qayıda bildi, elə burada da dünyasını dəyişdi”.
Qayıdaq başıbəlalı 30-cu illərə. O illər Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da kolxozlaşmanın yayılması və buna qarşı çıxanların təqib edilməsi, xalqın ziyalı təbəqəsinin və xan-bəy nəslindən olanların repressiyaya məruz qalması ölkə tarixinin ən agır dövrlərindən biri olub. Bu, elə bir dövr idi ki, yeri gəldi-gəlmədi, günahın oldu, ya olmadı, ən kiçik səhv belə rejim tərəfindən bağışlanmırdı. Elə Əmiş bəy də belə haqsızlıqların birinin qurbanı olmuşdu.
…28 iyul 1930-cu il. Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasının 10-cu ildönümü əsl bayram kimi qeyd edilir. Naxçıvan şəhərinin mərkəzi meydanı proletariatın dahi rəhbərinin portretləri ilə bəzədilir, hər tərəfdə sovetləşməni təbliğ edən plakatlar asılır. Ayrı-ayrı təşkilatların əmək kollektivləri əllərində qırmızı bayraqlar tribuna önündən keçirlər. Tədbirin ən maraqlı hissəsi isə Rusiya Federasiyası maşınqayıranlarının Naxçıvan əməkçilərinə bayram hədiyyəsi kimi göndərdiyi Xarkov Traktor Zavodunun (XTZ) istehsalı olan üçtəkərli traktor olur. Bu, Naxçıvana gətirilən ilk traktor idi.
Naxçıvan Təsərrüfat Məktəbinin balansına verilən bu traktoru elə həmin məktəbin direktoru Əmiş bəy Əfəndizadə işə salaraq tribuna önündə dayanmış rəhbər işçilərin qarşısından təntənə ilə keçir. Alqış sədaları hər tərəfə yayılır. Amma bir həftə sonra məktəbin təcrübə sahəsində traktor, nədənsə işə düşmür. Tezliklə Naxçıvan Fövqəladə Komissarlığı bundan xəbər tutur və Əmiş bəyi ciddi sorğu-suala tutur. “Sovet hədiyyəsinə biganə münasibətin” nəticəsinə görə onu “xalq düşməni” kimi hədələyirlər.
Az sonra isə Fövqəladə Komissarlıq Əmiş bəyin Şərurun Dərvişlər kəndi ərazisində rəhbərliyin iradəsinə zidd olaraq pambıq əvəzinə, bugda əkini aparılması barədə araşdımalara başlayır. Əmiş bəy gündən-günə vəziyyətin xoşagəlməz olduğunu görüb Ərəbyeycəyə (el arasında belə deyilir) gəlir və qohumları ilə halallaşaraq təqiblərdən yaxa qurtarmaq üçün gecə ikən Arazı adlayıb İğdıra qaçır. Ancaq gedərkən hər ehtimala görə, həyat yoldaşı Münəvvər xanımdan boşanmağa da vaxt tapır.
Münəvvər xanım isə iki balaca qızı Zino və Tacirə ilə bu amansız həyatın çətinlikləri ilə barışmağa məcbur olur. Zino tez dünyasını dəyişir, Tacirə xanım isə Şərurun Yengicə kəndinə ərə gedir. Mirmusa Seyidov da elə Tacirə xanımın (el arasında hamı onu Tacı xala kimi çağırıb) oğludur.
Əmiş bəyin buradan getməsi bacanağı Hüseyn Fərəcova da təsir edir. Əmiş bəylə çox yaxın münasibətdə, həm də qohum olduğuna görə, dövlət qurumlarının nümayəndələri onu da sıxışdırır, sorğu-suala tuturlar. Nəticədə, o da kənddən çıxmağa məcbur qalır və gizli şəkildə Türkiyəyə keçir, soraqlaşa-soraqlaşa Əmiş bəyi gedib Ərzurumda tapır.
Ərəbyengicənin ziyalı, yaşlı sakinlərindən olan Cavad Abdullayev deyir ki, Əmiş bəy ali təhsilli, bacarıqlı aqronom olduğuna görə uzun müddət Ərzurumda kənd təsərrüfatı sahəsində çalışır. Elə Hüseyn Fərəcov da onun yanında işləyir. Amma sovetlərin təqibi burada da onları rahat buraxmır. Əmiş bəyin Ərzurumda olduğunu bildikdən sonra Çomaxtur kəndindən sovetlərin ələ aldığı bir nəfəri Əmiş bəyi aradan götürmək məqsədi ilə Ərzuruma göndərirlər. Əmiş bəy isə ayıq və dünyagörüşlü insan olduğundan məsələni tez anlayıb onu buradan uzaqlaşdırmağı bacarır. Deyilənlərə görə, gətirib sərhəd yaxınlığından yola da salır və söyləyir: “Rus qalayı türk qazanını parıldatmaz! Kimsə özünə əziyyət verib dalımca gəlməsin”.
Bir müddət sonra artıq Vətənə dönə bilməyəcəyini anlayan Əmiş bəy Nemanzadə (Türkiyədə bu soyadla yaşayır) və Hüseyn Fərəcov (onu isə hər kəs Hüseyn Azəri olaraq tanıyır) taleyin qismətinə boyun əyib elə buradaca ailə həyatı qurub yaşamalı olurlar. Hətta Əmiş bəyin İmran və Pərihan adında iki qızı da olur. İmran xanımın həyat yoldaşı Ziya Alkan uzun müddət Ərzurum Universitetinin kənd təsərrüfatı fakültəsində müəllim işləyir. Hüseyn Fərəcovun isə Türkiyədə ailə həyatı qurduğu Nuriyyə xanımdan övladı olmur. Amma tale onun başqa cür üzünə gülür.
1966-cı ildə Hüseyn arvadı Nuriyyə xanımla birgə Naxçıvana qonaq gələ bilir. Qohumlarının dediyinə görə, rəsmi qurumların icazəsinə baxmayaraq, Türkiyədən Ermənistana, oradan isə Naxçıvana gələn Hüseyn Azəri yolboyu bir çox ciddi yoxlamalara məruz qalır. Nəhayət ki, Ərəbyengicədə onları həyat yoldaşı Səkinə xanım, oğlanları Adil, Rəşid, Kamil, qızları Rübabə, Şeyda və Zərri qarşılayırlar. Bütün kənd camaatı, qohum-tanışlar yenidən onların başına yığışır. Hər kəs sevinir, oturub onlarla dərdləşir.
Söhbət Əmiş bəyə gəldikdə isə Hüseyn Azəri onun bir müddət əvvəl vəfat etdiyini söyləyir. Dəfnində Ərzurumun xeyli elm və dövlət adamlarının iştirak etdiyini bildirir. Elə özü ilə gətirdiyi Əmiş bəyin qızlarının şəkillərini də çıxarıb qohumlarına verir. Bir ay qaldıqdan sonra Hüseyn Azəri Türkiyəyə geri dönməyə məcbur olur. Gedərkən özü ilə bir az kənd torpağı götürür. Deyir ki, Əmiş bəy Nemanzadənin Ərzurum–Xorasan yolunun kənarındakı qəbiristanlıqda yerləşən məzarının üstünə səpəcəyəm.
Lakin tale Hüseyn Azəriyə başqa bir “sürpriz” də hazırlamışdı. Ərzuruma qayıtdıqdan bir müddət sonra Nuriyyə xanım dünyasını dəyişir. Əmiş bəyin və həyat yoldaşının vəfatından sonra heç yerdə özünə yer tapa bilməyən və artıq yaşlaşmış Hüseyn Fərəcov yenidən Naxçıvana dönmək üçün Türkiyədəki rəsmi qurumlara, sovet səfirliyinə məktublar yazır. Və nəhayət, müsbət cavab ala bilir. Lakin Ərəbyengicəyə qayıtdıqdan qısa müddət sonra burada dünyasını dəyişir. Başdaşının üzərinə isə yazılır: “Fərəcov Hüseyn Azəri 1890-1972”.
Naxçıvana gətirilən ilk traktorun “taleyi” də ürəkaçan olmur. Bir müddət təsərrüfat işlərində istifadə olunduqdan sonra traktor uzun illər Naxçıvan Elmi Bazasının yardımçı təsərrüfat sahəsində açıq havada qalır. Sonrakı illərdə isə MTS-in darvazası qarşısına qoyulur. Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi qeyd olunanda isə həmin traktoru təmizləyib, rəngləyib muzeyə (indiki Heydər Əliyev Muzeyinin binasına) gətirirlər.
Ötən əsrin 90-cı illərinədək traktor Naxçıvan Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin əvvəllər yerləşdiyi köhnə binasının həyətində açıq havada saxlanılır. Sonra isə bu başıbəlalı traktor oradan birdəfəlik yoxa çıxır. Naxçıvanlı ziyalı, “Tarixin yaddaşı” kitabının müəllifi mərhum Feyruz Bağırovun yazdığına görə, elə həmin illərdə traktor işbazlar tərəfindən “qara metal” adı ilə İrana satılır.
Müəllif bu qara metalın sonrakı aqibəti barə bildirir: “Hazırda həmin traktor İranın Məşhəd şəhərinə gedən turistləri Gülab zavodu darvazası yanında “salamlayır”. Bizə isə sovetlərin bu ilk hədiyyəsinə yalnız şəkillərdə baxmaq qalır. Ulu öndər Heydər Əliyevin də illər öncə maraqla baxdığı həmin traktordur.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri
Baxış sayı:33
Bu xəbər 05 Dekabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















