Icma.az
close
up
RU
Sovetlərin “Orta Asiya”sından çağdaş Mərkəzi Asiyaya

Sovetlərin “Orta Asiya”sından çağdaş Mərkəzi Asiyaya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Asiya uzun illər beynəlxalq münasibətlərdə daha çox “postsovet periferiyası” kimi qəbul olunurdu. Moskvanın müəyyənləşdirici təsiri, daxili iqtisadi asılılıqlar, sərhəd problemləri və institusional zəiflik regionun daxilində koordinasiyalı siyasi iradənin formalaşmasına mane olurdu. Lakin son 10 ildə bu mənzərə sürətlə dəyişir: əvvəllər “Orta Asiya” anlayışı sovet mirasının bir coğrafi təsviri idisə, indi artıq “birləşmiş Mərkəzi Asiya” öz regional kimliyi və strateji davranış modeli ilə meydana çıxır. Ən diqqətçəkən yenilik isə C6 formatıdır – Mərkəzi Asiya ölkələri və Azərbaycanın formalaşdırdığı yeni subregional arxitektura. Yeni birlik həm tarixi, həm siyasi, həm də iqtisadi baxımdan regionun ən mühüm transformasiya mərhələsini ifadə edir.

Mərkəzi Asiyanın son illərdə birdən-birə regional güc mərkəzinə çevrilməsi uzunmüddətli geosiyasi dinamikanın məntiqi nəticəsidir. Bu gün region artıq yalnız keçmiş sovet məkanının bir fraqmenti deyil, əksinə, Çin–Avropa xəttinin ən kritik hissəsi, Rusiyanın yeni tranzit ehtiyaclarının təbii alternativi, Hind okeanına çıxış axtaran Hindistanın şimal düyünü və Avropanın enerji risklərini azaldan əsas qovşaqlardan biri kimi qəbul olunur. Məhz bu yeni reallıq ölkələri öz aralarında koordinasiyaya daha çox ehtiyac duyan subyektlərə çevirdi. Yəni Mərkəzi Asiyanı güc mərkəzinə çevirən əsas amil region dövlətlərinin “öz gündəmini özləri qurmaq” zərurətini hiss etmələridir.

Maraqlıdır ki, Mərkəzi Asiya niyə birdən-birə regional güc mərkəzinə çevrilməyə başladı?

Suala baxanda psixoloji dönüşü nəzərə almaq lazımdır. Uzun illər parçalanmış görünən region indi böyük güclərin kəsişmə xəttində dayanaraq özünün yeni rolunu dərk edir. Çin–Avropa ticarəti daha etibarlı marşrutlar tələb etdikcə, Rusiya özünün ənənəvi qərb dəhlizlərini itirdikcə, Hindistan Orta Asiya vasitəsilə şimala çıxış yolları axtardıqca, Avropa isə enerji təhlükəsizliyini diversifikasiya etdikcə, Mərkəzi Asiya dövlətləri kənardan idarə olunan obyekt olmaqdan çıxıb, prosesləri tənzimləyən aktor roluna keçmək istəyirlər. Keçid regionda yeni siyasi iradənin formalaşmasını şərtləndirir və C6 kimi platformalar məhz bu iradənin institusional ifadəsinə çevrilir.

Bu reallığı anlamaq üçün keçmişə – sovet mirasına nəzər salmaq vacibdir. Sovet dövründən sonra yaranan postsovet boşluğu Mərkəzi Asiya ölkələrini müxtəlif istiqamətlərə səpələdi. Qazaxıstan Avrasiya balans siyasətini seçərək Rusiya ilə inteqrasiya, Qərblə enerji ittifaqları, Çinlə iqtisadi tərəfdaşlıq arasında körpü yaratmağa çalışdı. Özbəkistan uzun müddət özünün avtoritar-modernizasiya modelinə əsaslanan qapalı iqtisadi sistemi idarə etdi və regional əməkdaşlığa həssas münasibət göstərdi. Qırğızıstan liberal açılma yolunu tutdu, lakin siyasi çalxalanmalar iqtisadi davamlılığı təmin etməyə imkan vermədi. Tacikistan vətəndaş müharibəsinin yaratdığı sosial-iqtisadi dağınıqlılıq səbəbindən regiondaxili proseslərdə uzun müddət passiv qaldı. Türkmənistan isə birmənalı neytrallıq siyasəti ilə özünü həm regional, həm də qlobal strukturlardan təcrid etdi.

Nəticədə, 1990–2000-ci illər Mərkəzi Asiya üçün fraqmentasiya dövrü oldu. Dövlətlər bir-biriləri ilə güclü iqtisadi bağlar qura bilmədi, sərhəd mübahisələri illərlə həllini tapmamış qaldı, su–enerji problemləri qarşıdurma mənbəyinə çevrildi. Nəqliyyat xəritəsi isə hələ də sovet dönəminin Moskva mərkəzli planlamasına bağlı qaldığından, region ölkələrinin bir-birinə birləşməsi təbii şəkildə məhdudlaşdı.

Bəs o dövrdə inteqrasiya niyə mümkün olmadı? Sualın cavabını yalnız iqtisadi göstəricilərdə tapmaq olmur. Məsələ həm də siyasi psixologiya ilə bağlı idi. Müstəqillik əldə edən ölkələr bir-birinə etibar etmirdilər, siyasi idarəçilik modelləri bir-biri ilə uyğun gəlmirdi, iqtisadiyyatlarda sinerji yaratmaq üçün struktur yaxınlıq az idi. Ölkələr daha çox rəqabət edirdi, nəinki əməkdaşlıq. Bundan əlavə, böyük güclərin region üzərindəki təsiri ölkələr arasında fərqli orbitlər yaradaraq onları bir-birindən uzaqlaşdıran formatda idi. Yəni Mərkəzi Asiya daxilində inteqrasiya prosesləri daxili asılılıqların azaldılması və siyasi müstəqilliyin gücləndirilməsi kimi strateji məqsədlə deyil, daha çox kənar güclərin təsiri ilə formalaşırdı.

Bu gün isə vəziyyət kəskin şəkildə dəyişib. Region ölkələri nəinki bir-birilərinə güvənməyə başlayıblar, həm də əsl mənada birgə hərəkət etmədən qlobal rəqabətdə möhkəmlənməyəcəklərini anlayırlar. C6 formatının ortaya çıxması da məhz bu anlayışın institusional təzahürüdür.

2020-ci illər Mərkəzi Asiya üçün yeni coğrafi-siyasi xəritə yaratdı. Uzun illər kənar mərkəzlər tərəfindən müəyyənləşdirilən nəqliyyat məntiqi artıq dəyişir; iqtisadi axınların istiqaməti indi region dövlətlərinin öz qərarları ilə formalaşır. Bu mənzərəni daha yaxşı anlamaq üçün xəritəyə bir daha nəzər salmaq kifayətdir: Çinlə Avropa arasındakı ən qısa və təhlükəsiz marşrut Orta Dəhliz üzərindən keçir, Hind okeanına çıxış üçün Şimal–Cənub dəhlizi bərpa olunur, Cənubi Qafqazın arteriyası olan Bakı–Tbilisi–Qars xətti bütövlükdə Avrasiyanı Anadoluyla birləşdirir, Zəngəzur dəhlizi bölgədə yeni siyasi arxitekturanın əsas sütunlarından birinə çevrilir, Xəzərin iki sahilini vahid iqtisadi ritmdə birləşdirən Transxəzər marşrutu isə regionun gələcək energetika və logistik strategiyasını yenidən qurur.

Belə bir şəraitdə artıq Mərkəzi Asiya dəhlizlər üzərində qurulan və hərəkət edən yeni iqtisadi-siyasi blokdur. Blokun mərkəzində isə gözlənildiyindən daha strateji bir oyunçu dayanır – Azərbaycan.

Azərbaycanın rolu ənənəvi nəqliyyat qovşağı funksiyasından xeyli kənara çıxır. Bu gün Bakı enerji təhlükəsizliyi, kommunikasiya infrastrukturunun qurulması və rəqəmsal marşrutların formalaşdırılması baxımından Mərkəzi Asiya ilə Avropa arasında bağlayıcı mexanizm rolunu oynayır. Xəzər dənizi üzərindən genişlənən yük axınları, SOCAR-ın Özbəkistan və Qazaxıstanda artan investisiya layihələri, Transxəzər fiber-optik xəttinin gələcək rəqəmsal arxitekturanı dəyişəcək potensialı Bakının bölgədəki rolunu daha da gücləndirir. Eyni zamanda, Xəzər dənizinin dibi ilə Avropaya uzanması planlaşdırılan elektrik kabeli “yaşıl enerji dəhlizi” konsepsiyasını reallığa çevirir.

Bu proseslər fonunda təbii sual yaranır. C6 niyə məhz Azərbaycanla genişləndi?

Əslində, sualın cavabı siyasi məntiqdə yatır. Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdərək regiondakı bütün tərəfdaşlarla bərabər məsafədə işləyə bilən nadir aktora çevrilib. Bakı nə qlobal güclər arasında tək istiqamətli asılılıq yaradır, nə də regional rəqabəti dərinləşdirir – əksinə, konfliktləri azaldan, əməkdaşlığı artıran təhlükəsiz tranzit məkanıdır.

C6 üçün bu xüsusiyyət həyati əhəmiyyət daşıyır. Çünki Mərkəzi Asiya ölkələri Qərbə çıxış üçün daha etibarlı marşruta ehtiyac duyduqları halda, Avropa da öz növbəsində enerji və logistika risklərini diversifikasiya etməyə çalışır. Bu iki ehtiyac nöqtəsi yalnız Azərbaycanda kəsişir. Cənubi Qafqazda belə kombinasiyanı təmin edən başqa ölkə yoxdur; nə Türkiyə Xəzər üzərindən tranziti təmin edir, nə İran Avropa ilə enerji inteqrasiyası baxımından uyğun mexanizmə malikdir, nə də Rusiya hazırkı geosiyasi şəraitdə alternativ rol oynaya bilir.

Deməli, Azərbaycan C6 üçün siyasi sabitlik, enerji təhlükəsizliyi və qlobal bazarlara real çıxış deməkdir. C6-nın genişlənməsi məhz bu məntiqə söykənir: Mərkəzi Asiya iqtisadiyyatları dəhlizlərin Avropaya uzandığı strateji qapını gücləndirməklə regional güc mərkəzinə çevrilə bilər.

C6 formatının meydana çıxması Mərkəzi Asiyanın postsovet dövrdə ilk dəfə özünəməxsus regional arxitektura qurmağa başlamasının ən konkret nümunəsidir. Bu platforma nə Avrasiya İqtisadi İttifaqına rəqibdir, nə də onun Gömrük İttifaqı kimi sərt normativ çərçivədir. Onun funksiyası daha çevik, daha real və daha praktiki mahiyyət daşıyır. C6 region ölkələrinin uzun müddət çatışmayan koordinasiya imkanını kompensasiya edir: dövlətlər arasında iqtisadi sinxronizasiya, sərhəd-keçid prosedurlarının uyğunlaşdırılması, nəqliyyat arteriyalarının eyni ritmdə işləməsi və enerji balansının regional ölçüdə optimallaşdırılması bu platformanın əsas hədəflərindəndir. Postsovet dönəminin mərkəzləşmiş idarəetmə modelindən fərqli olaraq, bu yeni format heç bir iyerarxik təsir olmadan bərabər tərəfdaşlıq üzərində qurulur və buna görə də Mərkəzi Asiya üçün ən realist inteqrasiya forması kimi çıxış edir.

Bəs C6 hansı boşluğu doldurur? Mövcud regional qurumlar müəyyən dərəcədə siyasi-institusional çərçivə yaratsa da, real iqtisadi əməliyyatlarda çeviklik təmin etmir. Region daxilində ticarətin asanlaşması, tranzit rejimlərinin vahidləşməsi, enerji şəbəkələrinin birləşdirilməsi və sərhəd-keçid mexanizmlərinin modernləşdirilməsi kimi sahələrdə bu qurumlar ya siyasi məhdudiyyətlərə ilişib qalır, ya da çoxqatlı bürokratiyadan kənara çıxa bilmir. C6 məhz həmin boşluğu doldurur: onun çevik formatı ölkələri təzyiqsiz, məcburetmədənkənar, yalnız qarşılıqlı maraqlar əsasında bir masa ətrafında toplayır.

Hazırkı mərhələ Mərkəzi Asiyanın siyasi inkişaf trayektoriyasının dönüş nöqtəsidir. Azərbaycanın fəal iştirakı bu inteqrasiya modelinə Qərbə çıxış imkanı qazandıraraq onu geniş Avrasiya məkanının strateji düyün nöqtəsinə çevirir. Sovet mirasının müəyyənləşdirici olduğu mərhələ artıq arxada qalıb; indi region öz suveren gündəmini özü yazır və C6 həmin gündəmin real siyasi konturudur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri