Icma.az
close
up
RU
Sözü ilə də şəfa verir Şair Təbib 65

Sözü ilə də şəfa verir Şair Təbib 65

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Tarixdə həkimlik ixtisasını seçib ömrünü insanların sağlığını qorumağa həsr edən, amma bu böyük iradə və səbir tələb edən fəaliyyətdən yorulub-usanmayıb, onların ruhunu bəsləməyə də gücü çatan bir sıra sənətkarlar yetişib. Azərbaycan ədəbiyyatında da belə şair-həkimlərin özünəməxsus yeri var. Söhbət XVII əsrdə yaşamış, dövrünün tanınmış şair və həkimi olmuş Rüknəddin Məsud Məsihi, XIX əsrdə Xurşidbanu Natəvanın ailə həkimi olmuş Mirzə Məmmədqulu Təbib, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri olan Abbas Səhhət kimi sənətkarlardan gedir. Yaxın tariximizdə də bu ənənəni davam etdirənlər az deyil. 

Bu sənətkarların hamısına adətən şair-təbib deyirlər. Lakin müasir dövrümüzdə tanınan, bir sıra vətənpərvərlik, ictimai məzmunlu, eləcə də lirik şeirlərin, poemaların, ədəbi tərcümələrin müəllifi olan Şair Təbibin elə adı belədir. Uzun illərdir peşəkar otorinolarinqoloq həkim kimi fəaliyyət göstərən Şair Sarı oğlu Kəlbiyev həm də Şair Təbib imzası ilə nəzm nümunələri yaradır. Onun ilk kitabı olan “Qaranlıqdan keçən yol”u 2000-ci ildə işıq üzü görüb, oxucularını da qaranlıqdan aydınlığa dəvət edib.

Sabahın eşqiylə döyünür ürək,
Solmaz çiçək kimi gülümsəyərək.
Ləçəklər saplaqsız görünürsə tək, 
Çəmənmi günahkar, gülmü günahkar? 

Bu sətirlərilə şair insanın sabahının öz əlində olduğuna diqqət çəkmək istəyib. Sözün gücü ilə mənəvi sağlamlıq aşılamağa çalışan Şair Təbibin bu kitabındakı şeirlərin bir neçəsinə mahnılar da bəstələnib, onun sözləri dillər əzbəri olub. 
Şair Təbibin yaradıcılığı oxucularını həmişə işığa, aydınlığa, mənəvi saflığa səsləyir. Onun 2017-ci ildə nəşr olunan ikinci kitabının adı da işıqla bağlıdır: “Ümid işığı”. 

Ay nur saçır,
Xəyal uçur,
Aya hopur bir anlığa,
İnsan özün xoşbəxt bilir-
Burda işıq qaranlığa
qalib gəlir...

Peşəkar fəaliyyətini müxtəlif xəstəliklərlə mübarizəyə həsr edən Şair həkim, burada gələcəyə inam, xoşbəxtlik və ümid toxumları səpən Şair Təbib kimi qarşımıza çıxır. Onun oxuculara vətənpərvərlik ruhu aşılayan nikbin əhvala köklənmiş şeirlərindəki uzaqgörənliyi də zamanla öz təsdiqini tapıb:

Darıxma, igidlər atlanar bir gün,
Qəzəbdən qılınclar odlanar bir gün,
Üşüyən qəlbində od yanar bir gün,
Çox uzaqda deyil o an, Xocalı!

Kitabda qələbə ruhlu “Üzü vətənə doğru”, “Onlar və biz”, “Vətən bütöv olanda”, “Geci-tezi var”, “Bayrağı öpən qız”, “Əsgərəm bu gün”, “Gözün aydın, ay ana”, “Vətən güləcək”, “Türk”, “Türkiyə diz çökməyəcək” və başqa şeirləri oxuduqca oxucu başını hər zaman dik tutmalı olduğunu anlayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbib yaradıcılığında müstəsna yer tutan əsərlərdən biri də onun “Yusuf zirvəsi” poemasıdır. Akademik, kimyaçı alim Yusuf Məmmədəliyevə həsr olunan “Yusuf zirvəsi” poeması onun həyatının bütün mərhələlərini əks etdirir. 2022-ci ildə geniş ictimaiyyətə təqdim olunan əsərdə böyük alimin qədim Ordubadda keçən uşaqlıq illəri, zəngin elm yolu və dahi zəkası, yaşadığı dövrün elmi və ictimai-siyasi hadisələri oxuculara nəzm yolu ilə təqdim olunur. Şair Təbib Yusif Məmmədəliyevə ünvanladığı misralarda deyir: 

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.

Həqiqətən də, elmi və sənəti dərindən duyan insanlar böyük hörmətə və alqışa layiqdirlər. Şair Təbibin də 65 illik ömür yoluna nəzər saldıqda aydın görünür ki, o, bütün peşəkar fəaliyyəti və ədəbi yaradıcılığı ilə insanlara, insanlığa, işıqlı və aydın gələcəyə xidmət edir. “Ürək söhbəti” şeirində şair deyir:

Vafalı dost kimi gülümsəyərək
Bu səhər astaca dilləndi ürək-
Dedi: ad günündür, nə edim ki mən,
Daha gözəl ömür sürə biləsən?

Düşünürəm ki, Şair Təbibin öz ürəyi ilə bu sövdələşməsi baş tutub. Bu gözəl ömür yolu həm ehtiram, həm də minnətdarlıq doğurur.

Arzu Soltan

Yazıçı-jurnalist


Şair Təbib


Ürək söhbəti

Vəfalı dost kimi gülümsəyərək
Bu səhər astaca dilləndi ürək - 
Dedi: ad günündür, nə edim ki mən,
Daha gözəl ömür sürə biləsən?

Dedim: yol gəlmişik illər uzunu,
Mən yatanda belə oyaq olmusan.
Çəkə bilməmişəm heç vaxt nazını,
Mənə təmənnasız dayaq olmusan.

Yalanlar , yaltaqlar çox olanda da,
Bir nadan sözündən sıxılanda da,
Bəzilər közərib yox olanda da
Həmişə sönməyən çıraq olmusan.

Daha nə istəyim səndən, ey ürək?
Elə bu sevgiylə yaşaya bilək!..

Yağış sevgisi

Göy gurlayır, şaqqıldayır, işıqlanır,
Elə bil ki, su içində hər yan yanır –
Yağış yağır...
Yağış yağır – göyə uçmuş arzuların seli kimi,
Hər damlası bir baharın tər çiçəyi, gülü kimi.

Təbiət də bir anadır, övladını çimizdirir,
Susuz qalmış bənövşəni, yasəməni əmizdirir.
Damlalarla rəqsə gəlir ağacların yarpaqları...
Ürəyimi sıxan fikir yuyulardı bu gün barı,
Bu yağışla beynimdəki duman, tüstü yox olardı –
Onda mənim bu yağışa sevgim daha çox olardı...

Türk bayrağı

Türkiyə səfirliyi qarşısında

Dalğalanır türk bayrağı Azərbaycan torpağında,
Dalğalanır öz yurdunda, obasında, ocağında.
Günəş çıxır – dalğalanır,
Yağış yağır – dalğalanır.
Göy gurlayır, şimşək çaxır,
Aşkar, gizli düşmən baxır
                                bu torpağa –
Öz fikrində şərik çıxır
                                bu torpağa.
Bu məqam da susmur – coşur, dalğalanır,
Azərbaycan bayrağıyla bir dayanır!
Yenilməzdir türk baharı – türk bayrağı,
Ulu babam yadigarı – türk bayrağı...

Bənövşə

Otlar arasında kolun dibində
Boynu bükülüdür tər bənövşənin.
Bir əlçatmaz sevda gəzir qəlbində –
Qəribə taleyi var bənövşənin.

Dünyanın dərdini daşıyır yəqin,
O da belə ömür yaşayır yəqin.
Arabir titrəyir, üşüyür – yəqin
Hopub damarına qar bənövşənin.

Şirin badə varmı məhəbbət qədər?
Süzgün baxışları könül isidər.
Onu duyan olsa ətri bəs edər
Həqiqi aşiqə bir bənövşənin.

Əgər gözəlliyi olsa bir qədər,
Özünə yer tapmaz, lovğalıq edər,
Qanqal uzanaraq göylərə gedər –
Sadəliyi vardır hər bənövşənin.

Ey naşı, nadanlıq etməyi unut,
Ləyaqət hissini daim uca tut.
Kövrək ürəyini bacarsan ovut –
Demirəm könlünü qır bənövşənin.

Şair Təbib, şərəf gətirər sənə –
Səndən aşağıya olma biganə.
Yanından keçəndə qalma biganə,
Əyilib halını sor bənövşənin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri