Bakıda kitab bayramı başa çatdı
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq sərgi oxucuları yeni nəşrlərlə sevindirdi
Uşaqlara kitabı sevdirmək üçün oxumağın vacibliyini dönə-dönə anlatmaq kifayət etmir. Kitabları əlçatan etmək, bəzən oxuduğu əsər haqqında fikrini soruşmaq, bəzən də onu sözün sehrinə inandıracaq bir müəlliflə görüşdürmək lazımdır. Mütaliə mədəniyyəti məhz belə addımlarla formalaşır.
Bu yanaşma XII Bakı Beynəlxalq Kitab Sərgisinin 6 gün davam edən proqramında öz əksini tapdı. Oktyabrın 27-də başa çatan sərgi kitabı oxucuya çatdırmağın, mütaliəyə maraq oyatmağın və ədəbi irsi yeni dövrün imkanları ilə yaşatmağın fərqli yollarını göstərdi.
Uşaqların kitab dünyası
Sərginin diqqətçəkən təşəbbüslərindən biri uşaqların öz təşəbbüsü ilə yaradılan “Dostluq” klubunun təqdimatı olub. 6–17 yaşlı uşaq və yeniyetmələri bir araya gətirən klubun əsas məqsədi regionlarda yaşayan məktəblilər üçün maarifləndirici layihələr həyata keçirmək, onların bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır.
Klubun ilk layihəsi olan “Səyyar kitabxanam” mütaliəni məktəblilərin gündəlik həyatına gətirməyi hədəfləyib. Layihə çərçivəsində region məktəblərində səyyar kitabxanaların yaradılması, şagirdlərin bədii ədəbiyyata marağının artırılması nəzərdə tutulur. Kitabxanalara Azərbaycan və dünya ədəbiyyatından seçilmiş 10 əsərin ümumilikdə 200 nüsxəsi daxil ediləcək.
Fərqlənən iştirakçıların mükafatlandırılması da planlaşdırılır.
Kitab rəqəmsallaşır, məramı isə qalır
Sərgidə müzakirə olunan digər mühüm mövzulardan biri süni intellektin kitabxanaların fəaliyyətinə təsiri olub. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbirdə kitabxanaların rəqəmsal transformasiyası, yeni texnologiyaların yaratdığı imkanlar və milli-mədəni irsin müasir vasitələrlə təqdimatı ətrafında fikir mübadiləsi aparılıb.
Kitabxananın direktoru Aslan Cəfərov müasir kitabxanaların yalnız kitabların qorunduğu və oxuculara təqdim edildiyi məkanlarla məhdudlaşmadığını, onların yeni ideyaların yarandığı və innovasiyaların tətbiq olunduğu mərkəzlərə çevrildiyini vurğulayıb. O, süni intellektdən istifadə etməklə hazırlanan təqdimatlar və elektron məlumat bazaları barədə məlumat verib. “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı”, “Nizami Gəncəvinin “Xəmsə”si – klassik irsdən rəqəmsal gələcəyə” və “Türk dünyası – ortaq mədəniyyət, ortaq dəyərlər” layihələri bu istiqamətdə görülən işlər sırasındadır.
Tədbirdə iştirak edən akademik Nizami Cəfərov müasir texnologiyaların elm, təhsil və mədəniyyətin inkişafındakı roluna toxunaraq, klassik ədəbi və elmi irsin yeni formatlarda geniş auditoriyaya çatdırılmasının əhəmiyyətini qeyd edib.
Əməkdar jurnalist Əlövsət Ağalarov rəqəmsal dövrdə informasiya ilə işləməyin yeni xüsusiyyətlərinə diqqət çəkib, süni intellektin yaratdığı imkanlarla yanaşı, məlumatların etibarlılığının qorunmasının vacibliyini vurğulayıb. O, “Azərnəşr” tərəfindən nəşr olunan “Süni intellekt” kitabını Respublika Gənclər Kitabxanasına hədiyyə edib.
Görüşlər, təqdimatlar
Sərgi çərçivəsində gənc yazarlarla görüşlər də təşkil olunub. Əzizə Babayeva və Aydan Cəbili ilə keçirilən görüşlər oxuculara müasir ədəbi mühitin nümayəndələri ilə tanış olmaq, onların yaradıcılığı və ədəbiyyata baxışı barədə fikir əldə etmək imkanı yaradıb.
“Ağıllı bala” nəşriyyatının uşaqlar üçün hazırladığı ensiklopediyanın təqdimatı sərginin balaca oxuculara ünvanlanan tədbirləri sırasında yer alıb. Ensiklopedik nəşrlər uşaqların dünyagörüşünün genişlənməsi, yeni biliklər əldə etməsi və araşdırmağa maraq göstərməsi baxımından əhəmiyyət daşıyır.
Milli Aviasiya Akademiyasının təşkil etdiyi “Biliklərinizi sınayın və kitab qazanın” adlı yarış iştirakçıları biliklərini sınamağa dəvət edib. Kitab qazanmaq imkanı ilə birləşən bu təşəbbüs öyrənmə prosesini daha canlı və cəlbedici formaya salıb.
Sərgidə akademik Əhəd Canəhmədovun “Elm mənim həyatımda” kitabının təqdimatı da keçirilib. Kitabın adı elmin insan həyatındakı yeri, onun dünyagörüşünün və həyat yolunun formalaşmasına təsiri barədə düşünməyə əsas verir.
XII Bakı Beynəlxalq Kitab Sərgisinin qonaqlarından olan iranəsilli yazıçı Pərinuş Səni Azərbaycanın gözəlliyinin, təmizliyinin və insanların qonaqpərvərliyinin onda böyük təəssürat yaratdığını bildirib. Yazıçı qeyd edib ki, ölkəmizə gəlməzdən əvvəl Azərbaycan haqqında təsəvvürləri gördüklərindən fərqli olub, səfəri isə gözləntilərini üstələyib. Azərbaycanın zəngin mədəni irsi, adət-ənənələri və dəyərləri ona yaxın gəlib. Pərinuş Səni sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, müxtəlif xalqların mədəniyyətini əks etdirən kitabların təqdimatını təqdir edib.
Sərgi kitab sevgimizə yeni qapılar açdı
XII Bakı Beynəlxalq Kitab Sərgisinin son günü tədbirin təqvimdəki yerini yekunlaşdırsa da, onun əsas məqsədi sərgi məkanından kənarda davam edir.
Sərginin “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab və bir gerçək dünya” çağırışı texnologiyadan üz döndərmək deyil, insanın canlı təcrübəsini, düşüncəsini və mənəvi dünyasını hər şeydən üstün tutmaq barədə xatırlatmadır.
Fidan ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















