Statistik rəqəmləri şişirtməklə əhalini aldadırlar, istehsalın azalmasında iqlim dəyişikliyini günah landırırlar
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır. Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 648 milyon manat təşkil edib.
Məhsuldarlığın azalmasının tək "günahkar"ı iqlim dəyişikliyidirmi?Məsələ ilə bağlı Bizimyol.info portalına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, ölkəyə gətirilən gübrənin keyfiyyəti aşağıdır: “Biz uzun müddətdir deyirdik ki, məhsuldarlıq aşağı düşür. Torpaqlarda deqradasiya prosesi gedir və bu deqradasiya prosesi ona gətirib çıxaracaq ki, məhsuldarlıq aşağı düşəcək. Suvarma suyundan qaydasında istifadə edilmir. Bizim kəndlilər, fermerlər aqrotexniki qaydalara əməl edə bilmirlər. Vaxtlı-vaxtında lazımi tədbirləri görə bilmirlər. Ölkəyə gətirdikləri (bunu oliqarx məmurlar gətirir-red) pesdisidlərin keyfiyyəti aşağıdır. Dəfələrlə onlar bu pesdisidlərdən zərərvericilərə qarşı, xəstəliklərə qarşı, istifadə edirlər, lazımi nəticəni əldə edə bilmirlər. Ölkəyə gətirilən gübrənin keyfiyyəti aşağıdır. 20 il bundan qabaq biz o gübrədən keyfiyyətini müəyyən etmək üçün xüsusi adamlar vasitəsi ilə İrana göndərmişdik. Təsiredici qüvvəsi iki dəfə aşağı idi. Ondan bura hələ heç nə dəyişməyib. Fermerlər, kəndlilər xərc çəkib onlara gətirilən aşağı keyfiyyətli o gübrədən istifadə edirlər və lazımi nəticə əldə edə bilmirlər.
Bilirsiniz, torpağı aldatmaq mümkün deyil, bitkini aldatmaq mümkün deyil. Bunlar çalışır ki, statistik rəqəmləri şişirtməklə əhalini aldatsınlar, onlarda elə bir fikir formalaşdırsınlar ki, guya istehsalda artım var. İstehsalda artım yoxdur, əksinə azalma var. Təsəvvür edin 2019-cu ildə Azərbaycan 2 milyon 110 min ton buğda istehsal etmişdir. Bu il isə 1 milyon 584 min ton buğda istehsal edib. 600 min tona yaxın azalma var. Burda məhsuldarlıq çox ciddi şəkildə aşağı düşüb”.
Vahid Məhərrəmov
Aqrar ekspert vurğulayıb ki, xaricdən kəsim üçün gətirilən heyvanların sayı 2,1 dəfə artıb: “Hansı tədbirləri görmək vacib olduğu ilə bağlı biz məsləhətlər verirdik. Demək olar ki, kənd təsərrüfatı sahəsi idarə olunmur, amma idarə edilməlidir. Hər şeyi fermerin ümidinə buraxmaq düzgün deyil. Fermer subsidiya əldə əldə edə bilmir, keyfiyyətli gübrə və pesdisid əldə edə bilmir. Yəni digər istehsal vasitələri ilə bağlı da problem var. Məhsulu istehsal edir, məhsul tez xarab olan məhsul olduğuna görə 1 hissəsini soyuducu anbara yerləşdirmək lazım gəlir, amma anbar yoxdur. Çünki oliqarx məmurlar anbarı dövlət hesabına inşa etdiriblər və onlar elə qiymət müəyyən ediblər ki, bizim kəndlilərə sərf etmir. Kəndlilərin gəlirləri azalır, vəziyyət pisdir. İndi təsəvvür edin, bitkidə azalma göstərilib, heyvandarlıqda artım. Necə olur bitkiçilikdə məhsuldarlıq aşağı düşür, məhsul istehsalı azalır, heyvandarlıqda artır? Bu mümkün deyil. Ona görə ki, heyvandarlıqda istehsal o zaman artacaq ki, bitkiçilikdə artım olacaq. Axı, bitkiçilikdə yem, ot istehsal olunur. Ona görə heyvandarlıq bitkiçilikdən asılıdır. İndi heyvandarlıqda olan artım nəyin hesabına göstərilir? Buna görə ki, xaricdən kəsim üçün gətirilən heyvanların sayı 2,1 dəfə artıb. Kəsim üçün gətirilən heyvanları daxildə kəsimə verdikləri üçün onu daxili istehsal kimi göstərirlər. Yəni xaricdən gələn heyvanlar Azərbaycanda kəsimə verilir, ət əldə olunur və onu daxildə istehsal olunan ət kimi göstərirlər. Bu artım da xaricdən gətirilən diri heyvanların kəsimi hesabınadır. Bu ümumiyyətlə bir paradoksdur. Neçə illərdi xaricdən gələn heyvanların hesabına bunlar ət istehsalında artım göstərirlər. Ola bilməz ki, Azərbaycanda ət istehsalı get-gedə artsın. Biz görürük ki, ot, yem istehsalı azalır. Heyvanın funksiyası otu, yemi məhsula çevirməkdir. Əgər ot yoxdursa, yem yoxdursa, bu istehsal arta bilməz. Yəni bu da ölkəyə gətirilən heyvanların hesabınadır və bu sahədə də ciddi problemlər var. Bu da onunla bağlıdır ki, son dövrlər ətin qiyməti artır, yəni bir defisit yaranır. Nə qədər artım göstərsələr də, ölkə əhalisinin tələbatının yarıdan çoxunu ödəmir. 78 kq olmalıdır, ölkədə onların şişirdilmiş rəqəmi ilə bir yerdə 35 kq-dır. Təsəvvür edin, bu o deməkdir ki, burda da vəziyyət çox acınacaqlıdır”.
Vahid Məhərrəmov qeyd edib ki, ölkədə çox ciddi aqronomlara, zootexniklərə, baytar həkimlərinə ehtiyac var: “Ümumilikdə, bu sahəyə hökumətin baxışı dəyişməlidir. Aqrar siyasət hələ də müəyyən edilməyib. Bu sahə ilə bağlı ciddi dövlət proqramına ehtiyacı var. Kompleks şəkildə proqram hazırlanmalıdır. Həm torpaqların münbitləşdirilməsi ilə bağlı, həm su təsərrüfatının müasir dövrün tələbinə uyğun qurulması ilə bağlı, həm də kadrların hazırlanmağı ilə bağlı. Xüsusən ölkədə çox ciddi aqronomlara, zootexniklərə, baytar həkimlərinə ehtiyac var. Bu ehtiyac ödənilməsə, bizdə məhsuldarlıq get-gedə aşağı düşəcək. Kənd təsərrüfatı naziri onunla əsaslandırır ki, guya qlobal istiləşmə nəticəsində məhsuldarlıq aşağı düşüb. Tamamilə yanlışlığa yol verir. Ona görə ki, qlobal istiləşmə kənd təsərrüfatında məhsuldarlığın artımına bir rəvac verib. Biz araşdırdığımız ölkələrdə məhsuldarlıq ciddi şəkildə artıb, son vaxtlar bitkiçilikdə, xüsusən taxıl istehsalı dünyada sürətlə artır. Bu ona görə mümkün olur ki, havalar isti keçir. Bitkiyə nə lazımdır? Bitkinin məhsuldarlığının artımı üçün havanın isti olması çox vacibdir. İndi hava dəyişir, Azərbaycanda bəzən yağışlar yağır, yağış yağması özü də yaxşı haldı. Çünki bitkinin suya olan tələbatının bir hissəsi yağan yağışların suyu hesabına təmin edilir. Bunu yalnız alqışlamaq lazımdır.
Ümumiyyətlə, kənd təsərrüfatı nazirinin kənd təsərrüfatından zərrə qədər anlayışı yoxdur. Mənə elə gəlir o şəhərdə böyümüş bir adamdır. O kənd təsərrüfatı ilə bağlı heç bir təhsil almayıb, kənd təsərrüfatında işləməyib, təcrübəsi yoxdur. Bundan əvvəl işlədiyi yerdə də o birbaşa bitki ilə, torpaqla, heyvanla, torpaqla təmasda olmayıb. Təsadüfi gətirilmiş adamdır. Onun müavinlərinin heç biri kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis deyil. Müavininin biri hüquqşünasdır, biri politoloqdur, digəri də qaz üzrə mütəxəssisdir, onun aparatının rəhbəri də hüquqşünasdır. Bilirsiniz, belə bir idarəetmə ilə kənd təsərrüfatını inkişaf etdirmək qətiyyən mümkün deyil”.
Ekspertin sözlərinə görə nə Prezident Aparatında, nə Nazirlər Kabinetində, nə Milli Məclisdə bu sahə üzrə peşəkar yoxdur: “Onu da deyim ki, Nazirlər Kabinetində də bir nəfər də olsun kənd təsərrüfatı sahəsi üzrə yaxşı bilgisi olan, təcrübəsi olan kadr yoxdur. Çox az adam var, onlar da dərin bilgiyə malik deyillər, təcrübələri yoxdur. Digər tərəfdən Milli Məclisin aqrar siyasət komissiyası var. Orda 10-12 nəfərdir. Onların heç birinin kənd təsərrüfatı sahəsi üzrə təhsili yoxdur. Orda nə aqronom var, nə zootexnik var, nə də baytar həkim var. Ümumiyyətlə, deputatların içində 1 nəfər də olsun kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis yoxdur. Təsəvvür edin 125 nəfərdən biri də bu sahənin mütəxəssisi deyil. Necə onlar qanun qəbul edə bilərlər? Necə orda mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı, istehsal münasibətlərinin qaydaya salınması ilə bağlı qanunvericilik bazasını necə yarada bilərlər? Onlar Azərbaycana digər ölkələrdən qanun nümunəsi gətirir, tərcümə olunur və onu burda qəbul edirlər. Aqrar siyasət komissiyanın sədri təsəvvür edin ədəbiyyat məllimidir, ümumiyyətlə kənd təsərrüfatından uzaq bir adamdır. Öz çıxışlarında kənd təsərrüfatında mövcud olan problemlərdən danışmayıb. Danışanda da yanlış istiqamətə yönəldib. Mən bunların hamısını izləyirəm. Ona görə də Azərbaycanda vəziyyət acınacaqlıdır. Nə prezident aparatında, nə Nazirlər Kabinetində, nə Milli Məclisdə bu sahə üzrə peşəkar olmadığı üçün belə başlı-başına buraxılıb. Bundan sonra təəssüflər olsun ki, məhsuldarlıq azalmaqda davam edəcəkdir. Bunlar da onunla əsaslandıracaq ki, qlobal istiləşmə baş verib.
Qeyd edim ki, qlobal istiləşməyə qədər Almaniyada kənd təsərrüfatına uyğun olmayan şəraitdə, havalar həddindən artıq isti keçir. Burda da bəzi problemlər yaranır. Amma bununla yanaşı təsəvvür edin son 10 ildə Almaniyada buğdanın məhsuldarlığı 55 sentnerdən 75 sentnerə qalxıb. Bu nə ilə bağlıdır? Bu iqlimin dəyişməsi ilə bağlıdır. İndiki iqlim şəraiti, yəni havaların isti keçməsi bunun kənd təsərrüfatına yalnız müsbət təsiri var. İş burasındadır ki, havalar isti keçəndə, bitkinin suya daha çox tələbatı olur və o tələbat ödəniləndə bitkinin məhsuldarlığı yüksək olur. Suya olan tələbat ödənilməyəndə isə bitkinin məhsuldarlığı kəskin şəkildə aşağı düşür.
Azərbaycanda su ehtiyatı tələbatımızdan 5 dəfə çox olduğu halda, kəndlilərin ümumiyyətlə, suya olan ehtiyacı ödənilmir. Bizdə bu problem var. Bu problemi Kənd Təsərrüfatı Nazirliyi həll etməlidir. O da həll etmir. Onun üçün bir bəhanə yaranır ki, iqlim dəyişib, deməli məhsuldarlıq aşağı düşüb.
İqlim yalnız Azərbaycanda dəyişib? Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda, Ermənistanda dəyişməyib? Niyə onlarda get-gedə məhsuldarlıq artır, məhsul istehsalı artır, məhsulun maya dəyəri düşür. Bu qlobal iqlim dəyişməsidir. Azərbaycanda iqlimin dəyişməsi bir o qədər nəzərə çarpmır. Biz digər ölkələrdə görürük ki, iqlim dəyişikliyi çox ciddi problemlər yaradır. Təsəvvür edin, orda bir çox ölkələrdə əkin sahələri uzun müddət suyun altında qalır. Niyə onlar demir ki, məhsuldarlıq qlobal istiləşmə ilə bağlıdır? Oturublar kabinetdə, kəndlərə gedib, kəndlilərin problemi ilə məşğul olmurlar. Torpaqların münbitliyi ilə bağlı hər hansı tədbir görülmür. Su təminatının yaxşılaşdırılması ilə bağlı heç bir iş görülmür. Eləcə də dediyim kimi, digər istehsal vasitələrinin ölkəyə gətirilməsi, onların keyfiyyətinin nəzarəti ilə bağlı hər hansı bir iş görmürlər. Guya iqlimin dəyişməsi nəticəsində məhsuldarlıq aşağı düşüb. Tamamilə yanlışdır”.
Günel Həsənova, Bizimyol.info


