Strateji müttəfiqliyin şərtləri
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
I MƏQALƏ
Dövlətlərarası münasibətlərin həssas məqamları
Müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı xətti ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı üzərində bərqərar olmalıdır. Burada bir millətin iki müstəqil dövləti reallığının gözlənilməsi və ona xüsusi vurğu edilməsi dəyişməz şərtlərdəndir. Doğrudan da dövlətçilik tariximizə baxanda bir millətin iki müstəqil respublikasının beynəlxalq hüquq, sürətlə dəyişən siyasi və geosiyasi mühit kontekstində davamlı olaraq qardaşlar və yüksək səviyyəli strateji müttəfiq kimi yanaşı yaşaması ciddi məsələdir.
Etiraf edək ki, dünya miqyasında da buna bənzər təcrübə mövcud deyildir. Azərbaycanda aparılan siyasi, fəlsəfi və geosiyasi xarakterli tədqiqatlarda bu mövzu müxtəlif aspektlərdə obyektiv tədqiq edilmişdir. Alınan qənaətləri aşağıdakı kimi qruplaşdıra bilərik:
– Azərbaycanla Türkiyənin qardaş və strateji müttəfiq kimi münasibətlər qurması üçün geniş tarixi, siyasi, geosiyasi və dövlətçilik ənənəsinə aid faktorlar mövcuddur;
– Burada başlıca prinsip bir millətin iki güclü dövlətinin yüksək strateji müttəfiq kimi münasibətlər qurması başlıca şərtlərdən biridir;
– Həmin münasibətlərin əsas hüquqi məkanını Şuşa Bəyannaməsi müəyyən edir;
– O sırada bir-birinin daxili işlərinə qarışmamaq və informasiya təxribatı aparmamaq vacib, dəyişməz şərtlərdən biri olaraq qəbul edilir;
– Azərbaycan və Türkiyə hər iki dövlətin uğurlarını və davamlı güclənməsini tam qəbul edirlər;
– Xarici siyasətlərinin prioritetlərini öz milli maraqları əsasında müəyyən edirlər.
Bu şərtlər istənilən siyasi və geosiyasi situasiyada ödənməlidir ki, hər iki dövlət gerçək müttəfiqlikdən, qardaşlıqdan danışmaqla yanaşı, Türk dünyası miqyasında real inteqrasiyaya birlikdə nail olsunlar, regionlararası və qlobal miqyaslarda birgə hərəkət etsinlər.
Son günlərə qədər tərəflərin məhz bu anlayış daxilində münasibətlər qurduqlarını və inkişaf etdirdiklərini düşünənlər əksəriyyət təşkil edirdilər. Ancaq Azərbaycana qardaş olan ölkənin sosial media, millət vəkilləri, hakim Ədalət və İnkişaf Partiyasının bəzi üzvlərinin ifadə etdikləri fikirlər mövcud vəziyyətə xeyli qeyri-müəyyənlik məqamları gətirmişdir.
Türkiyədəki bəzi dairələrin məntiqi
Orda hesab edirlər ki, Azərbaycan xarici siyasətində mütləq Türkiyənin iradəsini yüksək dərəcədə nəzərə almalıdır. Nümunə kimi BMT-nin son sessiyasında baş verənləri göstərə bilərik. Bununla yanaşı, xeyli vaxtdır ki, Fələstin məsələsində Azərbaycanı qınamaq notları özünü göstərir. İndi isə rəsmi Bakının vahid məktəbli formasına keçidini qardaş ölkədə hiddət, nifrət və bir sıra hallarda təhqiramiz münasibətlə qarşılamaqdadırlar. Bu barədə mediada kifayət qədər yazılmışdır. Burada başlıca olaraq məsələnin siyasi-ideoloji və psixoloji tərəfinə diqqət yetirəcəyik.
Siyasi-diplomatik paradoks
Öncə onu vurğulayaq ki, Azərbaycan və Türkiyə tərəfi dəfələrlə vurğulamışlar ki, iki dövlətin arasını vurmağa çalışan qüvvələr mövcuddur və onlara qarşı birgə mübarizə aparmaq zəruridir. Burada Azərbaycan Prezidentinin bir xəbərdarlığını xatırlamaq yerinə düşərdi. Prezident İlham Əliyev demişdir ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərlə “çox daşları yerindən tərpətmişdir”. Və bununla bağlı müxtəlif istiqamətlərdən təsirlər, o cümlədən informasiya müharibəsi və dezinformasiya fəaliyyətləri gözləniləndir.
Bunu Türkiyə rəhbərliyi də çox gözəl bilir. Lakin 2026-cı ilin oktyabr ayında Yeni Azərbaycan Partiyasının verməyə məcbur olduğu bəyanatda aşağıdakı həssaslıqlar ifadə edilmişdir. Bəyanatın əvvəlində deyilir: “Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur”.
Yəni Azərbaycan tərəfi əsl qardaşlıq və strateji müttəfiqlik bağlarının qalması üçün bilərəkdən qarşı tərəfdən olan bir sıra həmlələrə dözümlü yanaşmış və nə vaxtsa, onların aradan qaldırıla biləcəyinə inanmışdır. Ancaq, çox təəssüf ki, indi aşağıdakı vəziyyət meydana gəlmişdir: “Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyimizi zəruri edir”.
Deməli, qardaş Türkiyədə bir sıra dairələr, o cümlədən hakim partiya Azərbaycanla bağlı elə addımlar atırlar ki, siyasi paradoks kimi qiymətləndirilir. Çünki necə olur ki, siyasi-hüquqi anlamı olan Şuşa Bəyannaməsində açıq-aydın yazılan bəndlərin mahiyyəti və məzmununa uyğun olmayan addımlar atılır?
Azərbaycanı Fələstin, İsrail və dini məsələlərdə ittiham etmək tamamilə qondarma və əsassız münasibətdir. Bu bağlılıqda YAP açıq ifadə edir ki: “İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir”.
Bu haqda rəsmi Bakı açıq və birmənalı fikir bildirmişdir. Burada qeyri-müəyyən və ya gizlədilən ən kiçik məqam belə yoxdur. İllərdir ki, belədir və nədənsə BMT-nin son sessiyasında kimlərinsə “yadına düşüb” ki, burada aldatma var.
Dərinə getmədən bir nümunə göstərə bilərik. Türkiyənin də güclü siyasi, mənəvi dəstəyini alan Azərbaycan İsraildən də dəstək görəndə kimsə səsini çıxarmadı. Hərbin real meydanında İsrailin də Azərbaycanın yanında olmasımı əhəmiyyətlidir, yoxsa BMT-nin sessiyasının bir neçə saatı Azərbaycan nümayəndə heyətinin bir üzvünün sakitcə kimlərisə dinləməsimi? Ciddi siyasət üçün bu, paradoks deyilmi?
Belə alınır ki, əsas səbəb ya başqa yerdədir, ya da Ankara ilə Bakının dəfələrlə vurğuladıqları müəyyən dairələrin bizim əleyhimizə fəaliyyəti məqamı nədənsə Ankarada unudulur. Məsələnin bu tərəfini də qardaş Türkiyənin siyasi dairələri aydınlaşdırmalıdırlar. Yəni bu paradoksun da mənbəyi aşkar edilməli və Türkiyə tərəfindən çözülməlidir. Çünki “düyün” orda formalaşmışdır.
Din məsələsi
Açıq demək istərdik: Azərbaycanı din məsələsində hər hansı formada ittiham etmək tam əsassızdır. Əksinə, məhz Azərbaycan Prezidentinin müsəlman ölkələrin birləşməsi, eyni məqsəd uğrunda çalışması, hər bir müsəlmanın hüququnun dünyanın istənilən guşəsində qorunması ilə bağlı fəaliyyəti hər kəsə məlumdur. Buyurun: “Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərti ilə “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır” (YAP-ın Bəyanatından).
Bəyanatın bu hissəsini təsdiq edən çoxlu sayda faktlar mövcuddur. Onları Ankarada çox yaxşı bilirlər. Bunlarla yanaşı, görün Azərbaycan hakimiyyəti hansı addımı atmışdır: “Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir... Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur”.
Yeri gəlmişkən, Fələstinin yüksək səviyyəli rəsmi şəxsləri Azərbaycana səfər edəndə indi hay-küy salanlar səslərini çıxarıb, qiymətlərini vermişlərmi? Yoxsa bu cür siyasi-diplomatik lütfü azərbaycanlıların kimlərinsə “dədələrinə borcu” hesab edirlər? Hansı ki, bizim uşaqları və qadınları vəhşicəsinə Qərbi Azərbaycandan deportasiya edəndə, Qarabağda işğalçılar, o cümlədən dini məbədləri məhv edəndə, onlara qarşı müxtəlif təhqiramiz hərəkətlər edəndə Fələstində ermənilərlə qardaşlıqdan dəm vururdular. Biz uzun müddət onlardan bu cür “dini qardaşlıq təcrübəsi” görmüşük!
İndi Azərbaycan Fələstinə olan dəstəyinə görə özünü qınayırmı? Zərrə qədər də! Çünki Azərbaycan ciddi dövlətdir, seçimini dərin düşünüb edər və bütövlükdə “sözümüz sözdür”!
Bunlardan başqa, prinsipial məqamlar da mövcuddur.
Hörmət, bərabərlik və həmrəylik prinsipləri
YAP-ın Bəyanatında deyilir: “Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturdan deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir... İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur”.
Bu da dövlətçilik kontekstində məsələnin dini tərəfinin gerçəkləri.
İndi məsələyə məhz bu bağlılıqda, lakin əks istiqamətdən baxaq. Türkiyədə dini qaydalarla bağlı qəbul edilən hər hansı qərara Azərbaycandan neqativ reaksiya olmuşdurmu? Nə vaxtsa, rəsmi Bakı Türkiyəyə “siz filan qaydanı tətbiq edirsiniz və bu, bizim xoşumuza gəlmir” kimi irad olmuşdurmu? O cümlədən Türkiyədə vahid məktəbli formasının qəbil edilməsinə Azərbaycandan heç bir siyasi neqativ münasibət oldumu? Xatırlamırıq!
Azərbaycan bunu demirsə və özünün vahid məktəbli formasını tətbiq edirsə, bu, dövlətin kiməsə qarşı deyil, öz daxili tələbatına uyğun hərəkət etməsi deməkdir. Bu, müstəqil siyasət deməkdir. Həmin siyasəti müdafiə etmək isə Şuşa Bəyannaməsinə və “bir millət. iki dövlət” kəlamına uyğun olaraq Türkiyə rəhbərliyinin borcudur (müsbət anlamda).
Bu tezisin məntiqi çox sadədir - əgər qardaş və strateji müttəfiq Azərbaycanın müstəqil siyasətini tam dəstəkləmirsə, başqalarından nə gözləyə bilərik? Deməzlərmi ki, “qardaşınız sizin müstəqil siyasətinizi tam qəbul etmir, biz niyə edək?” və nəticə aydındır: “Azərbaycan, ümumiyyətlə, müstəqil siyasət yeritməsin”.
Bu axırıncı iddianı kimdən gəlirsə-gəlsin müstəqil Azərbaycan dövləti və müdrik Azərbaycan xalqı heç zaman qəbul etməyəcək! YAP-ın Bəyanatında yer almış aşağıdakı fikirlər bunu bir daha təsdiq edir. Orada yazılmışdır: “Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər”.
(ardı var)
XQ-nin analitik qrupu
Baxış sayı:128
Bu xəbər 15 Oktyabr 2026 01:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















