Icma.az
close
up
RU
Strateji yanaşmaların qovuşduğu ideya məkanı

Strateji yanaşmaların qovuşduğu ideya məkanı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

XIII Qlobal Bakı Forumu bu gün öz işinə başlayır

Beynəlxalq hüququn getdikcə selektiv formada tətbiq olunduğu bir dövrdə bu gün Bakıda start götürən və martın 14-nə qədər davam edəcək XIII Qlobal Bakı Forumu bəşəriyyətin gələcək konfiqurasiyasını müəyyən edən intellektual poliqona çevrilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Keçid dünyasında bölünmələrin aradan qaldırılması” devizi altında təşkil edilən platforma ilk regional təmaslardan bu günə qədər keçilən mürəkkəb yolu yeni strateji zirvəyə daşıyır.

Forum beynəlxalq sistemin mürəkkəb və qeyri-sabit keçid dövrünə təsadüf edir. Hazırda dünya nə tək qütblü, nə də tam formalaşmış çoxqütblü nizamda, qlobal siyasət daha çox qeyri-müəyyənlik mərhələsindədir. Böyük dövlətlər arasındakı rəqabət beynəlxalq münasibətləri yenidən formalaşdırmaqla genişmiqyaslı əməkdaşlığı məhdudlaşdıraraq qlobal gərginliyi idarə edən mexanizmləri zəiflədir. Prezident İlham Əliyev Qlobal Bakı forumlarının birində çıxışı zamanı bu mövzuya toxunmuşdu: “Dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Əslində, biz təhlükənin hökm sürdüyü vaxtda görüşürük.

Lakin bizim görüş, həmçinin vədlər dövrünə də təsadüf edir. Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar. Yenidən ayağa qalxan Rusiya BMT Baş Assambleyasının çağırışlarına məhəl qoymayaraq Ukraynada dağıdıcı müharibəyə başlayıb”.

XIII Qlobal Bakı Forumu çərçivəsində keçiriləcək sessiyalarda da bu parçalanmış mənzərənin hərbi güc, iqtisadi təzyiq rıçaqları, enerji asılılığı və texnoloji nəzarət kimi istiqamətlərdə təzahürləri araşdırılacaq. Xüsusilə kritik minerallar, təmiz enerji infrastrukturu və rəqəmsal bağlantı kimi yeni sahələrin dövlət idarəçiliyi üçün yaratdığı risklər diqqət mərkəzində olacaq. Forumun əsas hədəfi köhnəlmiş nizamı qorumaq deyil, əksinə, iqlim dəyişikliyi kimi qlobal çağırışlar fonunda praqmatik əməkdaşlıq və adaptiv idarəetmə üçün yeni strateji imkanlar tapmaqdır.

ARAYIŞ: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən Qlobal Bakı Forumları müasir dünyanın ən aktual siyasi, iqtisadi və humanitar çağırışlarının müzakirə edildiyi nüfuzlu platformadır. Bu mötəbər tədbir bəşəriyyətin gələcək inkişaf modelinin formalaşmasında mühüm intellektual mərkəz rolunu oynayır. Forumun təməli 2013-cü il mayın 7-8-də “Birgə cəmiyyətlər” mövzusu ilə keçirilən I Cənubi Qafqaz Forumu ilə qoyulub. 2015-ci ildə “Yeni dünya nizamında güvənin bərpası” mövzusunda keçirilən tədbir Qlobal Açıq Cəmiyyətlər Forumu adlandırılıb.

2016-cı ildən etibarən platforma rəsmi olaraq Qlobal Bakı Forumu adını alaraq miqyasını daha da genişləndirib. Pandemiya fasiləsindən sonra forumun gündəliyi yeni qlobal reallıqlara uyğunlaşdırıldı. 2021-ci ildə baş tutan VIII Forum “COVID-19-dan sonrakı dünya”, 2022-ci ildəki IX Forum isə “Qlobal dünya nizamına təhdidlər” məsələlərini təhlil etdi. 2023-cü ildə baş tutan yubiley – X Forum “Dünya bu gün: çağırışlar və ümidlər” şüarı altında keçirildi.

Son illərin müzakirələri isə daha çox ekoloji və təhlükəsizlik arxitekturasına yönəlib. 2024-cü ilin martında keçirilən XI Forum “Parçalanmış dünyanın bərpası” çağırışı ilə iqlim dəyişikliyi və qlobal həmrəylik manifestinə çevrildi. Nəhayət, ötən il martın 13-15-də baş tutan XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuşdu.

***

“Köhnə dünya ölür, yenisi isə hələ doğulmayıb. Bu aralıq dövrdə müxtəlif xəstəliklər ortaya çıxır”. İtalyan filosof, jurnalist və siyasi xadim Antonio Qramşinin bu fikri hazırki qlobal dünyanın vizual tablosunu əks etdirir. Müasir beynəlxalq sistemin ən böyük paradoksu ondan ibarətdir ki, qloballaşma dərinləşdikcə siyasi parçalanma da paralel şəkildə artır.

Son onillikdə dünya iqtisadiyyatında qarşılıqlı münasibətlər rekord səviyyəyə yüksəlsə də, siyasi əməkdaşlıq eyni templə genişlənmir. Bu ziddiyyət beynəlxalq münasibətlərdə “strateji parçalanma” fenomenini daha da kəskinləşdirir. Məsələn, son illərdə qlobal hərbi xərclərin həcmi 2,4 trilyon dollara yaxınlaşaraq tarixdə ən yüksək səviyyəyə çatıb. Artım yalnız böyük güclərin rəqabəti ilə bağlı deyil. Regional aktorların təhlükəsizlik mühitində daha aktiv rol oynamaq istəyi beynəlxalq sabitliyi daha mürəkkəb formaya salır.

Bu gün həm XIII Qlobal Bakı Forumunun, həm də bəşəriyyətin verdiyi suallardan biri də məhz budur: qlobal sistem dəyişdiyi halda onu idarə edən institutlar niyə eyni sürətlə transformasiya olunmur? Bu fundamental sual, əslində, müasir dünyanın iflic vəziyyətinə düşdüyünü çılpaqlığı ilə ortaya qoyur. BMT və digər mövcud beynəlxalq institutlar hələ də 1945-ci ilin qalib dövlətlərinin maraqlarını və o dövrün güc balansını qorumaq vəzifəsini yerinə yetirir. Bu gün Hindistan və ya Braziliya kimi yeni iqtisadi və siyasi nəhənglər qlobal qərarlarda söz sahibi olmaq istəsə də, BMT Təhlükəsizlik Şurasındakı “beşlik” (P5) sistemi 80 il əvvəlki status-kvonu zorla saxlayır. İmtiyazlı dövlətlərin öz veto və kvota üstünlüklərindən əl çəkmək istəməməsi islahatların qarşısına aşılmaz sədd çəkir. Yeni yaranan bir çox münaqişələr həmin P5 ölkələrinin mənafelərinə uyğun idarə olunur.

Digər tərəfdən, texnoloji tərəqqi ilə hüquqi tənzimləmə arasındakı uçurum idarəetməni səmərəsizləşdirir. Süni intellekt, kiber-təhdidlər və iqlim böhranı kimi yeni nəsil problemlər saniyələr və aylar ərzində formalaşdığı halda, beynəlxalq konvensiyaların qəbulu onilliklər tələb edir. İnsanlar süni intellekti yaradır, amma onu tənzimləyəcək hüquqi mexanizm formalaşdıra bilmirlər. Bu sürət fərqi institutları hadisələri idarə edən subyektdən, sadəcə baş verənlərin ardınca qaçan müşahidəçiyə çevirir. Bu da radikal struktur islahatları aparılmadığı təqdirdə qlobal idarəetmənin tamamilə çökməsinə zəmin hazırlayır.

***

Təbii ki, belə mürəkkəb transformasiya dövründə dialoq platformalarının rolu getdikcə artır. Bu baxımdan Qlobal Bakı Forumu müxtəlif siyasi mətləblərin və strateji yanaşmaların kəsişdiyi ideya məkanına çevrilib. Burada səslənən fikir və konsepsiyalar gələcək siyasi gündəliklərin formalaşmasına ciddi təsir göstərir. Son illərdə forumun iştirakçıları arasında onlarla sabiq dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin və nüfuzlu analitiklərin yer alması platformanın intellektual çəkisini xeyli artırıb.

Budəfəki toplantıda da Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, qurumun sabiq prezidenti Şarl Mişel, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Rebeka Qrinspan, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və Ərəb Liqasının sabiq baş katibi Əmr Musa kimi nüfuzlu simaların, eləcə də müxtəlif dövlətlərin rəsmi nümayəndə heyətlərinin iştirakı Bakının qlobal müzakirə mərkəzi statusunu bir daha təsdiqləyir.

Beləliklə, forumda enerji təhlükəsizliyindən tutmuş texnoloji transformasiyaya qədər müzakirə olunan mövzular, əslində, gələcək beynəlxalq nizamın konturlarını müəyyən edən əsas istiqamətlərdir. Dünya hələ yeni geosiyasi balansını tam formalaşdırmayıb, lakin aydın görünür ki, bu prosesdə dialoq və intellektual platformaların rolu getdikcə daha strateji xarakter alacaq.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see276

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see266

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see263

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see247

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see247

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see242

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see234

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see221

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see202

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see200

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see197

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see194

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see192

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see191

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see189

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see173

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see173

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri