Su qıtlığına çağdaş yanaşma: “Ehtiyat yarat, qənaət et!”
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Cənubi Qafqazda əhalinin 60, hidromənbələrin isə 15 faizi Azərbaycanın payına düşür
Bu gün dünyanı narahat edən qlobal problemlər sırasında iqlim dəyişikliyinin yaratdığı istiləşmənin getdikcə güclənməsi ekoloji tarazlığın pozulmasına, yağıntı rejiminin dəyişməsinə, su ehtiyatlarının azalmasına, quraqlıq hallarının intensivləşməsinə və nəticə etibarilə bir sıra ölkələrdə su qıtlığının dərinləşməsinə gətirib çıxarır. Belə şəraitdə su sosial və ekoloji məsələ olmaqla bərabər, həm də iqtisadi inkişafın, kənd təsərrüfatının və milli təhlükəsizliyin mühüm prioritetlərindən biri kimi diqqət çəkir.
Azərbaycan da bu qlobal prosesin təsirindən kənarda deyil. Ərazisinin böyük hissəsinin quraq və yarımsəhra iqlim zonalarında yerləşməsi, su ehtiyatlarının ölkə üzrə qeyri-bərabər paylanması, transsərhəd çaylardan asılı olması və iqlim dəyişikliyinin su balansına təsir göstərməsi respublikanın qarşısında su ehtiyatlarının qorunması və səmərəli idarə olunması kimi önəmli vəzifə qoyur.
Azərbaycan digər təbii sərvətlərlə zəngin ölkə olsa da, su ehtiyatları baxımından dünyanın bu sahədə təminatı nisbətən aşağı olan dövlətlər sırasındadır. Respublikanın su potensialı Cənubi Qafqazın mövcud sahədəki ümumi ehtiyatlarının, təxminən, 15 faizini təşkil edir. Beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın gələcəkdə yüksək su qıtlığı təhlükəsi ilə üzləşə biləcək ölkələr sırasında göstərilməsi də problemin miqyasını təsəvvür etməyə imkan verir. Bu gerçəklik suya münasibətin dəyişdirilməsini, mövcud ehtiyatlardan maksimum səmərə ilə istifadə olunmasını və su təsərrüfatının idarə edilməsində yeni yanaşmaların tətbiqini önə çəkir.
Havayı axmasın bircə damcı da
Azərbaycan dövlətinin son illərdə su ehtiyatlarının idarə olunması və su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər məhz bu strateji çağırışlardan irəli gəlir. Əhalinin içməli və məişət suyu ilə təminatının diqqətdə saxlanılması, kənd təsərrüfatı torpaqlarının suvarılması, sənayenin və digər iqtisadi fəaliyyət sahələrinin suya olan tələbatının ödənilməsi üçün etibarlı infrastrukturun yaradılması ölkənin sosial-iqtisadi inkişafında mühüm şərtlər sırasında yer alır. Bu məqsədlə su anbarlarının tikintisi və yenidən qurulması, magistral suvarma kanallarının bərpası və mövcud sistemdə itkilərin azaldılması istiqamətlərində ardıcıl layihələr həyata keçirilir.
İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, müvafiq dövlət proqramları çərçivəsində son illərdə kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması üçün respublikanın müxtəlif regionlarında mühüm layihələr reallaşdırılıb. Məsələn, Suqovuşan, Xaçınçay və Köndələnçay su anbarlarının, eləcə də 7 magistral suvarma kanalının yenidən qurulması, Zabuxçay su anbarının tikintisi uğurla başa çatdırılıb. Bununla yanaşı, Sərsəng su anbarının, Aşağı Muğan və ölkənin ən böyük magistral suvarma infrastrukturu olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi istiqamətində işlərin davam etdirilməsi isə bu sahəyə priroritet istiqamət kimi yanaşmanın bariz ifadəsinə çevrilib.
Bərgüşadçay və Həkəriçay su anbarlarının tikintisinin nəzərdə tutulması isə ölkənin su ehtiyatlarının idarə olunması imkanlarının daha da genişləndirilməsinə xidmət edir. Eyni zamanda, beynəlxalq maliyyə institutlarının cəlb edilməsi ilə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə hazırlıq işlərinin aparılması su təsərrüfatının inkişafında beynəlxalq əməkdaşlığın da mühüm rol oynadığını göstərir. Bu layihələrin hər biri ayrı-ayrılıqda əhəmiyyətli olsa da, bütövlükdə, onların əsas məqsədi daha böyük strateji hədəfi – respublikanın su təhlükəsizliyinin möhkəmləndirilməsini şərtləndirir.
İqtisadçı-ekspertin fikrincə, su resurslarının səmərəli istifadəsi məsələsinə yalnız ekoloji müstəvidən yanaşmaq düzgün deyil. Burada ciddi iqtisadi maraqlar da mövcuddur. Belə ki, dövlət böyük vəsait hesabına su anbarları, kanallar, nasos stansiyaları və digər infrastruktur obyektləri yaradır. Bu investisiyaların əsas məqsədi isə kənd təsərrüfatının su təminatını yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq və ərzaq təhlükəsizliyini möhkəmləndirməkdir. Lakin həmin infrastrukturdan istifadə zamanı suyun müəyyən bir hissəsinin itirilməsi yatırılan investisiyanın iqtisadi baxımdan geri qayıtmasına mənfi təsir göstərir.
İzafi su itkisini aradan qaldırmaq üçün, ilk növbədə, su mənbəyindən başlayaraq magistral kanallara, təsərrüfatdaxili şəbəkələrə və bilavasitə əkin sahələrinə qədər bütün mərhələlərdə infrastrukturun səmərəlilik zənciri möhkəmləndirilməlidir. Yalnız bu şəraitdə su itkisinin minimuma endirilməsi reallaşır, dövlət investisiyalarının iqtisadi səmərəliliyi yüksəlir, kənd təsərrüfatında istehsal xərcləri azalır və fermerlərin gəlirləri artır.
Samir Heydərov söhbətinin sonunda bildirdi ki, iqlim dəyişiklikləri fonunda yağıntıların həcmi və su ehtiyatlarının illər üzrə dəyişməsi kənd təsərrüfatı planlaşdırılmasında daha dəqiq hesablamaların aparılmasını tələb edir. Buna görə də hər regionun su balansı nəzərə alınmalı, əkin strukturunun formalaşdırılması zamanı həmin ərazinin iqlim xüsusiyyətləri, torpağın münbitliyi, su təminatı və iqtisadi səmərəlilik göstəriciləri birlikdə qiymətləndirilməlidir. Əsas məsələ isə hansı ərazidə hansı bitkinin əkilməsi təkcə bazar tələbi ilə deyil, həm də həmin bitkinin suya olan tələbatı və regionun real su imkanları nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu yanaşma gələcəkdə həm su qıtlığının yaratdığı riskləri azaldır, həm də fermer təsərrüfatlarının dayanıqlılığını artırmağa imkan verir.
Rəqəmsal idarəetmə və sudan səmərəli istifadə
Azərbaycanın su siyasətində işğaldan azad edilmiş ərazilərin xüsusi yeri var. Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi iqtisadi və su balansına inteqrasiyası bu coğrafiyada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinin mühüm istiqamətlərindən biridir. Bu torpaqlarda yeni yaşayış məntəqələrinin salınması, kənd təsərrüfatı fəaliyyətinin bərpası və iqtisadi potensialın reallaşdırılması etibarlı su təminatının yaradılmasını zəruri edir. Bu səbəbdən həmin ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması, su anbarlarının və suvarma sistemlərinin yaradılması, mövcud imkanların yenidən qiymətləndirilməsi kompleks şəkildə həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialı olduqca böyükdür. Lakin bu potensialın reallaşdırılması təkcə torpaq sahələrinin istifadəyə verilməsi ilə məhdudlaşmır. Burada su, enerji, logistika və texnologiya kimi sahələr bir-birini tamamlayan vahid sistem kimi formalaşdırılmalıdır. Bu sistemdə su təminatı xüsusi əhəmiyyət daşıyır. Beləliklə, azad edilmiş ərazilərdə yaradılan yeni su təsərrüfatı infrastrukturu təkcə həmin iqtisadi rayonların deyil, bütövlükdə, Azərbaycanın kənd təsərrüfatı və su təhlükəsizliyi siyasətinin mühüm komponentinə çevrilir.
Su təsərrüfatına yatırılan böyük həcmli dövlət investisiyalarının səmərəliliyi təkcə yeni su anbarlarının və kanalların tikintisi ilə ölçülmür. Burada əsas məsələ yaradılan imkanlardan nə dərəcədə səmərəli istifadə olunması ilə müəyyən edilir. Başqa sözlə, su ehtiyatlarının artırılması ilə yanaşı, mövcud suyun itkisinin azaldılması da strateji məsələ kimi qiymətləndirilir. Xüsusilə kənd təsərrüfatında ənənəvi suvarma üsullarından istifadə zamanı suyun əhəmiyyətli hissəsinin itirilməsi həm iqtisadi, həm də ekoloji baxımdan ciddi problemə çevrilir. Torpağın normadan artıq suvarılması isə onun şoranlaşmasına, qrunt sularının səviyyəsinin yüksəlməsinə və münbitliyin azalmasına gətirib çıxarır. Məhz buna görə də müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir.
Damcı suvarma və pivot sistemləri bu baxımdan mühüm üstünlüklərə malikdir. Bu texnologiyalar suyun birbaşa bitkinin ehtiyac duyduğu sahəyə çatdırılmasına imkan verir, su itkilərini azaldır, torpağın həddindən artıq nəmlənməsinin qarşısını alır və suvarmanın idarə edilməsini daha dəqiq həyata keçirməyə şərait yaradır. Bunun nəticəsində təkcə suya qənaət edilmir, həm də məhsuldarlığın yüksəlməsinə, gübrə və digər aqrotexniki tədbirlərin səmərəliliyinin artmasına, torpaqların uzunmüddətli məhsuldarlığının qorunmasına müsbət təsir göstərir. Beləliklə, müasir suvarma sistemlərinə keçidə sadəcə texnoloji yenilik kimi deyil, həm də kənd təsərrüfatının intensiv inkişafının əsas şərtlərindən biri kimi yanaşılır.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026–2030-cu illər üçün nəzərdə tutulan tədbirlər planında buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə çatdırılması kimi hədəflərin qarşıya qoyulması aqrar sektorda intensiv inkişafın əhəmiyyətini bir daha göstərir. Bu hədəflərə nail olmaq üçün təkcə əkin sahələrinin genişləndirilməsi kifayət etmir. Bunun üçün müasir aqrotexnologiyalardan, yüksək məhsuldar sortlardan, dəqiq gübrələmə sistemlərindən, rəqəmsal həll vasitələrindən və ən başlıcası, səmərəli suvarma metodlarından geniş istifadə olunmalıdır.
Mütəxəssislərin sözlərinə görə, məhsuldarlığın artırılması ənənəvi suvarma üsullarının genişləndirilməsi hesabına həyata keçirilərsə, bu zaman su ehtiyatları üzərində əlavə təzyiq yaranır. Lakin məhsuldarlıqda daha yüksək nəticənin suya qənaət rejimli intensiv texnologiyalar hesabına əldə edilməsi həm fermer təsərrüfatlarının, həm də bütövlükdə iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.
Bu baxımdan gələcəyin kənd təsərrüfatı modeli “daha çox sudan yararlanmaqla daha çox məhsul istehsal etmək” deyil, “daha az su ilə daha yüksək məhsuldarlıq əldə etmək” prinsipi üzərində qurulmalıdır. Çünki suya qənaət yalnız dövlətin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Eyni zamanda, su təhlükəsizliyinin təmin olunması təkcə dövlətin böyük maliyyə və təşkilati resurslar hesabına həyata keçirdiyi layihələrlə məhdudlaşmır. Bu məsələdə cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür.
Su qıtlığı ilə mübarizədə gələcək perspektivlərdən biri də rəqəmsal texnologiyaların su təsərrüfatına daha geniş inteqrasiyasıdır. Su anbarlarının, kanalların və suvarma sistemlərinin rəqəmsal monitorinqinin aparılması, torpaq və bitkilərin nəmliyinin sensorlarla müəyyənləşdirilməsi, meteoroloji məlumatların kənd təsərrüfatı planlaşdırılmasına yönəldilməsi su ehtiyatlarının daha dəqiq idarə olunmasına imkan verir.
Belə sistemlər vasitəsilə suyun hansı sahəyə nə vaxt və nə qədər verilməli olduğu daha dəqiq müəyyənləşdirilir. Nəticədə həm su itkisi azalır, həm də bitkinin məhsuldarlığı üçün əlverişli şərait yaradılır. Bu isə su təsərrüfatı ilə kənd təsərrüfatının rəqəmsal transformasiyasının paralel aparılmasının vacibliyini göstərir.
Azərbaycanın qarşısında duran su problem yalnız bugünün deyil, həm də gələcəyin məsələsidir. İqlim dəyişikliyinin daha da intensivləşməsi ehtimalı su ehtiyatlarının idarə olunmasını uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirir. Bu baxımdan su anbarlarının və kanalların tikilməsi, mövcud infrastrukturun yenilənməsi, işğaldan azad edilmiş ərazilərdə müasir su təsərrüfatı sistemlərinin yaradılması son dərəcə vacibdir. Lakin bütün bunlarla yanaşı, suyun qənaətlə istifadəsi, müasir suvarma sistemlərinin geniş yayılması, əkin strukturunun su balansına uyğunlaşdırılması və rəqəmsal idarəetmə imkanlarının diqqətdə saxlanılması da mühüm önəm daşıyır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Avqust 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















