Sülh axtarışları və geosiyasi proqnozlar
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskva ilə Kiyevin diplomatik təmasları intensivləşir
Rusiya–Ukrayna müharibəsinin nizamlanması üzrə diplomatik səylər son günlər xeyli intensivləşib. Vaşinqton, Moskva və Kiyev üçbucağında aparılan pərdəarxası təmaslar, cəbhə xəttindəki lokal humanitar razılaşmalar və dövlət liderlərinin səsləndirdiyi rəsmi bəyanatlar münaqişənin həlli istiqamətində keyfiyyətcə yeni mərhələnin başlandığını söyləməyə əsas verir. Cəbhə boyu hərbi gərginliyin davam etməsinə baxmayaraq, beynəlxalq vasitəçilərin iştirakı ilə konkret addımlar atılıb və masa arxasında intensiv müzakirələr aparılıb.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putin və Kremlin rəsmi nümayəndəsi Kirill Dmitriyev ilə görüş keçirərək Vaşinqtonun münaqişənin həllinə dair hazırladığı yeni sülh çərçivə sənədini təqdim edib. Həmin təmasların ardınca Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlar formatını bərpa etməyə hazır olduğunu elan edib. Kremlin mətbuat katibi Dmitri Peskov, digər rəsmi mənbələr də növbəti danışıqlar raundunun noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilməsinin planlaşdırıldığını bildiriblər. Tərəflərin şərtləri və mövqeləri diplomatik gərginliyin əsasını təşkil edir.
Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik kanalların açıq olduğunu və Kiyevin noyabr görüşünə qatılacağını təsdiqləsə də, Moskvanın sülh ritorikasının Qərbdəki daxili siyasi gündəm fonunda manevr ola biləcəyi barədə xəbərdarlıq edib. Kiyev rəhbərliyi ərazi məsələlərinin yalnız birbaşa liderlər səviyyəsində müzakirə mövzusu ola biləcəyini, ölkənin suverenliyi və hərbi qabiliyyətinin zəiflədilməsinə yönələn heç bir şərti qəbul etməyəcəyini vurğulayıb. Digər tərəfdən, Rusiya rəhbərliyi gələcək anlaşmanın Ukrayna ilə yanaşı, Rusiyanın və Avropanın ümumi təhlükəsizlik maraqlarını tam təmin etməli olduğunu irəli sürüb.
Diplomatik masa arxasında gərginlik sürərkən, cəbhə bölgəsində diqqətçəkən humanitar addımlar atılıb. Xarici mənbələrin verdiyi məlumata görə, Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi zonasında mülki əhalinin təxliyyəsi, humanitar yardımların çatdırılması və yolların minadan təmizlənməsi üçün lokal atəşkəs razılaşması əldə olunub. Bununla yanaşı, tərəflər “270-in 270-yə” formulu üzrə hərbi əsir və həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsini icra ediblər.
Yaxın aylarda Moskva-Kiyev oxunda cərəyan edən proseslər geosiyasi şəraitdən asılı olaraq bir neçə istiqamətdə inkişaf etsə də, əsas diqqət noyabr görüşünə yönəlib. Noyabrda Əbu-Dabi şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli danışıqların ilkin mərhələdə tam sülh müqaviləsi ilə nəticələnməsi çətin görünür. Ən real ssenari kritik infrastruktura, xüsusilə energetika obyektlərinə zərbələrin dayandırılması və cəbhə xəttinin faktiki status-kvo vəziyyətində dondurulması barədə razılığın əldə olunmasıdır. Tərəflərin hərbi resurslarının tükənməsi və beynəlxalq təzyiqlərin artması cəbhə xəttində demilitarizasiya olunmuş bufer zonaların yaradılması təşəbbüslərini ön plana çıxara bilər.
Müzakirələrin ən mürəkkəb tərəfi suverenlik və ərazi nəzarəti məsələsidir. Gələcək diplomatik ssenarilərə əsasən, tərəflər ərazilərin hüquqi statusunu gələcək uzunmüddətli danışıqlara saxlamaqla hərbi əməliyyatların dayandırılması modelini seçə bilərlər. Belə olan halda, Ukraynaya beynəlxalq müttəfiqləri tərəfindən güclü təhlükəsizlik zəmanətləri paketinin verilməsi, Rusiyanın isə faktiki nəzarət etdiyi zonalarda hərbi fəaliyyətini dayandırması əsas kompromis oxuna çevrilə bilər.
Əgər noyabr ayında planlaşdırılan üçtərəfli danışıqlar tərəflərin barışmaz mövqeləri səbəbindən nəticəsiz qalarsa, münaqişənin yeni hərbi eskalasiya fazasına keçməsi qaçılmaz olacaq. Həmin ssenaridə tərəflər qış mövsümü ərəfəsində pilotsuz uçuş aparatları, uzaqmənzilli raketlər və dəniz əməliyyatları vasitəsilə qarşı tərəfin strateji infrastrukturlarına təzyiqi maksimum dərəcədə artırmağa çalışacaqlar. Noyabrın ilk yarısında keçiriləcək diplomatik görüşlər tərəflərin real kompromis hədlərini müəyyən edəcək və müharibənin yaxın gələcəkdə dondurulub-dondurulmayacağına dair yekun mənzərəni ortaya qoyacaq.
Daha bir maraqlı məqamı da diqqətə çatdıraq ki, danışıqların bərpası üçün məhz noyabrın 4-dən sonrakı müddətin seçilməsinin simvolik mənası var. Çünki noyabrın 4-ü Rusiyada rəsmi dövlət bayramı – Xalq Birliyi Günüdür. Rusiya siyasi rəhbərliyi daxili auditoriyaya hər hansı güc nümayişi və ya mesaj vermədən prioritet diplomatik addımları məhz bu milli bayramın ardınca atmağı məqsədəuyğun hesab edir.
Həmçinin vasitəçilik rolunda Birləşmiş Ərəb Əmirliklərinin ön plana çıxması prosesin artıq Qərb–Rusiya qarşıdurması çərçivəsində qalmadığını göstərir. Körfəz ölkələri uzun müddətdir ki, tərəflər arasında məxfi humanitar təmaslar, əsir mübadilələri və maliyyə kanallarının qorunması məsələlərində bitərəf körpü rolunu oynayır. Əbu-Dabinin neytral məkan kimi seçilməsi hər iki tərəfin diplomatik təzyiqlərdən uzaq, qapalı mühitdə kompromis axtarmaq istəyini göstərir.
Liderlərin ictimaiyyətə verdikləri bəyanatlarla masa arxasındakı real tələblər arasında müəyyən fərqlər var. Volodimir Zelenskinin bəyanatlarının daha çox daxili auditoriyanı və Avropadakı müttəfiqləri sakitləşdirməyə yönəldiyi halda, Vaşinqton vasitəsilə aparılan texniki müzakirələrdə cəbhə xəttinin dondurulması şərtləri daha detallı şəkildə nəzərdən keçirilir. Bu da onu göstərir ki, tərəflər ictimaiyyət qarşısında maksimalist mövqedən çıxış etsələr də, pərdə arxasında daha praqmatik çərçivə üzərində işləyirlər.
Sonda yenə də bütün bunların müqabilində münaqişənin yaxın perspektivdə sonlanacağını söyləmək doğru olmaz. Çünki bugünlərdə Avropanın müdafiə nazirləri və Avropa İttifaqının nümayəndələri Ukraynanı qarşıda çətin ayların gözlədiyini bildiriblər. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bazar ertəsi Parisdə keçirilən mətbuat konfransında deyib: “Yeni diplomatik təşəbbüs mövcuddur, lakin Putinin atdığı addımların tamamilə fərqli mənzərə ortaya qoyduğu da aydındır”. Kallas Kiyevi “amansız qışın” gözlədiyini və yaxın zamanda sülhün əldə olunacağına dair heç bir ümidin olmadığını bildirib. O, Ukraynaya hücumlara tab gətirmək və Rusiyanın çəkdiyi xərcləri artırmaq üçün dəstəyin davam etdirilməsinin zəruriliyini bir daha vurğulayıb.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Oktyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















