Icma.az
close
up
RU
Sülh üçün əsas sınaq və gözləntilər

Sülh üçün əsas sınaq və gözləntilər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Amerikalı ekspertlər revanşistlərin qələbə ehtimalının gərginliyi artıra biləcəyini təxmin edirlər

Hazırkı ABŞ administrasiyasının Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına verdiyi dəstək 2025-ci il avqustun 8-də Vaşinqton sammitindən sonra prosesi yeni və daha praktik mərhələyə çıxarıb. ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin bu ay Bakı və İrəvana səfəri isə Vaşinqtonun Cənubi Qafqazda davamlı sülhə nail olmaq niyyətini, eləcə də TRIPP layihəsi və yeni iqtisadi təşəbbüslər vasitəsilə regionda mövqelərini gücləndirmək strategiyasını bir daha nümayiş etdirdi. Xatırlatmaq yerinə düşər ki, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb, Ermənistanla isə energetika, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlıq və investisiyalara dair razılaşmalar əldə olunub. ABŞ administrasiyasının Cənubi Qafqaza münasibətdə hazırkı strategiyasını dəyərləndirən analitiklər bildirirlər ki, Vaşinqton Bakı və İrəvanla iqtisadiyyat, təhlükəsizlik, hərbi-texniki sfera və digər istiqamətlərdə əməkdaşlığı dərinləşdirməklə avqustun 8-də Ağ Evdə paraflanmış sülh sazişini irəli aparmağa və yekun sazişin imzalanmasını sürətləndirməyə çalışır.

***

Bir neçə gün öncə Vaşinqtondakı Hudson İnstitutu diplomat və ekspertlərin iştirakı ilə ABŞ administrasiyasının Azərbaycan və Ermənistan arasında sülh prosesini təşviq etmək istiqamətində atdığı addımlara həsr olunmuş dinləmələr keçirib. Dinləmələrdə Dövlət katibinin müavini, Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun rəhbəri Sonata Koulter, Atlantik Şuranın Avrasiya Mərkəzinin direktor müavini Endryu D’Aniyeri, Hudson İnstitutunun Avropa və Avrasiya Mərkəzinin baş elmi işçisi Lük Koffi və digərləri çıxış ediblər.

Koulter avqust sammitini “Cənubi Qafqaz üçün həlledici məqam” adlandırıb. Onun sözlərinə görə, bu sammit yekun nöqtə deyil, yeni mərhələnin başlanğıcı olub və Vaşinqton həmin diplomatik sıçrayışı “yerində davamlı inkişafa” çevirməyə fokuslanıb. Dövlət katibinin müavini qeyd edib ki, hər iki hökumət münasibətlərin normallaşdırılması, ticarət və tranzit kanallarının açılması, davamlı sülhə xidmət edən dayanıqlı əsasların formalaşdırılması istiqamətində konkret addımlar atıb. Koulter administrasiyanın yanaşmasını iqtisadi kontekstdə belə ifadə edib: “Əgər liderlər sülhü seçsələr, biz sülhü rifaha çevirəcək alətlərlə onları dəstəkləyəcəyik”. O, investisiyaları, təhlükəsizlik sahəsində əməkdaşlığı və suverenliyin, iqtisadi müstəqilliyin möhkəmləndirilməsinə yönəlmiş proqramları vurğulayıb. Koulter bu yanaşmanın mərkəzində TRIPP təşəbbüsünün dayandığını bildirib. Deyib ki, layihə region üzrə insanların, malların, enerjinin və ideyaların hərəkətini asanlaşdırmağı və münaqişənin yenidən alovlanması üçün stimulları azaltmağı hədəfləyir.

Diplomat bildirib ki, Vens İrəvanda çıxışı zamanı “Sülh ehtiyatlı insanlar tərəfindən deyil, gələcəyə yönəlmiş insanlar tərəfindən qurulur” deyib. Onun sözlərinə görə, bu fikir ABŞ-ın hər iki paytaxtla münasibətlərinin ümumi tonunu əks etdirir. Bu səfər zamanı elan olunmuş təşəbbüslər sırasında ilkin kapitalı təxminən 200 milyon dollar olan “TRIPP Enterprise Fund”un yaradılması da var. Fond Transxəzər dəhlizi boyunca nəqliyyat, logistika, energetika və faydalı qazıntıların hasilatı sahələrində özəl kapitalın səfərbər edilməsinə xidmət edəcək.

Bakıda isə Vens təhlükəsizlik, energetika, rəqəmsal inkişaf və ticarət sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. O, həmçinin Azərbaycanın sahil mühafizəsi üçün dörd patrul kateri və zirehli jiletlərin tədarükünü elan edib. Səfər çərçivəsində ABŞ Ticarət Palatasının nümayəndə heyəti də Bakıya gələrək əməkdaşlıq imkanlarını araşdırıb. “Bunlar mücərrəd təşəbbüslər deyil, konkret və davamlı sülhü təmin edən mexanizmlərdir”, – deyə Koulter vurğulayıb və əlavə edib ki, biz təkcə sülh müqaviləsi imzalamaq istəmirik, həm də həmin sülhün dayanıqlı olmasına əmin olmaq istəyirik.

Qeyd etdiyimiz kimi, Bakı və İrəvan Vaşinqtonun dəstəyi ilə son aylarda davamlı sülh yolunda ciddi irəliləyiş əldə etsələr də, analitiklər risklərin hələ də qalmaqda olduğunu bildirirlər. Onlardan ən əsası iyun ayında Ermənistanda keçiriləcək seçkilərdir. Rusiyanın dəstəklədiyi revanşist qüvvələrin qələbəsi halında regionun yenidən gərginlik mərhələsinə daxil ola biləcəyi istisna edilmir. Görünür, bu amili nəzərə alaraq Vens İrəvandakı çıxışında Paşinyana açıq siyasi dəstək ifadə edib.

Atlantik Şuranın Avrasiya Mərkəzinin direktor müavini Endryu D’Aniyeri seçkiləri sülh prosesinin trayektoriyasına təsir göstərə biləcək mühüm faktor adlandırıb. Onun sözlərinə görə, Paşinyanın partiyası hakimiyyətdə qalmaq üçün yenidən mandat qazanmalıdır. D’Aniyeri qeyd edib ki, bir çox müşahidəçi Rusiyanın səsvermənin nəticələrinə təsir göstərməyə çalışacağını gözləyir. O vurğulayıb ki, Moskva Paşinyanın praqmatik sülh kursuna tənqidi yanaşır: “İyun seçkilərindən sonra sülhün perspektivi barədə daha aydın təsəvvür formalaşacaq”.

Vaşinqton sammitindən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətinin hansı istiqamətə yönəldiyini Hudson İnstitutunda keçirilən dinləmələr bir növ açıq şəkildə nümayiş etdirir. Orada səslənən fikirlər göstərir ki, məsələ təkcə iki ölkə arasında sülh sazişinin imzalanması deyil, bütövlükdə regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsidir. Sonata Koulterin “bu, son deyil, başlanğıcdır” mesajı, əslində, Vaşinqtonun prosesi mərhələli və uzunmüddətli plan kimi gördüyünü ortaya qoyur.

Müzakirələrdə xüsusi vurğulanan məqam ondan ibarət idi ki, avqustun 8-də paraflanmış sənəd diplomatik jest kimi yox, konkret nəticələr doğurmalı olan çərçivə kimi qəbul edilir. ABŞ rəsmiləri “sülhü rifaha çevirmək” tezisini önə çəkərək iqtisadi təşviqlərin siyasi qərarları möhkəmləndirməli olduğunu bildirdilər. Bu yanaşma açıq şəkildə göstərir ki, Vaşinqton tərəfləri yalnız çağırışlarla deyil, maliyyə və təhlükəsizlik alətləri ilə motivasiya etməyə çalışır.

Endryu D’Aniyerinin çıxışı isə prosesin kövrək tərəfinə diqqət çəkir. O, Ermənistan seçkilərini əsas risk faktoru kimi təqdim etməklə sülh gündəliyinin daxili siyasi legitimlikdən asılı olduğunu vurğulayır. Bu fikir dolayısı ilə onu göstərir ki, Vaşinqton Paşinyanın kursunu dəstəkləyir və onu praqmatik sülh xətti kimi qiymətləndirir. ABŞ ekspert çevrələrində formalaşan ümumi qənaət budur ki, Paşinyanın hakimiyyətdə qalması prosesin davamlılığı üçün vacib şərtdir.

Eyni zamanda, dinləmələrdə Rusiya amili də açıq müzakirə olunub. Çıxış edənlər Moskvanın regionda təsir imkanlarını itirmək istəmədiyini və seçkilər fonunda müxtəlif vasitələrdən istifadə edə biləcəyini qeyd ediblər. Bu yanaşma göstərir ki, Vaşinqton Cənubi Qafqazdakı sülh prosesini daha geniş geosiyasi qarşıdurma kontekstində qiymətləndirir. TRIPP layihəsinin xüsusi vurğulanması da təsadüfi deyil. Çünki bu təşəbbüs regionu Qərb iqtisadi məkanına daha sıx bağlamağı hədəfləyir.

Beləliklə, müzakirələrdən çıxan ümumi nəticə budur ki, ABŞ üçün əsas məsələ təkcə sülh sazişinin imzalanması deyil, onun geri dönməz xarakter almasıdır. Bunun üçün iqtisadi inteqrasiya, təhlükəsizlik zəmanətləri və siyasi dəstək paralel şəkildə işə salınır. Ancaq eyni zamanda, etiraf olunur ki, proses hələ tam təminat altına alınmayıb və iyun seçkiləri Cənubi Qafqazın gələcək trayektoriyasını müəyyənləşdirəcək əsas sınaq olacaq.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri