Icma.az
close
up
RU
“Süni intellekt ikiağızlı silahdır” İordaniyalı jurnalist

“Süni intellekt ikiağızlı silahdır” İordaniyalı jurnalist

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Modern.az xarici jurnalistlərlə silsilə müsahibələrini davam etdirir. Müsahibələrdə xarici jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənir, iki ölkə arasında ortaq cəhətləri araşdırır və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparırıq.

Budəfəki həmsöhbətimiz İordaniyadan olan jurnalist Majdi Taldırdır. O, İordaniya Xəbər Agentliyinin əməkdaşıdır.

– Ümumilikdə İordaniyada medianın mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Son illərdə ölkənin media mühitində hansı mühüm dəyişikliklər baş verib?

– İordaniyada media son illərdə azadlıqlar səviyyəsində nəzərəçarpacaq geriləmə yaşayıb. Bunun səbəblərindən biri rəqəmsal və sosial media səhifələrində yazılanları da əhatə edən Mətbuat Qanunudur. Digər tərəfdən, süni intellekt tətbiqlərinin və alqoritmlərin media fəaliyyətinin müxtəlif sahələrində istifadəsi müşahidə olunur.

– Dünyada ənənəvi media sosial media və rəqəmsal platformalarla ciddi rəqabətdədir. Bu proses İordaniyada ənənəvi medianın izləyici və oxucu kütləsinə, habelə onun təsirinə necə təsir edib?

– Bu inkişaf, xüsusilə ənənəvi mediaya – qəzetlərə, televiziya və radioya təzyiqlər artdıqca daha qabarıq şəkildə özünü göstərib. Cəmiyyət informasiyanı rəqəmsal platformalardan almağa yönəlib. Məncə, bunun səbəbi yalnız rəqəmsal aləmin və alqoritmlərin inkişafı deyil, həm də ifadə azadlığına yönəlmiş təzyiq siyasətləridir.

– Bu gün İordaniya jurnalistlərinin üzləşdiyi əsas problemlər və peşəkar çətinliklər hansılardır? Sizcə, müasir jurnalistikanı ən çox mürəkkəbləşdirən amillər hansılardır?

– Məncə, ən böyük çətinlik jurnalistika və jurnalistlər üzərində məhdudiyyətlərin olması, həmçinin öz fikir və düşüncələrini azad şəkildə ifadə etmək imkanının aydın və konkret formada məhdudlaşdırılmasıdır.

– Yaxın Şərqdə davam edən münaqişələr və siyasi gərginliklər jurnalistlərin fəaliyyətinə necə təsir edir? Belə bir mühitdə tərəfsizliyi və peşə prinsiplərini qorumaq nə dərəcədə çətindir?

– Şübhəsiz ki, Yaxın Şərqdəki jurnalistlər saysız-hesabsız böyük çətinliklərlə üz-üzədirlər və bunlardan biri də bir çox ölkədə ifadə azadlığının olmamasıdır.

Lakin bunların ən qabarıq olanı bütün jurnalistlərin, xüsusilə Avropa və Qərb jurnalistlərinin həqiqətləri çatdırmasına mane olmaq məqsədilə tətbiq edilən İsrail siyasətidir. Qərb mediasının da regiondakı məsələləri, xüsusilə Fələstin problemini olduğu kimi işıqlandırmamasındakı rolunu görməzdən gələ bilmərəm.

Bu məsələnin fəsadları, İsrailin siyasəti, regionda həyata keçirdiyi irqçi və cinayətkar əməllər siyasi mənzərəni daha da mürəkkəbləşdirir və digər siyasi böhranların ortaya çıxmasına səbəb olur. Məsələn, hazırda Hörmüz boğazında yaşananlar kimi.

Məncə, regiondakı ən böyük problem İsrailin, xüsusilə Fələstin torpaqlarını işğal etməsi, Fələstin xalqının müstəqil dövlət qurmaq hüququnu görməzdən gəlməsi, müxtəlif hüquq pozuntuları və xüsusilə Qəzzədəki soyqırımı ilə beynəlxalq hüququ və insan haqlarını pozmasıdır.

Bundan əlavə, İsrailin Suriyanın Qolan təpələri və Livanın cənubu kimi ərəb torpaqlarını işğal altında saxlaması və əlavə əraziləri zəbt edərək genişlənməsi də bu məsələyə daxildir.

Dolayısı ilə, bu şəraitdə regiondakı jurnalistlər çoxsaylı və mürəkkəb problemlərlə işləyərkən çətinliklərlə qarşılaşırlar. Bunların bəziləri öz ölkələrinin rəsmi mövqeyindən, bəziləri Qərbin regiona yönəlmiş siyasətindən, bəziləri isə İsrailin media platformalarından istifadə edərək həqiqətləri təhrif etmək, region xalqları arasında nifaq salmaq və fitnə toxumları səpmək kimi fəaliyyətlərindən qaynaqlanır.

– Qəzzədəki müharibə və regionda baş verən digər hadisələr İordaniya mediasının gündəminə necə təsir göstərib? Jurnalistlər bu mövzuları işıqlandırarkən hansı əsas çətinliklərlə qarşılaşırlar?

– Bu suala cavab verərkən əvvəlki fikirlərimə qayıdıram. Eyni zamanda vurğulamaq istəyirəm ki, İordaniya, onun mediası və jurnalistləri qardaş Fələstin xalqının İsrail hücumlarına və hərbi cinayətlərinə, xüsusilə Qəzzədə məruz qalmasını dünyada ən çox işıqlandıran və tənqid edənlərdəndir.

Eynilə, İordaniya dövləti də Kral II Abdullanın rəhbərliyi altında fələstinlilərə davamlı dəstək verib və verməkdədir. İordaniya Fələstin məsələsini və Fələstin xalqının öz tarixi torpaqlarında müstəqil, azad dövlət qurmaq hüququnu, eləcə də qanuni haqlarını əldə etməsini dəstəkləyən ölkələrdəndir. Bu dəstək rəsmi görüşlərdə və Kralın dünya liderləri ilə keçirdiyi danışıqlarda da açıq şəkildə ortaya qoyulur.

– Dezinformasiya və yalan xəbərlər xüsusilə münaqişə və böhran dövrlərində daha sürətlə yayılır. İordaniya mediası bu cür məlumatları dəqiqləşdirmək və etibarlı informasiyanı yanlış informasiyadan ayırmaq üçün hansı üsullardan istifadə edir?

– Bunu dəqiqləşdirmək üçün müxtəlif mexanizmlər, texnikalar və aidiyyəti rəsmi qurumlarla əməkdaşlıq imkanları mövcuddur.

– Süni intellektin jurnalistikaya təsirini necə qiymətləndirirsiniz? İordaniya mediasında süni intellekt texnologiyalarının tətbiqi hansı səviyyədədir? Bu texnologiyaların jurnalistlər baxımından yaratdığı başlıca imkanlar və risklər hansılardır?

– Əslində, süni intellekt İordaniyadakı ənənəvi jurnalistikaya geniş şəkildə daxil olmayıb. Çünki hələ də müəyyən ehtiyatlanma, daha doğrusu, naməlumluq vəziyyəti var.

Halbuki sosial və rəqəmsal media bu texnologiyalardan, indilik məhdud çərçivədə olsa da, istifadə edir. Məncə, bu texnologiyalardan ən yaxşı şəkildə necə istifadə edəcəyimizi öyrənmək üçün zamana ehtiyacımız var. Çünki bu, ikiağızlı silahdır.

Buna baxmayaraq, məlumatların, dataların, mənbə və istinadların tapılması kimi işlərdə köməkçi vasitə kimi tətbiq olunur. Xüsusilə data jurnalistikası tələb edən hallarda materialların daha sürətli hazırlanmasına töhfə verir.

– Sosial media insanların xəbərlərə çıxış formasını köklü şəkildə dəyişib. Sizcə, bu platformalar jurnalistika baxımından daha çox imkanlar yaradır, yoxsa yeni problemlər gətirir? Müasir jurnalistikada operativlik, yoxsa informasiyanın dəqiqliyi və təsdiqlənməsi daha vacibdir?

– Məncə, bu, çoxlu problemlər gətirib. Lakin eyni zamanda ifadə azadlığının məhdud olduğu ölkələrdə cəmiyyətin fərqli baxış bucaqlarını görməsinə də şərait yaradıb.

Mənim nöqteyi-nəzərimdən, informasiyanın dəqiqliyi, onun araşdırılıb təsdiqlənməsi sürətlə və dəqiqləşdirmədən paylaşılmasından daha vacibdir.

– Azərbaycan 44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirir. Bu proseslər İordaniya mediasında necə işıqlandırılıb? İordaniya cəmiyyətinin bu hadisələrə münasibəti ilə bağlı hansı müşahidələriniz var?

– İordaniya olaraq Azərbaycan və onun qardaş xalqı ilə möhkəm əlaqələrimiz var. Bu münasibətlərin bünövrəsi hər iki qardaş ölkənin liderləri tərəfindən qoyulub. İordaniya hər zaman xalqların və ölkələrin öz torpaqlarındakı hüquqlarını və suverenliklərini bərpa etmək uğrunda mübarizəsinin yanında olub.

– Bu gün Qarabağda genişmiqyaslı yenidənqurma və bərpa prosesi həyata keçirilir. Sizcə, İordaniya bu prosesə hansı sahələrdə töhfə verə bilər? İki ölkə arasında bu istiqamətdə əməkdaşlıq üçün hansı imkanlar mövcuddur?

– İordaniya qardaş Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir. Zənnimcə, bu baxış bucağı ilə, eləcə də İordaniyanın rəsmi qurumları və özəl sektoru ilə təmaslar quraraq bu istiqamətdə çox iş görmək mümkündür.

– İordaniya mediasında Azərbaycan haqqında necə bir təsəvvür formalaşıb? İordaniya ictimaiyyəti Azərbaycanı daha çox hansı mövzular üzrə tanıyır?

– Düşünürəm ki, son illərdə iki qardaş ölkə arasındakı əlaqələrin inkişafı sayəsində İordaniya ictimaiyyətində Azərbaycan haqqında daha aydın təsəvvür formalaşmağa başlayıb.

İordaniya xalqı Azərbaycana və onun qardaş xalqına dərin sevgi, dostluq və ehtiram bəsləyir. Bu, xüsusilə hər iki ölkədə rəsmi heyətlərin keçirdiyi görüşlər, səfərlər və mətbuatda yayılan xəbərlər vasitəsilə formalaşır.

Bunun başında iki ölkə liderini bir-birinə bağlayan möhkəm münasibətlər və imzalanan sazişlər dayanır. Məncə, münasibətlərin dinamikası inkişaf edir. Lakin xüsusilə mədəniyyət, turizm və təhsil sahələrində daha çox təşviqə ehtiyac var. Çünki bu sahələr xalqlar üzərində daha böyük təsir buraxır.

– Azərbaycan–İordaniya münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr İordaniya mediasında kifayət qədər işıqlandırılırmı?

– Məncə, iki ölkə arasındakı münasibətlər rəsmi səviyyədə ən yüksək səviyyədədir. Lakin əvvəlki cavabımda qeyd etdiyim kimi, xalqlararası səviyyədə daha çox səy göstərilməlidir.

Bu da iki ölkə arasında turizm, təhsil və mədəni əlaqələrin gücləndirilməsi ilə təmin oluna bilər. Beləliklə, bu sahələr mediada da daha geniş işıqlandırılar.

– Azərbaycan və İordaniya arasında media sahəsində əməkdaşlığın inkişafı üçün hansı imkanlar var? İki ölkənin jurnalistləri arasında təcrübə və informasiya mübadiləsini gücləndirmək üçün hansı formatlar daha effektiv ola bilər?

– İki ölkə arasında media əməkdaşlığını təmin etmək üçün ilk növbədə az əvvəl qeyd etdiyim yumşaq güc sahələrində – yəni mədəniyyət, turizm və təhsil sahələrində daha sıx əməkdaşlıq həyata keçirmək lazımdır.

Bu sahələrdə əməkdaşlıq reallaşdırılıb inkişaf etdirilərsə, iki ölkə xalqları üçün geniş media mühitinin formalaşmasına töhfə verər və media sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradar.

Bundan əlavə, hazırkı mərhələdə ilk addım olaraq aparıcı rəsmi media qurumları ilə təcrübə mübadiləsi aparmaq və ikitərəfli əməkdaşlıq müqavilələri imzalamaq da mümkündür.

– Beynəlxalq mediada Yaxın Şərqin, xüsusən də İordaniyanın təqdim olunmasında daha çox hansı yanlış və ya əskik təsəvvürlərlə qarşılaşırsınız? Sizcə, beynəlxalq media İordaniya haqqında hansı mövzulara daha çox diqqət yetirməlidir?

– Məncə, beynəlxalq media, xüsusilə də Qərb mediası Yaxın Şərq məsələlərinə ikili standartlarla yanaşır.

İordaniyaya gəlincə, əminliklə deyə bilərəm ki, Kral II Abdullanın bu istiqamətdəki səyləri sayəsində İordaniyanın beynəlxalq mediada güclü və təsirli varlığı var.

– Bir jurnalist kimi, İordaniyadan kənarda baş verən hansı hadisələr və proseslər peşəkar baxımdan diqqətinizi daha çox cəlb edir? Xüsusilə hansı regional və beynəlxalq mövzuları izləyirsiniz?

– Şəxsən bir jurnalist kimi, xüsusilə regional və lokal məsələləri, eyni zamanda başlıca beynəlxalq mövzuları izləyirəm. Bunların arasında Rusiya-Ukrayna müharibəsi, Çin-ABŞ rəqabəti və qlobal iqtisadiyyat da var.

– Sizcə, qarşıdakı 5–10 il ərzində Yaxın Şərq mediasının qarşılaşacağı ən böyük çətinlik nə olacaq? Bu dəyişikliklər jurnalistikanın gələcəyinə necə təsir göstərə bilər?

– Çətinliklər çoxdur, lakin ən başlıcası rəqəmsal aləmdə, alqoritmlərdə və süni intellekt texnologiyalarında yaşanan yeniliklərdir.

Jurnalistika peşəsinin gələcəyi ilə bağlı çox da nikbin deyiləm. Rəqəmsal texnologiyalardakı bu sürətli irəliləyişi nəzərə alsaq, onun bu şəkildə davam gətirmə ehtimalının aşağı olduğunu düşünürəm.

Məncə, ənənəvi jurnalistika geriyə çəkilə və alqoritmlər vasitəsilə anlıq, sürətli şəkildə formalaşan jurnalistikaya yer verə bilər.

Bəlkə də gələcəkdə böyük şəhərlərdə böyük ekranlarda, müxtəlif platformalarda yeni media formatlarını görə bilərik. Həmçinin mövcud mobil telefonların imkanlarını aşan yeni rabitə vasitələrinin ortaya çıxması da mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri