“Süni intellekti də şərləyib basın içəri ki, orda çürüsün ağlı başına gəlsin!..” Kim Çen
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Diktator Sİ-ni həbs etmək, hətta güllələmək əmri verir, fəqət onun Çin lideri cənab Sinin də “himayəsində” olduğunu eşidəndə əmrini geri götürür...”
Müxbirimiz ən müasir kiber-sızma texnologiyası və süni intellekt vasitəsilə böyük çətinliklə olsa da, dünyanın ən amansız diktatorlarından biri olan Şimali Koreya lideri Kim Çen Inın iqamətgahına soxularaq dünən gecə orada gedən bir sıra söhbətləri dinləməyə, hətta çəkiliş etməyə nail olub...
Dünyada süni intellektin guya bəşəriyyət üçün böyük təhlükə törətməsi və buna görə də onun inkişafının dayandırılması, lakin ABŞ prezidenti Donald Tramp başda olmaqla bir sıra liderlərin buna qarşı çıxması haqda söhbətlərin aktuallaşdığı bir vaxtda öz təhlükəsizlik qurumları vasitəsilə sarayına kiber-sızma olmasından xəbər tutan Şimali Koreya diktatoru dərhal köməkçilərinə və nazirlərinə əmr edib:
-Süni intellekti də o hakimiyyətimizə cüzi də olsa təhdid yaradan digər məxluqlar kimi tutun, basın içəri, çürüsün orda!..
Buna cavab olaraq süni intellektin gözə görünən, konkret bir məkanı olan bir məxluq olmaması səbəbindən onu həbs etməyin mümkünsüzlüyünü söyləməkdən qorxan köməkçi və nazirlər Kim Çenin qarşısında ikiqat əyilib baş əyərək belə cavab verirlər:
-Hörmətli prezident, yalvarırıq, nəzərə alın ki, biz son illər sizə çıxışlarında, yazılarında yox e, ürəklərində, düşüncələrində etiraz edən bir çox opponentlərimizi müəyyən edib, şərləyib həbs etmək üçün elə məhz Süni İntellektin xidmətindən yararlanmağa məcbur olmuşuq...
Prezident:
-Mənə dəxli yoxdur bunun! Əvvəla, artıq ya hakimiyyət, ya xalq daxilində bizə qarşı nəsə təxribat-filan törədə biləcək, demək olar ki, heç bir canlı qalmayıb. İkincisi də, qalıbsa, vurun, güllələyin, öldürün. Gərək elə süni intellektdən istifadə edəsiniz... Vəssəlam, bitdi! Sİ-ni elə bu saat tutun, basın içəri və mənə məruzə edin! Sabah səhər yeməyindən sonra da gətirərsiz yanıma, onunla özüm söhbət edib başa salacam... Tez əmrimi icra edin, yoxsa hamınızı güllələyərəm!..
Nazirlərdən biri ikiqat əyilərək çox ehtiyatla:
-Cənab prezident, bir məsələ var...
-Nə məsələdir?!
- Sİ-ni hansı kameraya salaq?
- Ən möhkəm, zirehli kameraya!
-Bəs özü internetdədirsə?
- Onda interneti də həbs edin!
-Bəs interneti hara salaq, cənab prezident?
-Bilmirəm! Provayderini tutun, ordan başlayın!.. Nə edirsiz- edin!..
Nazirlər bir-birinin üzünə baxırlar.
- Bir də, — Kim Çen davam edir, — qoyun Sİ də o birilər kimi bir az qalsın zindanda. Orada ona elə əzab və işgəncələr verin ki, ağlı başına gəlsin və bundan sonra yalnız bizə xidmət edəcəyi, Şimali Koreya ilə bağlı gerçəkləri yox, bizim istədiyimiz gerçəkləri yazıb, danışıb, göstərəcəyi barədə iltizam versin...
Nazirlərdən biri yenə cəsarətini toplayaraq:
- Bəs ağlı başına gəlməsə?
-Təpəsindən bir güllə vurub atın Koreya dənizinə, qurtarsın getsin!..
Bir anlıq susur, sonra qəzəblə əlavə edir:
-Elə bu Sİ çoxdan məni cana-boğaza yığıb! İnterneti, “TikTok”u-filanı açıb baxmaq olmur. Qarşıma ya cənab Putinlə, ya Trampla, ya Xamenei ilə biabırçı videolar, fotolar çıxır. Hamısını da bu dələduz yaradıb! Cəld olun, onu basın içəri!..
Bu dəfə köməkçi və nazirlər daha aciz görkəm alaraq diktatorun qarşısında diz çöküb deyirlər:
-Cənab prezident, bilirsiniz... Daha bir ciddi məsələ var...
-Nədir yenə?!. Nə mızıldayırsan?!. Dillən, görüm!..
-Məsələ ondadır ki, Süni İntellektin arxasında yalnız ABŞ prezidenti Donald Tramp deyil, həm də Çin lideri, Zati-aliləri cənab Si Cinpin özü şəxsən dayanır və Amerikaya qalib gəlmək üçün məhz onun inkişafında maraqlıdır. Üstəlik, sizin köhnə dostunuz, babanızın Şimali Koreyanı qurmasında, atanızın da, sizin də hakimiyyətə gəlməyinizdə böyük rolu olmuş Rusiya imperiyasının son illər Ukrayna savaşında bərbad duruma düşmüş qalan hissəsinin lideri yoldaş Vladimir Putin də Ukraynaya qarşı müharibədə süni intellektlə idarə olunan dronlardan istifadə edir...
Kim Çen In qəfil elektrik cərəyanı vurmuş kimi donub qalır.
Bir neçə saniyə susduqdan sonra yanındakı Si Cinpinin portreti qarşısında ikiqat əyilərək buyurur:
- Yaxşı... Başa düşdüm... Onda Sİ ilə işiniz yoxdur...
Nazirlər rahat nəfəs almağa macal tapmamış diktator davam edir:
-Sadəcə Zati Aliləri cənab Si Cinpinə acizanə bir müraciət yazıb mənim adımdan xahiş edin ki, Sİ-nin Şimali Koreya ərazisinə, xüsusən də mənim sarayıma girməsinə imkan verməsin...
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 17 Sentyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















