Şuşa sakini: Doğma şəhər haqqında fikirləşmədiyim gün olmayıb
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Yolumuz Şuşayadır, əziz Şuşaya. Bura təkcə şəhər deyil, Şuşa bir xalqın yenilməzliyinin, sarsılmaz iradəsinin, illərlə qəlbində yaşatdığı həsrətin vüsala yetdiyi ünvandır. Bu gün burada səslənən hər mahnı, gəzilən hər küçə, ucalan hər bina bir mesajdır. Biz qayıtmışıq!
"Report" Şuşada bir ailənin evində qonaq olub, reportaj hazırlayıb.
Şəhər sakini Amil Əsədov deyir ki, Şuşaya qayıtdığı gün həyatının ən xoşbəxt anı olub:
"Şuşadan ayrı qaldığım illər ərzində elə bir gün olmayıb ki, mən Şuşa haqqında fikirləşməyim. Şuşa ilə bağlı gözəl xatirələrim var, danışsam bəlkə də, saatlar yetməz. Şuşaya qürur hissi ilə qayıtmışam. Ayağım Şuşa torpağına dəyəndə anladım ki, bu başqa hissdir. Bu şəhərə qayıtmağım bəlkə də, mənim ən gözəl anım idi".
Əslən şuşalı Cavanşir Ələsgərov bu şəhərdə qızının yaşadığı evə qonaq gəlib:
"İndi 77 yaşımda qızım evinə qonaq gəlmişəm. Allah qismət eləsin mən də birdəfəlik gələ bilim. Qızım burda yaşayır, onlara çox gözəl ev verilib. Hazırda quruculuq işləri gedir və Şuşa günü-gündən gözəlləşir. Şuşanın arzusunda olan insanlar geri qayıdır. Allah dünyasını dəyişənlərə rəhmət etsin".
C. Ələsgərov Şuşa ilə bağlı danışarkən buranın hər zaman seçildiyini bildirir:
"Digər rayonlarımız da çox gözəldir, amma Şuşa həmişə seçilib. Yayda ölkənin hər yerindən şəhərə qonaq gələrdilər. İki-üç ay burda qalıb havasını udardılar. Şuşanı elə günə qoymuşdular ki, şəxsən mənim yaşadığım ev ikimərtəbə idi. O evdən bir daş belə tapmadım ki, təskinlik tapım, həyətə girdim və quru torpaq gördüm. İndi isə gəlib Şuşanı daha gözəl gördüm, mənim arzum idi ki, nəvələrim Şuşada böyüsün, qismət oldu".
Evin xanımı Ahu Ələsgərova burdakı hər anı üçün şükür edir:
"Bizim Şuşada hər bir şəraitimiz olub, çox yaxşı yaşamışıq. Ondan sonra çətinliyə düşmüşdük. İndi şükür yenidən çox yaxşı şəraitimiz var, burada poçtda işləyirəm. Axşam evə gələn kimi çıxıb Şuşanı gəzirik. Heç darıxmırıq. Mənə hərdən deyirlər necə gəlib, öyrəşdin? Deyirəm ki, bura Vətəndir, torpaq adamı dartır, necə burada qalmamaq olar?! Çox şükür bu günümüzə, bu günləri bizə yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah cansağlığı versin və Allah müzəffər Ali Baş Komandanımızı qorusun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 Noyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















