Icma.az
close
up
RU
Şuşakənd milli kimliyimizə qovuşub

Şuşakənd milli kimliyimizə qovuşub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qədim türk yurdu onun simasını pozmuş yad görüntülərdən də təmizlənib

Şuşakəndə gedirik. Xankəndi-Şuşa yolundan ayrılıb Xocalı rayonunda yerləşən bu qədim türk obasının yaz mənzərələri o qədər əsrarəngizdir ki, valeh olmadan, sehrinə düşmədən ötüb keçmək olmur. Qarşılaşdığımız bir təbiət möcüzəsini isə sözlə ifadə etmək mümkün deyil, mütləq gəlib görmək lazımdır.

Dərin dərədən axan Daşaltı çayının axıb getdiyi sərt yarğanın sağ yüksəkliyində Cıdır düzü və “Uçmıx” yamacı, sol tərəfində “Topxana” meşəsi, arxa fonda isə vüqarla ucalan əzəmətli Kirsin təbii ansambl yaradan nəhəng tablosu, sanki, ilahi rəssam tərəfindən çəkilib. Bəli, belə təbii gözəlliklər Ulu yaradanın şahanə əsərləridir.

Qaranlıq keçmişdən işıqlı gələcəyə uzanan yol

Şuşakənd sözünün mənası ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bəzi tədqiqatçılara görə, oykonim eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. Oykonimin yaxınlıqda yerləşən Şuşa ilə bağlılığı haqqında da ehtimallar var. Şuşakənd Xankəndinin qərbində, Şuşanın isə şərqində hər iki şəhərin arasında yerləşir. Xankəndidən Xocavəndə uzanan əsas yollardan biri də bu kənddən keçir.

Ötən əsrin 90-cı illərində Qarabağda ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları baş qaldıranda Şuşakənd separatizmin yuvalarından birinə çevrilmişdi. Şuşada və ətraf kəndlərdə yaşayan dinc, mülki azərbaycanlılar buradan mütəmadi artilleriya atəşinə tutulurdu. Rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatında qazandığı şanlı qələbələr nəticəsində işğal altında olan bütün torpaqlarımız kimi, Şuşakənd də azadlığına qovuşdu, kəndin yeni dirçəliş dövrü başladı.

Keçmiş məcburi köçkünlərin Şuşakəndə ilk qayıdışı 2025-ci il sentyabrın 11-də baş tutub. Sentyabrın 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev kənddə olub, burada görülən işlərlə maraqlanıb, kənd sakini Zaur Rzayevin evinə baş çəkib.

Şuşakənddəki qismən yararlı olan 172 fərdi yaşayış evinin xeyli hissəsi bərpa edilərək sakinlərin ixtiyarına verilib, digər evlərdə isə təmir işləri aparılır. Kəndə köç proses mərhələli şəkildə davam etdirilir. Öz doğma yurdlarına qovuşmuş keçmiş məcburi köçkünlərin qayıdışı ilə Şuşakənddə həyat yenidən canlanır, hər tərəfdə inkişafın ilkin təzahürləri göz oxşayır.

“Oxuyan” samovar, Qarabağ kətəsi, bir bənd şeir...

Girəcəyindəki üçrəngli bayrağımızın qürurla dalğalandığı Bayraq meydanını keçib Şuşakəndə çatanda ilk qarşılaşdığımız yolun kənarında, yaşıllıqlar içərisində Qarabağ kətəsi bişirən Lətafət Allahyarova oldu. Odundan qalanmış ocaqda, sacın üstündə yerli göyərti ilə bişən kətənin ətri ətrafa yayılmışdı. Yanında da samovar həzin-həzin dızıldayır, sanki azadlıq nəğməsi oxuyurdu. Ağacın altında qoyulmuş stolun ətrafına yığışan bir neçə gənc səbirsizliklə milli mətbəximizin bu dadlı təamının bişməsini gözləyirdilər. Bir sözlə, Lətafət xanımın işi başından aşırdı. Sağ olsun, yenə də bizimlə söhbətə vaxt ayıra bildi. Ancaq suallardan yağdırıb başını necə qatdıqsa, az qalmışdı kətələri yandıra...

Öyrəndik ki, uzun illər Ağdaş rayonunun Pirkəkə kəndində məskunlaşmış Lətafət Allahyarova ötən ilin dekabrında məcburi köçkünlüklə birdəfəlik vidalaşıb, daimi yaşamaq üçün həyat yoldaşı və oğlu ilə birlikdə doğma Vətən torpağına qayıdıb. Dedi ki, Azərbaycanın hər qarışı onun üçün müqəddəsdir, ancaq doğulub-böyüdüyü Qarabağa qovuşmaq arzusunun reallaşacağına heç zaman şübhə etməyib:

– Ağdaş camaatına ömür boyu minnətdarıq, çətin günlərimizdə bizə ev sahibliyi etdilər. Bu gün isə biz öz yurdumuzda, öz evimizdə qonaq qarşılayırıq. Qürurluyuq, alnımız açıqdır. Bu yerlərin havası, suyu bizim üçün can dərmanıdır. Qızımı gəlin köçürmüşəm, çox şükür ki, oğlumu burada evləndirmək xəyallarım gerçək olacaq, ona köhnə vaxtlarda olduğu kimi, bir gözəl Qarabağ toyu edəcəyik. Allah bizə bu günləri yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah Müzəffər Ali Baş Komandanımızı pənahında saxlasın! Allah ordumuzu qorusun, xalqımıza bir də acı günlər yaşatmasın!

Söhbət etdikcə, Lətafət xanımın səlis danışığı, hisslərini emosinallıqla çatdırması diqqətimizi çəkdi. Təhsilini soruşduq, cavab verdi ki, orta məktəbi əlaçı bitirmişdim, ancaq qağam (atam – M.R) ali təhsil almağıma icazə vermədi. Dedi, qız uşağı nədi, oxumaq nədi? O da təhsilini davam etdirə bilməsə də, hərdən ürək sözlərini qafiyələndirib kağıza köçürməklə, şeir yazmaqla təskinlik tapıb. Məcburi köçkünlük illərində Vətən həsrətindən yaranmış şeirlərindən bizə də söylədi: Biz də aşağıdakı bəndi oxucularımızla bölüşməyə söz verdik:

Türlü-türlü dərdlərindən halıyam,
Dindirməyin, dərdim var, yaralıyam!
Vətən dərdim, qardaş ünüm var mənim,
Qarabağla bir görüşüm var mənim...

Qayıdışın bəxş etdiyi xoşbəxtlik duyğuları

Tanrının sanki yer üzündə yaratdığı cənnəti xatırladan Şuşakənddə hamının üzündə sevinc var, çöhrələrdən xoşbəxtlik yağır. Yeni asfaltlanmış kəndarası yollardan keçdikcə, burada sanki daşın-torpağın da bəxtəvərliklə gülümsədiyini hiss edirsən. Elə bu xoş duyğuların müşayiəti ilə kənd sakini Mehdi Mehdizadənin evinə yollandıq.

Mehdi də, həyat yoldaşı Elvina Cəfərbəyli də gülərüzlə “xoşgəldiniz” etdilər, yeni evlərinə xeyir-dua verib, söhbətə başladıq. Öyrəndik ki, Mehdinin atası İbrahim kişi 1992-ci il mayın 8-də, Şuşanın işğalı günü Kirs dağı istiqamətində gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülüb, bu günə qədər haqqında heç bir məlumat yoxdur. Cəmi yaşyarım olanda doğma yurdundan didərgin düşmüş Mehdi isə ailəsi ilə birlikdə 2025-ci il dekabrın 20-nə kimi Bərdə rayonunda məskunlaşıb. Həmin vaxtdan həyatlarında yeni mərhələ başlayıb. Dövlət tərəfindən Şuşakənddə köçürülüb, burada təzə təmirli evlə təmin olunublar. Mehdi Mehdizadə onlar üçün yaradılmış şəraitdən razılıqla bəhs etdi:

– Evimizdə rahat yaşamağımız üçün hər şey nəzərə alınıb. Daimi işığımız, suyumuz, qazımız, internetimiz çəkilib, evdə kombi sistemi quraşdırılıb. Bir sözlə, şəraitimizdən çox razıyıq. Elə köçən kimi, cəmi bir günün içində işlə də təmin olunmuşam. Bərdədə Şuşa rayon 19 nömrəli məktəbdə müəllim işləyirdim, yurdumuza qayıdanda dərhal sonra ixtisasım üzrə Xocalının Xanyurdundakı məktəbə təyin olundum. İnşallah, yeni tədris ilindən Şuşakənddə də məktəb fəaliyyətə başlayacaq və öz kəndimdə sevimli işimlə məşğul olacağam.

Elvina xanım da yeni evlərində rahatlığa çıxdıqlarını dedi:

– Təbii ki, Bərdədə yaşadığımız yataqxana ilə buranı müqayisə etmək mümkün deyil. Şəraitimiz çox gözəldir. Bunun üçün dövlətimizə, möhtərəm Prezidentimizə minnətdarıq!

Mən Mingəçevirdə anadan olmuşam, orada böyümüşəm. Elə ilk tanışlıqdan Qarabağ mənə çox doğma gəldi. Ancaq buralarda gəzdikcə çox həyəcanlanıram. Mənə elə gəlir atdığım hər addımda ayaq basdığım torpağa şəhid qanı tökülüb. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Təskinlik tapıram ki, bu gün onların ruhları şaddır. Biz torpaqlarımızı işğaldan azad etmişik, indi də geri qayıdıb bu gözəl yerlərə həmişəlik sahib çıxırıq.

İxtisasca fortepiano müəllimi olan Elvina xanım kənddə məktəbin və uşaq bağçasının tezliklə açılacağını, həmin vaxt işlə təmin olunacağını bildirdi. Əlavə etdi ki, əsas azad Qarabağda yaşamaqdır.

...Səfərimizin sonunda Şuşakənddə daha bir ünvana baş çəkdik, Həşimovlar ailəsinin doğma yurdlarına qayıdışdan sonrakı güzəranları, hansı hislər keçirdikləri ilə maraqlandıq. Ev sahibi, yaşı 90-nı haqlamış Varaşil kişi səhhəti ilə bağlı çox danışa bilməsə də, sevincini bölüşdü. Hətta “maşallah, gümrah görünürsünüz, xeyli cavanlaşmısınız, deyəsən” zarafatımıza, gülərək “hamı elə deyir, Vətənin havasındadır” cavabını verdi.

Nə az, nə çox, 8 nəfərdən ibarət ailə Şuşakəndin gözəl mənzərəli yerində 7 otaqlı evlə təmin olunub. Birinci Qarabağ müharibəsində 2 şəhid vermiş ailənin oğlu Vasif Həşimov rahat evlərindən, geniş həyətlərində gördükləri işlərdən qürurla danışdı. Bildirdi ki, ordumuzun mənfur düşmən üzərində qələbələrindən sonra doğma Vətənə qayıdacaqları günü səbirsizliklə gözləyiblər. Bu arzuları reallaşıb və indi onların həyatında yeni dövr başlayıb. Vasif Şuşakəndə köçürüləndən qısa müddət sonra işlə təmin edilib. Həyətdə toyuq-cücə saxlayırlar, kartof, lobya, tərəvəz əkiblər, yaxşı da bağları var. Elə ev sahiblərinin israrlı təkidlərindən sonra həmin nemətlərdən dadmaq bizə də nəsib oldu. Hələ yeməyin üstündən də bənövşə mürəbbəsi ilə çay içəsən. Tay reportaj hazırlamaq yada düşər?

Qonaqpərvərliklərinə görə təşəkkür edib Həşimovların evindən də, Şuşakəndənddən də ayrıldıq. O əminliklə ayrıldıq ki, bu qədim yurdumuz gündən-günə daha gözəlləşəcək, əhalisi artdıqca daha çox inkişaf edəcək, hər zaman xoş soraqlarını eşidəcəyik.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı, Şuşakənd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri