Icma.az
close
up
RU
Suverenliyin müdafiəsi siyasi sərhədlərlə bitmir

Suverenliyin müdafiəsi siyasi sərhədlərlə bitmir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Dövlət suverenliyinin qorunması təkcə coğrafi sərhədlərin toxunulmazlığı ilə məhdudlaşmır, həmçinin milli ideoloji məkanın qorunmasını strateji zərurət kimi irəli sürür. 

Azərbaycan Prezidenti İlham Əliyevin “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloji risklərin fiziki təhdidlər qədər təhlükəli olduğunu vurğulaması müasir hibrid müharibələr şəraitində milli təhlükəsizlik anlayışının daha geniş müstəvidə nəzərdən keçirilməsinin vacibliyini göstərdi. Beynəlxalq münasibətlər sistemində ikili standartların tənqid edilməsi, eləcə də kənar güclərin digər dövlətlərə öz həyat tərzini diktə etmək cəhdlərinin qətiyyətlə rədd olunması Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas prinsiplərini bir daha nümayiş etdirdi.

Azərbaycanın daxili sabitliyi, milli həmrəyliyi və xalq-iqtidar birliyi dövlətin təhlükəsizliyinin dayaqlarını təşkil edir. Etnik, dini və sosial zəmində qarşıdurmaların qarşısının alınması istiqamətində formalaşmış ictimai həmrəylik ölkənin dayanıqlılığını gücləndirir. Belə bir şəraitdə xarici dairələrin daxili proseslərə təsir göstərmək cəhdləri ideoloji təzyiqlər, informasiya hücumları və milli dəyərlərə müdaxilə kimi vasitələrlə özünü göstərə bilər. Prezident İlham Əliyevin daim ayıq-sayıq olmağın vacibliyini vurğulaması məhz bu cür asimmetrik təhdidlərin vaxtında müəyyənləşdirilməsinin və qarşısının alınmasının əhəmiyyətindən irəli gəlir. Milli kimliyin, dövlətçilik ənənələrinin və tarixi-mədəni dəyərlərin qorunması fiziki sərhədlərin mühafizəsi qədər mühüm strateji vəzifədir.

Qlobal siyasətdə başqa xalqlara həyat tərzi diktə etmək cəhdləri neokolonial təfəkkürün müasir təzahürlərindən biridir. Prezident İlham Əliyevin başqalarına əxlaq dərsi verməyə çalışan dairələri əvvəlcə özlərinə nəzər salmağa çağırması Qərb mərkəzli siyasi riyakarlığa tutarlı cavabdır. Tarixən müstəmləkəçilik siyasəti yürüdən və bu gün də başqa dövlətlərin daxili işlərinə müdaxilə etməyə çalışan dairələrin mənəvi üstünlük iddiası ciddi suallar doğurur. İnsan hüquqları və həyat tərzi bəhanəsi ilə müstəqil dövlətlərə təzyiq göstərilməsi beynəlxalq etimadı zəiflədir.

İkili standartların aradan qaldırılması ədalətli dünya nizamının qurulmasının əsas şərtlərindəndir. Beynəlxalq hüququn selektiv tətbiqi və təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında fərqin nəzərə alınmaması qlobal institutların nüfuzuna xələl gətirir. Ölkəmiz öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdikdən sonra da üzləşdiyi siyasi təzyiqlər ikili standartların beynəlxalq münasibətlərdəki təsirini bir daha göstərdi. Beynəlxalq hüququn siyasi maraqlara uyğun manipulyasiyası isə qlobal təhlükəsizliyə və ədalətə ciddi zərbə vurur.

Milli kimliyin və mədəni suverenliyin qorunması hibrid təhdidlər şəraitində dövlət müstəqilliyinin əsas təminatlarından biridir. Qloballaşma adı altında milli dəyərlərin aşınması və xalqların tarixi köklərindən uzaqlaşdırılması təhlükəsi artır. Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, birgəyaşayış mədəniyyəti və milli dəyərləri yad ideoloji təsirlərə qarşı mühüm sipərdir. Dövlət başçısının vurğuladığı kimi, xalqın öz milli kimliyinə və həyat tərzinə bağlılığı dövlət müstəqilliyinin möhkəm təməlidir. Milli-mənəvi dayaqlarını itirən cəmiyyətin müstəqilliyini qoruması isə ciddi çətinliklərlə üzləşir.

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəni təmaslarla yanaşı, qlobal ideoloji hegemonluğa qarşı dialoq və bərabərhüquqlu əməkdaşlıq platforması kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi müxtəlif xalqların və dinlərin nümayəndələrini bir araya gətirərək qarşılıqlı hörmət və anlaşma prinsiplərini təşviq edir. Qlobal gərginliklərin artdığı bir dövrdə bu platformanın əhəmiyyətini qoruması Azərbaycanın beynəlxalq dialoq və sülh təşəbbüslərinə verdiyi töhfəni nümayiş etdirir.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan coğrafi mövqeyini sivilizasiyalararası dialoqun inkişafı üçün mühüm üstünlüyə çevirir. Rəsmi Bakı milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdərək kənar diktələrə qarşı prinsipial mövqe sərgiləyir. Azərbaycana qarşı yönələn siyasi təzyiqlər və əsassız ittihamlar ölkənin müstəqil mövqeyinin əhəmiyyətini bir daha önə çıxarır. Prezident İlham Əliyevin bəyanatları Azərbaycanın milli maraqlarını qorumaq və müstəqil inkişaf yolunu davam etdirmək əzmindən xəbər verir.

Dəyərlərin siyasiləşdirilməsi və insan hüquqlarının təzyiq vasitəsinə çevrilməsi müasir diplomatiyanın üzləşdiyi problemlərindəndir. Bəzi Qərb dairələrinin öz normalarını universal meyar kimi təqdim etməsi digər cəmiyyətlərin tarixi, dini və milli xüsusiyyətlərinə münasibətdə ikili standartlar yaradır. Halbuki, hər bir xalqın özünəməxsus inkişaf yolu var və heç bir dövlət başqasına həyat tərzini diktə etməməlidir. 

Qlobal Cənub ölkələrinin beynəlxalq qərarların qəbulunda daha fəal iştirakı və bərabərhüquqlu təmsilçiliyi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan neokolonializmə qarşı mübarizəni gücləndirmiş, kiçik ada dövlətlərinin və inkişaf etməkdə olan ölkələrin hüquqlarını beynəlxalq platformalarda müdafiə etmişdir. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər də bu siyasi xəttin davamlılığını göstərir. Müasir dünya ayrı-ayrı güc mərkəzlərinin inhisarında qala bilməz. Davamlı beynəlxalq təhlükəsizlik yalnız dövlətlərin suverenliyinə, mədəni müxtəlifliyə və bərabərhüquqlu əməkdaşlığa hörmət əsasında təmin oluna bilər.

İdeoloji təhlükəsizliyin təmin olunmasında cəmiyyətin, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi strateji əhəmiyyət daşıyır. Xarici ideoloji təsirlərə və milli şüuru zəiflətmək cəhdlərinə qarşı mübarizədə tarixi zəfərlərimiz, qəhrəmanlıq salnaməmiz və zəngin mədəni irsimiz mühüm rol oynayır. Dövlətin gücü milli həmrəylik, vətənpərvərlik və dövlətçilik dəyərlərinə bağlılıqla ölçülür.

Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın dialoq modelinin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni bir daha önə çıxarır. Qlobal qütbləşmənin dərinləşdiyi və beynəlxalq təsisatların effektivliyinin müzakirə olunduğu bir dövrdə Bakı platforması qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Bununla belə, dialoq milli maraqların və dövlət suverenliyinin güzəştə gedilməsi demək deyil. Azərbaycan əməkdaşlığa açıq olsa da, daxili işlərinə müdaxiləni və milli seçimlərinə kənardan təsir göstərilməsi cəhdlərini qəbul etmir.

Beləliklə, Prezident İlham Əliyevin 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı ideoloji təhlükəsizliyin müasir dövlətçilik üçün əhəmiyyətini bir daha gündəmə gətirdi. Milli kimliyin, dövlətçilik ənənələrinin və müstəqil həyat tərzinin qorunması suverenliyin mühüm şərtlərindəndir. İkili standartlara qarşı prinsipial mövqe və xarici müdaxilə cəhdlərinin rədd edilməsi Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas istiqamətlərini əks etdirir. Milli həmrəylik, güclü dövlətçilik ənənələri və aydın strateji hədəflər ölkənin müstəqil inkişafının başlıca dayaqlarıdır.

Yusif ŞƏRİFZADƏ

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri