Icma.az
close
up
RU
Tabutumu çiynimdə apara bilsəydim...” Rəsul Rzanın şeirləri

Tabutumu çiynimdə apara bilsəydim...” Rəsul Rzanın şeirləri

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Aalet.az Xalq şairi Rəsul Rzanın seçilmiş şeirlərini təqdim edir:
Mən torpağam
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
Çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm,
ölərəm.
Mən işığam - qaranlığın qənimi.
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrətisöyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz -
Ölərəm.
Məhəbbətsiz, nifrətsiz -
Ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
Həmişə yoldayam;
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, doyünməsəm
ölərəm.
Məndə ixtiyar olsa
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı, ya amansız.
Mən istəyirəm:
qapılar qapansın
soyuq olanda hava.
Gözlər qapanmasın,
sözlər qapanmasın.
Mən istəyirəm:
yanğınlar sönsün,
ümidlər sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.
Bəhərdən budaqlar əyilsin.
İnsan başını əyməsin,
xəcalətdən, ya gücsüzlükdən.
Axsın bulaqlar göz yaşı kimi,
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın.
İnsan ələ baxmasın.
Gecələr ulduzlar oyaq olsun.
İnsanlar yatıb dincəlsin;
qüvvət toplasın sabahın xeyirli işlərinə.
Açsın gözlərini gələcəyin ümidli səhərinə.
Mən istəyirəm:
sevinc, səadət bol olsun.
Ürəkdən-ürəyə,
ölkədən-ölkəyə,
açıq yol olsun.
Soruş
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
İşə susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub açdım
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam
Od nə çəkdi,
küldən soruş!
hansı şeirim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
Deyirlər
Məhəbbət elə bir ismət evidir,
onun qapıları bağlı gərəkdir.
Onun sığındığı etibarlı yer
insan sinəsində
adi ürəkdir.
Ürək süfrə deyil
gəlib-gedənə
açasan,
var-yoxum bax, budur, - deyə.
Məhəbbət çeşməsi qardan yaranmır,
töküb dağıdasan
bir sudur- deyə.
Yüz sözü, yüz sirri
dosta desən də,
məhəbbət sirrini özündə saxla!
O tək səndən deyil,
səninki deyil,
açıb saçacaqsan söylə,
nə haqla!
Ayrılmayaq
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan:
mənəm, xəyalındır, bir də kədərdir.
Gəl, ört pəncərəni, qalaq üz-üzə,
bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran – dənizə
ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətlə biz
döysün qapıları külək doyunca.
Döysün, qoy açmayaq. Yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq!
Bir an vüsalınla çırpınsın ürək.
Sonra... sonra yenə biz ayrılmayaq!
Çinar
Gecə keçmiş, ulduzlar ağ, göy qara!
Söykənmişəm qocaman bir çinara.
Bir yanımda ömür kimi axır su,
Qaçmış bu gün təbiətin yuxusu.
Budaqlarda sərin yelin xoş səsi.
Yarpaqların həzin-həzin nəğməsi.
Ürəyim bir qanadlanmış quş kimi
Hey çırpınır, təsəllisiz, əsəbi.
Hündür çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər qocaltmış.
Görkəmində qarlı dağlar vüqarı.
Başı bütün ağaclardan yuxarı.
Tufan qopar, yağış yağar, qar tökər;
od qamçılı ildırımlar göy sökər.
Bəzən çayda daşlar daşı qovalar.
Seldə gedər göy çəmənlər ovalar.
Yarğan yarar sinəsini dağların.
Sular oyar binəsini dağların.
Karvan çəkər göydə qara buludlar.
Çovğun gələr, şaxta kəsər, buz donar.
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə qara, durdum düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: - bax!
Bu torpaqda dərindən kök salaraq,
hər tərəfə uzatmışam qolumu,
övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.
Hamımız yoldayıq
Yol.
Qatar.
Minənlər var, düşənlər var.
Kimi gülə-gülə minir,
gülə-gülə düşür.
Kimi kədərli, qayğılı.
Duracaqlar ötüşür...
İskələlər keçir.
Qurtarmaq bilmir qatarın yolu.
Gündüzü var, gecəsi var.
Hələ gülə-gülə minəcək,
kədərlə düşəcək
neçəsi var.
Nə mən bilirəm harda düşəcəyəm,
nə qatardakılar bilir.
Bəlkə heç qatar dayanmayır:
düşənə elə gəlir,
minənə elə gəlir.
Bəlkə mənə elə gəlir.
Gedir qatar.
Çay içirəm, papiros çəkirəm,
düşünürəm, şeir yazıram.
Mən bu uzun yolda
getməyə, getməyə, getməyə də,
ən yaxın duracaqda düşməyə də hazıram.
Ancaq...
Bu şeiri qurtarım.
Bir yenisini başlayım.
Bir də...
Nə yol qurtarır,
nə arzular.
Yeni iskələlər, duracaqlar ötüşür.
Kim isə minir.
Kim isə düşür.
İnsan
Səslər kəsildi.
Fikirlər dolaşdı.
Qurğuşun asıldı kirpiklərdən.
- Aç qapını!
- Buyur!
- Mən Ölüməm, gəlmişəm!
Xoş gəldin desəm,
bir az gülməli çıxar.
Gəlmisən, apar!
Adı, atasının adı,
yaşı, ünvanı budur...
-Gedək, dur!
Sükut çökdü araya,
uzun, dərin bir sükut,
bir saniyə tamam...
Qalxdı ayağa
dedi: - Gedək.
Demədi: "Yanılmısan,
Mən deyiləm
sən axtardığın adam".
Vaxt var ikən
Çıq-çıq saat işləyir.
Düşür əbədiyyətə
ömrün geri dönməyən anları.
Zaman alıb aparır insanları
bugünəcən heç kəsin
qayıtmadığı uzaqlara.
Vaxt var ikən dünyaya bax!
Baxıb doymasan belə.
Bir divara daş qoy!
Çiçək iylə!
Saçlarını
sabahın xoş nəsimiylə dara!
Könlünü aç günəşə, bahara.
Vaxt var ikən gəl,
şəfəqləri qarşılayaq
səhər-səhər.
Sevək, sevilək!
Fikrimizdən işıqlansın zülmətlər.
Dodaqlarında açılsın
təbəssüm çiçək-çiçək.
Vaxt var ikən
əllərinin hərarətindən
isinsin bir insan əli.
Nə qədər iş var görməli,
Nə qədər söz var deməli.
Vaxt var ikən
bircə qələm vur,
bir budaq peyvənd elə.
Demə, o necə, mən də elə
Düşmənə amansız ol,
dosta xoşqılıq!
Vaxt var ikən
elə yaşa, elə çalış
bir gün sən olmayanda
hər kəsə aydın görünsün
yerində qalan boşluq.
İşıqlar üşüyəndə
Pəncərə şüşəsində
nəm işıqlar titrəyir,
yağış yağır, deyəsən.
Bir dəli şeytan deyir,
Plaşını geyəsən,
girəsən yağışlığa.
Yağış yusun üzünü,
yağış yusun üstünü.
Pəncərə şüşəsində
nəm işıqlar səyrişir,
yenə küləkdir əsən.
Bir dəli şeytan
məni qıdıqlayır, elə bil.
Soyunub paltarını
yağışlığa girəsən,
yuyunasan tərtəmiz.
Hanı ağıllı şeytan!
Çəkib çıxarsın məni
nigaran dolaşıqdan.
Qoparsın gözlərimi
bu səyrişən, titrəşən
üşüyən nəm işıqdan,
üşüdən nəm işıqdan.
Aydındır şeir dili
Hər kim nə deyir, desin!
Şeir dili aydındır.
İstəyirsən sevincdən,
istəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
nadan yüz yol oxusun -
yenə bir şey anlamaz.
Ayrılıq
Əlim qopdu əlindən,
Mən dedim: - Üşüyərsən!
Sən dedin:
-Əynim-başım istidir.
Mən dedim:
-Olsun…
Cəhənnəmdə də üşüyər adam;
yalqız olsa.
Sən getmişdin.
Sözlərimi eşitmədin.
Səni sözüm üşütmədi.
Sakit budaqlarda
sakitdi yarpaqlar.
Mən qışqırdım, ey!
Həsrətini gəl, apar!
Sən eşitmədin.
Səni səsim üşütmədi.
Ayrıldıq.
Evə gəldim.
Yaşıl civəyə baxdım.
Hərarət iyirmi üçdü.
Sözün yadıma düşdü:
Əynim-başım istidir.
Mən
Üşüyürəm istidən.
Bəs sən necə, sən?!
Bəlkə
Gözlərinə de ki,
girməsinlər yuxuma;
nə kədərli,
nə sevincli,
nə şirin vədəli.
Dodaqlarına de ki,
çəkilsinlər xəyalımdan;
pıçıltılı,
gileyli,
hədəli!
Ömrün illəri
çiynimə yığılıb
qalaq-qalaq.
Nə qəm!
Gəl bir əbədi an
səninlə
əl-ələ,
söz-sözə,
fikir-fikrə qalaq!
Bəlkə, bütün ötüb keçən günlər
ən gözəl günün müqəddiməsi imiş.
Bəlkə də bu nigaranlıq,
bu incimələr
məhəbbətin sınağı
sədaqətin səsi imiş.
Məhəbbət
Bu gecə öpdüm dənizi
sahildən ayrılanda.
Dodaqları duzlu idi;
göz yaşı kimi
Düşündüm: niyə öpdüm onu?..
Yaxşı deyil.
Düşündüm, yaxşı ki,
dəniz göz yaşı deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:577
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri