Taleh Boradigahi və dinin şoulaşdırılması Saffari yazır…
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əlbəttə, ilahi, insani, lap belə İslami ədalət naminə demək lazımdır ki, Taleh Boradigahi səsi olan adamdır.
Yəni məsələn, o, yaxşı muğam, hətta rok belə oxuya bilər. Dərinə gedəndə, bir çox müğənnilərdən də yaxşı səsə malikdir.
Məncə, o, eyni zamanda yaxşı “uy uy uy”- da edər. Ancaq nədənsə, dini məzmunda “ühü ühü ühü” eləməyi seçib.
Ümumiyyətlə, şəxsən mən göz yaşı olsaydım, heç vaxt Taleh Boradigahinin yanaqlarına süzülməzdim. Qətiyyən onun səmimiyyətinə və qəlbindəki din sevgisinə inanmazdım.
Ancaq fakt budur ki, onun səmimiyyətinə, qəlbindəki din sevgisinə inanan, onunla birlikdə ağlayan xeyli insan var.
Eyni zamanda, görünən odur ki, Taleh Boradigahi Quranın “oxu” kəlməsini də düz başa düşməyib.
Başa düşsəydi, kitab oxuyardı, adına mərsiyyə dediyi mahnılar yox.
Maraqlıdır, bəs onun seçdiyi bu yol, bu ifaçılıq nədir?
Əlbəttə, Taleh Boradigahi haqqında danışarkən məsələyə yalnız musiqi, ifaçılıq və estetik zövq müstəvisindən yanaşmaq kifayət etmir.
Çünki onun fəaliyyətinin əsasını təşkil edən məddahlıq, mərsiyə, dini məclislər və bu məclislərdə yaradılan emosional atmosfer birbaşa dini dünyagörüşü ilə əlaqəlidir.
Ona görə də burada daha fundamental bir sual ortaya çıxır.
Görəsən, İslam dini bu cür dini təqdimatları necə qarşılayır?
Məddahlıq, dini musiqi, mərsiyə oxumaq və müqəddəs şəxslərin faciələrini səhnə performansına çevirmək dini baxımdan nə dərəcədə məqbuldur?
Aydın məsələdir ki, bir inanclı insan üçün İslamda Peyğəmbəri, Əhli-beyti və dini şəxsiyyətləri sevmək, onların həyatını öyrənmək, Kərbəla hadisəsini xatırlamaq, zülmə və haqsızlığa etiraz etmək mühüm mənəvi dəyərlərdir.
Şiə dini ənənəsində Hüseynin şəhadətini anmaq xüsusi yer tutur. Lakin bu ənənənin mövcudluğu onun adı altında edilən hər bir hərəkətin dini cəhətdən doğru olması demək deyil.
Burada sevgi ilə istismarı, dini təbliğatla emosional manipulyasiyanı bir-birindən ayırmaq lazımdır.
İslamın əsas prinsiplərindən biri ixlasdır. Yəni insanın ibadəti, əməli və niyyəti Allah rizasına yönəlməlidir. Dini fəaliyyətin mahiyyəti şöhrət qazanmaq, insanları heyrətləndirmək, alqış toplamaq və özünü başqalarından fərqli göstərmək olmamalıdır.
Quranda riya, yəni insanların görməsi və təqdir etməsi üçün dini əməl göstərmək tənqid olunur.
Bu baxımdan, dini məclislərdə ifaçının özünü mərkəzə qoyması, dini məzmunun onun şəxsi məşhurluğuna xidmət etməsi ciddi mənəvi suallar yaradır.
Əgər məclisdə əsas diqqət, məsələn, Kərbəla hadisəsinin tarixi və mənəvi mənasına deyil, məddahın səsinə, səhnə davranışına, ifa tərzinə və tamaşaçıların reaksiyasına yönəlirsə, burada dini məqsədlə şou elementləri arasında sərhəd bulanıqlaşır.
Əlbəttə, o da var, hər emosional ifanı riya adlandırmaq olmaz. İnsanın səmimi şəkildə oxuması, dinləyicinin də kövrəlməsi mümkündür. Ancaq dini fəaliyyətin şöhrət və kommersiya maraqlarının alətinə çevrilməsi artıq başqa məsələdir.
Yaxşı, bəs Kərbəla ağlamaq üçünmü, anlamaq üçünmü xatırlanmalıdır?
Məddahlığın ən böyük problemlərindən biri Kərbəla hadisəsinin bəzən yalnız faciə və göz yaşı müstəvisində təqdim edilməsidir.
Taleh Boradigahi də deyir ki, “Kərbəla, sənin tozuna çatmaz Kəbə
Çün orda qolsuz Əbəlfəzlimin qanı var”.
Kərbəla yalnız bir tarixi matəm hadisəsi deyil. O, zülmə qarşı müqavimətin, ədalətin, ləyaqətin, haqq uğrunda mübarizənin simvoludur.
İmam Hüseynin mübarizəsini yalnız ağlamaqla məhdudlaşdırmaq da onun ideallarını daraltmaqdır.
İnsan Kərbəla üçün ağlaya bilər, amma gündəlik həyatında haqsızlıq qarşısında susursa, başqasının haqqını tapdalayırsa, mərhəmətdən uzaqdırsa, onda həmin mərsiyənin onun mənəviyyatına nə dərəcədə təsir etdiyi sual altına düşür.
İmam Hüseynin faciəsini xatırlamaq, ilk növbədə, onun uğrunda mübarizə apardığı dəyərləri yaşatmaq deməkdir.
Məhz buna görə dini mərsiyənin keyfiyyətini yalnız dinləyicinin neçə dəfə ağlaması ilə ölçmək düzgün deyil.
İslamda dini şəxsiyyətlərə sevgi ilə yanaşı, onların haqqında danışarkən həqiqəti qorumaq da vacibdir.
Quranda Əhli-kitabın dinlərində həddi aşmaması barədə xəbərdarlıq edilir.
Məddahlıqda isə bəzən tarixi mənbələrdə təsdiqlənməsi mübahisəli olan hadisələr, həddindən artıq şişirdilmiş ifadələr və dini şəxsiyyətlərin ilahi xüsusiyyətlərə yaxınlaşdırılması kimi problemlər meydana çıxır.
Bəli, Taleh Boradigahi, elə bilirsiniz, bu məsələlər “Namaz qılan bəndədi, qılmayan şər bəndədi” demək kimi asandır?
Bilmirsinizsə, deyim. Quranda insanlara hikmətlə və gözəl öyüd-nəsihətlə müraciət etmək buyurulur. Həmçinin Hucurat surəsinin 11–12-ci ayələrində insanları alçaltmaq, təhqir etmək və onlar haqqında pis zənn bəsləmək qadağan edilir.
Dini təbliğatın məqsədi də insanları alçaltmaq yox, doğru yola dəvət etməkdir.
Bir məddahın, vaizin və ya din xadiminin vəzifəsi insanları özünün müəyyənləşdirdiyi mənəvi kateqoriyalara bölmək deyil. O, dini hökmləri izah edə bilər, ibadətin vacibliyini vurğulaya bilər, amma insanın Allah qarşısındakı son hökmünü öz üzərinə götürə bilməz.
İndi görəsən, mərhəmət və Əhli-beyt sevgisindən danışan bir insanın dili niyə başqalarını aşağılamaq vasitəsinə çevrilməlidir?
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















