Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Tamaşaçı tərbiyəsi kimin borcudur?

Tamaşaçı tərbiyəsi kimin borcudur?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Mədəniyyət haqqında danışanda adətən sənətçidən, yaradıcıdan, rejissordan, aktyordan, musiqiçidən danışırıq. Onların məsuliyyətindən, zəhmətindən, yaradıcılıq borcundan söz açırıq. Amma çox nadir hallarda bir anlayışı mərkəzə qoyuruq: tamaşaçı. Daha doğrusu, tamaşaçının mədəni səviyyəsini, zövqünü, gözləntisini və məsuliyyətini. Sanki tamaşaçı özü-özünə formalaşmalı, özü-özünə seçməli, özü-özünə dəyərləndirməlidir. Amma bu, doğrudanmı belədir?

Bugünkü reallıq göstərir ki, tamaşaçı zövqü təsadüfən formalaşmır. O, ya tərbiyə olunur, ya da elə özbaşına buraxılır. Özbaşına buraxılan tamaşaçı isə zamanla tələbkar olmağın daşını atır, istehlakçıya çevrilir. İstehlakçı tamaşaçı sənəti dəyərləndirmir, ondan yalnız anlıq həzz gözləyir. Bu isə mədəniyyət, həqiqi sənət üçün təhlükəli bir nöqtədir.

Tamaşaçı doğulur, yoxsa yetişdirilir?

Heç kim estetik zövqlə doğulmur. Heç kim klassik musiqini, mürəkkəb teatr dilini, dərin mətnləri anadangəlmə anlamır. Ona görə də hazırlıqlı, zövqlü tamaşaçı kimi doğulmaq mümkün deyil. Əsl tamaşaçı yetişdirilir. Bu, uzun prosesdir. Ailə ilə başlayır, məktəbdə davam edir, cəmiyyət və media ilə möhkəmlənir. Əgər bu zəncirin hər hansı halqası qırılırsa, nəticədə ortaya təsadüfi, səthi, səbirsiz, zövqsüz tamaşaçı çıxır. O tamaşaçı ki, artıq sorğulamır, gözləmir, tələb etmir.

Bizdə isə uzun illərdir tamaşaçı tərbiyəsi sanki kənarda qalıb. Mədəniyyət istehsal olunur, sənət icra edilir, amma onu anlayacaq, qəbul edəcək, tələb edəcək auditoriya ilə sistemli iş aparılmır. Tamaşaçıdan gəlmək, baxmaq, izləmək, qiymətləndirmək tələb olunur, amma tamaşaçıya heç nə izah edilmir.

Dövlətin rolu: siyasət varmı?

Tamaşaçı tərbiyəsi ilk növbədə mədəniyyət siyasəti məsələsidir. Dövlət yalnız tədbir keçirməklə, konsert təşkil etməklə, festival sayını artırmaqla bu məsuliyyətdən azad olmur. Əksinə, əsas məsuliyyət elə buradan başlayır.

Əgər dövlətin mədəniyyət siyasətində uzunmüddətli tamaşaçı formalaşdırma strategiyası yoxdursa, nəticə qaçılmazdır: boş zallar, formal tədbirlər, statistik uğurlar, bayağı performanslar, gündən-günə ölən sənət.

Uşaq yaşlarından teatrla, musiqi ilə, muzeylə sistemli tanışlıq proqramları yoxdursa, regionlarda mədəniyyət yalnız bayram günlərində xatırlanırsa, o zaman tamaşaçı mərkəzləşdirilmiş və dar çevrədə formalaşır. Bu isə cəmiyyətin böyük bir hissəsinin mədəni prosesdən kənarda qalması deməkdir.

Məktəb və təhsil: unudulan əsas

Tamaşaçı tərbiyəsinin ən vacib mərhələsi məktəbdir. Əsl tamaşaçı elə uşaq yaşlarından mədəniyyətin, sənətin içində formalaşan, onunla məhz məktəb dövründən tanış olan tamaşaçıdır. Xatırlayıram ki, əvvəllər teatrların məktəblərə səfərləri təşkil olunar, kiçik və tərbiyəvi mövzulu səhnəciklər hazırlanar, tanınmış şairlərlə, yazıçılarla şagirdlərin görüşləri keçirilərdi. O zaman uşaq teatrın, kinonun, ədəbiyyatın, keyfiyyətli sənətin dəyərini anlayar, o zövqlə formalaşar, ədəbiyyatımızın aparıcı simalarını, kitablardan şeirləri, hekayələri ilə tanıdıqları ədibləri canlı görər, onları maraqlandıran sualları vermək imkanı tapırdılar. Amma təəssüflər olsun ki, indiki dövrdə məktəb proqramlarında mədəniyyət çox vaxt ikinci dərəcəli mövzu kimi təqdim olunur. Ədəbiyyat əzbərə çevrilir, musiqi formal xarakter alır, teatr isə ümumiyyətlə tanıdılmır. Hər kəsin “diplom yarışına” girdiyi zamanda sənət lap arxa plana, ən sonuncu yerə atılıb.

Əvvəllər ədəbiyyat dərslərində “sinifdən xaric oxu” keçirilər və dərs proqramından əlavə olaraq əsərlər şagirdlərə təbliğ olunar, oxudulardı. Bu dərslərdə həmin əsərlərin geniş müzakirəsi təşkil edilər və şagirdin anlama qabiliyyəti, şərh etmə potensialı qiymətləndirilərdi. Eyni zamanda şagirdlər onları maraqlandıran suallar ətrafında da müzakirələr aparmaqda sərbəst idilər. Bir tərəfdən diskussiya xarakteri də alan bu dərslər şagirdin dünyagörüşünü genişləndirir, məntiqi düşünmə, şərh etmə və mühakimə yürütmə qabiliyyətini inkişaf etdirirdi. Amma indi ədəbiyyat sadəcə dərslikdə yazılan əsərlərin qısa xülasələri ilə çərçivələnib. Şagirdə əsərin niyə dəyərli olduğu izah edilmir, sadəcə “lazımdır” deyilir. Bu yanaşma gələcəkdə oxucu və tamaşaçı yox, yalnız imtahan verən, daha doğrusu, test işləyən əzbərçi insan formalaşdırır. İmtahan bitəndə isə mədəniyyət də, ədəbiyyat da onun həyatından çıxır.

Əgər uşaq ilk dəfə teatra müəllimi ilə getmir, sonra onun izahını eşitmir, müzakirəsində iştirak etmirsə, onda teatr marağından söhbət belə gedə bilməz. Deməli, o, böyüyəndə də teatra yad qalacaq. Yad qalan tamaşaçı isə ya gəlməyəcək, ya da kiminsə təkidi, yaxud “elit görünmək” xatirinə gəlsə də, nə gördüyünü, səhnədə nə baş verdiyini anlamayacaq.

Media: zövqü formalaşdıran, yoxsa korlayan?

Müasir tamaşaçının formalaşmasında medianın rolu danılmazdır. Televiziya, sosial şəbəkələr, platformalar zövqə birbaşa təsir edir. Təəssüflər olsun ki, bu gün bu təsir heç də inkişafa xidmət etmir, yüksək zövq formalaşdırmır, əksinə, kütləvi zövqsüzlüyə xidmət edir. Reytinq naminə sadələşdirilmiş, ucuzlaşdırılmış məzmun normal kimi təqdim olunur. Onlayn media İP xətrinə ucuz, bayağı, kimsəyə lazım olmayan xəbərləri tirajladıqları kimi, televiziya da reytinq uğrunda günbəgün ucuzlaşmağa, bayağılaşmağa davam edir. Hətta iş o yerə çatıb ki, artıq hər şey əndazədən çıxmağa, tərbiyəsizliyə və əxlaqsızlığa doğru getməyə başlayıb. Milyonlarla tamaşaçının önündə ağzına gələni danışanlar, bədən əzaları ilə gündəmdə qalmağa çalışanlar, hətta gündəm naminə yalandan özü özünün ölüm xəbərini tirajlayanlar bu gün tamaşaçı zövqünün qatilinə çevriliblər. Təbii ki, bu kimi xəbərlər, görüntülər səviyyəli layihələrdən daha çox baxış yığır, daha çox danışılır. Axı bütün cəmiyyətlərdə savadlı, intellektual, zövqlü təbəqə cahil təbəqədən daha az saydadır. Kütləvilik hər zaman bayağı və zövqsüzdür. Bu, öz yerində...

Lakin problem ondadır ki, media tamaşaçının zövqünü yüksəltmək əvəzinə, ona uyğunlaşmağa çalışır. “Xalq bunu istəyir” arqumenti ilə səviyyə hər gün bir az daha aşağı salınır. Amma sual verən yoxdur ki, xalq bunu niyə istəyir? Bu istəyin formalaşmasında medianın öz payı yoxdurmu? Xalq axı ona veriləni, göstəriləni, təqdim ediləni istəyir. Onsuz da sənətdən uzaq kütləyə bir az da zövqsüzlük, bayağılıq aşılandıqca, bir zamandan sonra o da onun tələbinə çevriləcək. Çox uzun müddət düşünməkdən, beynini işlətməkdən, sorğulamaqdan uzaq salınan kütlə, təbii ki, yüngüllüyə can atacaq.

Media yalnız göstərən yox, həm də öyrədən olmalıdır. Amma bizdə izah edən proqramlar, sənəti anladan verilişlər, konteksti açan müzakirələr çox azdır. Onu mediadan ala bilməyən tamaşaçı başqa harada axtaracaq və tapacaq ki?!

Sənətkarın məsuliyyəti varmı?

Bu mövzuda şübhəsiz ki, sənətkarın da məsuliyyəti yox deyil. Amma bu məsuliyyət çox vaxt yanlış anlaşılır. Sənətkarın borcu onu toylara, tədbirlərə çağırsınlar deyə, tamaşaçıya yaltaqlanmaq, onun istədiyini təqdim etmək deyil. Onun borcu öz işini vicdanla, peşəkar şəkildə görməkdir. Amma eyni zamanda tamaşaçı ilə dialoq qurmaq, onu tamamilə kənarda qoymamaq, onun istəkləri ilə müəyyən qədər hesablaşmaq da vacibdir.

Bəzən sənətkar tamaşaçını “anlamaz” deyə ittiham edir və bu ittihamla məsafə yaradır. Bu, bəzi şairlərin, yazıçıların “mən yazılarımı özüm üçün yazıram, oxucu anlamasa da olar” fikrinə bənzəyir. Özü üçün yazan adam yazdıqlarını işıqlandırmaz, kitab çap etməz, yazar və “atar balışının altına”. Tamaşaçını, oxucunu anlamamaqda günahlandırmaq, bütün məsuliyyəti onun üzərinə atmaq problemi həll etmir, əksinə, dərinləşdirir. Tamaşaçı ilə ünsiyyət, izah, açıq müzakirə mədəniyyəti formalaşmalıdır. Bu, sənəti ucuzlaşdırmır, əksinə, onu yaşadır.

Tamaşaçı özü nə qədər məsuliyyətlidir?

Bütün məsuliyyəti dövlətin, məktəbin, medianın, sənətkarın üzərinə atmaq da doğru olmaz. Bu mövzuda tamaşaçı da passiv mövqe tutmamalıdır. Tamaşaçı soruşmalıdır, oxumalıdır, maraqlanmalıdır. Amma bunu etmək üçün ona stimul verilməli, imkan yaradılmalıdır.

Əgər tamaşaçı illərlə yalnız sadə, səthi məzmunla qarşılaşıbsa, ondan birdən-birə dərinlik gözləmək ədalətsizdir. Zövq zamanla dəyişir. Amma dəyişməsi üçün mühit mütləq şərtdir.

Regionlarda tamaşaçı problemi daha kəskindir. Orada seçim azdır, alternativ yoxdur. Tamaşaçı nə təqdim olunursa, onu qəbul edir. Bu isə tələbin formalaşmamasına gətirib çıxarır. Mərkəzdə isə seçim çoxdur, amma zövq yenə də sistemsizdir. Əgər regionda mədəniyyət hadisəyə çevrilmirsə, tamaşaçı da hadisə gözləmir. Bu qırılma nöqtəsi uzunmüddətli fəsadlar yaradır.

Tamaşaçı tərbiyəsi - kollektiv məsuliyyət

Beləliklə, tamaşaçı tərbiyəsi tək bir qurumun, tək bir şəxsin borcu deyil. Bu, kollektiv məsuliyyətdir. Dövlət strategiya qurmalıdır, məktəb əsas yaratmalıdır, media zövqə təsir etməlidir, sənətkar dialoq qurmalıdır, tamaşaçı isə maraq göstərməlidir. Bu zəncirin bir halqası qırılanda bütün sistem axsamağa başlayır.

Tamaşaçı tərbiyə olunmursa, sənət öz-özünə tənha qalır. Boş zalların, səssiz alqışların, formal uğurların arxasında çox vaxt bu məsələ dayanır. Biz sənəti yaşatmaq istəyiriksə, tamaşaçını da düşünməliyik. Tamaşaçı isə yalnız bilet alan insan deyil. O, mədəniyyətin iştirakçısıdır.

Ən vacib sual isə budur ki, biz tamaşaçıdan nə gözləyirik, amma ona nə veririk?

Bu suala dürüst cavab vermədikcə, mədəniyyət yalnız danışılan mövzu olaraq qalacaq, yaşanan dəyərə çevrilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri