Icma.az
close
up
RU
Tariximizin qəhrəmanlıq yaddaşında Mübariz zirvəsi

Tariximizin qəhrəmanlıq yaddaşında Mübariz zirvəsi

7 fevral Milli Qəhrəmanımızın doğum günüdür

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu müasir gəncliyə bir örnək, məktəbdir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların həyat yolu, ərənliyi bir dastana çevrilib. Hər bir Azərbaycan vətəndaşı milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan məhz şücaəti, mübarizliyi öyrənməlidirlər. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Azərbaycan torpağının hər qarışında bir qəhrəmanlıq dastanı yaşayır. Bu torpaq Vətən uğrunda canından keçən, şəhid olan oğulların qanı ilə suvarılıb. Ayaq basdığımız torpağın altında şəhid ulu babalarımız uyuduğundan bu məmləkət bizim üçün müqəddəsdir, əzizdir. Cadar-cadar olmuş torpaqdan gələn səslər vətən sevgisinin dastanını danışır bizlərə. Vətən, Azərbaycan deyib, ən ali sevgi uğrunda canlarını sipər edərək, düşmənlə üz-üzə dayanan oğullar şəhidlik zirvəsinə yüksəliblər. Cəsurluq, ərənlik məktəbi ilə Mübariz dastanını yaradan Biləsuvar rayonunun Əliabad kəndində anadan olub, boya-başa çatan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da qəhrəmanlığı ilə milyonlarla insanın qəlbində əzəmətli abidəsini ucaltdı. Azərbaycan qəhrəmanlıq tarixinin yeni səhifəsini yazan və müasir həyatımızın Koroğlusuna, Babəkinə çevrilən Milli Qəhrəman Mübariz İbrahimovun qısa bir ömür tarixində şücaəti, mərdliyi, torpağa olan bağlılığı, ən əsası isə yaşadığı məmləkətə məhəbbəti onu bütövlükdə xalqına tanıtdı.

Məhəbbəti və şöhrəti şəhidlik zirvəsinə yüksəlməsi ilə qazandı elimizin mərd oğlu. Atası Ağakərimin, anası Şamama xanımın ocağında aldığı tərbiyə, vətənpərvərlik duyğuları Mübarizin qəlbində elə bir hiss oyatmışdı ki, bunun qarşısını heç vəchlə almaq mümkün olmazdı. Silaha sarılıb hayqıraraq, düşmən üzərinə hücum çəkib hədəfə aldığı erməniləri məhv etməklə həyatda özünü təsdiq edib varlığının nəyə xidmət etdiyini göstərməsi Mübarizin kimliyinin təsdiqi idi. Bu adın qarşısında müasir həyatımızda hər bir şəxs baş əyir və şəhidliyin zirvəsində olan Mübarizi böyük məhəbbətlə xatırlayırlar. Qəhrəmanlıq qanadlarında 10 milyon qəlbdə Mübariz adı yazan qəhrəmanın ruhu vətənin səmalarındadır. Mübariz ölümü ilə bir örnək oldu. Vətən naminə şəhidliyə yüksəldi. Qəsbkar düşmənə gözdağı oldu. Nərəni andıran səsi, qorxaq erməninin canına lərzə saldı. Erməninin həmin anda aldığı görkəmi, miskinliyi Mübariz qəhrəmanlığını daha da yüksəkliyə qaldırır. Mübariz məkanı bir qeyrət yeridir. Bəli, Əliabad ziyarət yeridir - ərənlik, igidlik məktəbidir bu məkan. Hər kəsin arzusudur burada olmaq: Mübarizin hansı və necə mühitdə böyüməsini gözlə görmək arzusu.

Köksünə vətənin bayrağın taxıb,

Göylər tək gurlayıb, şimşək tək çaxıb.

Ölümün gözünə mərdanə baxıb,

Behişt dərgahına enən Mübariz!

Azərbaycan tarixinin şanlı səhifəsinə - şəhidlik zirvəsinə yüksəlməsi ilə adını yazdı. Həmin tarix hər bir azərbaycanlının fəxarət duyduğu bir günə çevrildi. Neçə əsrlik qəhrəmanlıq tariximizə yeni səhifə açıldı. Daşlaşmış yaddaşlara vətən, torpaq uğrunda yaşamağa və ölməyə hazır olmağı bacaran vətən övladı Mübarizin də adı həkk olundu. Əbədiləşdi Mübariz. Onu bu ruhda yetişdirən, məhz Azərbaycan torpağına ayaq basmış və Azərbacan torpaqlarının 20 faizini işğal etmiş erməni terrorçularından intiqam almaq və qisas hissi idi. Qorxmadan erməniyə Azərbaycan oğullarının kimliyini isbat etmək üçün mətin addım atdı. Erməni təcavüzkarlarının torpağımızı işğal etməsinə dözmədi, günahsız insanların harayı qulaqlarında səsləndi, qarda donmuş ana-bacıların, qocalarin ah-naləsi onun rahatlığına son qoydu və Mübariz xalqın mübariz oğluna çevrildi. Mübariz ona qoyulan adı doğrultdu.

ZAMANIMIZA ÖRNƏK OLAN MÜBARİZ GERÇƏKLİKLƏRİ

Qarabağda başlanan savaşın tarixi onun doğulduğu ilə təsadüf edir. Məlumdur ki, Azərbaycana qarşı olan erməni iddiaları 1988-ci ildən baş qaldırır və dünyaya həmin ildə göz açan Mübariz də erməni vəhşiliklərini, onların törətdikləri əməlləri eşidə-eşidə, görə-görə böyüyür. Düşmənə qəzəbi də elə ağlı kəsəndən sonra olur. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Ardınca mülki işlərdə çalışmış, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətini davam etdirmişdir. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlamışdır. Mübarizəyə atəşkəs zamanı tək qalxdı. Heç kimi narahat etmədən və kömək ummadan. Bu döyüşə nə qədər tələssə də, amma son məktubunu yazmağı da unutmadı: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim...".

Düşmən üzərinə tək hücum edərək gücünü göstərdi, hünərini dünyaya bəyan etdi. Azərbaycan torpağının belə oğullar yetişdirdiyinə dünya laqeyd qala bilmədi. İnanmaq çətin olsa da, həyat və gerçəklik bu idi. Zamanımıza örnək olan Mübariz azərbaycanlıların qanını almağa getdi.

"VƏTƏNİN AZADLIĞI ÜÇÜN QURBAN LAZIMDIRSA, BİRİ MƏN!"

Neçə-neçə can aldı düşmən canından! Qorxu və vahimə yaratdı bir gecənin içində düşmən canında. Düşmənə aman vermədi. "Vətən", - söyləyib sinəsini qabağa verdi. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçdi. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv etdi. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşdü. Düşməni ağır itkilərə məruz qoydu, onların zəif cinahlarını üzə çıxardı. Beləliklə, Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu. Amma düşməndən aman diləmədi. Onsuz da bu addımı atarkən, geri dönməyəcəyini əvvəlcədən bilirdi. Məqsədi patronu sona çatana qədər qisas almaq idi. Axı yoldaşlarına həmişə deyirdi ki, hərənin öz yolu var: "Mən isə yolumu seçmişəm. Düşmənə qan qusdurub ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz! Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən!"- dedi və elə də etdi.

Mən ölüm qoy vətən yaşasın, nə qəm,

Ölən yox, öldürən etdim adımı.

Gənclər ibrət alsın bu əməlimdən,

Atıram mən adi qisas addımı.

Hadisənin səhəri günü atası Ağakərim İbrahimovdan oğlunu xəbər alanda, çoxlu silah götürüb və ərazidən uzaqlaşdığını bildirəndə, ata inamla və qətiyyətlə bildirir ki, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən, Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrilən Mübariz İbrahimovu, məhz bu ata tərbiyə etmişdi. Onun dəyərlərinə də yaxşı bələd idi. Oğlu fərari, vətən xaini ola bilməzdi.

Mübariz bir gecənin içində şəxsi rəşadət və şücaət nümayiş etdirdi, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdi, mövqelərimizin toxunulmazlığını canı bahasına qorudu. Sakit, siyasətdən uzaq bir gənc olsa da əzmini və qətiyyətini nümayiş etdirdi. Tanrısını, vətənini canından artıq sevən Mübariz öz qisasını düşməndən belə aldı, oğul vətən borcunu verdi. Şəhid olub, arzusuna qovuşdu.

Ermənilər insanlığa yaraşmayan və insanlıq üçün qara ləkə olduqlarını bir daha Milli Qəhrəmanımızın nəşini belə qaytarmaq istəmədikləri zaman da ortaya qoydular və onu gizlətməyə çalışdılar. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən, onun cənazəsini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilik, mənəviyyata və dini normalara sığmayan hərəkət yalnız erməniyə məxsusdur. Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqlar nəticəsində Mübarizin cənazəsi 6 noyabr 2010-cu il tarixdə vətənə gətirildi. Şəhid qəhrəman İkinci Fəxri Xiyabanda dəfn olundu.

Mübarizin qəhrəmanlığı yüksək qiymətini alıb. "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bu gün Biləsuvar rayonunun orta məktəblərindən biri Mübariz İbrahimovun adını daşıyır. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adınadır. Keçdiyi qısa 22 illik ömür yolu neçə-neçə əsrləri əhatə edəcək. Şücaəti, qeyri-adi cəsarəti ilə əfsanəyə çevrilən Mübariz İbrahimov özünəməxsus qəhrəmanlıq məktəbi yaratdı. Vətəni necə sevməyi, Azərbaycanı necə qorumağı bir daha əməlləri və keçdiyi şanlı yolu ilə bizlərə öyrətdi.

Azərbaycan Mübarizlərin qanını yerdə qoymadı. Zaman yetişdı və 44 günlük Vətən müharibəsində yetişən mübarizlər qisası qiyamətə qoymadilar. Bu gün Azərbaycanda minlərlə MÜBARİZLƏR yetişir.

Bizim qəhrəmanlarımız ermənilərin yaratdığı "qəhrəmanlar" kimi mif deyil. Biz ermənilər kimi uşaq başı kəsən, qadın və qocalara divan tutanları qəhrəman etmirik, bizim Mübariz kimi real igidimiz var ki, tarixə Şəhidlik zirvəsinə yüksələrək adlarin yazıblar. Torpaqlarımızı işğaldan azad edən igid ŞƏHİDLƏRİMİZ!!!

NƏZAKƏT ƏLƏDDİNQIZI

seeBaxış sayı:30
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri