Icma.az
close
up
RU
Tat evi monastırının qaranlıq tarixi

Tat evi monastırının qaranlıq tarixi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 may, AZƏRTAC

“Böyük Tatev” adlandırdılan Tat-evi, Alban monastırının birinci binası Qərbi Azərbaycanın Zəngəzur vilayətinin Gorus rayonu ərazisində Bazarçay dərəsinin sağ sahilində, kolluq və meşəlik olan dağətəyi ərazidə yerləşir.

AZƏRTAC Azərbaycanın İşğaldan Azad edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun Tat-evi monastırı ilə bağlı araşdırmasını təqdim edir.

Tat-evi monastırı Qərbi Azərbaycanın cənub-şərqində, Qərbi Zəngəzur vilayətinin, Gorus və Laçın şəhərlərinin yaxınlığında yerləşir. Həmin ərazidə yaşayış hələ xristianlıqdan əvvəl mövcud olub. IV əsrdə bölgədə xristianlığın yayılması bu əraziyə də təsir edib; belə ki, orada bir alban kilsəsi tikilib. Bu kilsə IX əsrdə Alban Xaçen Knyazlığı tərəfindən Tat-evi yepiskop qərargahı elan edildikdən sonra, burada monastır tipli böyük bir dini mərkəz tikilib.

Monastır fəaliyyətə başladıqdan sonra Tat-evinin müstəqilliyi elan edilib və bu, onun iqtisadi və siyasi əhəmiyyətinin artmasına səbəb olub. Tat-evi monastırının tabeliyinə 47 kənd verilib və əlavə olaraq 677 kənddən də vergi alınması monastıra tövsiyə edilib.

Abidə dəqiq tədqiq olunmadığından onun haqqında hələlik nağıl və rəvayətlərdə verilən məlumatlar və azsaylı arxiv materialları ilə kifayətlənməli oluruq. Məbədin adının türk dilində etimologiyasına görə ad “tat” və “ev” sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən burada yaşayan türklərə aid edilməklə yanaşı, “tat ev” ifadəsi “tatların yaşadığı yer”, “böyük ev” anlamında işlədilir.

Azərbaycandakı tat mənşəli əhali haqqında Orxon-Yenisey abidələrində, “Kitabi-Dədə Qorqud” dastanında (VII əsr), Ruminin əsərlərində (XIII əsr) rast gəlinir. Azərbaycan ərazisində “tat” sözünə həm qədim yazılı mənbələrdə, həm də qədim xalq mahnılarında, atalar sözlərində, zərbül-məsəllərdə rast gəlinir. Bu söz Azərbaycanın həm şifahi xalq ədəbiyyatında, həm də yazılı mənbələrində yaşayaraq dövrümüzə qədər gəlib çatıb.

A.Bakıxanovun və başqa tədqiqatçıların fikrincə, tatların əcdadları Azərbaycana IV-VI əsrlərdə Sasani şahları tərəfindən köçürülüb. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıq olub. Bu əhali arasında xalçaçılıq sənəti geniş yayılıb. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimi dəyərləndirilib.

Qərbi və Şərqi Zəngəzur regionlarında tat sözü ilə bağlı yer adlarına çox rast gəlinir. Məsələn, Laçın şəhəri yaxınlığında “Tat dərəsi”, Gorus şəhəri yaxınlığında “tat-evi” və s. misal göstərmək olar. Rus etnoqraf-alimlərindən M.N.Qubuqlo və Y.V.Simçenko belə hesab ediblər ki, “tat” sözü türk mənşəli olub, oturaq həyat tərzi keçirən qeyri-türk əhaliyə verilən addır və sonralar bu söz etnik ada çevrilib.

Tat-evi monastırının yaranması haqqında məlumatların azlığı onun tarixi haqqında müəmma yaradır. Rəvayətə görə monastır Həvari Müqəddəs Faddeyin bölgədə xristianlığı təbliğ edərkən həlak olmuş şagirdlərindən birinin şərəfinə Tat-evi adlandırılıb. Başqa bir rəvayətə görə, monastır kompleksinə daxil olan məbəd binasının inşası tamamlandıqdan sonra memarın şagirdlərindən birinin binanın qübbəsindən aşağı yıxılarkən dilindən “ta tev” nidasının səslənməsi ilə onun ölümündən sonra kompleks Tat-ev adlandırılıb. Bütün bunlar hamısı Tat-evi monastırı haqqındakı ehtimallar, rəvayətlərdir.

Tez-tez zəlzələlər nəticəsində baş verən dağıntılar monastırın uzun illər sonra mövcud olduğu ərazidən Tatev kəndi yaxınlığına köçürülməsini zəruri edib. IX əsrdə monastırın Tatev kəndi yaxınlığındakı sıldırım qayaların zirvəsinə daha təhlükəsiz bir əraziyə köçürülməsinə başlanılıb.

Ətrafı mühafizə divarları ilə əhatə olunmuş Tat-evi monastır kompleksinə üç məbəd (Müqəddəs Pavel və Pyotr məbədləri, Müqəddəs Qriqori məbədi, Müqəddəs Məryəm məbədi) və digər kiçik yardımçı binalar daxildir.

Müqəddəs Pavel və Pyotr məbədi 895-906-cı illərdə inşa edilib. 1043-cü ildə məbədin cənub divarına bitişik tağlı zal inşa edilib. 1087-ci ildə kompleksin mühafizə divarının şimal tərəfində Müqəddəs Məryəm məbədi inşa olunub. 1787-ci ildə Müqəddəs Qriqori məbədinin qərb divarı yaxınlığında mavzoley inşa edilib, XIX əsrdə isə Müqəddəs Pavel və Pyotr məbədinin qərbində zəng qülləsi inşa edilib və mavzoleyə vestibül əlavə olunub.

Monastır kompleksi Qavazan kimi tanınan sütuna da malikdir. Bu sütun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılıb və müxtəlif zəlzələlər və hücumlara baxmayaraq toxunulmaz qalıb.

Memarlıq xüsusiyyətləri

Tatev kəndi yaxınlığında yeni tikilən monastır kompleksi köhnə monastırda istifadə olunan dizayn və memarlıq quruluşuna görə heç də köhnədən fərqlənməyən formada tikilib.

Bundan başqa, monastır kompleksində Qavazan kimi tanınan məşhur sütunun da inşası mükəmməl tamamlanıb. Bu sütun köhnə monastırın həyətində X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılmış və rəvayətə görə müxtəlif zəlzələlərin baş verəcəyini qabağa əyilərək xəbər verirmiş. Yeni kompleksin tikintisində inzibati və digər binalarla yanaşı kompleksin cənub, qərb və şimal tərəflərini əhatə edən qala divarları inşa edilmişdi.

XVIII əsrdə isə kompleksə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana binası, mətbəx, çörəkxana əlavə edilib. Alban maarifçilik ənənələrini təbliğ etmək üçün, qala divarlarının yanında üzəri tağlı tavanlarla örtülmüş on altı sinif otağı inşa olunmuşdu.

Monastırın qala divarlarından şimal-şərqdə zeytun yağı istehsal etmək üçün dəyirman quraşdırılıb. Həmin qurğu dörd istehsal otağından ibarətdir ki, onların da ikisi qübbəli formada tikilmiş saxlama kameraları, ikisi isə tağlı tavanlı istehsal otaqlarıdır. Bu dəyirman Cənubi Qafqazda dövrümüzə qədər gəlib çatmış ən mükəmməl zeytun yağı çıxaran dəyirmanlardan birdir.

Müqəddəs Qriqori məbədi Müqəddəs Pavel və Pyotr kafedralının cənub divarının yanında inşa edilib. Kilsə 836-848-ci illərdə tikilib. XI əsrdə Səlcuqluların yürüşündən sonra kilsə bərpa edilsə də, 1138-ci il zəlzələsi zamanı yenidən dağılıb. Bir əsrdən artıq xaraba vəziyyətdə qalan kilsə 1295-ci ildə bərpa edilib. Məbəd sadə memarlıq quruluşuna malikdir. Binanın qübbəsi yoxdur. Şimal və cənub tərəfdən üç sütunla dəstəklənən binanın damı maili kirəmitlərlə örtülüb. Məbədin girişi gözəl həndəsi naxışlarla bəzədilib.

Müqəddəs Məryəm ana məbədi (Tanrı anası kilsəsi) kompleksi əhatə edən qala divarlarının şimal tərəfində inşa edilib. Kilsə girişin yanında yerləşən mavzoleyin ikinci mərtəbəsi kimi inşa edilib. Lakin 2000-ci illərdə abidəyə ermənilər tərəfindən müdaxilə edilərək, bərpa qaydalarına uyğun olmayan qaydada divarların üzəri mərmər daşlarla örtülüb.

Qavazan adlandırılan və kompleksin həyətində ucaldılmış sütun formalı abidə Müqəddəs Üçlüyün şərəfinə inşa edilib. Abidə kafedralın cənubunda yerləşir. Səkkiz metrlik sütun xaç təsvirli daş lövhə ilə tamamlanıb. Üzərində çox az naxışı olan yazısız daş inşa olunduğu tarixdən dəyişilməyib. Sütunun inşa olunmasında əsas məqsəd aktiv seysmik zonada baş verəcək zəlzələlər haqqında əvvəlcədən məlumat almaq idi. Hər dəfə tərpənişlərdən sonra sütunun öz vertikal formasına qayıtdığı iddia olunur.

XII əsrdə Səlcuqluların Cənubi Qafqaza yürüşləri zamanı (1136-cı il) baş vermiş zəlzələdə monastır kompleksi ciddi dağıntılara məruz qalıb. 1170-ci ildə monastır kompleksi Səlcuqlular tərəfindən bərpa edilib.

Yarandığı gündən müstəqil fəaliyyət göstərən bu Alban monastırı feodal quruluşa sahib idi. Zəngəzur bölgəsinin həyatında mühüm rol oynayan monastır yerli əhali arasında böyük təsir qüvvəsinə malik idi. Monastır böyük əraziləri və çoxlu kəndləri ətrafında birləşdirirdi.

Monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakülər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilmişdi. Teymurun Zəngəzur vilayətinə hücumu (1381-1387) zamanı monastır talanıb və yandırılıb. Teymurun işğalından sonra Tat-evi monastırı tabeliyində olan ərazilərin də böyük bir hissəsini itirib. 1434-cü ildə Teymuri Sultan Şahruxun Azərbaycana yürüşü zamanı Tat-evi növbəti dəfə yenidən talan olunaraq yandırılıb.

Bütün bu talanlara, zəlzələlərə mətanətlə dözən Tat-evi monastırı öz mövcudluğunu qoruyub saxlaya bilib. XVII-XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə Tat-evində monastır həyatı yenidən canlanmağa başlayıb. Monastır Tatev kəndi yaxınlığına müstəqil fəaliyyətini bərpa edib.

1658-ci ildə baş verən daha bir dəhşətli zəlzələdən sonra yararsız hala düşən Tat-evi monastırı I Şah Abbasın hərəmxanasında olan bir xristian qadının xahişi ilə bərpa edilib. Bu hadisə erməni alimlərinin, həmin dövrdə guya bu ərazilərdə erməni dövlətinin olması iddiasını tamamilə inkar edir. Doğurdan da əgər bu ərazidə hansısa bir erməni dövləti mövcud idisə, o zaman Səfəvi dövlətinin vəsaiti hesabına monastırın təmir edilməsi mümkün olmazdı.

Monastır feodalizminə qarşı erməni terroru

1822-ci ildə Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə qatılmasından sonra 1836-cı ildə Müqəddəs Sinod Alban Həvari kilsəsi kimi Tat-evinin də müstəqilliyinə son qoyulub və onun Erməni Qriqoryan kilsəsinin yeparxiyalarından birinə çevrilməsi üçün qərar qəbul edilib. Lakin Tat-evi monastırı fəaliyyətini müstəqil davam etdirib və Erməni Qriqoryan kilsəsinə tabe olmayıb. Çünki monastırda 1000-dən çox monax yaşayırdı, həmçinin çoxsaylı kəndlilər monastıra xidmət edirdi. Monastır müstəqilliyini itirmək istəmirdi.

Monastır monaxlarının bu etirazından sonra, erməni katolikosu I Ananiya Mokaçi Tat-evi monastırını lənətləyib və erməni himayəçiliyindən imtina edən üsyankar Tat-evi monastırının dağıdılmasına qərar verib. 1921-ci ildə ətrafına böyük sayda başıpozuq dəstə toplayan Qaregin Njde Tat-evi monastırına hücum edərək bütün monaxları güllələyib və monastırı yararsız hala salıb.

Njdenin hücumu zamanı monastıra ciddi zərər dəyib, Müqəddəs Pavel və Pyotr kilsəsinin gövdəsi çökdürülüb və zəng qülləsi dağıdılıb. Monastırda saxlanan on mindən çox alban dilində kitab və əlyazmalar məhv edilib.

Sonrakı dövrdə kilsənin dağılmış hissələri bərpa edilsə də, zəng qülləsi bu günə kimi dağılmış vəziyyətdə qalır.

1921-ci ilin aprel ayında Qaregin Njde monastırın əmlakı üzərində Qarakilsə və Qndevaz əraziləri də daxil (Qndevaz və ya Qindıvaz İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd) “Dağlıq Ermənistan Respublikası”nın qurulduğunu elan edib. Qaregin Njde Gorus şəhərini “yaratdığı dövlət”in paytaxtı, özünü isə rəhbəri elan edib.

1921-ci ilin aprel-iyul ayları arasında Azərbaycanı işğal etmiş bolşevik ordusu şimaldan və şərqdən Zəngəzura hücum edərək bölgədə baş qaldıran Qaregin Njdenin terror dəstəsini darmadağın edib. Rusların müdaxiləsindən sonra Qaregin Njde və onun dəstəsinin sağ qalan üzvləri İranın Təbriz şəhərinə qaçıblar.

Bu hadisədən sonra Tat-evi yenidən Erməni Qriqoryan Kilsəsindən asılı vəziyyətə düşüb. Lakin rus işğalı dövrü və ondan sonrakı illərdə Tat-evi monastırında heç bir erməni əsilli adamlar ibadət etməyib. Hər iki monastır kompleksi əraziyə gələn turistlərin gəzinti və əyləncə yerlərinə çevrilib.

1995-ci ildə Tat-evi və onu əhatə edən ərazilər və Urud vadisi UNESCO-nun mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə bölgədə turizmin inkişaf etdirilməsi məqsədilə Ermənistan dövləti Tat-evi monastırını ətraf ərazilər ilə əlaqələndirən 5750 metr uzunluğunda dayanacaqsız ikitərəfli kanat yolu çəkib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see197

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see158

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see132

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see130

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see125

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see124

Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib FOTO

22 May 2025 17:01see122

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see121

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see120

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see118

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see116

Netanyahu Vaşinqtonda İsrail diplomatlarının qətliamına reaksiya verib

22 May 2025 10:57see116

DİN: Bank kartının məlumatlarını heç kəslə paylaşmayın!

22 May 2025 10:31see115

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see114

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see114

ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb

23 May 2025 09:10see114

Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

22 May 2025 23:34see113

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

22 May 2025 10:35see113

Hadisə aktrisa olur Yeni serial və partnyor bəlli oldu KONKRET

22 May 2025 08:10see113

Luka Modriç “Real Madrid”dən gedir Klubda 13 il oynayıb

22 May 2025 19:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri