Teatr rəhbərliyi üçün doğulan insan (Teatral esse)
Icma.az, Sia Az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Teatr rəhbərliyi üçün doğulan insan (Teatral esse).
Kamal Əzizovun dediklərindən: “Teatrı sevən insan, bütün çətinliklərə baxmayaraq, teatrda qalıb işləməlidir. Çünki teatr, onun taleyinə yazılıb”
Kamal Həbib oğlu Əzizov. Bu ad və soy ad Azərbaycan teatr tarixinə əbədi yazılan insanlarımızdan biridir. Əlbəttə, aktyor, rejissor kimi yox, adicə rekvizit işçisi kimi işə başlayıb, teatr direktoru vəzifəsinə yüksələn bir insan kimi. Özü də on doqquz il bir teatrın rəhbəri olmaq və ömrünün əlli ilindən çoxunu bir teatrda işləmək, çox az insana nəsib olur. Onlardan biri də məhz Kamal Əzizov olub. Ona görə də gəlin bu insanın qısa həyat yolunu vərəqləyək ki, oxucular üçün də maraqlı olsun.
Kamal Həbib oğlu Əzizov Bakının teatral mühitində 1938-ci ildə doğulub, böyümüşdü. Lap uşaq yaşlarından teatra olan həvəsi, sevgisi onu gənc yaşlarından teatra gətirmişdi. Həmin vaxtlar Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bütün uşaqlar, yeniyetmələr, gənclər kimi Kamalın da sevimli teatrı idi. O vaxtlar Kamal orta məktəbin son siniflərində oxuyurdu. Teatr rəhbərliyinə yaxınlaşıb, orada işləmək istədiyini bildirdi.
-Niyə məhz teatrda,- deyə teatr rəhbərliyi soruşdu.
-Mən uzun illərdir ki, sizin tamaşalarınıza baxıram. Burada işləyən aktyorların vurğunuyam.
-Məgər sən də aktyor olmaq istəyirsən, - deyə teatrın rəhbərliyi uca boylu, çox yaraşıqlı və gözləri çox aydın fikirlər ifadə edən bu yeniyetmə oğlana maraqla baxdı.
-Bəli. Məktəbdə dərslərimi bitirəndən sonra əgər imkan versəniz gəlib teatrda pulsuz nə iş desəniz görərəm. Təki bu teatrın aktyorları ilə təmasda olum.
-Evdəkilər razıdırmı?
-Mənim atam Bakı şəhər Sovetində işləyir.
-Adı nədir?
-Həbib Əzizov.
-Sən Həbib müəllimin oğlusan,- deyə teatrın rəhbəri maraqla ona baxdı. O, mənim dostumdur. Əgər sən Həbib müəllimin ailəsində böyüyübsənsə, deməli, çox tərbiyəlisən. Deməli, həm də işgüzarsan. Çünki atan çox zəhmətkeş kişidir. O, bizim teatra çox köməklik eləyir. Biz də bunun qarşılığında, səni teatra rekvizit sexinə işə götürəcəyik. Həm də teatrda hazırlanan tamaşalarda kütləvi səhnələrdə çıxış edərsən. Orta məktəbi bitirəndən sonra da Teatr İnstitutuna daxil olarsan və paralel olaraq, teatrda da işləyərsən.
-Çox sağ olun. Mən çalışacam ki, sizin ümidlərinizi doğruldum.
Beləliklə, elə həmin günün səhəri artıq onuncu sinifin şagirdi Kamal, səhər dərsə gedir və sonra teatra gəlib, orada işləyirdi. Əlbəttə, atası istəyirdi ki, Kamal onun kimi məmur olsun. Gələcəkdə partiya sistemində çalışsın. Ona görə də universitetin tarix fakültəsini və ya idarəetmə uzrə ali məktəbi bitirməsini istəyirdi. Məhz buna görə də oğlunun teatrda işləməsini əngəlləmədi və fikirləşdi ki, oğlu Kamalın bu arzusu ötərgidir. Qoy orta məktəbi bitirənə qədər orada işləsin və orta məktəbi bitirəndən sonra Həbib kişinin öz istədiyi ali məktəblərdən birnə qəbul etdirər. Doğrudan da həmin vaxtı Həbib müəllim Bakı şəhər Partiya Komitəsində ən aparıcı vəzifələrdən birində işləyirdi və respublikada da böyük hörməti vardı. Oğlu da orta məktəbdə yaxşı oxuyurdu. Deməli, Azərbaycan Dövlət Universitetinin , ya da İdarəetmə İnstitutunun rektorları onun istəyinin əksinə getməzdilər.
Teatrda işə başladığı ilk gündən bu məbədin sehirkar mühiti Kamalı öz qoynuna aldı. Əvvəllər yalnız səhnədə gördüyü və vurğunu olduğu Azərbaycanın karifey sənətkarları ilə artıq yaxından təmasda olmağa başladı. Onlarla birlikdə kütləvi səhnələrdə də oynadı...
Səhnənin aurası onu möhkəm tutdu. Teatrda işləməyilə bağlı orta məktəb yoldaşalına da şəstlə danışmağa başladı. Hətta onların da ona həsəd etdiyini aydınca görürdü.
Orta məktəbi bitirəndən sonra artıq atası onunla üz-üzə əyləşdi. Atası Həbib kişi oğlu ilə bağlı arzularını ona bildirdi.
-Ata. Əgər icazə versəniz mən teatr sahəsində öz təhsilimi davam etdirərdim.
-Mən istəyirəm ki, oğlumu partiya sahəsində rəhbər vəzifələrdə görüm. Sən, həm yaxşı natiqlik qabiliyyətinə maliksən. Yaxşı səbrin, yaxşı da qaltanlı səsin var. Deməli, rəhbər vəzifədə yaxşı işləyə bilərsən. İnsanları öz ardınca apara bilərsən.
-Axı, mən teatr sahəsində işləmək istəyirəm. Siz özünüz də həmişə deyirsiz ki, hər bir insan sevdiyi işdə işləməlidir. Öz arzusunun ardınca getməlidi. Əgər siz dediyiniz ali məktəblərdə mənim təhsil almağa həvəsim yoxdursa, deməli, orada oxusam da həmin sahələrdə işləməyə həvəsim olmayacaq. Həmişə beynimdə teatr olacaq.
Kamalın bu sözündən sonra atası Həbib kişi oğluna baxıb, dedi:
-Amma bu şərtlə ki, sən ali məktəbi bitirənsən sonra teatrda daha rekvizit sexində yox, orada rəhbər vəzifədə işləməlisən.
-Oldu ata.
Beləliklə, Kamal Əzizov Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif və kütləvi tamaşalar rejissorluğu fakültəsinə qəbul olundu. Amma teatrdakı işini yarımçıq qoymadı. Əlbəttə, teatrdakı korifey aktyorların yüksək peşəkar oyunlarını gördükcə aktyor olmağa həvəsi azalırdı. Çünki fikirləşirdi ki, baxmayaraq uca boyu, qaltanlı səsi, aydın fikir ifadə edən gözləri var, amma özünə inamı azdır. Teatr sahəsində rəhbər vəzifələrdə işləməklə, bu sahədə teatra daha çox xeyir verə bilər.
Teatr rəhbərliyi də Kamalın yaxşı təşkilatçı olduğunu görüb, az bir vaxtda onu teatrın truppa müdiri vəzifəsinə təyin elədi. Teatrda bu vəzifə çox böyük cavabdehlik, səbr, yüksək erudisiya və respublikada tanınmış aktyorlarla tez dil tapmaq bacarığı tələb eləyirdi. Teatr rəhbərliyi bu cavan oğlanı belə cavabdehli vəzifəyə təyin etməkdə yanılmamışdı. Kamal Əzizov az bir vaxtda özünü bu vəzifədə doğrultdu. Təkcə aktyorların, aktrisaların yox, bütün teatr kollektivinin böyük sevgisini qazandı.
Həmin vaxtı teatrda ən cavabdeh işlərdən biri olan bədii quruluş hissəsi çox problemli idi. Bu vəzifədə işləyən rəhbərlər heç biri öz işini doğrultmurdu. Ona görə də onlar tez-tez dəyişdirilirdi. Teatrın rəhbərliyi belə qərara gəldi ki, bu vəzifəni yalnız Kamal Əzizov daha yaxşı bacarar. Teatr rəhbərliyi bu fikrində isralı oldu və onu bədii quruluş hissə müdiri vəzifəsinə təyin elədi. Bu vəzifə teatrda truppa müdirliyi vəzifəsindən daha çətin idi. Çünki teatrın çox böyük texniki heyyəti aktyorlar kimi ali təhsilli deyildilər və çoxu yalnız orta təhsilli insanlar idilər deyən onlara rəhbərlik etmək vəzifəsi daha çətin idi. Çünki bu sahədə işləyən insanların çoxu ayrı-ayrı xarakterli insanlar olur. Onlardan elələri olur ki, teatra sevgisi çox olur və elələləri də olur ki, teatra təsadüfi düşən adamlar olurlar. Təki əmək haqqı alsınlar. Bax, bu təsadüfi adamları da yola vermək və onları yaxşı işçi etmək üçün Kamal Əzizovdan daha böyük səbr və bacarıq tələb olunurdu. Az bir vaxtda Kamal müəllim bu vəzifədə də özünü tam doğrultdu. Hətta Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, başda rəhmətlik, çox böyük ziyalı, nazir Zakir Bağırov olmaqla onun belə yaxşı işçi, quruluş hissə üzrə yaxşı rəhbər olduğunu görüb, bütün dövlət səviyyəli tədbirlərin də quruluş işlərini ona tapşırırdı. Kamal Əzizov da bütün bu işləri yüksək səviyyədə yerinə yetirirdi. Bu uğurlu işlərinə görə ölkə başçısı, dahi rəhbər Heydər Əliyevin əmrilə ona 1978-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adı verildi.
Beləliklə, Kamal Əzizov düz otuz il Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında truppa müdiri və bədii quruluş hissə müdiri vəzifələrində yüksək səviyyədə işlədi. Sonra teatrın direktor müavini vəzifəsinə irəli çəkildi.
1987-ci ildə Azərbaycan Teatr Cəmiyyəti, Azərbaycan Teatr Xadimlər İttifaqı oldu. Bu təşkilatın sədri SSRİ Xalq artisti Lütfiyar İmanov seçildi. Orada olan beş katiblərdən biri də Kamal Əzizov seçildi. O, artıq işlədiyi Milli Gənc Tamaşaçılar Teatrı üçün yox, həm də respublika teatrlarına bədii quruluş hissəsi sahəsində köməklik etməyə başladı. Belə ki, bölgə teatrlarında işləyən quruluş hissə müdirləri onun yanına gəlib, məsləhətlər alırdılar.
Artıq 1988-ci ildə SSRİ çalxalanmağa başlamışdı. İttifaq ölklərində böyük mitinqlər keçirilir və üzdə olan siyasətçilər, dövlət xadimləri SSRİ-ini çökdürmək, dağıtmaq istəyirdilər. Bunun qarşısını almaq istəyən SSRİ rəhbərləri məcbur olub, adamların təkliflərini qəbul eləyirdilər. Bu təkliflərdən də biri bu idi ki, rəhbərlər seçki ilə seçilsin. Beləliklə, kollektivlər ən yaxşı işçilərini rəhbər vəzifələrinə irəli çəkirdilər. Bu iş teatrlarda da uğurla həyata keçirilirdi. Belə ki, həmin vaxtı mən də artıq 1986-cı ildən kollektivin istəyi və təkidilə Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru vəzifələrinə seçilmişdim. 1988-ci ildə Kamal Əzizov da səs çoxluğu ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru seçildi.
Həmin illər doğrudan da çox çətin illər idi. Artıq xaos dövrü başlamışdı. Rəhbərlərin cavabdehliyi, təşkilatçılığı daha çox artmışdı. Çox adam rəhbər vəzifədə işləmək istəmirdi. Bu işdə yalnız özünə, savadına, bacarığına və təşkilatçılığına güvənən, inanan adamlar işləyirdi. Kamal Əzizov da özünə güvənirdi, inanırdı. Həmin vaxtı Milli Gənc Tamaşaçılar Teatrında iki truppa vardı. Azərbaycan və rus truppaları. Bu da əslində iki teatr demək idi. Deməli, Kamal Əzizovun işi daha çox idi. O, az bir vaxtda teatr kollektivində böyük dönüş yaratdı. Teatrda olan xaosu az bir vaxtda aradan götürdü. Teatr yenidən özünün əvvəlki şöhrətini geri qaytarmağa başladı. Bu iş azmış kimi, Qarabağ müharibəsi başladığına və Qərbi Azərbaycandakı soydaşlarımızın erməni gavurları tərəfindən qovulması ilə, oradakı həmvətənlərimiz də Bakıya və başqa bölgələrimizə pənah gətirməyə başladılar. Həmin vaxtı İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi də Azərbaycana pənah gətirdi. Kamal Əzizov qucağını bu kollektivə açdı. Kamal müəllim bu teatrı rəhbərlik etdiyi Milli Gənc Tamaşaçılar Teatrında yerləşdirdi. Burada onlarçün hər cürə şərait yaratdı. Həmin vaxtı məmləkətimizdə özəl teatrlar da yaranmağa başladı. Sevimli aktyorumuz, Xalq artisti İlham Namik Kamal “İlham” Miniətür Teatrını yaratdı. Amma teatrın məskunlaşması üçün yerləri yox idi. Həmin vaxtı İlham Namik Kamal, Kamal Əzizova müraciət etdi. Kamal müəllim yeniliyi sevdiyinə görə bu kollektivi də öz teatrında yerləşdirdi. Bu azmış kimi artıq Şuşa da işğal olunduğuna görə Şüşa Dövlət Musiqili-Dram Teatrı da Bakıya gəldi. Kamal müəllim öz qucağını bu teatra da açdı. Onları da teatrda yerləşdirdi. Həmin vaxtı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Bəxtiyar Xanızadə respublikamızda ilk dəfə olaraq, Pantamim Teatrı açmaq istəyirdi. Bəxtiyar müəllimin tələbəsi Nicat Kazımov onu Kamal müəllimin yanına gətirdi. Kamal Əzizov və Bəxtiyar Xanızadə demək olar ki, bir saat söhbət etdilər. Bəxtiyar Xanızadənin orijinal fikirləri Kamal Əzizovu çox maraqlandırdığına görə ona təklif etdi ki, “gəl bizim teatrda Pantamim Teatr-Studiyası yaradaq və sən də ona rəhbərlik elə”.
Bu fikir, Bəxtiyar Xanızadənin ürəyincə oldu və beləliklə, bu teatrın nəzdində Pantamim Teatr-Studiyası yaratdı.
Artıq Kamal Əzizovun rəhbər kimi işləri həddindən artıq çoxaldı. Öz teatrının iki truppası ( Azərbaycan, rus truppası), İrəvan Dövlət Dram Teatrı, “İlham” Miniətür Teatrı, Şuşa Dövlət Musiqili-Dram Teatrı və Pantamim Teatr Studiyası. Altı teatr bir binada işləməyə başladı. Məhz Kamal Əzizovun rəhbərliyi, mehribanlığı, obyektivliyi sayəsində hamısı birlikdə doğma kollektiv oldular və bütün işlərində bir-birinə köməklik etdilər. Hətta bu teatrların aktyorları bir-birinin tamaşalarında da rollar oynadılar.
Beləliklə, Kamal Əzizov 2006-cı ilə kimi çox böyük uğurla bu vəzifədə işlədi. Düz on səkkiz il. On səkkiz il bir teatrda bu vəzifədə işləyən yeganə teatr direktoru olub Kamal Əzizov. O, işlədiyi dövrdə bütün respublika teatr mədəniyyətinə, incəsənətinə sübut elədi ki, həqiqətən də teatr direktorluğu üçün doğulmuşdu. Əsl teatr direktoru olmaq və hamı tərəfindən sevilmək isə həqiqətən də çox çətin işdir.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında bu gün də Kamal Həbib oğlu Əzizovun yeri görünür. Onu tanıyan insanlar xoş xatirələrlə ya edirlər. Mən onlardan bir neçəsisinin fikirləri ilə də sizi tanış etmək istəyirəm əziz oxucular. Çünki onların dediyi və heç yerdə yazılmayan fikirləri də sizinçün maraqlı olacaq.
Əməkdar artist, aktor-rejissor, Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımovun dediklərindən:
-Nicat bəy siz verdiyiniz müsahibələrdə tez-tez deyirsiniz ki, mənim Milli Gənc Tamaşaçılar Teatrında belə bir uğurlar qazanmağımın ilk səbəkarlarından biri teatrın keçmiş direktoru rəhmətlik Kamal Əzizov olub. Necə olub ki, Kamal müəllim sizin həyatınızda bu rolu oynayıb?
-Ağalar müəllim, mən birinci sizə təşəkkür eləyirəm ki, Kamal müəllimi yad eləyib və onun həyatını yazılı formada tarixə köçürürsünüz. Ulular deyir ki, “yazılan qalır”. Deməli, Kamal müəllimin də həyatının heç olmasa qısa anları məhz sizin yazınızla tarixdə qalacaq. Buna görə çox sağ olun.
Allah Kamal müəllimə qəni-qəni rəhmət eləsin. O, mənimçün ən əziz və doğma insan idi. İlk öncə vurğulayım ki, məni teatra Kamal müəllim işə götürüb. O vaxtı, yəni 1991-ci ildə mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsinin birinci kursunda oxuyurdum. Və Kamal müəllim məni dəvət elətdirdi bu teatra. Mənimlə birlikdə bir neçə gənci də dəvət elətdirdi. Bunlardan- Əməkdar artist olan Elşən Rüstəmov, indi Xalq artisti olan Pərviz Məmmədrzayev, Leyla Əfəndiyeva, Samirə Qulamova və Eyvaz İbrahimov. Beləliklə, biz eyni vaxtda teatra işləməyə gəldik. Və o dövrdə teatrda işləyən bəzi yaşlı, təcrübəli adamlar fikirləşirdi ki, Kamal müəllim onları sevmir. Yalnız cavanlara üstünlük verir. Amma Kamal müəllimdə belə bir xüsusiyyət vardı. Əsl həqiqəti adamın üzünə deməyi bacarırdı. Yəni heç kimdən çəkinmədən ağa- ağ, qaraya-qara deyirdi. Bununla da o, rəhbər kimi balansı qoruyub saxlaya bilirdi. Yəni heç kim özündən müşdəbeh olub teatrda ağalıq eləyə bilmirdi. Çünki o, bu teatrda böyük məktəb keçmişdi və Azərbaycanın ən məşhur karifeyləri olan aktyorlarla, aktrisalarla, rejissorlara bir yerdə işləyib və onlardan lazım olan dərsi almışdı. Belə ki, özü aktyor, teatrşünas olmasa da, hər bir tamaşanı yüksək səviyyədə təhlil eləməyi, rejissorun bu tamaşanı necə hazırlamasını, aktyorların bu tamaşada necə oynadığını və bütövlükdə bütün yaradıcı-tezniki heyyətin işini peşəkar səviyyədə təhlil eləməyi bacarırdı. Çünki özü ali təhsilli mədəniyyət işçisi və kütləvi tamaşalar rejissoru idi.
- Söhbət peşəkarlıqdan düşdüsə, bu gün təkcə Azərbaycanda yox, artıq bir sıra ölklərdə də tanınan Dövlət Pantamim Teatrının da yaranmasının səbəkarı deyirlər ki, məhz Kamal Əzizov olub. Elədirmi?
- Bəli, elədir. Bunu ola bilər ki, kimlərsə bilmir, amma mən bilirəm və deyirəm. İstəyirəm ki, tarixdə də yazılı formada qalsın. Çünki mən bir neçə il idi ki, teatrda işləyirdim və əmək haqqı alırdım. Amma tamaşalarda oynamırdım. Yalnız iki tamaşanın məşqlərinə gəlib-gedirdim. Bir gün məni Kamal müəllim öz kabinetinə çağırtdırdı və rəhmətlik, teatrımızın quruluşçu rejissoru Vaqif Əsədov da orada idi. O, məndən soruşdu:
-Ay bala, məgər sən bu teatrda işləmirsən?
-İşləyirəm.
-Bəs niyə tamaşalarda oynamırsan?
- Hansı tamaşalarda?
-... filankəslər sənə rol vermək istəyir, amma sən imtina eləyirsən.
-Mən o filankəsləri rejissor saymıram,- deyə Nicat bəy gülümsündü, bir an susdu və sonra söhbətinə davam elədi. Əslində həmin vaxtı mən, bir az “yekəbaşlıq” elədim. Çünki hələ uşaq idim və ali məktəbdə oxuyurdum. Bilirsiniz ki, ali məktəbə qəbul olunan aktyorların, rejissorların demək olar ki, hamısı elə fikirləşir ki, onlardan böyük sənətkar yoxdur. Bütün alçaq dağları məhz onlar yaradıb. Amma teatra gəlib işləyəndə görürlər ki, belə deyil. Mənim də beynimdə hələ ki, tələbəlik havası vardı. Onu da vurğulayım ki, Kamal müəllim çox ağır xasiyyətli bir insan idi. Belə sözləri ona demək olmazdı. Yəqin ki, həmin gün əhvalı yaxı idi ki, məni kabinetindən qovmadı. (Hər ikimiz güldük. Və Nicab bəy sözünə davam elədi.) O, mənim sözümdən sonra gülümsündü və dedi:
-Bəs səninçün rejissor kimdi?
-Mənimçün rejissor Bəxtiyar Xanızadədir.
-O, kimdi?
-Universitetdə bizim müəllimimizdi.
Həmin vaxtı Kamal müəllim mənə baxdı, bir qədər susdu və dedi:
-Gətir onu mənim yanıma.
-Baş üstə. Sabah deyərəm və gəlib sizinlə görüşər. Beləliklə, mən elə həmin gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gedib, Bəxtiyar müəllimə yaxınlaşıb, Kamal müəllimlə olan söhbəti ona dedim. Səhəri gün Bəxtiyar müəllim teatra, Kamal müəllimin yanına gəldi. Vaqif Əsədov və mən də orada idik. Onlar çox söhbət etdilər. Bəxtiyar müəllimin Azərbaycan teatrı üçün yeni, orijinal fikirləri Kamal müəllimi çox maraqlandırdı və sonda o, dedi:
-Lap yaxşı. Mən sizə şans verirəm. Və beşinci mərtədə olan məşq otağını da sizə verirəm. Görüm nə edəcəksiz.
Biz, Bəxtiyar müəllimin tələbələri orada məşqlərə başladıq.Təxminən bir ay yarımdan sonra Beynəlxalq Pantamim festivalı oldu Azərbaycanda. Elə bu Milli Gənc Tamaşaçılar Teatrının binasında. Həmin vaxtı Mədəniyyət nazir Polad Bülbüloğlu da tədbirdə iştirak edirdi. Bizim çıxışımız çox yaxşı qarşılandı və mükafata layiq yer tutduq. Elə həmin vaxtı da Mədəniyyət naziri Polad Bülübüloğlu əmr verdi. “Dəli yığıncağı” adlı Pantamim Teatr-Studiya yarandı bu Milli Gənc Tamaşaçılar Teatrının nəzdində. Və bu kollektivin də rəhbəri Bəxtiyar Xanızadı oldu. Bizim Teatr-Studiyaya da şatatlar verildi. O vaxta qədər mən Milli Gənc Tamaşaçılar Teatrında yardımçı heyyətdə idim və bundan sonra Pantamim Teatr-Studiyada yüksək kateqoriyaya keçdim. Əlbəttə, burada Kamal müəllimin çox böyük köməkliyi və zəhməti oldu. Bunu danmaq olmaz. Çünki həmin yüksək kateqoriyanı məhz o, bizə verdirmişdi.
Kamal müəllimlə biz dəfələrlə qastrol səfərlərində olmuşuq. Çünki teatr qastrollara gedəndə, Kamal müəllim özü də gedirdi. Sonra elə oldu ki, mən Pantamim Teatr-Studiyanadan çıxdım və yenidən Milli Gənc Tamaşaçılar Teatrına qayıtmaq istədim. Fikirmi ona bildirdim və o, dedi:
-Yeni ildən sonra gəl, səni teatra işə götürəcəm.
Yeni ildən sonra gəldim onun kabinetinə və o, mənə dedi:
-Səni işə götürmürəm.
-Niyə götürmürsüz?
-Çünki “bezdarnısan”. ( Yenə hər ikimiz ucadan güldük.)
-Axı mən necə “bezdarnıyam” ki, Pantamim Teatr-Studiyada ən aparıcı və baş rolları mən oynamışam.
Elə həmin vaxtı bilmirəm haradansa beynimə belə bir fikir gəldi və həmin fikiri dedim:
-Onda mənə icazə verin burada bir tamaşa hazırlayım. Xoşunuza gəlsə həm tamaşanı qəbul eləyərsiniz və həm də məni işə götürərsiniz. Açığı o, yəqin ki, məndən belə bir fikir, təklif gözləmirdi və mənə diqqətlə baxıb dedi:
-Bir həftə vaxt verirəm. Hansı əsəri istəyirsənsə götür və hansı aktyorları istəyirsənsə seç və qoy həmin tamaşada oynasınlar.
Əlbəttə, başa düşdüm ki, o, məni işə götürməmək üçün belə deyir. Mən də özümə inandığıma görə dedim:
-Lap yaxşı.
Mən həmin vaxtı tanıdığım və mənə inanan aktyorlara və aktrisalara rollar verdim və demək olar ki, bütün günü məşqlər elədik. Beş gündən sonra Kamal müəllimin yanına gedib dedim:
-Mənim tamaşam hazırdır. Gəlib baxa bilərsiniz.
-Hansı tamaşa idi,- deyə məndən soruşdu.
-“Tık-tık və tuk-tuk”.
-Hansı ki, bu gün də teatrın reperturaında olan tamaşa,- deyə mən soruşdum.
-Bəli. Həmin tamaşa. Mən bu tamaşanı 1996-cı ildə hazırlamışam və bu gün də repertuardadır. Maraqla oynanılır. Və Tamaşaçılar da maraqla baxırlar. Həmin vaxtı Kamal müəllim, teatrın baş rejissoru olan Xalq artisti, rəhmətlik Ağakişi Kazımovla gəlib tamaşaya baxdılar. Həmin tamaşada paltarları da mən özüm tikmişdim. Rekvizitləri də özüm hazırlamışdım. Musiqiləri də özüm seçmişdim. Aktyorlar da yaxşı məşq etmişdim və hamısı çox yaxşı oynayırdılar. Tamaşadan sonra Kamal müəllim Ağakişi müəllimə baxıb dedi:
-Ağakişi müəllim, tamaşa belə olar.
Elə bu sözlərdən sonra məni işə götürdü. Üstündən üç ay keçəndən sonra mənə dedilər ki, Kamal müəllim səni çağırır. Qalxdım kabinetinə. Və mənə dedi:
-Götür təzə tamaşa hazırla.
Beləliklə, mən başladım bu teatrda tamaşalar hazırlamağa. Tamaşaları hazırladıqca, bu tamaşalar xoşuna gəlirdi və məni yanına çağırıb deyirdi:
-Götür yeni tamaşa hazırla.
O vaxtlar mən hələ aktyor şatatında idim və aktyor kimi rollar oynayırdım. Tamaşalar hazırladıqca da əsas işim aktyorların peşəkar oynamasına fikir vermək idi. Hələ ki, məndə rejissor dəsti-xətti az idi. Və artıq yeni tamaşalar hazırladıqca, başladım rejissor kimi tamaşaları daha dərindən düşünüb, hazırlamağa. Açığı deyim ki, mən heç vaxt rejissor olmaq istəməmişəm. Mən aktyorluğu çox qiymətləndirirdim və çox sevirdim. Və beləliklə, məndə rejissorluğa maraq çox artdı və başladım rejissor sənətini sevməyə. Kamal müəllim heç kimi üzə tərifləməyi sevmirdi. Çox təsədaüf hallarda kimisə üzünə tərifləyirdi. Amma mən eşidəndə ki, o, belə sözlər deyib: “Kim deyir ki, indiki zamanda böyük sənətkarlar doğulmur? Bizim gözümüzün qarşısında yaradıcılığa başlayan Nicat, məgər böyük sənətkar deyilmi? Mən, onun gələcəyinə çox inanıram”.
Əlbəttə, bu sözlər onun mənim haqqında dediyi ola bilər ki, çox şişirdilmiş sözlər idi. Amma mənə yeni-yeni uğurlu işlər görməyə böyük qol-qanad verirdi. Çünki yaradıcı insanları “baltalamaq” olmaz. Onlara qol-qanad verməkçün belə xoş sözlər demək lazımdır ki, onlar püxtələşsinlər və özlərinə inamları artsın. Belə sözləri də məhz Kamal müəllim kimi kindən, küdurətdən, paxıllıqdan uzaq olan müdrik insanlar deyə bilər. O, hətta elə aktyorlar vardı ki, xasiyyətinə görə onları sevmirdi. Amma yaxşı rollar oynayanda tərifləyirdi və onların uğuruna bir uşaq məsumluğu ilə sevinirdi.
Onun obyektivliyi haqqında bu sözləri də demək istəyirəm. Bax, bu teatrda dəvət olunmuş və tamaşa hazırlayan bir rejissorla mənim böyük bir mübahisəm olub. Kamal müəllim mənim düz olduğumu görüb və məni müdafiə elədi. Amma mən, elə fikirləşirdim ki, rejissoru müdafiə eləyəcək. Əslində isə elə olmadı və gördüm ki, məni sevir və əsl həqiqəti müdafiə eləyir.
2006-cı ildə Kamal müəllim 68 yaşında işdən çıxdı. Mən onu unutmadım. İmkan düşdükcə gedib onu evdə yoluxurdum. Teatrdan çıxması ona pis təsir eləmişdi və artıq yaddaşında problemlər yaranmışdı. Bilirsiniz ki, teatr işçisi vəzifəsindən asılı olmayaraq, teatrdan uzaqlaşandan sonra bu problemi lazım olan kimi həzm eləyə bilmir. Bunu özünə böyük dərd eləyir. Bilirsiniz ki, teatr işçiləri bir növ böyük hissiyatı olan balıq kimidir. Balıq dənizdən çıxanda yaşaya bilmədiyi kimi əsl teatr işçisi, hansı ki, ömrünü bu işə sərf eləyib, teatrdan çıxandan sonra yaşaya bilmir...
Bir dəfə ölümündən bir neçə müddət əvvəl onlara getmişdim. Deyirdilər ki, yaddaşında problemlər çoxalıb. Məni görən kimi yerindən durub oturdu və biz maraqlı söhbət elədik. Həyat yoldaşı, bizim teatrın aktrisası, Xalq artisti Solmaz Qurbanova belə dedi:
-Nicat, Kamal müəllim yanına gələnlərin heç birini tanımır. Amma səni görən kimi tanıdı və durub oturub, səninlə söhbət eləyir.
Mən sizə bir vacib məsələni də vurğlulayaraq demək istəyirəm.
Kamal Əzizov, Milli Gənc Tamaşaçılar Teatrına çox çətin dövrlərdə rəhbərlik eləyib. Bilirsiniz ki, 1988-ci illərdən başlayaraq, SSRİ-də böyük xaos dövrü başlamışdı. Böyük anarxiya, hərc-mərclik dövrü idi. Həmin vaxtı insanları teatrdan daha çox çörək, ailəsini dolandırmaq, bu çətin illərdən keçirtmək maraqlandırırdı. Çünki siz özünüz də həmin vaxtı Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik eləyirdiniz. Mən həmin vaxtı Hacı Zeynalabin Tağıyev qəsəbəsində yaşadığıma görə Sumqayıt teatrına gəlib-gedirdim. Kamal müəllim də var qüvvəsini sərf edirdi ki, teatrın kollektivinə lazım olan bütün şəraitləri yaratsın ki, onlar həm ailələrini yaxşı dolandıra bilsinlər və həm də yaxşı rollar oynasınlar. Özü də həmin vaxtı bizim teatrda təkcə iki truppa-azərbaycan və rus bölmələri və üstəgəl də Pantamim Teatr-Studiyası da bu teatrın nəzdində idi. Əlavə də İrəvan Dövlər Dram Teatrı, Şuşa Dövlət Musiqili-Dram Teatrı və İlham Namik Kamalın yaratdığı “İlham” Miniətür Teatrı da burada yerləşirdi. Deməli, Kamal müəllim bu teatrların hamısına şərait yaratmalı idi ki, onlar da dağılmasın və maraqla öz işərini görsünlər. Görürsünüzmü Kamal müəllim nə qədər böyük işin, böyük yükün altına öz çiynini vermişdi və bu işi məharətlə bacarırdı. Həm də bütün bu kollektivlər məhz Kamal müəllimin sayəsində mehriban bir kollektiv idi. Hamı da bir-birinə maraqla, həvəslə köməklik edirdi. Hələ bundan əlavə mənim kimi cavanlara da şərait yaratmaq rəhbərdən çox böyük məharət, səbr, inam tələb edirdi. Axı 1990-cı illərdə bütün yaradıcı rəhbərlər belə düşünə bilmirdi. Yalnız yeniliyə açıq olan teatr rəhbərləri belə düşünə bilirdi. Deməli, Kamal müəllim yeniliyə açıq olan bir-iki teatr rəhbərlərindən biri idi. O, təkcə bizim teatra yox, ümumilikdə Azərbaycan teatrının xəttini dəyişməyə belə açıq olan yenilikci insan idi. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi kimi o, bu işi başqa teatrlar üçün də maraqla görürdü. Onlara da lazım olan bütün köməklikləri edirdi. Həmin teatrları da müasirliyə doğru aparan məhz Kamal Əzizov oldu.
-Nicat bəy. Bu insan təkcə öz teatrı üçün yox, başqa teatrlar üçün bu qədər işlər görürdü. Bəs niyə onu 68 yaşında təqaüdə göndərdilər? Axı o, qalıb işləyə bilərdi və daha çox işlər görə bilərdi. Çünki bu sahədə təcrübəsi çox idi.
-Mən onu deyə bilmərəm. Çünki bilmirəm ki, niyə bu haqsızlıq oldu. Niyə o vaxtı onu təqaüdə göndərdilər. Daha doğrusu Mədəniyyət Nazirliyindən məcbur elədilər ki, ərizə yazıb, təqaüdə getsin. Açığı həmin vaxtı onun görmə qabiliyyətində bir az problem yaranmışdı. Amma mən fikirləşirəm nə yaxşı ki, elə həmin vaxtı təqaüdə getdi və bizim də yaddaşımızda həmin məğrur, əzəmətli, ağ saçlarını səliqə ilə geri darayan, nurani sifətli, əsl kişi obrazında olan insan kimi qaldı. Əldən düşmüş qoca obrazında yox. Və müsahibəmizin belə maraqlı yerində bu sözləri də demək istəyirəm : “Keçmişini unutmaq, keçmişinə xor baxmaq, haqqı danmaq olmaz. Əgər mən bunları dansam, sabah məni də dana bilərlər”. Nə yaxşı ki, mən belə insanları tanımışam. Həmin vaxtı mən bu teatra işləməyə gələndə Süleyman Ələsgərovla, Firəngiz xanım Şərifova ilə, Xuraman xanım Hacıyava ilə, Mübariz Əlixanoğlu ilə, Azər Mirzəyevlə, Gülşən xanım Qurbanova ilə, Kubra xanım Dadaşova ilə və başqaları ilə bir səhnədə oynamışam. Allah dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin. Və onların hər birindən nə isə öyrənmişəm. Kamal müəllimin özündən də çox şey öyrənmişəm. Həmin vaxtı altı teatr bir binada idi və teatr çox sürətlə işləyirdi. Böyük səhnədə və məşq otaqlarında yer olmurdu və biz dəhlizdə məşqlər edirdik. Rekviziləri yeri gələndə özümüz düzəldirdik. Dekorasiyanı düzəldələnlərə, paltarları tikənlərə özümüz köməklik edirdik. Kamal müəllim də bütün bu yeniliklərə böyük həvslə şərait yaradırdı və yeri gələndə özü də bu işlərdə bizə köməklik edirdi. Çünki o, bədii hissə işini çox mükəmməl bilirdi və bizə yaxşı məsləhətlər verirdi. Bütün bu işlərə də açıq olmaq, hər teatr rəhbərinin işi deyil. Bunu yalnız əsl teatr rəhbəri olan və bu iş üçün doğulan insan bacarır.
-Çox sağ olun Nicab bəy. Çox sağ olun ki, sizə olan yaxşılığı unutmayıbsız və bütün bu dediyiniz fikirlər də hamısı yazıya köçdü.
-Əslində siz sağ olun Ağalar müəllim. Çünki bütün bunları məhz siz yazıya köçürtdünüz. Bu yazı ilə də Kamal müəllim tarixdə yaşayacaq və ona artıq sözdən əbədi heykəl yapılacaq.
Teatrın truppa müdiri, xətrini çox istədiyim, obyektivliyinə heyran olduğum, hamı ilə çox asanlıqla dil tapan Ələsgər Muradxanlı ilə də görüşüb, Kamal müəllim haqqında fikirlərini öyrənmək istəyirdim. Çünki onunla Kamal Əzizovla bağlı çoxlu söhbətimiz olmuşdu. Məhz buna görə də Ələsgər bəylə görüşdüm.
Milli Gənc Tamaşaçılar Teatrının truppa müdiri, “Tərəqqi” medallı Ələsgər Muradxanlının dedikərindən:
-Ələsgər bəy, siz təxminən on səkkiz il Kamal Əzizovla bir yerdə işləmisiniz. Belə ki, teatra ilk gəlişiniz məhz onun dövründə olub. Sizi teatra işə götürən də məhz Kamal müəllim olub. Onunla bağlı yaddaşınızda nələr qalıb?
-1993-cü ildə mən bu teatra işləməyə gəlmişəm. Bəli. Məni teatra Kamal Əzizov götürüb. 2006-cı ilə kimi də mən onun rəhbərliyi altında işləmişəm. Mən işə qəbul olunan vaxtı o, artıq Əməkdar mədəniyyət işçisi idi. Həm də respublikada ən yaxşı teatr direktorlarından biri kimi tanınırdı. Sözü təkcə Mədəniyyət Nazirliyində yox, dövlət səviyyəsində yüksək tutulurdu. O, uzun illər truppa müdiri, ədəbi hissə müdiri, direktor müaini və direktor işlədiyinə görə teatrın bütün incəliklərini bilirdi və teatrda heç kim onu aldada bilməzdi. Seçki ilə direktor təyin olunduğuna görə kollektiv də onu çox sevirdi. O, həddindən artıq səbrli, təmkinli və yüksək təşkilatçı insan idi. Həm də öz işinə çox ciddi yanaşırdı. Elə bil ki, direktorluq üçün doğulmuşdu. Çünki mən teatr direktorlarının çoxunu tanıdığıma görə bu sözü qətiyyətlə deyirəm. Mən, onunla işlədiyim on üç-on dörd ildə görmədim ki, bir dəfə olsun belə işə gəlməsin. Həmişə səhər tezdən gəlirdi və hamıdan da sonra gedirdi. Hətta istirahət günləri belə işdə olurdu. O vaxtlar mən teatrda ilk addımlarımı atan vaxtı Kamal müəllim mənə öz işimdə çox köməklik edirdi. Cədvəli necə tutmaq lazımdı. Aktyorlarla necə davranmaq lazımdı. Necə nizam-intizamlı olmaq lazımdı. Bütün bunların hamısını mən ondan öyrənmişəm. Allah ona qəni-qəni rəhmət eləsin.
-O, teatr kollektivinə, burada işləyənlərə qarşı bir rəhbər kimi necə idi? Ona müraciət edənlərə köməklik edirdimi?
-Əlbəttə, edirdi. Çünki özü fəhləlikdən direktor vəzifəsinə yüksəldiyinə görə hamının bütün problemlərini bilirdi. Ona müraciət edən hər bir işçiyə əlindən gələn bütün köməklikləri edirdi. Heç kim onun kabinetindən naümid qayıtmırdı. O, teatr kollektivinin hamısının xeyrində, şərində başda olurdu.
-O vaxtlar çox ağır və xaos dövrü idi. Qastrollar təşkil etmək belə çətin idi. Bəs bu kollektivi o, necə dolandırırdı?
-Kamal müəllimin respublikada hörməti böyük olduğuna görə rayon rəhbərləri də onu yaxşı tanıyırdı. Amma o, bilirdi ki, rayon camaatının da vəziyyəti ağırdır. Ona görə də qastrollara çox az gedirdik. Kamal müəllim tamaşaları əsasən Bakıda təşkil edirdi. Bir də yadımdadır ki, həmin vaxtı siz də Sumqayıt Musiqili-Dram Teatrının rəhbəri idiniz. Və Kamal müəllimlə müqavilə bağlamışdınız. Biz tamaşalarımızı Sumqayıtda oynayanda orada bizim tamaşaları siz təşkil edirdiniz. Sizin tamaşaları da Bakıda Kamal müəllim təşkil edirdi. Həmin vaxtı əmək haqqları da çox aşağı idi. Kamal müəllim haradansa pul tapıb, işçilərə əlavə əmək haqqı da verirdi. Özü də həmin vaxtı burada altı kollektiv vardı. Təkcə bizim Azərbaycan bölməsində 64 nəfər aktyor, rus bölməsində isə 30 nəfər aktyor vardı. Deməli, teatrımızda 94 nəfərlik aktyor truppası vardı. Bizim aktyorlar bu binada yerləşən başqa teatrların da tamaşalarında oynayıb, əlavə əmək haqqı alırdılar. Həmin teatrların kollektivi də bizim teatrın tamaşalarında oynayıb, əlavə əmək haqqı alırdılar. Bütün bunları da Kamal müəllim təşkil və rəhbərlik edirdi. Yəni bütün bunlar onun rəhbərliyi ilə olurdu.
Mən bir şeyi də vurğulamaq istəyirəm ki, kiminsə yaxın adamı vəfat edəndə ilk başda Kamal müəllim özü olurdu. Və həmin adama lazım olan bütün köməklikləri eləyirdi. Hətta çiynini tabutun ( mafanın) arxasına verirdi və bununla da ölü yiyəsinə bir təskinlik olurdu ki, onun işlədiyi teatrın direktoru dərdinə belə şərik olur. Kamal müəllimin bütün bu yaxşı cəhətləri burada işləyən hər adama sözün əsl mənasında bir mənəviyyat məktəbi idi. Məhz ona görə də Kamal Əzizovla işləyənlərin heç biri onu yaddan çıxara bilmir. Axı belə insanı, belə rəhbəri necə yaddan çıxarmaq olar?
Milli Gənc Tamaşaçılar Teatrında bədii işlər üzrə müdir Zəmilə xanımı kollektivdə özünün bacarığına, yüksək təşkilatçılığına və insanlarla mehriban münasibətinə görə hamı sevir. O, isə söz düşəndə deyir ki, “mənim müəllimim Kamal Əzizov olub. Mən bu işləri ondan öyrənmişəm”. Ona görə Kamal müəllimlə bağlı onun da fikirlərini öyrənmək istədim.
Milli Gənc Tamaşaçılar Teatrının bədii işlər üzrə müdiri Zəmilə xanım Elbirin dediklərindən:
-Zəmilə xanım, siz həmişə söhbətlərimizdə deyirsiniz ki, sizin bu teatr aləmində böyük uğur qazanmağınızda və bu gün respublikada ən yaxşı bədii quruluş hissə müdirlərindən biri olmağınızda Kamal Əzizovun əvəzsiz köməklikləri olub. Bu haqda nə deyə bilərsiniz?
-Mən ilk öncə onu vurğulayım ki, Kamal müəllim teatrın fanatı idi. Onun bütövlükdə həyatı və taleyi teatr idi. Mən bu teatra ilk dəfə rejissor koməkçisi kimi işləməyə gəlmişəm. Belə ki, mən teatra işləməyə gələndə Kamal müəllim artıq teatrın əsl sütunlarından biri idi. Teatrın direktoru işləyirdi. Bəli. Onu düz deyirsiniz ki, bu işi o, mənə öyrədib. Çünki əvvəllər bu vəzifə onun əsas işi olub. Kamal müəllim haqqında dünyada nə qədər yaxşı sözlər varsa hamısını ona şamil etmək olar. Əsl və qayğıkeş teatr işçisi, rəhbəri olub. Bu teatra o, ömrünün əlli ilini sərf eləyib. Belə ki, 1956-cı ildə bura işləməyə gəlib və 2006-cı ildə bu teatrdan təqaüdə gedib. Bir teatrda əlli il işləmək mənə elə gəlir ki, Azərbaycan teatr aləmində məhz ona məxsusdur. Onun belə bir maraqlı sözü vardı və həmişə də onu deyirdi: “Teatrı sevən adam bütün çətinliklərə baxmayaraq teatrda qalıb işləməlidir. Çünki teatr, onun tale yazısıdır”. Kamal müəllim də bizə arxa-dayaq durduğuna görə biz də həmin çətinliklərə sinə gərdik və bu teatrda qalıb işlədik. İndi teatrın texniki heyyətində nə qədər qabaqcıl işçilər var və hansılar ki, Azərbaycan teatr sferasında tanınırlar, hamısı Kamal müəllimin yetirmələridir. Və onların teatrda qalıb işləməsinin də əsas səbəbkarı məhz Kamal Əzizov olub. Və onlara həmişə arxa-dayaq olub ki, onlar teatrdan çıxıb getməsinlər. Yəni bu çətinliklərə sinə gərsinlər və teatrda qalıb işləsinlər. Və onlar indi də teatr sahəsində çalışırlar. Onlardan biri də mənəm. Mən bura gələn gündən yaşlı nəsildən eşidirdim ki, Kamal müəllim öz canını bu teatra fəda eləyir. İstər texniki, istər də yaradıcı sahədə. Özü həmişə danışırdı ki, keçmiş Sovetlər məkanının elə bir respublikası və aparıcı şəhərləri olmayıb ki, orada qastrolda olmasınlar. Yəni teatrla qastrol səfərlərinə o da gedib. Kollektivləri aparıb. Özü də indiki şəkildə yox, həmin vaxtı vaqonlarla dekorasiyalar aparırdılar və bəzən bir aydan çox qastrolda olurdular. Həmin vaxtı mədəniyyətlə bağlı da dekadalar olurdu. Həmin dekadalarda da Azərbaycan kollektivlərilə bədii quruluş hissə müdiri kimi məhz o, gedirdi. Yəni Mədəniyyət Nazirliyi bütün bu işləri ona tapşırmışdı. Həm də həmin vaxtlar Sovetlər Birliyində olan respublikalar Azərbaycana qastrola gələndə, o tədbirlər indiki Heydər Əliyev Sarayında keçirilirdi və orada da bütün bədii quruluş işlərinə, səhnə tərtibatına rəhbərliyi məhz Kamal müəllim edirdi. Həmin vaxtı da Mədəniyyət naziri böyük ziyalı, rəhmətlik Zakir Bağırov idi. O, Kamal müəllimə çox inanırmış və məhz ona görə də bütün bu işləri ona tapşırırmış.
Mən bu işə təyin olunanda ilk günlər çox həyəcan keçirirdim. O, mənə təskinlik verib deyirdi: “Burada qorxulu heç nə yoxdur. Birincisi sən bu işi sevməlisən. İkinci özünə qarşı çox cavabdeh olmalısan. Və üçüncü də böyük səbrlə bütün həyatını bu işə verməlisən. Mən, sənə çox inanıram və bilirəm ki, sən bu çətin işlərin öhdəsindən gələcəksən”. Doğrudan da ilk illərdə çox böyük problemlərlə qarşılaşırdım. Əsasən də eskizlərdə, dekorasiyaların, əlbəsələrin düzəldilməsində. Tamaşaya lazım olan kastyumların tikilməsində. Həmin vaxtı Kamal müəllimə zəng vurub, xahiş edirdim ki, tikiş sexinə, emalatxanaya, işıq sexinə gəlsin və bu problemləri həll etməkçün mənə məsləhətlər versin. Baxmayaraq ki, direktor kimi onun işləri çox olurdu və elə həmin dəqiqə dediyim sexlərə gəlib, səbrlə hər şeyi yerindəcə həll edirdi və həmin yerdə işləyən işçilərə də, mənə də səbrlə, ətraflı hər şeyi başa salırdı. Amma artıq indi elə şey yoxdur. Mən bütün işləri yaxşı bildiyimdən Kamal müəllimdən sonra işləyən direktorlara- Mübariz Həmidova və ondan sonra işləyən çox yaxşı təşkilatçı və mədəni insan, işçilərə işinə görə yaxşı qiymət verən Naidə xanım İsmayılzadəyə heç nə demirəm və özüm hər şeyi yerindəcə quruluşçu rejissorla, quruluşçu rəssamla birlikdə həll edirik. Yəni direktora heç bir ehtiyacımız qalmır. Hətta rejissorla, rəssamla fikir ayrılığımız olanda da səbrlə hər şeyi həll edib və orta məxrəcə gəlmişik. Və bundan sonra direktorun yanına gedirik. Bax, bütün bunlara görə də mən, Kamal müəllimə borcluyam.
Siz özünüz uzun illər teatrlara rəhbərlik edibsiniz və yaxşı bilirsiniz ki, bədii quruluş işi çox böyük və hərtərəfli sahədir. Çünki bütün texniki və yaradıcı heyyət bədii quruluş hissə müdiri ilə işləyir. Eləcə də teatrda ayrı-ayrı peşələr var ki, hamısı bir yerdə birləşir və hamı tamaşaya, onun yaxşı olmasına xidmət edir. Ona görə də mən yeri gələndə rejissoram, yeri gələndə rəssamam, yeri gələndə dülgərəm, yeri gələndə butaforçu, dərzi, qrimçi, musiqiçi, işiqçıyam. Bax, bütün bu kompanentlərin hamısının öyrənilməsində və bütün bunların hamısından başımın çıxmasında mən yenə də məhz Kamal müəllimə borcluyam. O, həm yaxşı rəhbər, həm yaxşı insan və həm də teatr işçisi kimi yüksək peşəkar idi. Ən əsası isə əsl müdrik, xeyirxah şəxsiyyət idi.
-Kamal müəllimin kollektivə münasibət necə idi? Onun zamanında burada altı kolektiv vardı. Hamısının da əsas rəhbəri Kamal müəllim idi. Bir teatr kollektivinə rəhbərlik etmək çox çətin olduğu bir dövrdə bəs o, necə altı kollektivə rəhbərlik edirdi?
-Bəli, düz deyirsiz. Teatr çox çətin bir mexanizmdir. Ona rəhbərlik etmək də həddindən artıq çətindir. Təsəvvür eləyin ki, bizim gündəlik iş cədvəli dolu olurdu. Məşq otaqları, səhnə heç yarım saat belə boş qalmırdı. Deyim ki, teatr günün 24 saatı işləyirdi, buna inanın. Bütün bu işlərlə birlikdə Pantamim Teatr-Studiyasını da məhz o açıb. Yəni onun ideyası ilə bu teatr Bəxtiyar Xanızadənin rəhbərliyilə burada yaranıb. Bu gün Pantamim Dövlət Teatrı təkcə Azərbaycanda yox, dünyanın bir çox ölklərində məşhurdur. Həmin vaxtı Bakı Bələdiyyə teatrını Amaliya xanım Pənahova təzə yaratmışdı. Onların nə binası, nə də dekorasiyaları yox idi. Kamal Əzizov həmin vaxtı Azərbaycan Teatr Xadimləri İttifaında da katib idi. O, Bakı Bələdiyyə Teatrına da burada yer vermişdi. Onalar tamaşalarını mütəmadi bu teatrda oynayırdılar və bizim teatrın dekorasiyalarından, əlbəsələrindən, paltarlarından da istifadə eləyirdilər. Teatrın bütün texniki heyyəti də Kamal müəllimin sayəsində onalara yüksək səviyyədə xidmət eləyirdi.
Onu da vurğulayım ki, kimsə onun yanına hansısa maraqlı ideya ilə gəlirdisə, Kamal müəllim həmin adamı geri qaytarmırdı. Ona lazım olan bütün köməklikləri edirdi. Bir də Kamal müəllim ona qarşı pislik eləyənə pisliklə cavab vermirdi. Həmişə belə deyirdi: “Əgər mən də ona pislik etsəm, onda mənim ondan fərqim nə olacaq? O, pislik eləyibsə və mən də pisliklə ona cavab versəm, deməli, olacam həmin adamın tayı”. Bu da əsl kişiyə məxsus olan xarakterdir. Açığı Kamal müəllimin yaxşılıq elədiyi adamlardan ona qarşı dönük çıxanlar çox olub. Amma heç vaxt bunu onların üzünə vurmurdu. O, həddindən artıq gözütox insan idi. Və həddindən artıq sadə idi. Hətta kimsə hansısa problemlə onun kabinetinə girəndə, özü gedib çay süzüb gətirib onun qarşısına qoyurdu və onun problemini səbrlə dinləyib, yerindəcə həll eləyirdi. Yəni sözün həqiqi mənasında kollektivin atası idi. Mən şəxsən dəfələrlə bunun şahidi olmuşam. Bir məsələni də vurğulamaq istəyirəm. Dövlət ona xidməti maşın ayırmışdı. O, həmin maşınla yalnız teatrın işi üşün harasa gedəndə istifadə eləyirdi. Evdən işə özü piyada gəlirdi. Biz soruşanda ki, “Kamal müəllim niyə xidməti maşınınızdan istifadə eləmirsiniz?”.
Deyirdi:
-Mənim öz maşınım olub. Çox vaxt heç ondan da istifadə eləməmişəm. İndi də yaşadığım ev, teatrdan heç də uzaqda deyil. Niyə mən maşınla gedib-gəlməliyəm? Mənim atam Bakı şəhər partiya komitəsində aparıcı vəzifədə işləyirdi. Atam Həbib kişiyə də dövlət, xidməti maşın ayırmışdı. O, çox zaman həmin maşından istifadə eləmirdi. Hətta evə gəlib-gedəndə də həmin maşından istifadə eləmirdi. Həmin maşınla yalnız dövlət işləri olanda gedirdi. Hətta axşam evə gedəndə, mühafizədə olan işçilərin dəmlədiyi çaydan bir sətəkan işib, onların problemlərilə maraqlanıb, sonra gedirdi. Görürsünüzmü o, necə sadə insan olub. Mən də əgər onun oğluyamsa, belə də olmalıyam.
-Kamal müəllim, siz cavanlara teatrın keçmiş korifeylərindən danışırdımız?
-Əlbəttə. Məhərrəm Həşimov, Ulduz xanım Əliyeva-Rəbibəyli, Zəfər Nemətov və başqa rejissorlardan danışırdı. Onların quruluş verdiyi tamaşalar haqqında ürək dolusu sözlər deyirdi. Aktyorlardan- Əliağa Ağayev, Ağadadaş Qurbanov, Yusif Vəliyev, Məxfurə xanım Yermakova, Süleyman Ələsgərov, Firəngiz xanım Şərifova, Osman Hacıbəyov, Məmmədağa Dadaşov və onlarca başqa aktyorlardan, aktrisalardan böyük sevgi ilə söz açırdı. Elə bil bu söhbətlərilə bizdə teatra qarşı böyük sevgi və maraq yaradırdı. O, canlı bir xatirə idi. Hətta evi olmayan adamlara mənzil almalarında çox böyük köməklik eləyib. Kiminsə ailəsində hansısa ağır promlem olanda, həmin dəqiqə o adamın yanında olurdu və ona lazım olan bütün köməkikləri edirdi. Hətta qastrolda olanda belə kiminsə yaxın adamı vəfat eləyəndə, qastrolda öz işini başqa adamlara tapşırıb, gəlib həmin adamın burada olan problemini həll eləyib, sonra qastrol olan yerə qayıdırdı. Ona görə də kiminsə başına bir iş, hadisə gələndə, həmin dəqiqə Kamal Əzizova zəng eləyirdi və o da gəlib həll eləyirdi və gedirdi. Doğrudan da Kamal müəllim teatrda işləyən cavanların atası, yaşlıların qardaşı idi. Belə insanı siz bilən unutmaq olarmı? Əlbbəttə ki, yox. Siz də sağ olun ki, onun haqqında yazırsınız. Məşhur Amerika filosofu Henri Devid Toqonun yaxşılıqla bağlı belə bir maraqlı aforizmi var: “Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”. Bəli. Kamal Əzizovun da etdiyi yaxşılıqlar heç vaxt köhnəlməyəcək. Biz, onunla işləyənlər nə qədər ki, yaşayırıqsa onun haqqında xoş sözlər danışacağıq.
... Mən teatrdan çıxıb evə gəldikcə Kamal Əzizovu gözlərim qarşısında canlandırırdım. Çünki bu müdrik insandan mən də o vaxtlar teatr rəhbəri kimi çox şeylər öyrənirdim. O, bu söhbətləri rəhbərlik elədiyi teatr, Sumqayıtda qastrolda olanda mənə böyük həvəslə danışır və yeri gələndə də yaxşı məsləhətlər verirdi. Eləcə də mən Bakıda olanda, onunla görüşüb, bir stəkan çayını içib, maraqlı söhbətlər edirdik. Çünki 1991-ci ildən mən də teatrdakı işimlə paralel Azərbaycan Teatr Xadimləri İttifaqının katibi idim və bilavasitə Azərbaycanın teatrlarına koməklik etmək əsas işlərimdən biri idi. Həmin vaxtı biz, onunla çox maraqlı bir ideya fikirləşdik. Azərbaycanın bütün bölgə teatrlarını Bakıya və Sumqayıta qastrola gətirib, onların tamaşalarını təşkil eləyirdik. Bu maraqlı iş də həmin bölgə teatrlarda işləyənlərə çox böyük inam verirdi. Öz işlərinə qarşı onlarda böyük maraq, cavabdehlik yaradırdı.
Tale elə gətirdi ki, mən öz ərizəmlə rəhbərlik elədiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrından çıxdım və Dağıstana işləməyə getdim. Üç il bizim Kamal müəllimlə əlaqələrimiz kəsildi. 2001-ci ildən mən Azərbaycana qayıdıb, Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi öz işimi davam etdirdim. Həmin vaxtlardan biz yenə də Kamal müəllimlə görüşürdük. O, Mədəniyyət Nazirliyinin ona qarşı apardığı kəskin hücumlarından danışmağı sevmirdi. Ümumiyyətlə, Kamal müəllimdə kiminsə arxasınca pis danışmaq kimi bir şakəri yox idi. Və mənim Sumqayıt teatrının rəhbərliyimdən getməyimə də çox heyifilənirdi. Mən deyəndə ki, “siz Mədəniyyət Nazirliyində işləyən əsas aparıcı adamları hələ yaxşı tanımırsız. Onları Azərbaycan mədəniyyəti yox, özləri və cibləri daha çox maraqlandırır”. O, mənim bu sözlərimə inanmırdı... Amma zaman gəldi. 2006-cı ildə Kamal müəllimə qarşı hücumlar daha çox artdı... Mənim yuxarıda dediyim fikirlə razılaşdı. Və o, məcbur olub, teatrdan getdi...
Əlbəttə, rəhmətlik Zakir Bağırovdan sonra gələn Mədəniyyət nazirlərinin və orada işləyən bəzi rəhbər vəzifəlilərin bir şakəri vardı. İncəsənət sahəsinə rəhbərlik edənlərdən rüşvət almaq. Hətta rəhbərlərə açıq-açığına deyirdilər ki, “filankəs sən hər ay bu qədər pul verməlisən”. O vaxtlar hətta fəxri adlar da satılırdı... Bununla razılaşmayan mənim kimi rəhbərlər ərizə verib, rəhbərlikdən gedirdik. Mən görürdüm ki, artıq Kamal müəllim də tükənib. Bu hücumlardan yorulub. Ona görə 2006-cı ildə 68 yaşında, hələ bundan sonra daha çox işər görmək üçün püxtələşmiş bir vaxtda, ərizə yazıb, həyatından çox sevdiyi teatr aləmindən uzaqlaşası oldu. Bax, həmin vaxtı bu iyrənc yolla rəhbərləri işlədiyi sevimli işindən iyrəndirib, bezdirib uzaqlaşdırırdılar. Bu insanların çoxu onlara qarşı olan haqsızlığa davam gətirməyib, çox teziklə haqq dünyalarına qovuşurdular. Kamal müəlim də işdən ayrılandan sonra çox böyük depressiyaya düşdü və 73 yaşında haqq dünyasına qovuşdu...
Dünyanın dahi psixoloqları sübut eləyiblər ki, insanın birinci ən yaxşı işlək dövrü 60 yaşından-70 yaşınadəkdir. İkinci işlək dövrü 70 yaşından-80 yaşınadəkdir. Üçüncü işlək dövr isə 50 yaşından-60 yaşınadəkdir. Bizdə isə 65 yaşından sonra insanları “Yaş senzi” adı ilə işdən çıxarırlar. Bu, doğrudan da ən böyük nadanlıq və həmin yaş dövrünü yaşayanlara qarşı çox böyük düşmənçilikdir. Bu, bir növ 1937-38-ci illərdə olan repressiyanın “mədəni” formasıdır desəm daha düzgün olar....
Və zaman gələcək buna görə bizim yüksək rütbəli məmurlar haqqında heç də xoş sözlər deməyəcəklər...
Bax, beləcə Mədəniyyət Nazirliyinin günahı ucbatından çox istedadlı teatr direktorları, baş rejissorları, rejissorları haqsızlıqla qarşılaşıb, teatrdan uzaqlaşdırılırdılar. Ən acınacaqlısı da bu idi ki, onalrın yerinə iş bilməyən, məddahlığı sevən, Mədəniyyət Nazirliyində işləyənlərin “bığlarının” altından yaxşı keçənləri gətirib vəzifələrə qoyurdular. Beləliklə, bu çirkin yolla Azərbaycan teatrlarını çökdürürdülər...
Bu gün biz, bunun, yəni teatrların uzun illər çökdürülməsinin şahidiyik... Bundan sonra teatrları dirçəltmək görəsən mümkün olacaqmı?..
Yadıma gəlir ki, Kamal müəllim, məşhur filosof Əflatunun ( Platonun) bu kəlamını tez-tez deyirdi: “Xeyirxahlığa ehtiyacı olanların xahişini gözləmə, onlar deməmiş sən öz kömək əlini uzat. Onu da yadında saxla ki, bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma. Axı hardan bilirsən ki, sabah bir hadisə baş verməyəcək”...
Əziz ağsaqqal dostum Kamal müəllim! Əfsus ki, həmin hadisə səninlə 68 yaşında, işdən çıxarılmağınla baş verdi və xeyirxahlığa əllərini uzadanların əlindən daha tutan olmadı...
Əziz dostum! Bizim yüksək rütbəli məmurlara görk olsun deyə yazımın bu yerində məşhur Alman alimi Georq Lixtenberqin bu kəlamını yada salmaq istəyirəm: ” Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq”. Bəli. Hər şey yaxşlığın üstündə qurulub. Yüksək rütbəli məmurlar yaxşı olsa, bu məmləkətdə yaşamaq da, yaratmaq da asan və gözəl olar. İnsanlarımızın da güzəranı yaxşı olar. Belə olduqda çox cüzi əmək haqqı alan və həmin əmək haqqı ilə ailəsini ən çoxu on beş gün dolandıra bilən teatr işçilərinin də əmək haqqı artar və onlar da rolları üzərində işləyəndə ailəsinin ağır güzəranını, dolanışığını yox, oynadığı rolları fikirləşərlər. Çünki ehtiyac elə ağır bir şeydir ki, ən inadkar, məğrur insanı belə asanlıqla çökdürür. Ona görə də məşhur Anri de Monten belə deyib: “Bəşər övladı üç sağalmaz xəstəliyə qurban gedir: yeməyə ehtiyac, yuxuya ehtiyac və diqqətə ehtiyac”.
Kaş bizim yüksək rütbəli məmurlar bunu dərk edəydi, biləydi və həmvətənlərinə köməklik edəydilər. Onda bu məmləkət, həqiqətən də cənnətməkan olardı. Axı insanlarımızın dolanışığı, yaxşı yaşaması üçün bu məmləkətdə hər şeyimiz var. Bəs onda niyə belə ehtiyac içərisində yaşayırıq?.. Görəsən bu sualın cavabını verən tapılacaqmı?!..
Ağalar İDRİSOĞLU,
Milli Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru,
yazıçı, dramaturq, rejissor,
Əməkdar incəsənət xadimi
Dekabr- 2024- fevral -2025-ci il

