Tərcümə problemləri: sözdən mənaya doğru Etimad Başkeçid yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Etimad BAŞKEÇİD
Azərbaycan tərcümə məktəbinin formalaşmasında müstəsna xidmətləri olan ixtisaslaşmış "Xəzər" tərcümə və mədəniyyət jurnalı Azərbaycan Dillər Universitetində fəaliyyətini davam etdirəcək.
Bu seçim təsadüfi deyil: dünya təcrübəsinə isnad etsək, bilməliyik ki, öz çoxşaxəli fəaliyyəti ilə bir mədəniyyət mikrokosmuna çevrilmiş müasir dünya universitetləri fundamental və tətbiqi elm sahələrinin problemlərini ehtiva edən dərgilərlə yanaşı, ədəbiyyat, incəsənət, tərcümə, vizual mədəniyyətə aid bir çox elmi, elmi-populyar jurnallar da nəşr edir və bu praktika getdikcə genişlənməkdədir. Belə jurnallar bədii yaradıcılıq, ədəbiyyatşünaslıq, tərcümə nəzəriyyəsinin ən müxtəlif aspektlərini əhatə edən akademik məqalələr, araşdırma yazıları, resenziyalar və bədii əsərlərin çapı üçün platformalar təqdim edir. Bunlardan "Harvard Review" (Harvard Universiteti), "Poetry" (Çikaqo Universiteti), "The Translation Studies Journal" (Uorvik Universiteti), "The Art Journal" (Uels Universiteti), "Journal of Turkish Arts" (Hacettepe Universiteti) "Literary Georgia" (Tbilisi Dövlət Universiteti) kimi adlı-sanlı və nüfuzlu nəşrləri nümunə göstərmək olar. Nəticə etibarilə bu yolla həm təhsillə təcrübə arasındakı uyuşmazlıqlar aradan qaldırılır, həm də institutlaşmanı əngəlləyən, daha çox epizodik xarakter daşıyan praktikanın dinamik, davamlı və daha anlamlı təcrübəyə çevrilməsi problemi biryolluq həllini tapır: bəlli standartlara cavab verən, təkcə bədii yox, elmi, texniki və digər tərcümə növlərinin də inkişafını şərtləndirən tərcümə fəaliyyətinin həyata keçirilməsi, tərcümə mətnlərinin dəyərləndirilməsi, tərcüməçilərin kvalifikasıyasının müəyyənləşməsi, onların fərqləndirilməsi, tərcümə nəzəriyyəçilərinin konkret problemlərin müzakirəsinə yönəlik fəaliyyəti, müxtəlif yanaşmaları təmsil edən usta tərcüməçilər və onların davamçılarının yetişməsi...
Tərcümə məktəbinin formalaşması uzun, ağır, mərhələli bir prosesdir.
Azərbaycanda tərcümə bumunun yaşandığı indiki dövr, bir çox obyektiv və subyektiv səbəblərdən, kəmiyyətin hələ ki keyfiyyətə keçmədiyi uzun sürən prosesin permanent xarakterini üzə çıxarır.
Konkret olaraq, hazırkı mərhələdə, ölkəmizdə "tərcümə təsərrüfatı"nın ən ümdə problemi, bəlkə də birincisi, proseslə bağlı hər hansı refleksiyanın olmamasıdır. Ölkədə saysız-hesabsız tərcümə ədəbiyyatı nəşr edilir, redaktorlar, korrektorlar, dizaynerlər, müxtəlif universitetlərdə tərcüməçilik ixtisası üzrə təhsil alan tələbələr, müəllimlər və s. də daxil, minlərlə insan bu işə cəlb olunub. Lakin ara-sıra sosial şəbəkələrdə gördüyümüz reaksiyaları nəzərə almasaq, tərcümə mətnləri ilə bağlı mətbuatda hər hansı təhlil, rəy, dəyərləndirmə görə bilmirik.
Bununla belə, bu prosesin "məntiqi sonluğu" və ya "nəticəsi" haqqında mütləq kateqoriyalarda danışmaq doğru olmazdı. Ən azından ona görə ki, məsələn, bədii tərcümədə, digər tərcümə növlərindən fərqli olaraq, mətnin obyektiv düzgünlüyü anlayışı mövcud deyil.
Bədii tərcümə bədii yaradıcılığın özünəməxsus növüdür və bütün dəyərləndirmələr bu paradiqmaya əsaslanmalıdır. Lakin bu heç də yaxşı tərcüməni yararsız tərcümədən fərqləndirməyin mümkünsüzlüyünü təsbit etmir. Ən azından ona görə ki, tərcümənin keyfiyyətinin dəyərləndirilməsi ilə bağlı kifayət qədər nəzəri yanaşmalar mövcuddur. Doğrudur, bu mətnlərdə spesifik professional leksikadan istifadə olunmur, texniki terminlər yoxdur, əvəzində mətnin özünəxas estetik siqləti, məna yükü, ümumi ab-havanın, personajların xarakteristikasının doğru-dürüst çatdırılması, adekvatlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi və s. və i.a. kimi mətləblər var. Bədii tərcümə məhz buna görə ən mürəkkəb və çətin tərcümə növü sayılır.
Sirr deyil ki, hansısa formal əlamətlərinə görə yox, məhz yuxarıda sadaladığımız keyfiyyətlərinə görə tərcümənin bütün standartlarına cavab verən tərcümə mətnləri və ədəbiyyat faktına başqa bir mədəniyyət kontekstində nəfəs verməyi bacaran insanlarımız barmaqla sayılacaq qədər azdır. Bu, bütün xalqlarda belədir, lakin güclü ənənəsi olan bəzi ölkələrdən fərqli olaraq, biz onlardan orientir kimi yararlana bilmirik.
Digər vacib məsələlərdən biri də tərcümə məsələlərinə həsr edilmiş beynəlxalq forumlar, konfranslar və müxtəlif səviyyəli toplantılarda müzakirəyə çıxarılan əksər problemlərdən xəbərsiz olmağımızdır. Təəssüf ilə qeyd etməliyik ki, belə tədbirlərdə iştirakımız formal xarakter daşıyır və çox zaman postsovet məkanında keçirilən bəzi toplantılara tezis və ya məqalə göndərməklə kifayətlənirik. Halbuki bu tip beynəlxalq forumlar və konfranslar tərcümə, linqvistika, texnologiyalar və qlobal kommunikasiya üzrə ixtisaslaşmış insanlar üçün vazkeçilməz tədbirlərdir. Bunlardan Beynəlxalq Tərcüməçilər Assosiasiyasının konfransı (FIT World Congress), Qloballaşma və Lokalizasiya Assosiasiyasının konfransı (GALA), Asiya Sakit okean Tərcümə və Lokalizasiya konfransı (APTLC), Maşın tərcüməsi üzrə konfrans (MT Summit) kimi tədbirləri ayrıca qeyd etmək lazım gəlir. Bu tədbirlərdə predmetinə tərcümənin nəzəriyyəsi, praktikası və şərhi üzrə ixtisaslaşmış alimlərin fikir və ideya mübadiləsindən tutmuş, aktual məsələlərin müzakirəsi, tərcüməçi peşəsinin inkişafı ilə bağlı etik standartlar, texnologiyalar, avtomatlaşmış tərcümə və onun müxtəlif sahələrdə tətbiqi kimi praktik məsələlər də dartışılır. Belə konfranslar ən müxtəlif ölkələri təmsil edən peşəkarlarla tərcümə və lokallaşma sahəsində yeni təmayülləri müzakirə etməyə, öz təcrübələrini bölüşməyə, mədəniyyətlər və dillər arasında əlaqələri möhkəmləndirməyə imkan verir.
Başqa bir problem ölkəmizdə tərcümə nəzəriyyəçiləri ilə proses iştirakçıları arasında, demək olar, heç bir kommunikasiyanın olmamasıdır. Nəticə etibarilə tərcüməçi hər yeni işə başlayanda, tərcümə strategiyasının müəyyənləşməsi problemini təkbaşına həll etməli olur. Söz yox, bu, ilk növbədə tərcüməçinin şəxsi işidir, amma nəzəri baza olmadan doğru qərar vermək də asan məsələ deyil.
Məsələn, Azərbaycanda sakral və tarixi mətnlərin, Nizaminin poemaları tipli əsərlərin tərcüməsini obyektiv olaraq çətinləşdirən məqamlar haqqında ayrıca danışmaq lazım gəlir. Bunlardan ən vacibi həmin mətnlərin tərcüməsi zamanı, başqa ölkələrdən fərqli olaraq, istinad edə, əldə rəhbər tuta biləcəyin hər hansı fundamental əsərin olmamasıdır. Ona görə tərcüməçilərin çoxu, necə deyərlər, əlhavasına hərəkət etməli olur. Nəticədə çox zaman sabit söz birləşmələrinin, allyuziyaların, metonimiyaların, idiomatik ifadələrin tərcüməsində anlaşılmazlıqlar ortaya çıxır, hər kəs öz bildiyi kimi davranır. Nəzərə almaq lazımdır ki, bu, problemin yalnız bir tərəfidir...
Daha bir problem "tərcümə tənqidi"nin fəaliyyətsizliyi şəraitində şablon yanaşmaların, stereotiplərin meydan sulaması ilə bağlıdır. Məsələn, Azərbaycan ədəbi mühitində "filan əsər artıq tərcümə olunub, yenidən tərcümə etməyə nə ehtiyac var?" kimi bir klişe hakimdir ki, ümumilikdə mədəniyyətə ziyan vurur. Hər şeydən öncə bilməliyik ki, min il əvvəlki, ondan da qədim dövrlərə aid mətnlər bir yana, hətta yaxın keçmişdə meydana çıxmış əsərlərin yenidən tərcüməsi də zərurətdən irəli gələn praktikadır. Bu, bütün dünyada belədir. Zaman keçir, tərcüməçilik diskursunun ənənəvi çərçivələri genişlənir, təsəvvürlər və yanaşmalar, dilin özünün imkanları və intonasiyası belə dəyişilir. Tərcüməşünaslıq elmi də yerində saymır və nəticə etibarilə bütün parametrlər üzrə orijinala daha yaxın tərcümə mətnləri ilə tanış olmaq imkanları çoxalır. Təsadüfi deyil ki, ötən əsrin sonlarından etibarən tərcüməşünaslıqda "Təkrar tərcümə nəzəriyyəsi" ən dinamik elmi istiqamətlərdən birini təmsil edir. Bu istiqamətin əsasını qoyanlardan biri, fransız tərcüməçi, tarixçi və tərcümə nəzəriyyəçisi Antuan Bermana görə, ilk tərcümə yalnız giriş səciyyəlidir, sonrakı təkrar tərcümələr isə "orijinala doğru hərəkət"dir, yəni birinci tərcümədə buraxılan, gözdən qaçırılan mətləblərin mətnə qaytarılması prosesidir. Dolayısı ilə yalnız təkrar tərcümələrlə mükəmməl tərcümə mətni əldə etmək mümkündür.
Tərcüməçilər üçün nə qədər kədərli də olsa, fakt faktlığında qalır: tərcümə mətnləri yalnız hansısa tarixi mərhələdə aktuallıq kəsb edir, yəni orijinaldan fərqli olaraq, bu mətnlər köhnəlir. Təbii, elə dahi sənətkarlar var ki, onların tərcüməsi uzun müddət öz dəyərini itirmir. Bununla belə, təkrar tərcümələrə hər zaman ehtiyac duyulur.
Bu kiçik yazıda, əlbəttə, tərcümənin bütün problemlərini sadalamaq fikrində deyilik - onları sadalamaqla bitən deyil. Sadəcə, bəzi spesifik problemlərə diqqət çəkməklə demək istəyirik ki, bu məsələlər öz həllini tapmadan ölkə daxilində və xaricində mədəni diskussiyalara qatılmaq, təcrübə mübadiləsi proseslərində iştirak etmək, ümumiyyətlə, tərcümədə əhəmiyyətli keyfiyyət dəyişikliyinə nail olmaq mümkünsüzdür.
"Xəzər" tərcümə və mədəniyyət jurnalı sözügedən sahədə əsas ixtisaslaşmış mətbuat orqanı olaraq, bütün bu məsələlərin həllində öhdəsinə düşən vəzifəni və öz missiyasını layiqincə yerinə yetirməyə çalışacaq, digər ölkələrin anoloji jurnalları kimi ədəbiyyat, incəsənət, tərcümə, eləcə də mədəniyyətlərarası kommunikasiya məsələlərini ehtiva edən fəaliyyətə üstünlük verəcəkdir. Bu, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təbliği üçün də yeni perspektivlər yarada bilər. Bura qlobal mədəni mübadilə və inteqrasiya üçün vacib əhəmiyyət kəsb edən tərcümənin nəzəriyyəsi və praktikası məsələləri də daxildir.
Jurnalda tərcüməçilər arasında fikir mübadiləsi aparmaq, sorğular keçirmək, tərcümə materiallarını müzakirə etmək, forumlar təşkil etmək, nəzəri materiallar dərc etmək üçün xüsusi bölmələr yaradılması nəzərdə tutulur.
Burada tərcümənin tarixi, inkişaf mərhələləri, perspektivləri, müasir dünyada tərcümə əitafında aparılan müzakirələr barədə maraqlı materiallarla tanış olacaq, ölkədə nəşr olunan tərcümə kitabları haqqında ekspertlərimizin rəylərini oxuya biləcəksiniz. "Tribuna", "Şərəf lövhəsi", "Debüt", "Tərcüməçinin yumor dəftəri", "Tərcümə muzeyi" kimi rubrikalarımızı maraqlı etməyə çalışacağıq.
"Xəzər" jurnalı ümumi hədəflərə çatmaq, mədəni inkişafımıza töhfə vermək, tərcümə prosesində yeni dinamikaya nail olmaq naminə bütün maraqlı tərəfləri əməkdaşlıga dəvət edir.

