“Test kitabı bazarı” nəyə xidmət edir?
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
“Köhnə” “yeni” adı ilə təqdim ediləndə bu sual tez-tez səslənir
Hər il test kitabları yenidən çap olunur. Üz qabığına "yeni nəşr" yazılır, şagirdlərdən də onları almaq tələb edilir. Yeni nəşrlə köhnə arasında fərq isə cüzi nəzərə çarpır. Bir-iki mövzunun yeri dəyişir, sualların nömrəsi fərqlənir. Amma belə fərq köhnə kitabdan istifadəni əngəlləyəcək qədər əsaslı deyil.
Bu, ən çox iki və daha çox uşağı olan ailələrə təsir edir. Böyüyün kitabı kiçiyə qalmalı idi, amma "köhnəlmiş" sayıldığı üçün yenidən pul xərcləmək lazım gəlir. Nəticədə, ailə eyni kitaba ikinci dəfə pul verir. Əgər kitab şagirdi daha yaxşı hazırlamaq üçün dəyişirsə, bu, alqışlanmalıdır. Amma dəyişiklik cüzidirsə, onda belə yeniləmə təhsildən çox kitab satışına xidmət edir.
Nəhayət, hər il yeni test kitabı almaq doğrudanmı zəruridir?
Bu sualın cavabında filologiya elmləri doktoru, Milli Məclisin deputatı Elnarə Akimova bildirdi ki, hər il yenilənən test kitabları ailə büdcəsinə ciddi yükdür:
– Xüsusilə çoxuşaqlı ailələr üçün tədris vəsaitlərinin tez-tez yenilənməsi əlavə maliyyə yükü yaradan məsələlərdən biridir. Böyük övladın istifadə etdiyi vəsaitin kiçik övlad üçün artıq yararsız hesab edilməsi ailəni hər tədris ilində yenidən kitab və test vəsaitləri almağa məcbur edə bilər. Tədris vəsaitinin yenilənməsi yalnız nəşrin fiziki və ya vizual xüsusiyyətlərinin dəyişdirilməsi ilə deyil, pedaqoji və metodoloji zərurətlərlə əsaslandırılmalıdır.
Təhsil məzmununun inkişafı, tədris proqramlarında aparılan dəyişikliklər, qiymətləndirmə meyarlarının yenilənməsi və ya imtahan modelində baş verən fundamental dəyişikliklər yeni vəsaitlərin hazırlanmasını zəruri edə bilər. Belə hallarda yeni nəşrin hazırlanması tədris prosesinin tələblərinə uyğunlaşma baxımından başadüşüləndir.
Lakin dəyişikliklər yalnız kitabın dizaynının yenilənməsi, sualların ardıcıllığının dəyişdirilməsi və ya məzmunun cüzi redaktəsi ilə məhdudlaşırsa, əvvəlki nəşrdən istifadə imkanının aradan qaldırılması valideyn üçün əlavə və bəzən də əsaslandırılması çətin olan xərc formalaşdırır.
Bu baxımdan tədris vəsaitlərinin yenilənməsi zamanı “yenilik” anlayışının mahiyyəti aydın şəkildə müəyyənləşdirilməlidir. Yeni nəşrdə əvvəlki versiya ilə müqayisədə hansı məzmun dəyişikliklərinin aparıldığı, bu dəyişikliklərin hansı pedaqoji ehtiyacdan irəli gəldiyi və əvvəlki nəşrin istifadəsinin niyə mümkün olmadığı konkret şəkildə göstərilməlidir. Valideyn bilməlidir ki, aldığı yeni vəsait həqiqətən tədris prosesində zəruri olan yeni məzmun daşıyır, yoxsa sadəcə nəşr ili, dizaynı və sualların yerləşmə ardıcıllığı dəyişdirilib.
Test bankları məsələyə daha geniş prizmadan yanaşmağı tələb edir. Bu vəsaitlərdən yalnız şagirdlərin müstəqil hazırlığı zamanı deyil, müəllimlər tərəfindən də dərslərin təşkili, şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, mövzular üzrə mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə olunur. Buna görə də test banklarının yenilənməsi real tədris ehtiyaclarına, kurikulum dəyişikliklərinə və qiymətləndirmə prinsiplərinə uyğun aparılmalıdır. Sadəcə sualların formasının və ya ardıcıllığının dəyişdirilməsi yeni nəşrin zəruriliyini avtomatik olaraq əsaslandırmamalıdır.
Yenilənmənin elmi-pedaqoji əsaslarının şəffaf şəkildə izah edilməsi həm valideynin məlumatlı qərar verməsinə, həm müəllimin vəsaitə etimadının qorunmasına, həm də təhsil bazarında məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edə bilər. Bu səbəbdən yeni nəşrin hazırlanması zamanı əsas meyar “nə dəyişib?” sualından daha çox, “bu dəyişiklik tədris prosesinə hansı real faydanı gətirir?” sualı olmalıdır.
Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyevin sözlərinə görə, bütün kurslar, müəlliflər və dərs vəsaiti hazırlayanlar Dövlət İmtahan Mərkəzinin proqramına uyğun hərəkət edirlər:
– DİM hər bir fənn üzrə yenilik və ya dəyişiklik planlaşdırırsa – məsələn, hansısa mövzunu çıxarıb başqasını əlavə edirsə, abituriyentlərə dərhal yeni test bankı təqdim olunur. Əgər heç bir dəyişiklik edilməzsə, DİM-in keçən ilki nəşrləri öz qüvvəsini qoruyar və abituriyentlərin istifadəsinə yararlı olar. Lakin bu məsələdə bəzi hallarda zəruri, bəzi hallarda isə subyektiv dəyişikliklər edilir. Məsələn, 10 il əvvəl proqramdan çıxarılan vurğu mövzusu test kitabına yenidən daxil edilir.
Buradakı strategiya birbaşa kommersiya xarakteri daşıyır. Bu proses, təbii ki, özəl kursların da işinə yarayır; onlar da öz vəsaitlərinin 4-cü, 5-ci nəşrlərini satışa çıxarırlar. Nəticədə, zərərçəkən tərəf valideynlər olur. Təbii ki, elmdə və təhsildə yeniliklər olmalı, müasirliyə doğru addımlar atılmalıdır. Lakin bu, hər il baş verməməlidir.
Məsələn, SAT və ya Almaniyadakı Abituriyent imtahanlarına nəzər salsaq, hər il dəyişiklik edilmədiyini görərik. Bizdə isə, demək olar ki, hər il müəyyən fənlərə dəyişikliklər edilir. Dəyişiklik edilirsə, bu, əvvəlcədən elan olunur və uzun hazırlıq dövrünün nəticəsi olur. Belə olduqda hazırlıq materialları da illərlə öz qüvvəsini qoruyur, ailələr isə hər il yeni kitab almaq məcburiyyətində qalmır.
Ölkədə, təxminən, 120 min abituriyent bu vəsaitləri əldə edir. 9, 10 və 11-ci sinif şagirdlərini nəzərə alsaq, təxmini hesablamalara görə, hər il, sadəcə, bu test kitablarına 25-30 milyon manat vəsait xərclənir. DİM şagirdlərin hər il yeni kitab almaq məcburiyyətində qalmaması üçün PDF formatında onlayn resurslar təqdim etsə də, bu, abituriyentlər üçün əlverişli hesab olunmur. Çünki kağız üzərində qeydlər və qaralamalar aparmaq mümkün olmadığı üçün çap olunmuş kitabı almaq daha əlverişlidir.
Onu da qeyd edək ki, məktəb dərslikləri Elm və Təhsil Nazirliyi tərəfindən pulsuz paylanılır və uzun illər dəyişmir. Hər ailə övladının təhsilinə vəsait xərcləməyə hazırdır. Sadəcə, bilmək istəyir ki, verdiyi pul, həqiqətən, bilik üçündür. Təhsil inkişaf etməlidir, kitablar da zamanla yenilənməlidir. Amma yenilik zəruri və faydalı olanda razılıq doğurur.
Fidan ƏLİYEVA
XQ
Baxış sayı:102
Bu xəbər 07 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















