Tətil günlərində rayona getmək istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: Əlavə qatar və avtobuslar...
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Tətil günlərinə sayılı günlər qalıb və bayramla bağlı səyahət planları artıq gündəmdədir. Bayram günlərində ölkə üzrə sərnişin axınının artacağı gözlənildiyindən, nəqliyyat sahəsində görüləcək tədbirlər xüsusi maraq doğurur.
Sərnişinlər bu dövrdə avtobus və qatarların hərəkət cədvəlində dəyişikliklərin olub-olmayacağı, eləcə də avtobus marşrutlarının iş rejiminin necə təşkil ediləcəyi ilə maraqlanırlar. Bayram və qeyri-iş günlərində Azərbaycan Dəmir Yollarının (ADY) hansı sistemlə çalışacağı, eyni zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şəhərlərarası və şəhədaxili avtobus daşımaları ilə bağlı hansı addımları atacağı əsas suallar sırasındadır. Artan tələbat fonunda həm qatarlar, həm də avtobuslar üzrə əlavə reyslərin buraxılıb-buraxılmayacağı da diqqət mərkəzindədir. Bütün bu məsələlər bayram ərəfəsində səyahət etməyi planlaşdıranlar üçün xüsusi əhəmiyyət daşıyır.

Tural Orucov: AYNA-nın mətbuat katibi
AYNA-nın mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-a deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə 29 dekabr - 4 yanvar tarixlərində respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
"AYNA tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.
Bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bu məqsədlə AYNA-nın əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, eyni zamanda, digər şəhər və rayonların avtovağzal və avtostansiyalarına təhkim ediləcəklər".
Müsahibimiz vurğulayıb ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək:
"Biletləri avtovağzal və avtostansiyaların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə etmək mümkündür. Hazırda “biletim.az” portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur".

Bəxtiyar Hacıyev, ADY-nın mətbuat katibi
ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
"Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək. Belə ki, Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr - 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər olacaq. Həmçinin Bakı-Ağstafa-Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər müəyyən edilib. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilərlər. Bakı-Ağdam-Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar 31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan isə 18:10-da yola düşəcək".
Bəxtiyar Hacıyev qeyd edib ki, digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədilə Bakı-Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq.
Aynur Babazadə
Baxış sayı:48
Bu xəbər 24 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















