Ticarətdən deputatlığa qədər: azərbaycanlının 1992 ci ildən Qazaxıstanda qurduğu həyat
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astana, 28 dekabr, AZƏRTAC
Qazaxıstanda milli kimliyini və mədəni ənənələrini qoruyub saxlayaraq ölkənin inkişafına töhfə verən çoxsaylı Azərbaycan icması yaşayır. Azərbaycan icmasının mərkəzlərindən biri Mangistau vilayətidir. Bu vilayətin Aktau şəhərində “Dostluq” etnomədəni birliyi fəal fəaliyyət göstərir.
Qazaxıstanda azərbaycanlıların həyatı, yerli cəmiyyətə inteqrasiyası, mədəni ənənələrin qorunması, eləcə də 2024-cü il dekabrın 25-də baş vermiş faciəli hadisələrlə bağlı “Dostluq” etnomədəni birliyinin sədri Şəmsəddin Hüseynov AZƏRTAC-ın suallarını cavablandırıb.
— Qazaxıstana necə gəldiniz və buradakı həyatınız necə başladı?
— Mən 1992-ci ildən Qazaxıstanda yaşayıram. O vaxtlar hər şey yenicə başlayırdı: ölkə müstəqillik qazanmışdı, iqtisadiyyat dəyişirdi, maliyyə problemləri var idi. Asan deyildi. Amma adətən belə dövrlərdə imkanlar da yaranır. Biz gəldik, kiçikdən başladıq, bizneslə məşğul olduq. Zaman keçdikcə ayaq üstə durduq, vətəndaşlıq aldıq, ailələrimizi bura köçürdük.
Əvvəl adi ticarətlə məşğul olurdum, sonra restoran biznesi açdım. Daha sonra tikinti sahəsinə daxil oldum, beton istehsalı ilə məşğul oldum. Bu istiqamətlərin əksəriyyəti bu gün də fəaliyyət göstərir. Dövlət dili məsələsinə xüsusi toxunmaq istəyirəm. Əgər biz Qazaxıstanda yaşayırıqsa, qazax dilini bilməyə borcluyuq. Mən özüm danışıram, anlayıram, ünsiyyət qururam. Uşaqlarımız dili daha yaxşı bilirlər – yazırlar, oxuyurlar, sərbəst danışırlar. Bu, belə də olmalıdır.
— Siz Aktau şəhərində ilk azərbaycanlı deputat olmusunuz. Bu necə baş verdi və bu iş sizə nə verdi?
— 2016-cı ildə Aktau şəhər məsləhətinə (маслихат) deputat seçildim. Burada ilk dəfə idi ki, azərbaycanlı deputat seçilirdi. İki çağırış müddətinə fəaliyyət göstərdim. Bu, mənim üçün statusa görə yox, insanlara qarşı məsuliyyət baxımından mühüm mərhələ idi.
2017-ci ildə “Dostluq” etnomədəni birliyinin sədri seçildim. Bu qərar təsadüfi deyildi. Deputat kimi işlədiyim dövrdə gördüm ki, icma üçün təkcə fərdi məsələlərin həlli deyil, həm də birliyin qorunması, səsimizin eşidilməsi və hörmətlə qarşılanması vacibdir.
— Bu gün Qazaxıstandakı Azərbaycan icmasını necə xarakterizə edərdiniz: güclü tərəfləri, əsas çağırışları və onu digər icmalardan fərqləndirən cəhətlər hansılardır?
— Qazaxıstandakı Azərbaycan icması özünəməxsusdur, özəldir. Kifayət qədər birliyimiz var, amma problemlər də mövcuddur. Əsas problemlərdən biri təhsil və iqtisadi fəallıqdır. Keçən əsrin ağır 90-cı illəri, müharibə, köçlər, çətin həyat bir çox insana normal təhsil almağa imkan verməyib. Təhsilsiz isə irəliləmək çətindir. Ona görə də indi gənclərin təhsilinə xüsusi diqqət yetiririk.
Bu gün gənclərimiz hüquq, bank sektoru, polis, məhkəmə, vəkillik sahələrində çalışırlar. Bu da normal inteqrasiyanın və inkişafın göstəricisidir.
Aktau şəhərində rəsmi olaraq 6–7 min nəfər Azərbaycan vətəndaşı yaşayır, Mangistau vilayəti üzrə isə bu rəqəm təxminən 14–15 min nəfərdir. İnsanlar bir-biri ilə əlaqə saxlayır, bir çoxu bir-birini tanıyır, icma daxilində ünsiyyət mövcuddur.
Digər icmalarla müqayisədə isə deyərdim ki, biz fərqliyik. Bizi kimsə ilə tam müqayisə etmək olmaz. Öz mentalitetimiz, xarakterimiz var. Bədbəxtlik, faciə və ya çətin vəziyyət olanda dərhal birləşirik, bir-birimizə dayaq oluruq. Belə məqamlarda azərbaycanlıların əsl birliyi üzə çıxır. Bu, xüsusilə 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysi üzrə təyyarənin qəza enişi zamanı açıq şəkildə hiss olundu.
— Bakı–Qroznı reysi üzrə təyyarə qəzası barədə necə xəbər tutdunuz və həmin an nə hiss etdiniz?
— Həmin günü çox yaxşı xatırlayıram. Mənə zəng edib dedilər ki, təyyarə qəzası baş verib. Əvvəlcə heç nə aydın deyildi ki, təyyarə qəzaya uğrayıb, yoxsa məcburi eniş edib. İlk hiss etdiyim narahatlıq və anlaşılmazlıq idi.
Dərhal sual yarandı: bu hansı təyyarədir, haradan uçurdu və bura necə gəlib çıxıb?
Biz dərhal hadisə yerinə yollandıq. Yolda məlum oldu ki, bu, Bakı–Qroznı reysidir. Vəziyyət çox ciddi idi, lakin sonradan aydınlaşdı ki, pilotlar son dərəcə çətin şəraitdə təyyarəni Xəzər dənizi sahilində, şəhərə və hava limanına yaxın boş əraziyə endirə biliblər.
Bu, peşəkar qərar idi. Əslində, məhz bu qərar insanların həyatını xilas etdi. 29 nəfərin sağ qalması ekipajın böyük zəhmətinin nəticəsidir.
Həmin an icmamız özünü çox ləyaqətlə apardı, insanlar hadisə yerində, xəstəxanalarda kömək göstərdilər, təşkilati məsələlərlə məşğul oldular. Xüsusilə qeyd etmək istəyirəm ki, qazax xalqı da bizimlə çiyin-çiyinə idi, hərtərəfli kömək göstərdi. Bu dəstəyə görə qazax xalqına səmimi minnətdarlığımızı bildiririk. Həmin gün əsl birlik hiss olundu.
— Qazaxıstanın digər bölgələrindəki Azərbaycan icmalarının rəhbərləri ilə əlaqələriniz varmı və icmanın üzləşdiyi əsas çətinliklər hansılardır?
— Biz Qazaxıstanın bütün bölgələrindəki Azərbaycan icmaları ilə daimi əlaqədəyik. Rəhbərlər bir-birini tanıyır, hər hansı vəziyyət yarananda dərhal əlaqə saxlayırıq. İldə bir dəfə Qazaxıstan Xalqları Assambleyasında görüşürük.
Çətinliklərə gəlincə, hər bir icma üçün əsas təhlükə parçalanmadır. Eyni şəhərdə bir neçə rəqabət aparan təşkilat yarananda insanlar müxtəlif istiqamətlərə yönəlir. Birlik ən vacib məsələdir.
— Bu gün Azərbaycanla Qazaxıstan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
— Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər hazırda yüksək səviyyədədir. Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə burada çox isti qarşılandı. Xalqlarımız mədəniyyət, ənənə və düşüncə baxımından bir-birinə yaxındır.
2025-ci ildə Aktau türk dövlətlərinin mədəni paytaxtı elan olunub. Şəhərdə Azərbaycandan gələn qonaqların iştirakı ilə çoxsaylı tədbirlər, konsertlər və idman yarışları keçirilib. Burada Azərbaycan musiqisi və mədəniyyəti həqiqətən sevilir.
Hesab edirəm ki, azərbaycanlı ifaçıları Qazaxıstana tez-tez dəvət etmək lazımdır. Musiqi və mədəniyyət insanları yaxınlaşdırır. Müğənnilərimiz burada çıxış edəndə zallar dolu olur, maraq böyük olur. Qazaxıstan tamaşaçısı Azərbaycan musiqisini yaxşı tanıyır və sevir. Belə konsertlər, festivallar və birgə mədəni tədbirlər xalqlar arasında münasibətləri real şəkildə möhkəmləndirir.
İqtisadi əlaqələr də mövcuddur. Bizi Xəzər dənizi birləşdirir. Azərbaycan meyvə və tərəvəzləri Qazaxıstan bazarlarında yaxşı tanınır və keyfiyyətinə görə yüksək qiymətləndirilir.
— Aktau şəhərindəki icma mədəniyyətini və ənənələrini necə qoruyur, hansı tədbirləri keçirirsiniz?
— Biz hər il 20 Yanvar faciəsinə, Xocalı soyqırımına, Novruz bayramına və digər əlamətdar tarixlərə həsr olunmuş tədbirlər keçiririk. Dəniz sahilində çadırlar qurulur, milli mətbəximiz, musiqimiz və ənənələrimiz nümayiş etdirilir.
Qazaxıstanda milli kimliyin qorunmasına heç vaxt maneə olmur, əksinə, dəstəklənir. Məncə, məhz bu yanaşma sabitliyin və qarşılıqlı hörmətin əsasını təşkil edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Dekabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















