TikTok da yeniyetmələrlə bağlı yeni qaydalar
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında “Ailə parametrləri” funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfindən yaradılan kontentin tanınması və kontent yaradıcılarının razılığı olmadan onların xarici görünüşündən istifadə edilməsinin qarşısını almağa yönəlmiş yeni texnologiyaların tətbiqi yer alır.
TikTok istifadəçilərin platformada özlərini təhlükəsiz və rahat hiss etmələrinə kömək edən alətləri təkmilləşdirməyə davam edir.
Təqdim olunan yeniliklər ailələrin yeniyetmələrin rəqəmsal vərdişlərini daha yaxşı anlamasına, istifadəçilərin və kontent yaradıcılarının isə generativ süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış məzmunu müəyyənləşdirmək və öz maraqlarını qorumaq üçün daha geniş imkanlar əldə etməsinə yönəlib.
Yeniyetmələrin rəqəmsal fəaliyyəti haqqında daha ətraflı məlumat
TikTok valideynlərə öz hesablarını yeniyetmə övladlarının hesabları ilə əlaqələndirməyə, onların təhlükəsizlik və məxfilik parametrlərini idarə etməyə imkan verən yenilənmiş “Ailə ayarları” funksiyasını təqdim edib.
TikTok-da yeniyetmələrin hesablarında artıq bir sıra daxili təhlükəsizlik mexanizmləri mövcuddur. Bunlara məxfilik parametrləri, məzmuna tətbiq edilən yaş məhdudiyyətləri və standart olaraq müəyyən edilmiş gündəlik 60 dəqiqəlik ekran vaxtı limiti daxildir. Son yeniləmə bu imkanları tamamlayaraq valideynlərə övladlarının platformadan necə istifadə etməsi barədə daha ətraflı və əyani məlumat əldə etmək imkanı yaradır.
Yenilənmiş interfeys dörd əsas istiqaməti əhatə edir:
Ekran vaxtı. Artıq valideynlər “Ailə ayarları” funksiyasından istifadə edərkən ilk növbədə yeniyetmənin TikTok-da keçirdiyi orta vaxt, gecə saatlarındakı aktivliyi və müəyyən edilmiş məhdudiyyətlər barədə məlumatları görə biləcəklər. Bu məlumatlar əvvəllər də əlçatan olsa da, son yeniləmələr sayəsində daha aydın və nəzərdən keçirilməsi asan formada təqdim olunur.
Qarşılıqlı əlaqələr. Valideynlər yeniyetmənin izləyici və izlədiyi hesabların sayındakı dəyişiklikləri izləyə, onun qarşılıqlı əlaqədə olduğu hesabları, eləcə də blokladığı profilləri görə biləcəklər.
Maraq dairəsi. Valideynlər yeniyetmənin izlədiyi kontent yaradıcılarının videolarından ibarət seçilmiş məzmunu nəzərdən keçirərək onun hansı mövzulara və icmalara maraq göstərdiyini daha yaxşı anlaya biləcəklər.
Paylaşımlar. Yeni bölmə valideynlərə yeniyetmənin həftə ərzində paylaşdığı açıq videoları və həmin videoların baxış sayını görməyə imkan verəcək.
Bu məlumatlar hər gün yenilənəcək. Valideynlərin rahatlığı üçün yenilənmiş “Ailə ayarları” funksiyası veb-brauzer vasitəsilə də əlçatan olacaq.
TikTok yeni imkanları hazırlayarkən yalnız valideynlərin nəzarət ehtiyacını deyil,, həm də ailə daxilində etimada əsaslanan ünsiyyətin əhəmiyyətini nəzərə alıb. TikTok və Qualtrics şirkətlərinin birgə apardığı araşdırmanın nəticələrinə görə, sorğuda iştirak edən yeniyetmə valideynlərinin 70%-dən çoxu yalnız məhdudiyyətlər müəyyən edən deyil, həm də uşaqları ilə onların rəqəmsal təcrübələri haqqında söhbətə başlamağa kömək edən alətlərə sahib olmaq istədiklərini bildiriblər.
“Ailə ayarları” funksiyasının gələcək inkişafı çərçivəsində TikTok, yeniyetmənin intihar və ya özünə zərər vermə mövzuları ilə bağlı materialları təkrarən axtarması halında valideynləri məlumatlandıracaq bildirişlər üzərində də işləyir. Bildirişlə yanaşı, valideynlərə yaranmış vəziyyəti yeniyetmə ilə həssas şəkildə müzakirə etmək və ona dəstək təklif etmək yolları barədə tövsiyələr də təqdim olunacaq.
Valideynlər üçün nəzərdə tutulan alətlərlə yanaşı, TikTok müəllimlər və gənclərin təhlükəsizliyi üzrə ekspertlərlə birgə hazırlanmış yeni təlimatı da təqdim edib. Təlimatda platformanın iş prinsipləri və onlayn təhlükəsizlik alətləri haqqında məlumat, həmçinin şagirdlərlə rəqəmsal rifah və media savadlılığı mövzularını müzakirə etməyə dair tövsiyələr yer alır. Təlimat TikTok Təhlükəsizlik Mərkəzində yerləşdiriləcək.
Süni intellektlə yaradılmış məzmunun müəyyən edilməsi üçün alətlər
Bundan əlavə, platforma foto və ya videonun TikTok-un generativ süni intellekt funksiyaları vasitəsilə yaradıldığını və ya redaktə edildiyini müəyyən etməyə imkan verən alət təqdim edib. Bu alətdən TikTok hesabı olmayan şəxslər də Şəffaflıq Mərkəzi vasitəsilə müvafiq materialı yükləyərək istifadə edə bilərlər.
Yoxlama zamanı məzmunun mənşəyi barədə məlumat daşıyan rəqəmsal markerlərdən, eləcə də TikTok tərəfindən hazırlanmış görünməz rəqəmsal su nişanlarından istifadə olunur. Bu nişanları materiallar yüklənərkən və ya redaktə edilərkən silmək çətindir. Bu texnologiyalar süni intellektlə yaradılmış məzmunu hətta platformadan kənarda yayıldığı hallarda belə müəyyənləşdirməyə imkan verir.
TikTok süni intellektlə yaradılmış məzmunun işarələnməsi texnologiyalarını davamlı olaraq təkmilləşdirir. İndiyədək platformada süni intellekt vasitəsilə yaradılmış 5 milyarddan çox video müvafiq qaydada işarələnib.
Kontent yaradıcılarının müdafiəsi və süni intellekt savadlılığının artırılması
TikTok, həmçinin kontent yaradıcılarına və ictimai şəxslərə xarici görünüşlərindən onların razılığı olmadan istifadə oluna bilən süni intellektlə yaradılmış məzmunu aşkar etməyə kömək edən “Likeness Detection” alətinin bütün dünyada mərhələli şəkildə tətbiq olunacağını elan edib.
Bu funksiyadan istifadə etmək üçün TikTok-un tərəfdaşlıq etdiyi üçüncü tərəf vasitəsilə şəxsiyyətin təsdiqlənməsi prosedurundan keçmək tələb olunur. Bununla belə, platforma istifadəçilərin şəxsiyyətini təsdiq edən sənədləri saxlamır. Kontent yaradıcıları xarici görünüşlərindən razılıqları olmadan istifadə edilməsi ehtimalı barədə bildirişlər ala, aşkar edilmiş materiallara baxa və İcma Qaydalarını pozan məzmunla bağlı şikayət göndərə biləcəklər.
Yeni imkanlar TikTok-un süni intellekt savadlılığının inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüsləri tamamlayır. Platforma 2026-cı ilin iyul ayında tətbiq daxilində maarifləndirici bölməni istifadəyə verib və indiyədək bu bölmədən 4 milyondan çox istifadəçi yararlanıb. Bundan əlavə, “Mövzuların idarə edilməsi” funksiyası tövsiyə lentində müxtəlif kateqoriyalara aid videoların, o cümlədən süni intellektlə yaradılmış məzmunun nə qədər tez-tez göstərilməsini tənzimləməyə imkan verir.
Təqdim olunan bütün yeniliklər TikTok-un təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində apardığı davamlı işlərin tərkib hissəsidir. Bu yeniliklər istifadəçilərə platformadan istifadə təcrübələrini müstəqil şəkildə idarə etmək imkanı yaradır.
Qeyd edək ki, TikTok və Qualtrics tərəfindən araşdırma 11–14 avqust 2026-cı il tarixlərində ABŞ, Böyük Britaniya, Fransa və İndoneziyada 13–17 yaşlı yeniyetmələrin valideynləri arasında aparılıb. Araşdırmada hər ölkədən 500 nəfər olmaqla, ümumilikdə 2 000 valideyn iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 24 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















