“Tiranada gözəl qızlar var”: Yaqlandın Rusiya ilə əlaqələri Epşteyn dosyesində
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Ceffri Epşteyn mövzusu təkcə yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı ittihamlar səbəbilə qlobal qalmaqala çevrilməyib. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, onun “müştəriləri” arasında dünyanın ən tanınmış və nüfuzlu şəxsləri yer alırdı. Siyahılarda yüzlərlə ad çəkilir — Britaniya kral ailəsinin nümayəndələrindən tutmuş ABŞ rəsmilərinə və məşhur milyarderlərə qədər. York hersoqu şahzadə Endryu, sabiq prezident Bill Klinton, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, milyarder İlon Mask və başqaları Epşteynin iyrənc və qanunsuz xidmətlərindən istifadə etməkdə ittiham olunur.
Bizim.Media xəbər verir ki, narahatlıq doğuran məqam odur ki, bu şəxslər arasındakı əlaqələr yalnız qeyri-qanuni cinsi əyləncələrlə məhdudlaşmayıb, münasibətlər siyasi müstəviyə də keçib. Ayrı-ayrı ölkələrin və xalqların taleyini müəyyən edən siyasi qərarlar qəbul edilərkən “Epşteyn klubunda təmsil olunma” amili də nəzərə alınıb.
ABŞ Ədliyyə Nazirliyinin ötən həftə dərc etdiyi “Epşteyn sənədləri”ndə Avropa Şurasının on il ərzində baş katibi olmuş Torbörn Yaqlandın adı da çəkilir. Sənədlərdən görünür ki, Yaqland Epşteynlə şəxsi əlaqələr saxlayıb. 2012-ci ildə ona göndərdiyi elektron məktubda Yaqland Albaniyaya rəsmi səfərindən bəhs edərək belə yazıb: “Tiranada gözəl qızlar var.”
Bu ifadə mediada geniş müzakirələrə səbəb olub, Yaqland ünvanına ittihamlar səsləndirilib. Lakin sonradan daha ciddi faktlar üzə çıxıb. Məlum olub ki, Avropa Şurasının baş katibi diplomatik statusundan istifadə edərək Epşteynlə bəzi dövlətlərin rəhbərləri arasında vasitəçi rolunu oynayıb.
Sənədlər göstərir ki, 2016–2018-ci illərdə Yaqlandla Epşteyn arasındakı təmaslar intensivləşib və “diplomatik xidmətlər” çərçivəsindən kənara çıxıb. Xüsusilə, Yaqlandın vasitəçiliyi ilə Epşteyn Rusiya diplomatları ilə əlaqələr qurub və onlarla işgüzar danışıqlar aparıb. Hətta Rusiya prezidenti Vladimir Putin səviyyəsinə qədər çıxmağı bacarıb. Dərc olunmuş materiallardan görünür ki, Yaqland vasitəçilik missiyasını kifayət qədər uğurla yerinə yetirib. 27 iyun 2018-ci il tarixli elektron məktubda Epşteyn Yaqlanda yazırdı: “Lavrov Trampla bağlı faydalı məlumatı mənimlə danışaraq əldə edə bilər.” The Independent qeyd edir ki, Epşteyn Yaqlandın diplomatik statusundan tam şəkildə yararlanıb.
Moskva Yaqlanddan hansı şərtləri tələb edirdi?
2014, 2015 və 2018-ci illərdə Epşteyn “iqtisadi məsələləri” müzakirə etmək istəyi ilə Rusiya diplomatları ilə görüşlərə can atıb. Buradan məntiqli sual yaranır: Rusiya diplomatları Epşteyndən və xüsusilə Yaqlanddan əvəzində nə gözləyirdi? Aydındır ki, bu əlaqələr Avropa Şurasının fəaliyyətinə və səhv siyasi qərarların qəbuluna təsirsiz ötüşməyib.
Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri Vladimir Aryev 2017-ci ilin oktyabrında Yaqlandı kəskin tənqid edərək deyirdi:
“Avropa Şurasının baş katibi Torbörn Yaqland təəccübləndirməyə davam edir. Elə təəssürat yaranır ki, onun üçün artıq kimin nə etdiyinin və nə dediyinin əhəmiyyəti yoxdur. O, açıq şəkildə Rusiyanın tərəfini tutur və Ukraynadan üz çevirir.”
Aryevin sözlərinə görə, Yaqland Krımın Rusiya tərəfindən ilhaqı faktına göz yumur, Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların ləğvi və PACE zalına qayıdışı üçün maksimum səy göstərirdi. O, Yaqlandın bu “sirli davranışının” səbəblərini anlamadığını və Avropa Şurasının “dəyərlər böhranı” yaşadığını bildirirdi.
Bu gün həmin “sirli davranışın” səbəbləri aydınlaşır. Məlum olur ki, Avropa Şurasına on il rəhbərlik etmiş Torbörn Yaqland Epşteyn işi vasitəsilə Rusiya ilə əlaqəli olub. Rüşvət və şantajın təsiri altında o, Moskvanın diktəsi ilə hərəkət edib və Avropa Şurasında Rusiyanın maraqlarına uyğun qərarların qəbuluna töhfə verib.
Keçmiş baş katibin ikili oyunu yalnız Ukrayna ilə bağlı mövqedə özünü göstərməyib. Azərbaycanla bağlı mövqeyi də eyni olub.
Torbörn Yaqland və Azərbaycana qarşı çirkin oyunlar
Avropa Şurası ilə Azərbaycan arasında ilk ciddi münaqişə 2015-ci ildə yaranıb. Həmin dövrdə baş katib olan Yaqland “Azərbaycanda insan hüquqları üzrə Birgə İşçi Qrupu”ndan çıxdığını elan edib, ardınca Avropa Şurası Nazirlər Komitəsinə müraciət edərək mövqeyinin dəstəklənməsini və əlavə addımların atılmasını istəyib. Halbuki həmin işçi qrupu məhz Yaqlandın təşəbbüsü və xahişi ilə yaradılmışdı. Onun qəfil çıxışı Azərbaycan ətrafında əsassız spekulyasiyalar yaratdı və ölkənin nüfuzdan salınması üçün zəmin formalaşdırdı.
Yaqland 2019-cu ilə qədər Avropa Şurasının baş katibi postunda qalıb və bu müddət ərzində Azərbaycanı qaralamaq üçün maksimum səy göstərib. 2017-ci ildə o, ölkəmizə qarşı sərt bəyanatlar verib, buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi kəskin reaksiya göstərərək Yaqlandı dövlətin daxili işlərinə müdaxilədə ittiham edib.
O, niyə belə davranırdı? Ukrayna və Krım məsələsindəki mövqeyi onun siyasi mahiyyətini açıq şəkildə nümayiş etdirir. “Epşteyn biznesi”ndən istifadə edən Yaqland postsovet məkanında Rusiyanın maraqlarının təmin olunmasına cəlb edilib. O, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış dövlətləri və xalqları Qərbdən uzaqlaşdırmağa, onları istənilən vasitə ilə Moskvanın himayəsini axtarmağa məcbur etməyə çalışıb. Bu məqsədlə Avropa Şurasını və baş katib postunu alətə çevirib.
Torbörn Yaqlandın gedişi ilə Avropa Şurasındakı çirkin oyunlar bitdimi? Əlbəttə ki, yox. Görünən odur ki, vəziyyət nəinki yaxşılaşıb, əksinə daha da ağırlaşıb, Avropa institutları isə böhran və mənəvi aşınmaya getdikcə daha dərindən sürüklənir. (Minval.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Fevral 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















