Tolerantlığın Azərbaycan modeli
Prezident İlham Əliyevin Sərəncamı əsasında dini qurumlara maliyyə yardımı ayrılıb
Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti dünya üçün nümunəvi modelə çevrilib. Nümunəvi tolerantlıq məkanına çevrilmiş Azərbaycanda multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Əlbəttə ki, istənilən ölkədə multikultural dəyərlərə sahib olmaq anlaşılmazlığa, fobiyaya, milli və dini münaqişələrə son qoymaq deməkdir. Azərbaycan o nadir ölkələrdədir ki, bu gün dünyaya multikultural dəyərlərini mesaj olaraq verir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir.
"Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məhz dövlətimizin ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, eləcə də cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Sərəncama əsasən, ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-İslam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
TOLERANTLIQ VƏ MƏDƏNİ MÜXTƏLİFLİK ƏNƏNƏLƏRİNİN TƏBLİĞİ VƏ TƏŞVİQİ
Təbii ki, ölkəmizdəki bu tolerant mühitin yaradılması və inkişafı bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır", - deyən Ulu Öndər Heydər Əliyev onun həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aid olduğunu bildirirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyul 2021-ci il, 18 aprel 2022-ci il və digər sərəncamları ilə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilb. Görülən işlərin davamı olaraq imzalanan növbət Sərəncam ölkədə mövcud dini konfessiyaların fəaliyyətinə dəstəkdir.
QARDAŞLIQ VƏ QARŞILIQLI HÖRMƏT
Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşməsi, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması fikirlərimizə əsas verir. Ölkəmizdəki mövcud durum bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etmələrinə imkan yaradır. Bu onun göstəricisidir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların dostluq və qardaşlıq şəraitində yaşamasına öz töhfəsini verir. Pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayırlar və bu vəziyyət heç zaman dini və ya irqi ayrı-seçkilik olmadığını bir daha göstərir. Dini mərkəz və idarələrin xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlamasına, onların beynəlxalq dini tədbirlərdə iştirakına heç bir məhdudiyyətlər qoyulmur. Ölkəmizdə xristian və yəhudi dini tədris müəssisələrinin olması da tolerantlıq mühitinin olmasından xəbər verir. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah var.
Azərbaycan Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini və s. təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Əlbəttə ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Azərbaycandakı bu münasibət ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür. Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Təbii ki, bu Azərbaycanın iqtisadi gücü olması ilə yanaşı, ölkədə dini dözümlüyün, əmin-amanlığın hökm sürməsi də mühüm faktorlar sırasındadır.
"BİZ TARİXİMİZLƏ, MƏDƏNİYYƏTİMİZLƏ FƏXR EDİRİK"
Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik".
Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb və bu davam edir. ABŞ-da və Avropa məkanında dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların özünün büruzə verdiyi halda, Azərbaycan reallıqları həqiqətən də, öyrəniləcək bir modeldir. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq sülhə xidmət etmir. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Bu gün Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu səpir. Qoy hər yandan sülh qoxusu gəlsin, sülh və birgəyaşayış təmin olunsun.
SÜLH VƏ DOSTLUQ ÜÇÜN UNİKAL MƏKAN
Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Çoxəsrlik tarixə malik olan abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərələ dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisi oldu. Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdisə. indi daha müasir və geniş məscid kompleksində eyni zamanda, 1800 nəfərin ibadət etməsinə şərait yaradılıb. Əminliklə deyə bilərik ki, din abidələrimizin təmir və bərpası Azərbaycanda bu sahədə dövlət siyasətinin real mənzərəsinin ifadəsidir.
Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Cənab İlham Əliyevin bildirdiyi kimi, bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".
TOLERANTLIĞIN KİÇİK MODELİ
Tolerantlıq mühitinin hökm sürdüyü Azərbaycanda Avropa ölkələrindən gələn turistlər xristianlıqla bağlı abidələrə üz tutarkən bunun təzahürünü görmüş olurlar. Şəkinin Kiş kəndindəki alban məbədi, Qəbələnin Nic kəndindəki alban kilsəsi bu qəbildəndir. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qəbələ də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılmışdır. Əlbəttə ki, ölkəmizə səfər edən turistləri üçün bu məkanlar böyük marağa səbəb olur. Müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir.
Nəzakət ƏLƏDDİNQIZI