Totux motux vətənpərvərlər dövrü Səxavət Məmməd yazır
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İllər öncə Bakının rayonlarının birində 13-14 yaşında totux-motux bir uşaq vardı. Tez-tez Səfərbərlik Xidmətinə gedərdi ki, onu əsgər aparsınlar. Bu totux-motux uşaq bunu o qədər təkrar etdi ki, hətta hərbi-vətənpərvərlik tədbirlərinə onu dəvət edir, başqalarına misal çəkirdilər. O uşaq hətta zallarda camaatın qarşısında alovlu çıxışlar da edirdi. Ay keçdi, il dolandı, bu uşağın 18 yaşı tamam oldu. Ancaq həmin vaxt uşağı tapmadılar xidmətə göndərməyə. İllər sonra xaricdən Azərbaycana qayıdanda "qulaqlayıb" əsgərə apardılar.
44 günlük müharibədən əvvəl də, müharibə vaxtı da sosial şəbəkələri "yandıran", yeri-göyü dağıdan bir adam vardı. Müharibənin ortasında zəng etdi ki: "Qaqa, qardaşım oğlu əsgərlikdədir, onu arxa cəbhədə saxlamağa kömək edə bilərsən?". Dedim: "Yox, kimdən əskikdir ki?".
İndi sosial şəbəkələrdə bəzi jurnalistlərin, ekspertlərin yazıları, çıxışları qarşıma çıxır. Gözümün qabağına o totux-motux uşaqlar, sosial şəbəkəni dağıdan "vətənpərvərlər" gəlir. Ümumiyyətlə, əvvəllər özünə "vətənpərvər" deyən adamlardan qorxurdumsa, indi bu siyahıya addımbaşı "dövlətimi sevirəm", "dövlətimin yanındayam" deyənlər də əlavə olunub. Özünə "vətənpərvər" deyənlər yuxarıdakı totux-motuxlardısa, "dövlətin yanındayam" deyənlərin çoxu alverçidir. Ticarətçi yox ha, bildiyimiz alverçi! Ticarətçi böyük iş qurar, strateji düşünər, təkcə özünün deyil, özündən sonrakıların da həyatını sığortalamağa çalışar. Bu alverçilər isə situativ düşünənlərdir; onlar üçün bu gün var, sabah nə olar-olar. Əsas odur girməyə yer olsun.
İranla ABŞ arasında gərginlik var. Bunun adını "gərginlik" qoysaq da, əslində bu, bir psixoloji müharibədir. ABŞ İrana qarşı, İran isə ABŞ-nin regiondakı ortaqlarına qarşı bu müharibəni aparır. ABŞ İranı vuracaq, ya vurmayacaq – bunu yaşayıb görəcəyik. Amma Azərbaycanda bir çoxları sanki təkbaşına İrana, Rusiyaya qarşı mübarizə aparırmış kimi imic yaradıb. İranda rejim dəyişikliyi istəyirlər, oradakı azərbaycanlıların azad olmadığını deyirlər, "Rusiya işğalçıdır, parçalanmalıdır" deyə hayqırırlar. Bu adamlara sual verəndə ki – "ay danabaş" deyə bilməyəcəm, qanunlar təhqiri qadağan edir – ona görə də, ay başı standartlardan böyük, məgər ABŞ eyni işi görmür? İndi insan hüquqlarından dəm vuran Avropa ölkələri vaxtilə eyni əməlləri etmirdi? İndi kimsə elə hesab edəcək ki, mən İran və ya Rusiya sevdalısıyam, yaxud soruşacaqlar ki, "sən nə istəyirsən?". Mənim üçün İran da, Rusiya da, ABŞ də, Avropa İttifaqı da, İsrail də mahiyyətcə eynidir. Nə? Durub indi fahişələri kateqoriyalara ayıracam? Mən nə istəyirəm? Özün ol, güclən, güclü ol...
Baxırsan jurnalistdir, ən azından fikrini yazılı və ya şifahi ifadə edə bilir. Dünənə qədər "gül kimi" qadın-kişi münasibətlərindən, sevgidən, bakirəlikdən, "oğru dünyasından", masturbasiyadan-zaddan yazırdı, indi İran-ABŞ gərginliyindən vurub, Rusiya-Ukrayna müharibəsindən çıxır. Politoloq və ekspertlərimiz də həmçinin. Bəzən deyirlər ki, ölkədə çoxlu sayda politoloq, ekspert, jurnalist var. Vallah-billah, çox deyil, əksinə, azdır. Bu ölkədə ixtisaslaşmış mətbuat, jurnalist və ekspert nəinki azdır, yox dərəcəsindədir. Özünü İran və ya Rusiya mütəxəssisi kimi qələmə verənlərin hamısı şüarçılıqdan başqa bir iş görmür.
Hər kəsin yazdığına, danışdığına o yerə qədər hörmətlə yanaşıram ki, sadəcə fikrini ifadə etsin. Amma nə vaxt ki, ağıl verməyə, "mənim kimi düşünün" deməyə başlayır, o adamın ən yaxınım olsa belə, gözümdə bir qəpiklik dəyəri qalmır.
Bunları niyə yazıram? Bu yaxınlarda bir dostumla oturub Azərbaycanda, Gürcüstanda və Ermənistanda beyin mərkəzlərinin (think-tank) sayını, fəaliyyət istiqamətlərini və ortaya qoyduqları işləri araşdırdıq. Vəziyyət mən deyim gülməli, siz deyin ağlamalı... Hansısa beyin mərkəzinin nümayəndəsi deyəcək ki, "biz böyük işlər görürük, sadəcə ictimaiyyətə açıqlamırıq". Öz aləmlərində bir gizlilik, bir sirr pərdəsi yaradırlar. Guya dövlətə hansısa formada "iş" verirlər. Belə yerdə təhqir, söyüş nə gedərdi...
İran məsələsində Azərbaycan dövlətinin mövqeyinə baxıram: son dərəcə soyuqqanlı, ehtiyatlı və sakit siyasət yürüdülər. Bu o deməkdir ki, dövlət vəziyyəti anlayır, prosesin nə qədər ağır və zərərli ola biləcəyinin fərqindədir. Hesab edirəm ki, cəmiyyətin də soyuqqanlı təhlillərə, analizlərə ehtiyacı var. Şüarçılıq heç nə qazandırmayacaq!
Amma baxırsan ki, bəzi jurnalistlər, politoloqlar bekar qalan kimi Elçibəyi təhqir edir, aşağılayır, amma İran məsələsində elə Elçibəyin dili ilə danışırlar. Nə həyasız adamlarsınız!
O gün qarşıma bir video çıxıb; Xalq Cəbhəsinin tanınmış simaları debat edir. Ağızlarına gələni danışır, bir-birinə dişlərinin dibindən çıxanı "yapışdırırlar". Bu adamlar sonra da çıxıb deyirlər ki, "SSRİ-ni biz dağıtdıq", "İranı da dağıdacağıq". Əəə, bu ağılla, bu mədəniyyətlə, bu düşüklüklə sən SSRİ dağıda bilərdin?
Dünyanın ən mürəkkəb regionlarından birindəyik. Şimalımız Ukrayna ilə müharibədə, cənubumuz ABŞ ilə ölüm-dirim savaşında, cənub-qərbimiz Suriya bataqlığında... Bizimkilər isə oturub dövlət parçalayır, yeni dövlətlər qururlar. Əcəb edirsiniz! Topun yox, topxanan yox, ideologiyan yox, cəlbediciliyin yox, neft-qazdan başqa heç nəyin yoxdur; təşkilatlanmamısan, infrastrukturun yoxdur. Adama deməzlər ki, çarə bilirsənsə, öz başına çək? Dağıtdığın yerlərə nə transfer edəcəksən? Problem?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Fevral 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















