Icma.az
close
up
RU
Tovuzda üzümçülük dirçəldilir

Tovuzda üzümçülük dirçəldilir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaxt vardı, Tovuzun üzümünü yığıb-yığışdırmaq olmurdu. Payız gələndə rayonun kəndləri üzüm qoxuyardı. Həyətlərdə, yol kənarlarında, bağlarda yeşik-yeşik üzüm gözə dəyər, maşınlar məhsulu daşımaqdan yorulmaz, emal müəssisələri gecə-gündüz işləyərdi. Üzüm Tovuz kəndlisinin həm ruzisi, həm qazancı, həm də məşğuliyyəti idi.

O illəri xatırlayanların yaddaşında Tovuzun ucsuz-bucaqsız üzüm bağları hələ də yaşayır.

Ötən əsrin 70-ci illərində rayonda üzümlüklərin sahəsi 10 min hektara çatmışdı. İldə 120 min tonadək məhsul götürülürdü. Rayonda 12 şərab zavodu fəaliyyət göstərirdi. Tovuz üzümü və ondan hazırlanan məhsullar Azərbaycanın hüdudlarından çox-çox uzaqlara göndərilirdi.

Sonra üzümçülüyün ağır günləri başladı. Keçmiş SSRİ-də 1980-ci illərin ikinci yarısında aparılan antialkoqol kampaniyası Azərbaycanın bir çox üzümçülük rayonları kimi Tovuza da ciddi zərbə vurdu. İllərlə zəhmət hesabına salınmış bağların bir hissəsi məhv edildi, istehsal azaldı, emal müəssisələri fəaliyyətini dayandırdı. Bir zamanlar minlərlə ailəyə çörək verən sahə əvvəlki mövqeyini itirdi.

Sərvəti itirmək mümkün olmadı. O, Tovuz kəndlisinin üzümçülük təcrübəsi və ənənəsi idi. Çünki üzümçülük burada dünənin təsərrüfat sahəsi deyil. Ata-babadan qalma peşədir. Hansı torpaqda hansı sortun yaxşı yetişəcəyini, tənəyin nə vaxt budanacağını, suyun nə vaxt verilməli olduğunu, üzümün nə zaman yetişdiyini kənd adamı kitabdan oxumayıb. İllərlə torpağın içində öyrənib. Elə buna görə də üzümçülük üçün imkan yaranan kimi Tovuzda bağlar yenidən çoxalmağa başladı.

Son illərin rəqəmləri də bunu göstərir. 2020-ci ildə rayonda üzümlüklərin sahəsi 745 hektara çatmışdısa, 2022-ci ildə bu göstərici artıq 822 hektarı ötmüşdü. Həmin il 755 hektar barverən üzüm bağından 21 min 751 ton məhsul yığılmışdı. Sonrakı dövrdə isə üzümlüklərin ümumi sahəsi 1150 hektarı keçib. Bunun 744 hektarını süfrəlik, 406 hektarını texniki üzüm sortları təşkil edib.

Tovuzda bu gün “Təbrizi”, “Bolqar”, “Kardinal”, “Şasla”, “Tayfu”, “Qara moldavan”, “Redqlobe”, “Viktoriya” kimi süfrəlik, “Bayanşirə”, “Rkasitell”, “Pino”, “Şardane”, “Aliqote”, “Muskat”, “Merlot” kimi texniki sortlar yetişdirilir.

Əlbəttə, bugünkü 1150 hektarla vaxtilə mövcud olmuş 10 min hektarı müqayisə etmək olmaz. Arada böyük fərq var. Amma başqa bir müqayisə də aparmaq mümkündür: bir vaxtlar məhv olmaq təhlükəsi ilə üzləşmiş üzümçülük bu gün yenidən gəlir gətirən təsərrüfat sahəsinə çevrilir. Əsas olan da budur.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun bu günlərdə Aşağı Quşçu kəndində üzümçülük təsərrüfatına baş çəkməsi də bu baxımdan maraqlıdır.

Aşağı Quşçu Tovuzda üzümçülüyün daha geniş yayıldığı kəndlərdəndir. Burada üzümçülüklə məşğul olan ailələr, iri və kiçik təsərrüfatlar az deyil. Son illərdə yeni bağların salınması, intensiv becərmə üsullarından istifadə edilməsi də kənddə bu sahəyə marağın qaldığını göstərir.

Rayon rəhbəri Mübariz Orucova məxsus üzüm təsərrüfatında olub. Bağlara baxış keçirilib, burada yetişdirilən süfrəlik və kişmişlik üzüm sortları, aparılan aqrotexniki qulluq, məhsuldarlıq və təsərrüfatın gələcək planları barədə söhbət aparılıb.

Söhbətin maraqlı tərəflərindən biri təsərrüfat sahibinin qaldırdığı məsələ olub. Fermer məhsulun uzun müddət keyfiyyətli saxlanılması və satış imkanlarının genişləndirilməsi üçün müasir soyuducu anbara ehtiyac olduğunu bildirib və bu istiqamətdə dövlət dəstəyinin göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Əslində, məsələ təkcə bir təsərrüfatın soyuducu anbar istəyindən daha böyükdür. Bu gün fermer üçün üzümü yetişdirmək qədər onu saxlamaq və yaxşı qiymətə satmaq da vacibdir. Məhsul yetişəndə hamı eyni vaxtda bazara çıxarırsa, təklif artır, qiymət aşağı düşür. Fermerin saxlama imkanı yoxdursa, aylarla çəkdiyi zəhmətin məhsulunu bəzən istədiyi qiymətə sata bilmir. Soyuducu anbar isə ona seçim imkanı verir.

Üzümü bu gün yığıb sabah satmaq məcburiyyəti aradan qalxır. Məhsulu keyfiyyətini qorumaqla saxlamaq, bazarın vəziyyətinə uyğun satışa çıxarmaq, hətta ixrac üçün daha münasib vaxt gözləmək mümkün olur. Deməli, müasir üzümçülük yalnız bağ salmaqdan ibarət deyil. Bağdan başlayan yol soyuducu anbara, qablaşdırmaya, emala və bazara qədər uzanmalıdır.

Məsələnin başqa tərəfi də var. Yeni üzüm bağı yalnız daha çox üzüm demək deyil. Bağ salınırsa, orada işləyəcək adama ehtiyac yaranır. Məhsul yığılırsa, onu çeşidləyən, qablaşdıran, daşıyan lazımdır. Soyuducu anbar tikilirsə, yeni iş yerləri açılır. Emal müəssisəsi fəaliyyət göstərirsə, kənddə yetişdirilən məhsul elə həmin ərazidə əlavə dəyərə çevrilir.

Yəni üzümün bir salxımından başlayan zəncir bütöv bir kənd iqtisadiyyatına qədər gedib çıxır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na da bu baxımdan yanaşmaq lazımdır.

Dövlət Proqramının qarşıya qoyduğu əsas məqsədlərdən biri kənd təsərrüfatında istehsalla yanaşı, emal və satış imkanlarının da genişləndirilməsidir. Fermerlərə verilən subsidiyalar, güzəştli kreditlər, müasir texnologiyaların tətbiqinin təşviqi də nəticədə kəndlinin torpaqdan daha çox gəlir götürməsinə xidmət edir.

Məmməd Məmmədovun təsərrüfat sahibi ilə söhbətində də məhz bu məsələlərə toxunulub. Dövlət Proqramının yaratdığı imkanlardan, fermerlər üçün nəzərdə tutulan subsidiya və güzəştli kredit mexanizmlərindən danışılıb, istehsalın genişləndirilməsi və müasir texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün bunların fonunda Tovuz üzümçülüyünün qarşısında kifayət qədər böyük imkanların olduğu görünür. Torpaq var. Ənənə var. Bu işi bilən adamlar var. Bazar da var. Qalır bağları artırmaq, məhsuldarlığı yüksəltmək, saxlama və emal imkanlarını genişləndirmək.

Bir vaxtlar Tovuzun 10 min hektar üzüm bağı olubsa, deməli, bu torpağın potensialını yenidən sübut etməyə ehtiyac yoxdur. İndi məsələ həmin tarixin xatirəsi ilə yaşamaq yox, ondan gələcək üçün istifadə etməkdir. Bəli, vaxt vardı, Tovuzun üzümünü yığıb-yığışdırmaq olmurdu…

“Bəlkə də yaxşı işləsək, o vaxt yenə gələcək…”. Bu da rayon rəhbərinin fermerlərlə görüşü zamanı dediyi sözlər.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri