Icma.az
close
up
RU
Toy mədəniyyətində dönüş şok qadağa gündəmdə

Toy mədəniyyətində dönüş şok qadağa gündəmdə

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir

Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi. Bu fonda toy mərasimləri ilə bağlı müzakirələrin aktuallaşması təsadüfi deyil. Xüsusilə spirtli içkilərin yaratdığı xoşagəlməz hallar və dava-dalaşlar ictimai narazılığı artıran əsas amillərdən biri kimi önə çıxır.

Lakin toy məclislərində spirtli içkilərin tam qadağan olunması məsələsinə birmənalı yanaşmaq çətindir. Problem yalnız içkinin mövcudluğunda deyil, ümumilikdə davranış mədəniyyəti, sosial təzyiq və nəzarət mexanizmlərinin zəifliyindədir. Bu baxımdan, radikal qadağalar əvəzinə mərhələli və balanslı yanaşma daha effektiv görünür.

Məsələn, spirtli içkilərin təqdimatına məhdudiyyətlərin tətbiqi, məclislərin daha sivil formatda təşkili, restoran və şadlıq evlərində nəzarətin gücləndirilməsi kimi addımlar real nəticə verə bilər. Paralel olaraq, cəmiyyətdə “toy = israf və sərbəst davranış” stereotipinin dəyişməsi də vacib şərtlərdən biridir.

Digər tərəfdən, artıq bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, alternativ yanaşmalar tədricən qəbul olunur. Bu isə gələcəkdə daha geniş sosial transformasiyanın mümkünlüyündən xəbər verir.

Toy mərasimlərində spirtli içkilərin məhdudlaşdırılması dava-dalaşların azalmasına müəyyən təsir göstərə bilər. Lakin bu, yalnız kompleks yanaşmanın bir hissəsi olarsa effektiv olar. Əsas məsələ cəmiyyətin mərasim mədəniyyətinin daha məsuliyyətli və müasir formaya keçid etməsidir.

Bəs toylarda spirtli içkilərin təqdim olunmasının ləğvi mümkündürmü? Yaxud bu sahədə müəyyən məhdudiyyət və ya normativ qaydaların tətbiqi real görünürmü?

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Deputat deyib ki,  ümumiyyətlə, Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur. Yəni hazırda nə yas mərasimləri, nə də toyların təşkili qanunvericiliklə tənzimlənir. Bu sahə ilə bağlı xüsusi qanun mövcud deyil və belə bir məsələ də hazırda gündəmdə deyil: “Spirtli içkilərlə bağlı məsələyə gəldikdə isə kiçik bir statistika aparsaq görərik ki, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin mütləq əksəriyyətinin kökündə məhz bu amil dayanır. Söhbət ailədaxili münaqişələrdən, yol-nəqliyyat hadisələrindən, insanlar arasında baş verən müxtəlif qarşıdurmalardan gedir. Gün ərzində xəbərləri izlədikdə də görürük ki, bu cür hadisələrin böyük hissəsinin əsas səbəblərindən biri spirtli içki istifadəsidir.

Yəni istər qəzaların, istər müxtəlif münaqişələrin, istərsə də ailədaxili problemlərin kökündə əksər hallarda insanların spirtli içki qəbul etdikdən sonra törətdikləri hərəkətlər dayanır. Bu problem özünü kifayət qədər ciddi şəkildə göstərir.

Ona görə də hesab edirəm ki, gələcəkdə bu sahədə müəyyən tənzimləmələrin həyata keçirilməsinə ehtiyac yarana bilər. Çünki faktiki olaraq spirtli içkilərdən kütləvi və nəzarətsiz istifadə cəmiyyətdə ciddi problemlərə səbəb olur. Amma qeyd etdiyim kimi, bunun tənzimlənməsi tamamilə fərqli məsələdir. Bunun üçün siyasi qərar verilməli, geniş araşdırmalar aparılmalı və ictimai müzakirələr təşkil olunmalıdır".

Deputat deyib ki, əgər insanların spirtli içki qəbul etdikdən sonra bu qədər cinayət törətdiyini, yol qəzalarına səbəb olduğunu görürüksə, deməli, məsələyə fərqli yanaşmalar ortaya qoyulmalı və bu cür halların qarşısının alınması üçün daha təsirli mexanizmlər üzərində düşünülməlidir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  yazıçı-kulturoloq Aydın Xan Əbilov toylarla bağlı qadağaların tərəfdarı olmadığını deyir: “Azərbaycanın toy adət-ənənələri, sözsüz ki, əsrlər boyu formalaşıb və milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Burada söhbət yalnız zahiri və vizual mədəniyyətdən getmir. Toy ənənələri eyni zamanda xalqımızın mənəvi, ruhi, dini və məişət həyatını, davranış qaydalarını, ailə dəyərlərini və yaşam tərzini özündə əks etdirən mürəkkəb bir sosial-mədəni institutdur.

Bəli, son illərdə toy məclisləri həddindən artıq dəbdəbəli, bəzən hətta krallara məxsus bir səviyyədə təşkil olunur. Lakin nə dövlət, nə də cəmiyyət kiməsə diktə edə bilməz ki, toyunda hansı yeməyi təqdim etsin, hansı etməsin və ya toyunu hansı formada keçirsin, yaxud keçirməsin.

Aydın məsələdir ki, müəyyən ümumi standartlar mövcuddur və həmin standartlardan kənara çıxmaq olmaz. Toyların gigiyenik şəraiti, qida təhlükəsizliyi, ictimai asayiş və insanların davranış qaydalarına əməl etməsi baxımından həm şadlıq sarayları, həm toy təşkilatçıları, həm də məclisi sifariş edən ailələr məsuliyyət daşıyırlar".

Müsahibimizin sözlərinə görə, toy məclislərində bu və ya digər yeməyin, yaxud spirtli içkinin təqdim olunub-olunmaması məsələsi kifayət qədər mübahisəli mövzudur: “Biz dünyəvi dövlətik və Avropa dövlətçilik fəlsəfəsinə uyğun olaraq vətəndaşlara geniş liberal azadlıqlar təqdim etmişik. Təəssüf ki, bəzi hallarda insanlar bu azadlıqlardan sui-istifadə edir, bəzən isə bilərəkdən və ya bilməyərəkdən qanunları və ictimai davranış normalarını pozurlar. Əslində keçmişdə Azərbaycan toylarında spirtli içkilər geniş yayılmamışdı. İçki məclisləri ayrıca təşkil olunur, bəzən xüsusi mağarlarda keçirilirdi. Hətta bəzi bölgələrdə içki içənlərlə içməyənlərin məclisləri ayrılırdı. Son illərdə, xüsusilə müstəqillik dövründən sonra isə bu ənənələr tədricən aradan qalxıb və bəzi hallarda toylar həddindən artıq israfçılığa və alkoqol istehlakına əsaslanan məclislərə çevrilib.

Əvvəllər mövcud olan mağar mərasimləri, qadın və kişi məclisləri, xınayaxdı, paltarkəsdi, nişan kimi ayrı-ayrı mərasimlər zamanla bir məkanda birləşdirildi. Bu gün əksər hallarda bütün mərasimlər vahid toy məclisi çərçivəsində keçirilir. Nəticədə qadınlar, kişilər, uşaqlar, yaşlılar və gənclər eyni zalda toplaşır, çox zaman qarışıq masalarda əyləşirlər. Həmin süfrələrdə müxtəlif yeməklər, salatlar, şirniyyatlar, eləcə də alkoqollu və alkoqolsuz içkilər təqdim olunur".

Aydın Xan Əbilov  deyib ki, spirtli içki təqdim olunsa da, olunmasa da, bir çox dava-dalaşların kökündə insanların davranış mədəniyyəti, ictimai yerlərdə özünü aparmaq bacarığı və ümumi əxlaq məsələləri dayanır: “Bununla belə, alkoqol həmin problemləri daha da dərinləşdirən amilə çevrilir. Xüsusilə şəxsi və ya ailə problemlərini içki vasitəsilə unutmağa çalışan insanlar zamanla həm ətrafdakılar, həm də bütövlükdə cəmiyyət üçün problem yaradırlar.

Mən dünyəvi düşüncəli bir insan kimi spirtli içki qəbul edən insanların da hüquqlarını tanıyıram və hesab etmirəm ki, toylarda spirtli içkilərin qadağan olunması problemləri tamamilə aradan qaldıra bilər. Hətta buna ehtiyac da yoxdur. Tarix göstərir ki, qadağalar hər zaman gözlənilən nəticəni vermir. Məsələn, ABŞ-də 1930-cu illərdə tətbiq olunan “quru qanun” dövründə qeyri-qanuni içki ticarəti, mafioz qruplar və kölgə iqtisadiyyatı daha da gücləndi. Azərbaycanda da oxşar addım atılarsa, müəyyən problemlərin yaranması istisna deyil.

Toy biznesi Azərbaycanın xidmət və əyləncə sektorunun ən böyük sahələrindən biridir. Müxtəlif hesablamalara görə, bir milyondan çox insan dolayısı və ya birbaşa şəkildə bu sahədən gəlir əldə edir. Buna görə də hər hansı qadağa və ya sərt məhdudiyyət tətbiq edilərkən onun sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Onsuz da ölkədə və dünyada işsizlik problemi kifayət qədər aktualdır. Məncə, qadağalar əvəzinə müəyyən məhdudiyyətlər tətbiq etmək daha məqsədəuyğun olardı. Məsələn, süfrələrdə təqdim olunan spirtli içkilərin sayı azaldıla bilər. İçki təqdim olunan hissələr restoranın ayrıca bölməsində və ya ayrıca zalda təşkil oluna bilər. Bundan əlavə, həddindən artıq spirtli içki qəbul edən şəxslərə nəzarət etmək üçün şadlıq saraylarında xüsusi təhlükəsizlik əməkdaşları fəaliyyət göstərməlidir. Belə hallar aşkar edildikdə, həmin şəxslər məclisdən uzaqlaşdırılmalı, zərurət yaranarsa hüquq-mühafizə orqanları məlumatlandırılmalıdır. Bu cür tədbirlər dava-dalaşların və xoşagəlməz hadisələrin qarşısının alınmasına kömək edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 İyun 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri