Tramp niyə Ukrayna müharibəsinin uzanmasında maraqlıdır DETALLAR
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Donald Trampın Rusiya-Ukrayna müharibəsində real irəliləyiş əldə etmək imkanı olsa da, Ağ Evin yürütdüyü siyasət göstərir ki, səsləndirilən sülhpərvər bəyanatlara baxmayaraq, münaqişənin uzanması ABŞ-ın strateji maraqlarına daha çox cavab verir. Bu yanaşmanı şərtləndirən bir neçə fundamental geosiyasi amil mövcuddur.
Birinci amil: “Soyuq müharibə”dən sonra yaranmış geosiyasi boşluqların doldurulması
Ukrayna müharibəsinin uzanması ABŞ üçün unikal imkan pəncərəsi yaradıb. “Soyuq müharibə”dən sonra Qərbin zəiflədiyi və ya geri çəkildiyi bir sıra strateji bölgələrdə – postsovet məkanı, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya, Qafqaz, Latın Amerikası, Karib hövzəsi, Arktika və Afrikada boşluqları əsasən Çin və İran doldurmuşdu. Rusiya isə zəifləsə də, bir çox bölgədə mövcudluğunu qoruyub saxlayırdı.
Ukrayna müharibəsi və ona paralel tətbiq edilən sanksiyalar nəticəsində:
-Rusiyanın beynəlxalq təsir imkanları ciddi şəkildə məhdudlaşdırıldı;
-Çin və İranın manevr sahəsi daraldı;
-ABŞ bu prosesdən istifadə edərək yeni dünya düzənində əsas rəqibləri olan Rusiya-Çin-İran üçlüyünü eyni vaxtda zəiflətmək strategiyasını işə saldı.
Bu kontekstdə Tramp administrasiyası “Pax Americana” (Amerika sülhü) konsepsiyasından faktiki imtina edərək, Reyqan doktrinası, “Ceksonizm”, MAGA, “America First” və “Israel First” xətti üzərində qurulan daha sərt və güc yönümlü xarici siyasətə üstünlük verdi.
Bu siyasətin konkret nəticələri
Artıq bu strategiyanın real geosiyasi nəticələri müşahidə olunur:
-Yaxın Şərqdə İranın, eləcə də Rusiya və Çinin təsir dairəsinin minimuma endirilməsi;
-Cənubi Qafqazda Ermənistan–Azərbaycan sülh prosesinin irəliləməsi və ABŞ-ın prosesə dolayısı təsir imkanlarının artması;
-Mərkəzi Asiyada ABŞ-ın mövqelərini möhkəmləndirməsi və Azərbaycanın bu regionda artan rolu fonunda C5 formatının faktiki olaraq C6-ya çevrilməsi perspektivi;
-İranda daxili proseslərin aktivləşməsi;
-Arktika və Qrenlandiya uğrunda qlobal güclər arasında rəqabətin kəskinləşməsi;
-Karib hövzəsi və Latın Amerikasında (Venesuela, Panama kanalı və s.) ABŞ-ın mövqelərini gücləndirməklə Çin, Rusiya və İranın sıxışdırılması.
Bütün bu proseslər vahid strategiyanın – ABŞ-ın qlobal liderliyini qorumaq və möhkəmləndirmək xəttinin tərkib hissəsidir.
İkinci amil: Sanksiyalarla Rusiyanın sistemli zəiflədilməsi
Ukrayna müharibəsinin uzanması sanksiya rejiminin davam etməsinə şərait yaradır. Bu isə Rusiyanı uzunmüddətli perspektivdə iqtisadi və struktur baxımdan zəiflədir. ABŞ burada 1980-ci illərdə Ronald Reyqan tərəfindən tətbiq edilən taktikanı xatırladan modeldən istifadə edir: Silahlanma yarışının sürətləndirilməsi; Rusiya iqtisadiyyatının “hərbi iqtisadiyyat” formatına məcbur edilməsi; enerji ixracının məhdudlaşdırılması və neft qiymətlərinin aşağı salınması yolu ilə Moskvanın gəlirlərinin azalması.
Bu model Sovet İttifaqının dağılmasında həlledici rol oynamışdı və Tramp administrasiyası həmin təcrübəni yenidən dövriyyəyə buraxmağa çalışır.
Üçüncü amil: Çoxqütblü dünya riskinin qarşısının alınması
Əgər ABŞ bu mərhələdə sərt addımlar atmasaydı, beynəlxalq münasibətlər sistemində sürətlə formalaşan çoxqütblü dünya Vaşinqton üçün ciddi təhlükə yaradacaqdı. Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS+ və digər anti-Amerika platformalar: ABŞ-ın qlobal hegemon rolunu zəiflətməyə; dolların dünya valyutası statusunu sarsıtmağa; alternativ maliyyə və təhlükəsizlik mexanizmləri yaratmağa çalışırlar.
Hələlik bu cəhdlər tam nəticə verməsə də, ortada açıq niyyət və sistemli fəaliyyət mövcuddur. Ukrayna müharibəsi isə ABŞ-a bu prosesləri ləngitmək və nəzarətdə saxlamaq üçün əlavə vaxt qazandırır.
Dördüncü amil: İran və Çin məsələsinin paralel həlli
Ukrayna müharibəsinin uzadılması: İran məsələsini Vaşinqtonun xeyrinə birdəfəlik həll etmək, Çini təcrid etmək, zəiflətmək və nəticə etibarilə onu ABŞ-ın qurduğu qlobal qaydalar sisteminə tabe etdirmək məqsədi daşıyır.
Bu, Vaşinqtonun uzunmüddətli strateji baxışının əsas sütunlarından biridir.
Beşinci amil: Avropanın nəzarətdə saxlanılması
Müharibə Avropanı təhlükəsizlik baxımından ABŞ-a daha sıx bağlayır: NATO-nun rolunu gücləndirir; Avropanın müstəqil təhlükəsizlik və xarici siyasət ambisiyalarını məhdudlaşdırır; enerji və hərbi sahələrdə Vaşinqtondan asılılığı artırır.
Bütün bu amillər göstərir ki, Vaşinqtonun Ukrayna müharibəsinin uzanmasında marağı taktiki deyil, strateji xarakter daşıyır. Lakin proses ABŞ üçün də risksiz deyil. Qarşı düşərgə baş verənlərin mahiyyətini anlayır və adekvat müqavimət strategiyaları formalaşdırır.
Əsas amillərdən biri də dünyadakı əsas nəqliyyat dəhlizlərinə nəzarətin əldə edilməsidir.
Yeni dünya düzəni uğrunda mübarizə hələ uzun müddət davam edəcək və Ukrayna bu qlobal geosiyasi qarşıdurmanın əsas cəbhələrindən biri olaraq qalacaq.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 08 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















