Tramp Zelenskiyə qəzəblənib ABŞ dan Ukraynaya xəbərdarlıq
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin hərəkətlərindən narazıdır. O hesab edir ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri Rusiyaya vurduğu ziyandan daha çox Kiyevin Vaşinqtonla münasibətlərinə zərər verir.
Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Tramp Zelenskinin ABŞ-ın dəstəyini həmişə mövcud olacaq bir şey kimi qəbul etdiyini düşünür.
“Tramp həqiqətən qəzəblidir. O hesab edir ki, Zelenski ABŞ-ın dəstəyini təbii hal kimi qəbul edir”, – deyə ABŞ administrasiyasının nümayəndəsi “Axios”a bildirib.
Bu fonda Tramp Rusiya və Ukraynanın enerji infrastrukturuna zərbələrin dayandırılmasına nail olmağa çalışır. ABŞ Prezidenti bazar günü “Truth Social” sosial şəbəkəsində tərəflər arasında enerji atəşkəsinin dərhal qüvvəyə mindiyini açıqlayıb.
“Rusiya ilə Ukrayna arasındakı müharibədə ENERJİ ATƏŞKƏSİ dərhal qüvvəyə minir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!” – deyə Tramp yazıb.
Lakin ABŞ Prezidentinin bəyanatı ilk baxışdan göründüyü qədər konkret olmayıb. Ağ Ev nümayəndəsinin sözlərinə görə, söhbət hər iki tərəfin neft emalı zavodlarına hücumları dayandırmasını nəzərdə tutan mümkün razılaşmadan gedir. Bu mexanizm işə düşərsə, növbəti mərhələdə elektrik stansiyalarına və enerji şəbəkələrinə zərbələrin dayandırılması müzakirə oluna bilər.
Bununla belə, Rusiya hələlik atəşkəslə razılaşmayıb. Volodimir Zelenski də Trampın elan etdiyi razılaşmadan xəbərdar olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Prezidentinin açıqlaması özü üçün də yenilik olub.
Ağ Ev nümayəndəsinin “neft emalı zavoduna qarşı neft emalı zavodu” prinsipi kimi təqdim etdiyi təklif Ukrayna tərəfinin suallarına səbəb olub. Ukraynalı rəsmilərdən biri “Axios”a bildirib ki, ölkədə cəmi bir neft emalı zavodu qalıb. Həmin müəssisə də dəfələrlə Rusiyanın hücumlarına məruz qalıb və hazırda tam gücü ilə işləmir. Rusiya isə geniş neft emalı zavodları şəbəkəsinə malikdir.
“Biz dizel yanacağı və qaz idxal edirik. Rusiyanın elektrik şəbəkəmizə hücumları dayandırmasına ehtiyacımız var”, – deyə ukraynalı rəsmi bildirib.
Trampın açıqlamasından qısa müddət sonra Rusiya qoşunlarının Ukraynanın elektrik stansiyalarına zərbələr endirdiyi barədə yerli KİV-lər məlumat yayıb.
Vaşinqton Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının ABŞ istehlakçıları üçün mümkün nəticələrindən də narahatdır. Tramp hesab edir ki, bu zərbələr ABŞ-da benzinin bahalaşmasına səbəb olur.
Cümə günü Rusiya ilə dizel yanacağına tətbiq edilən sanksiyaların ləğvi barədə razılaşma əldə edildikdən sonra ABŞ Prezidenti Kiyevin Rusiya neft emalı müəssisələrinə hücumları dayandırmasına nail olmaq üçün səylərini davam etdirib.
Mövcud fikir ayrılıqları fonunda Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerin Moskvaya planlaşdırılan səfəri də təxirə salınıb. “Axios”un məlumatına görə, ABŞ nümayəndələri əvvəlcə Ukrayna və Avropa ölkələrinin Rusiya üçün hazırlanmış yeni razılaşdırılmış planı dəstəkləməyə hazır olub-olmadığını aydınlaşdırmaq istəyirlər.
Bazar günü “Financial Times” qəzeti də ABŞ-ın Avropa ölkələrinə xəbərdarlıq etdiyini yazıb. Məlumata görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları davam edərsə, Vaşinqton NATO vasitəsilə Kiyevə silah satışını dayandıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Oktyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















