Transseksualizm xəstəlikdir, yoxsa seçim?
Icma.az, Ses qazeti-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Transseksualizm xəstəlikdir, yoxsa seçim?.
Elm və texnologiya inkişaf etdikcə insanların ətrafa və özünə müdaxilə formaları həm genişlənir, həm də inkişaf edir. Müdaxilələr həm müsbət, həm də mənfi ola bilir. Kimi çirkinlikləri düzəldir, dünyanı gözəlləşdirir, kimi də gözəllikləri məhv edir, daha xaotik vəziyyət yaradır. İndi insan az qala Yaradanla yarışır, təbiətin başına açdığı oyunlar yetməzmiş kimi öz orqanizmi üzərində cürbəcür əməliyyatlar aparır.
15-20 il əvvəl bəzi cərrahi müdaxilələr bizə möcüzə kimi görünsə də, günümüzdə ən nadir əməliyyatlar sıradan hadisə kimi dəyərləndirilir. İndi nəinki daxili orqanların problemsiz köçürülməsi, hətta insana yeni əl-ayaq, üz köçürülməsi də gerçəkləşdirilir. Təbii ki, bu cür əməliyyatların reallaşdırılması elmin inkişafı, insanlığın uğurudur. Bəs cinsin dəyişməsi əməliyyatları necə? Bəşəriyyət bu əməliyyatların bu qədər populyar olmasından bir şey əldə edirmi?
Cinsiyyətini dəyişdirənlər – Transseksuallar
Plastik əməliyyatların bir növü kimi bu gün dünyada cinsiyyyət dəyişdirmə kimi əməliyyatlar da reallaşdırılır. Daha çox kişilərin qadın olma istəyi ilə həyata keçirilən bu cür əməliyyatlar bir neçə il öncəyədək qədər bizim ölkəmizin hüdudlarından kənarda idi. Amma bu gün bizim ölkədə də maraq göstərilən cinsiyyət dəyişmə əməliyyatları niyə bu qədər artır?
Cins dəyişmək istəyi artıq adi hala çevrilib. Düzdür, ölkəmizdə buna normal baxmırlar, lakin bu cür insanların varlığını, çoxluq qəbul etməsə də, müəyyən bir çevrədə xor görülmədiklərini də görürük. Azərbaycanda cinsini dəyişdirmək istəyində olanların sayı günü-gündən çoxalır. Elə sosial şəbəkələrdə görmək olar ki, nə qədər kişi qadın olmaq həvəsindədir. Makiyajlı, baxımlı, dırnağı boyalı, estetik əməliyyatlı cinsi naməlumların sayı artır. Maraqlıdır, daha çox kişilər qadın olmaq arzusundadır.
Qeyd edək ki, tibb elminə görə qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına. Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və bir mərhələli olaraq həyata keçirilir.
Kişilər niyə qadın olmaq istəyir?
Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan, yaxud da əksinə olan insanlar transseksual adlanır. Tibb elminə görə isə əməliyyatla cinsini dəyişdirmiş transseksuallar artıq bu cür adlandırılmamalıdırlar, çünki artıq o olmaq istədiyi və özünü hiss etdiyi kimi olur. Belə insanlara “transseksual keçmişi olan” demək olar.
Dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadı, xəstəxanalara təzyiq edildi, transseksuallar cərrahi əməliyyatlar üçün xaricə getmək məcburiyyətində qaldılar. Amerikada bu cür insanlara ruhi xəstə kimi baxırdılar və belə adamları reabilitasiya mərkəzlərində elektroşokla müalicə edirdilər.
Maraqlıdır, insanlar niyə bu yolu seçirlər? Niyə bəzi qadınlar kişi, bəzi kişilər qadın olmaq istəyir? Amerikalı alim Cozef Nikolos iddia edir ki, transseksuallıq nə azğınlıq, nə şəxsi istək, nə də ruhi xəstəlikdir. Alim elmi işində yazır ki, bu bir xəstəlikdir, və bu cür insanlar anadan doğulanda bu xəstəliklə doğulur. Xəstəlik özünü gec və ya tez büruzə verə bilər.
Lakin transseksualizm artıq psixoloji pozğunluq kimi təsnif edilmir. Ümumdünya Səhiyyə Təşkilatı transseksuallığı 2018-ci ildən etibarən xəstəliklər siyahısından siyahısından çıxarıb. Bundan əvvəl Xəstəliklərin Beynəlxalq Təsnifatının (ICD) psixoloji pozğunluqlar bölməsində adı olan transseksualizm artıq 7 ildir ki psixoloji xəstəlik hesab edilmir. ÜST transseksualizmi Xəstəliklərin Beynəlxalq Təsnifatının psixoloji pozğunluqlar bölməsindən cinsi sağlamlıq şərtləri bölməsinə köçürdü. Cinsi sağlamlıq şərtləri bölməsinə transseksuallığın daxil edilməsinin səbəbi də həmin vaxt belə ifadə edildi: "Gender uyğunsuzluğunun psixoloji pozğunluq olmadığı sübut edilsə də, bu təsnif edilməsi transseksual olan insanlar üçün böyük stiqma yarada bilər. Bu şəxslərin əhəmiyyətli dərəcədə sağlamlıq ehtiyacları var ki, onları ICD-də təsnif etmək daha doğru olar”. Qeyd edək ki, ÜST homoseksuallığı da 1992-ci ildə psixoloji pozğunluqların ICD təsnifatından çıxarmışdı.
Dəyişmə və ya dəyişdirmə marağı nədir?
Tibb elmi deyir ki, transseksuallığın müalicəsi var. Psixoterapiya, gender çaşqınlığı yaşayanlara emosional dəstək verməklə yanaşı, insana öz cinsiyyəti ilə tanış olmağa, barışmağa, bioloji cinsi ilə harmoniyada olmağa kömək edə bilər. Psixoterapevtlər belə insanlara cinsləri bağlı qarışıq olan hisslərini və travmalarını anlamağa kömək edə bilər. Bu cür terapiya reparativ terapiya, yəni dəyişmə terapiyası adlanır.
Təəssüf ki, reparativ terapiyanı öz qaranlıq məqsədlərinə əngəl kimi görən LGBT ideologiyası bu terapiya metodunu qadağan etmək üçün hüquqi müstəvidə çalışır, kampaniyalar təşkil edir və müxtəlif təbliğatlarla cəmiyyətə təsir etməyə çalışır. Bu təbliğat nəticəsində gender çaşqınlığı yaşayan və bioloji cinsi ilə barışmaq istəyən insanlara kömək etməyə çalışan terapevtlər “qeyri-etik” hərəkət etməkdə və “transfobiyada” ittiham olunurlar, reparativ terapiya isə təhlükəli tibbi müdaxilə kimi qələmə verilir.
Lakin son 10 ildə dünyadakı transseksual insanların sayını nəzərə alaraq deyə bilərik ki, bu, xəstəlik deyil, epidemiyadır. Çünki trans insanların sayı durmadan artır. Xüsusilə psixoloji problemlərlə bağlı gender disforiyası (əhval-ruhiyyənin acıqlı, kədərli, hər şeydən narazı hal alması) yaşayan yeniyetmə və gənclər bu problemləri həll etmək üçün tez-tez LGBT dərnəkləri və fəallarının fikirlərinə məruz qalırlar. Bu icmaların təbliğ etdiyi “müasir yanaşma” üsulları problemin qaynağının nə olduğunu araşdırmadan birbaşa cinsiyyətin dəyişdirilməsinə başlamaqdır.
Doğrudur, transgender əməliyyatları insanın əks cinsə keçə bilməsi üçün edilir, görünüşcə qadın dəyişib kişi, kişi dəyişib qadın ola bilir, lakin əslində yalnız xarici görünüşdə dəyişikliklərə nail ola bilirlər. Bu məqamı vurğulamaq vacibdir, bioloji xüsusiyyətlərimizə nə qədər təzyiq göstərsək də, dəyişdirilə bilməz. Bu o deməkdir ki, hormon müalicəsi və transseksual əməliyyatlar kimi bədən formasını dəyişdirmə üsulları cinsiyyətimizi heç vaxt tam dəyişə bilməz. Biz anadan hansı cinsdə doğulmuşuqsa ölənədək o cinsə mənsubuq, həm daxilən, həm də ruhən.
Qərb ölkələrinin bir çoxunda trans insanlarla bağlı hər hansı bir narahatlığını bildirmək ciddi hüquq pozuntusu sayılır. Bu səbəbdən transseksualların psixoloji problemləri diqqətdən kənarda qalır və müalicə olunmur. Bu cür insanları aldadırlar ki, cinsiyyət dəyişikliyi etdikdən sonra psixovəziyyət qaydasına düşür, lakin cinsini dəyişdikdən sonra da psixi simptomlar davam etdikdə xəstələr məyusluq və peşmanlıq yaşayırlar, bəziləri dözməyib intihar edir.
Cinsini dəyişir, amma ruhu eynidir
Bədənlərini dəyişdirmələrinə baxmayaraq, psixoloji narahatlığın aradan qaldırıla bilməməsi sübut edir ki, cinsiyyət dəyişikliyi səhv addımdır. Bununla belə, LGBT ideologiyasının əsas meyarı hesab edilən “sən necə hiss edirsənsə, eləsən” yalanı çox gəncin həyatını məhv edir. Bu gənclərin bəziləri yenidən əvvəlki cinsinə qayıtmaq istəyir, bəziləri həyatını məcbur beləcə davam etdirir. Doğulduğu cinsinə qayıtmaq istəyənlər LGBT tərəfindən rədd edilir, sıxışdırılır.
Bizim ölkəmizdə də cinsini dəyişdirən, bəzən də buna meyil edən, cəmiyyət qınağından çəkindiyi üçün etməyən insanlar var. Xüsusilə kişilərin qadın olmaq həvəsləri maraq doğurur. Sosial şəbəkələrdə hər gün başqa birinin makiyajlı, qadın görünüşlü videosuna rast gəlirik. Bu insanlar əvvəlcə xırda makiyaj üsulları ilə göz alışdırırlar, sonralar qadın kimi bəzənməyə, görünməyə can atırlar. Zamanla saçını, dırnağını uzadan, estetik əməliyyatlarla qadın təsiri bağışlayan birinə çevrilirlər. Cinsini dəyişmək kimi radikal addım atanlar hələ ki çox deyil, onları bundan çəkindirən müxtəlif amillər var, lakin görünüşcə elə qadını xatırladırlar. Bəziləri səs telləri üzərində də əməliyyat keçirir, səsini qadın səsi ilə eyniləşdirir, bəziləri elə kişi səsi ilə davam edir həyatına. Cinsini dəyişib ölkəni tərk edənlər də var və onlar üçün Azərbaycan rahat yaşamaq üçün əlverişli deyil. Dünyanın bir çox ölkəsində onlara açılan qapılar, yaradılan imkanlar onları həmin ölkələrə toplayır. Bu ölkələrdə cinsi azlıqların gözəllik yarışmasını keçirir, iş imkanları yaradır, qazanclarının gündən günə artmasına dəstək verirlər.
Əvvəllər paytaxtın gecə həyatında boy göstərən bu cür insanlar indi ən ucqar rayonlarda belə çoxalıblar. Sosial şəbəkələrdə paylaşılan videolarda belə gənclər qadın ədası ilə rəqs edir, qadın geyimləri geyinir. Əvvəl bu cür insanlar yaşadığı mühitin dəyərlərinə hörmət edir, içindən gələn davranışları nümayiş etdirmir, cinsinə xas hərəkət edirdi. Lakin görünür artıq onlar özünü qısıtlamaq, məhdudlaşdırmaq istəmirlər. Bunun səbəblərindən biri cinsi azlıqların parıltılı həyat tərzidir. Sosial şəbəkələrdə gündəlik həyatını nümayiş etdirən cinsi azlıqların hər cür maddi imkana malik olması, son model avtomobilinin, lüks mənzilinin, aramsız xarici səfərlərinin olması cəlb edir o gəncləri bu cür həyata. O azlıqlara bu imkanları kim yaradır, həyatı boyu işləyən, amma özünə kiçik bir ev ala bilməyən, ömrü kreditlərin, faiz borclarının müşaiyəti ilə keçən orta statistik azərbaycanlının əldə edə bilmədiklərini onlar necə asanlıqla əldə edir, bax, işin bu tərəfi maraqlıdır...
Lalə Mehralı

