Tural Abbaslı: “Çıxışımı kimsə bəyənməyə bilər, amma mənə heç kim barmaq silkələyə bilməz”
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
“Ayaz Salayev rus dilini tərifləyəndə, rus dilini mənim dilimdən, rus yaşam tərzini bizim milli yaşam tərzimizdən üstün tutanda kimin Ayaz Salayevə xüsusi rəğbəti ola bilər? Şəxsən mənim yoxdur. Öz sahəsi üzrə nə qədər mütəxəssis olur, olsun, özü bilər. Röya Ayxan barədə isə hamı yazırdı ki, onun Ayaz Salayev barədə dedikləri Xalq artistinə yaraşan üslub deyildi. Xalq artistinin dili belə olmamalıdır. “Başa salaram” atmosferində. Biz doğrudan güclü deyilik, yoxsa onlar bizim bilmədiyimiz güclərə malikdirlər? Barmaq silkələmək filan… Kann Festivalına getmisən, Azərbaycanın isə öz reallıqları var. Sahə müvəkkili adamın qulağından tutub içəri atanda istəyirsən, lap “Nobel” al. Məsələn, Leyla Yunus Fransa “Legion” ordeninin sahibi idi, amma həbs etdilər”.
Pravda.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı “TV Müsavat”a müsahibəsində deyib.
“Ayaz Salayevi müdafiə etmək fikrindən çox-çox uzağam. Cəmiyyətdə söz sahibi olan insanların polemikası bu səviyyədə olmalı deyil. Ötən gün “Youtube”da Anar Nağılbaz, Hüseyn Dərya, Elşad Xosenin iştirak etdiyi veriliş qarşıma çıxdı. Dedim ki, biz nə günlər görmüşük. Düzdür, indi bəzi verilişlər bundan da bərbaddır. Mənim də çıxışımı kimsə bəyənməyə bilər, amma mənə heç kim barmaq silkələyə bilməz. Məni nə qədər tənqid edirlər, kimə barmaq silkələmişəm? Halbuki barmaq silkələyənlərdən daha çox barmaq silkələməyə imkanım var. Bu nəyin davasıdır? Röya “Maybach”da oturub nə problemdən danışacaq?” - o bildirib.
Aytəkin Qardaşova


