Turan Birliyi: romantik keçmiş yox, sərt reallığın diktə etdiyi gələcək!
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün dünyada güc kimliklə yox, doğru şəbəkə və birlik qurmaq bacarığı ilə ölçülür
Dünya artıq köhnə qaydalarla işləmədiyini gizlətmir. Kürəsəl sistem elə bir mərhələyə daxil olub ki, dünən “təhlükəsiz” sayılan marşrutlar bu gün risk zonasına çevrilir, dünən “yetərli” görünən birliklər isə bu gün miqyas baxımından zəif qalır. Son illərin prosesləri bir həqiqəti açıq şəkildə ortaya qoydu: tək-tək dövlətlər dövrü başa çatır, güc isə artıq böyük, çevik və ağıllı birliklərdə cəmlənir.
Bunun ən konkret örnəklərindən biri Süveyş kanalı çevrəsində yaşanan böhranlardır. Kürəsəl ticarətin önəmli hissəsini daşıyan bu marşrutun cəmi bir neçə günlüyə dayanması on milyardlarla dollarlıq itki ilə sonuclandı. Bu, sadəcə texniki nasazlıq deyildi. Bu, kürəsəl sistemin həddindən artıq mərkəzləşdiyini və alternativsizliyinin təhlükəli həddə çatdığını göstərən açıq siqnal idi.
Məhz bu səbəbdən İpək Yolu və Orta Dəhliz yenidən strateji gündəmin mərkəzinə qayıtdı. Asiya ilə Avropanı birləşdirən bu xətt artıq yalnız tarixi marşrut deyil, qlobal iqtisadi təhlükəsizliyin əsas dayaqlarından biri kimi dəyərləndirilir.
Amma burada gərəkli bir detal var: coğrafiya təkbaşına güc yaratmır. Coğrafiya yalnız imkan yaradır. O imkanı gerçək gücə çevirən isə miqyaslı birlik və effektiv koordinasiyadır. Elə bu nöqtədə mövcud əməkdaşlıq modellərinin yetərli olub-olmaması sualı aktuallaşır.
Türk Birliyi: zəruri mərhələ, amma son dayanacaq deyil
Türk dövlətləri arasında qurulan əməkdaşlıq tarixi baxımdan uğurlu addımdır. Ortaq dil, mədəni yaddaş və siyasi iradə üzərində formalaşan bu birlik regional sabitlik və koordinasiya baxımından önəmli rol oynayır. Lakin açıq danışmaq lazımdır: qlobal oyunçu olmaq üçün bu miqyas kifayət etmir.
Dünya iqtisadiyyatında əsas söz sahibi olan bloklarla müqayisədə türk dövlətlərinin toplam bazar həcmi, texnoloji tutumu və maliyyə dərinliyi məhdud qalır. Bu isə Türk Birliyinin zəifliyi deyil — dünyanın dəyişməsinin nəticəsidir. Qlobal sistem artıq regional yox, qitələrarası şəbəkələr üzərində qurulur. Bu reallıq daha geniş çərçivəyə ehtiyac yaradır. Həmin çərçivənin adı isə Turan Birliyidir.
Turan ideyası haradan doğur?
Turan anlayışı çox vaxt yanlış müstəvidə şərh olunur. Elə təsəvvür yaranır ki, bu ideya türk dünyasında siyasi iddia kimi formalaşıb. Halbuki tarixi faktlar tam əksini göstərir. Turan ideyası ilkin olaraq elmi mühitdə doğulub.
XIX əsrdə finlandiyalı dilçi və etnoqraf Matias Aleksandr Kastrin (Matthias Alexander Castrén) Ural və Sibir bölgələrində apardığı uzunmüddətli araşdırmalar zamanı finlər, türk xalqları və monqollar arasında ciddi dil quruluşu və mədəni paralellər aşkar etmişdi. O, bu xalqların dillərində aqqlütinativ quruluşu (dildə sözün kökü dəyişmir), mifologiyada oxşar motivləri və cəmiyyət qurma tərzində paralel xüsusiyyətləri xüsusi vurğulayırdı. “Turan xalqları” anlayışı da məhz bu geniş Avrasiya mədəni orbitini izah etmək üçün formalaşmışdı.
Alman filoloqu Maks Müller (Max Müller) isə bu yanaşmanı sistemləşdirərək “Turanian languages” terminini elmi dövriyyəyə daxil etdi. Müller açıq şəkildə qeyd edirdi ki, bu bölgü irqi yox, tipoloji və mədəni xarakter daşıyır. Yəni söhbət “eyni qan”dan deyil, eyni düşüncə və struktur tipindən gedirdi.
Müasir dilçilik Ural–Altay ailəsini vahid genetik dil ailəsi kimi qəbul etməsə də, elmi konsensus bunu təsdiqləyir: bu xalqlar arasında struktur və sosioloji oxşarlıqlar danılmazdır. Elə bu səbəbdən Turan ideyası bu gün genetik yox, “sivilizasiya platforması” kimi oxunmalıdır.
Turan anlayışı necə genişləndi?
Elmi diskussiyalar bu ideyanı tədricən daha geniş coğrafiyaya daşıdı. Türk dünyası ilə yanaşı:
Monqolustan – çöl mədəniyyəti və dövlətçilik modeli ilə;
Macarıstan – Ural mənşəli dil və XIX–XX əsr Turanizm hərəkatı ilə;
Finlandiya – Ural dil ailəsi və mifoloji paralellərlə;
Yaponiya və Cənubi Koreya – aqqlütinativ dil quruluşu, intizamlı cəmiyyət modeli və uzunmüddətli planlama mədəniyyəti ilə bu müzakirələrin tərkib hissəsinə çevrildi.
Burada əsas məsələ bir daha vurğulanmalıdır: bu ölkələr eyni millət deyil. Amma eyni tip sivilizasiya reflekslərinə malikdirlər. Bu isə çağdaş sosiologiyada birlik qurmaq üçün yetrəli əsas sayılır.
Bəs niyə bəzi birliklər işləmədi?
Tarix bu suala açıq cavablar verir. Ərəb Birliyi ortaq dilə və dinə baxmayaraq real iqtisadi gücə çevrilə bilmədi — çünki vahid bazar, istehsal zənciri və institusional mexanizm qurulmadı. Slavyan Birliyi mədəni yaxınlığa baxmayaraq siyasi parçalanma səbəbindən sistemləşmədi. Afrika Birliyi böyük əhali və geniş coğrafiyaya malik olsa da, iqtisadi inteqrasiyanı dərinləşdirə bilmədi.
Avropa Birliyi isə fərqli yol seçdi. O, ortaq millət üzərində deyil, ortaq maraq və mexanizm üzərində quruldu. Kömür və Polad Birliyi kimi konkret iqtisadi addımlarla başladı, daha sonra bazar və kapital azadlığına keçdi. Nəticədə emosional yox, rasional birlik formalaşdı.
Turan Birliyi nəyi fərqli edir?
Turan Birliyi də məhz bu rasional xətti təklif edir. Türk dövlətləri bu platformanın nüvəsidir: Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan. Bu nüvə çevrəsində isə strateji tərəfdaşlıq orbitləri formalaşır. Macarıstan Avropaya açılan qapıdır. Monqolustan Asiya bağlantısıdır. Finlandiya bilik və texnologiya mərkəzidir. Yaponiya və Cənubi Koreya isə yüksək texnologiya və kapital gücünü təmsil edir.
Rəqəmlər nə deyir?
Bu potensial platforma: 300–400 milyon nəfərlik əhali, təxminən 8–10 trilyon ABŞ dolları ümumi nominal ÜDM, Asiya–Avropa ticarətinin mərkəzində yerləşən Orta Dəhliz üstünlüyü deməkdir.
Bu artıq regional birlik deyil. Bu, qlobal iqtisadi cazibə mərkəzinə çevrilə biləcək miqyasdır.
Son söz
Turan Birliyi nə nostalji xəyaldır, nə də ideoloji ekspansiya. Bu, dəyişən dünyanın diktə etdiyi rasional seçimdir. Türk Birliyi yolun başlanğıcıdır. Turan Birliyi isə bu yolun miqyas qazandığı mərhələdir.
Bugünkü dünyada güc kimlikdə yox, doğru şəbəkə və birlik qurmaq bacarığında ölçülür. Turan Birliyi də məhz bu bacarığın Avrasiya miqyasındakı adıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















