Turizm türk dövlətlərini daha da yaxınlaşdırır
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu sahədə birgə səylər böyük gələcək vəd edir
Azərbaycan təbii gözəllikləri, modern turizm infrastrukturu, əhalisinin ənənəvi qonaqpərvərliyi ilə böyük turizm potensialına malik ölkələrdəndir. Bu önəmli sahə dövlətin daim diqqət mərkəzindədir. Bu il avqustun 20-də, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla da, ölkənin turizm sektorunda keyfiyyətcə yeni mərhələnin başlanması üçün geniş imkanlar yaranıb.
Proqramda yerli və xarici sərmayələrin təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması və digər mühüm istiqamətlər üzrə davamlı işlərin görülməsi nəzərdə tutulub. Sənədə əsasən, 2030-cu ilə qədər Azərbaycana gələn turistlərin sayının 4 milyona çatdırılması proqnozlaşdırılır. Proqramın uğurla icra olunması ölkədə on minlərlə yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına, büdcə gəlirlərinin artmasına şərait yaradacaq.
Turizm qeyri-neft sektorunun inkişafına mühüm töhfə verməklə bərabər, ölkələrarası mədəni əlaqələrin güclənməsi üçün də geniş imkanlar açır. Bu gün bütün dünyada, xüsusilə Türk Dövlətləri Təkilatına (TDT) üzv ölkələrdə Azərbaycana səfər etmək, ölkəmizi yaxından tanımaq, eyni zamanda, Naftalan və digər populyar sağlamlıq mərkəzlərinin xidmətindən faydalanmaq istəyənlərin sayı artır. Ölkəmiz artıq geniş bir coğrafiyada yeni turizm mərkəzi kimi tanınır. Yeri gəlmişkən, Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 21-27 avqust tarixlərində Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə tədbirlər keçirilib.
Büronun mətbuata açıqlamasında qeyd olunur ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla, 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə həyata keçirilən proqram Çimkent, Almatı, Astana və Daşkənd şəhərlərini əhatə edib. Qazaxıstan və Özbəkistanda keçirilən toplantılarda, ümumilikdə, 400-dən çox turizm agentliyi, turoperator, aviaşirkət, hotel, media qurumu və digər turizmlə əlaqəsi olan sahələrin nümayəndələri iştirak ediblər. Azərbaycanın zəngin turizm imkanları, bu sahədəki son yeniliklər və müxtəlif turizm məhsulları barədə təqdimatlar olub. İştirakçılara Xəzər dənizi sahilində yerləşən istirahət, dağ-xizək mərkəzləri, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm imkanları, eləcə də ölkəmizin müasir turizm infrastrukturu haqqında məlumat verilib.
Silsilə toplantılar çərçivəsində keçirilən işgüzar görüşlər Qazaxıstan və Özbəkistanın turizm sənayesi nümayəndələri ilə azərbaycanlı tərəfdaşlar arasında əməkdaşlıq perspektivlərinin və birgə layihələrin icra olunması imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb. Həmçinin Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və ənənəvi rəqsləri təqdim olunub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 62 min 79 nəfərə çatıb. Özbəkistandan Azərbaycana təşrif buyuran turistlərin sayı isə 40,2 artaraq 42 min 288 nəfər təşkil edib. Beynəlxalq tədqiqatlara əsasən, Mərkəzi Asiya son vaxtlar dünyada turizm sahəsində sürətlə inkişaf edən regionlardan birinə çevrilib. Özbəkistan isə hazırda Mərkəzi Asiyada turizmin inkişafına görə birinci yerdədir.
Turizm böyük gəlirlər deməkdir. Ötən il Mərkəzi Asiya ölkələri beynəlxalq turizmdən 9,9 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 26,4 faiz artım deməkdir. Bu məbləğin, təxminən, yarısı (4,8 milyard dollar) Özbəkistanın payına düşüb və ölkə turizm xidmətləri üzrə regionda liderliyə yüksəlib.
Ümumdünya Səyahət və Turizm Şurasının qiymətləndirmələrinə görə, Özbəkistan Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər üçün ən populyar istiqamətdir və regiondakı bütün turist səfərlərinin 25 faizini təşkil edir. Bu siyahıda Özbəkistandan sonrakı yerləri Qazaxıstan (23 faiz), Qırğızıstan (18 faiz) tutur. Ekspertlər Özbəkistanın bu sahədəki lider mövqeyini bu ölkədə turizm infrastrukturunun sürətli inkişafı, viza qaydalarının sadələşdirilməsi, nəqliyyat şəbəkəsinin modernləşdirilməsi, həmçinin Səmərqənd, Buxara, Xivə və Daşkənd kimi populyar turizm mərkəzlərinin beynəlxalq səviyyədə təşviqi ilə əlaqələndirirlər.
Qardaş Türkiyənin turizm sahəsindəki zəngin təcrübəsini öyrənmək və ondan faydalanmaq TDT-yə üzv dövlətlər üçün böyük önəm kəsb edir. Məlumdur ki, Türkiyə hazırda ölkəyə gələn turistlərin sayına görə dünyada beşinci yerdədir. Tarixdə müasir Türkiyə ərazisində bir neçə sivilizasiya mövcud olub. Əlamətdar haldır ki, türklər bunlara yad mədəniyyətlər kimi baxmırlar, əksinə, qədim maddi-mədəniyyət abidələrinin qorunub saxlanılması üçün ən zəruri işlər həyata keçirirlər.
Konkret misal çəkmək istərdik. Məlum olduğu kimi, qədim Troya şəhərinin xarabalıqları Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində yerləşir. Bəllidir ki, hələ eramızdan əvvəl VIII əsrdə dahi yunan şairi Homer özünün “İliada” əsərində Troya müharibəsini geniş təsvir və tərənnüm etmişdir. O vaxt bəzi həqiqətlər miflərə çevrilib. Beləliklə, bu sirli şəhər özündə 5 min 600 illik sivilizasiya hekayətini hifz edir.
Arxeoloqlar daim qədim Troyanın sirlərini öyrənməyə can atıblar. Onlar şəhərin dağıntıların altında qalan sirlərinin açılması üçün gərgin səylər göstərirlər. Ankarada ingilis dilində nəşr olunan “The Sabah Daily Newspaper” qəzeti bugünlərdə yazıb ki, Troya xarabalıqlarında aparılan yeni qazıntılar zamanı qədim Roma imperiyasının yaranma mifologiyasında xatırlanan 2 minillik Roma dövrünə aid küçə aşkar edilib.
Troya şəhəri 1998-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Tarix boyu müharibələr, yanğınlar və zəlzələlər səbəbindən dəfələrlə dağıdılaraq yenidən qurulan bu qədim şəhər hər il minlərlə yerli və xarici turisti özünə cəlb edir. Hazırda sözügedən arxeoloji ərazini ziyarət edənlər, 2019-cu ildə açılan, 2 minə yaxın eksponatın nümayiş olunduğu Troya Muzeyini də görmək imkanına malikdirlər.
Qazıntı işlərinə rəhbərlik edən həmyerlimiz, professor Rüstəm Aslan jurnalistlərə açıqlamasında bildirib ki, bu il onlar artıq həmin küçənin arxeoloji əraziyə aparan hissəsini üzə çıxarmağa müvəffəq olublar. Xatırladaq ki, qədim Roma dövründə Troya çox böyük şəhərə çevrilmişdi. Professor bunun səbəbini belə izah edib: “İmperator Avqust eramızdan əvvəl 20-ci ildə Troyaya səfərindən sonra maliyyə dəstəyi və digər vasitələrlə şəhəri gücləndirmişdi. Bunun səbəbi, bildiyimiz kimi, Avqustun dahi şair Vergiliyə “Eneida” əsərini yazmağı tapşırması idi.
Məlum olduğu kimi, “Eneida”da sonuncu troyalı yandırılıb məhv edilmiş şəhəri tərk edir və qərbə doğru yola düşür; o, atası Anxizi kürəyində daşıyır, ata oğlunun əlindən tutur və nəhayət, eramızdan əvvəl 776-cı ildə Roma şəhərinin əsasını qoyur. Bir daha xatırladaq ki, Roma İmperiyası özünün yaranma mifologiyasını Troya üzərində qurmuşdu. “Hər kəs bu şəhərin tarixindən və onun qalıqlarından ilham alırdı,” – deyə Rüstəm Aslan bildirib. Məhz buna görə də “imperator Avqustdan sonrakı dövrdə bura gəlməyən, demək olar ki, heç bir Roma əsgəri, yüksək çinli əyanı, siyasətçisi və ya sənətkarı qalmamışdı.”
Arxeoloqlar əmindirlər ki, qazıntı işləri aparılan küçə şəhərin məhz Roma dövrünə aiddir və təxminən e.ə. 20-ci illərdən başlayaraq eramızın 500-cü ilinədək istifadədə olub. Tarixi mənbələr bizim eranın VI əsrində həmin ərazidə iki güclü zəlzələnin baş verdiyini və bundan sonra şəhərin yenidən qurulduğunu göstərir.
Yeri gəlmişkən, bugünlərdə Çanaqqala Bələdiyyəsi tərəfindən 63-cü Beynəlxalq Troya Festivalı keçirilib. Əfsanəvi Troya xarabalıqları arasında təşkil olunan festivala çox sayda qonaq və turist təşrif buyurub.
Mərasimdə çıxış edən Çanaqqala meri Məhərrəm Erkek Troya şəhəri ilə bağlı arxeoloji izlərin, sadəcə, bir yaşayış məskəni deyil, bəşəriyyətin ortaq yaddaşı olduğunu vurğulayıb: “Bu torpaqlarda Homeri oxumaqdan daha çox onu, sanki, canlı olaraq eşidir və hiss edirik; çünki Troya, sadəcə, daşlardan ibarət deyil. Troya bəşəriyyətin öz hekayəsini danışdığı ilk böyük səhnədir. Bəlkə də elə buna görə Troyanı hələ də özümüzə bu qədər yaxın hiss edirik”.
Məhərrəm Erkekin fikrincə, “sülh şəhəri” olan Çanaqqala qədim Troyanın festival ənənəsini bərpa və davam etdirməklə faktiki olaraq bütün dünyaya “Qoy sülh mədəniyyətimiz olsun!” sülh mesajı ünvanlayır.
Bu məqamda dahi Mövlanəni necə xatırlamamaq olar. Böyük mütəfəkkir deyirdi:
Gəl-gəl, yenə gəl! Nə olursan ol, yenə də gəl.
İstər xristian, istər məcusi, istər bütpərəst ol.
Bizim dərgahımız ümidsizlik dərgahı deyil.
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl.
P.S. Bu gün yalnız Türkiyə deyil, bütün türk dövlətləri turizmin inkişafına böyük önəm verir və təkcə türk ellərindən deyil, dünyanın hər yerindən arzuolunan qonaqları – turistləri qəbul etməyə hazırdır. Bu istiqamətdə TDT-yə üzv dövlətlərdə görülən işlər artıq öz bəhrəsini verir. Ümid edirik ki, yaxın gələcəkdə türk elləri bu sahədə daha böyük uğurlar qazanacaqlar.
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















