Türk dövlətlərinin parlament diplomatiyası
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qazaxıstanda keçirilən seçkilərə TDT ölkələrinin qardaşlıq dəstəyi
Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi institusional inkişaf yolundan nəticə çıxararaq deyə bilərik ki, türk dövlətləri arasında inteqrasiya artıq yalnız dövlət başçıları səviyyəsində siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrlə məhdudlaşmır. Bu prosesin getdikcə daha mühüm istiqamətlərindən biri də heç şübhəsiz, parlament diplomatiyasıdır. Qanunverici orqanlar arasında birbaşa təmasların genişlənməsi, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, seçki müşahidə missiyaları, qanunvericilik təcrübəsinin mübadiləsi və ortaq hüquqi mexanizmlərin formalaşdırılması türk dövlətləri arasında inteqrasiyanın daha dayanıqlı institusional bazaya keçməsinə şərait yaradır.
Bu baxımdan Qazaxıstanda avqustun 23-də keçiriləcək yeni birpalatalı parlament (Qurultay) seçkiləri xüsusi əhəmiyyət daşıyır. Seçkidə müşahidəçi qismində Milli Məclisin bir qrup deputatı da iştirak edəcək. Millət vəkillərimizin Qazaxıstan səfəri barədə irəlidə daha detallı danışacağıq. Hələlik parlament seçkiləri barədə daha ətraflı məlumat vermək yerinə düşər.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 23 avqust seçkiləri yeni konstitusion model çərçivəsində ilk Qurultay seçkiləri olacaq. Ölkənin yeni Konstitusiyası ilə Qurultay birpalatalı ali nümayəndəli qanunverici orqan kimi müəyyənləşdirilib. Qazaxıstan MSK-nın məlumatına görə, seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Ədalət” partiyası, Ümumxalq Sosial-Demokrat Partiyası, “Baytaq” Yaşıllar Partiyası, Qazaxıstan Xalq Partiyası, “Aul” Xalq-Demokratik Vətənpərvər Partiyası, “Ak Jol” Demokratik Partiyası və “Respublika” Partiyası. Mövcud mənzərə seçkilərdə rəqabətin gərgin olacağını deməyə əsas verir.
Yazımızın əsas istiqaməti nəzərə alınmaqla, partiyaların vəziyyəti və seçkilərə hazırlıq prosesi ayrıca təhlil predmeti deyil. Əsas vurğu seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, onların təmsilçiliyi və müşahidə prosesinin institusional xüsusiyyəti üzərindədir. Əminliklə deyə bilərik ki, beynəlxalq müşahidəçilik baxımından seçkilərə maraq kifayət qədər yüksəkdir. Qazaxıstan MSK 12,6 milyondan çox seçicinin siyahıya daxil edildiyini açıqlayıb və 155 beynəlxalq müşahidəçinin akkreditasiyası üçün müraciətlər daxil olub. Sonrakı mərhələdə müşahidəçilərin ümumi sayı 777-yə çatıb. Onların 160-ı 42 xarici dövləti, 617-si isə 13 beynəlxalq təşkilatı təmsil edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da seçkilərlə bağlı uzunmüddətli müşahidə missiyası yerləşdirib.
Birpalatalı parlamentə keçiriləcək seçkilərin müşahidəsində Azərbaycanla yanaşı, Türkiyə və Qırğızıstan parlamentlərinin nümayəndələri də iştirak edirlər. Bu fakt türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının getdikcə daha institusional xarakter aldığını göstərir. Seçki müşahidəçiliyi də bu əməkdaşlığın praktik istiqamətlərindən biri kimi çıxış edir. Parlament diplomatiyasına verilən önəm ötən ilin iyununda TÜRKPA-nın Astanada keçirilən XIV Plenar Sessiyasının “TURKTIME: Parlament Diplomatiyasının Rolu” mövzusuna həsr olunmasında da özünü göstərib. Sessiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin rəhbərləri, TDT və digər türk əməkdaşlıq institutlarının nümayəndələri iştirak ediblər.
Təbii ki, parlamentlərarası əməkdaşlığın ən görünən istiqamətlərindən biri seçki müşahidəçiliyidir. TÜRKPA-nın öz məlumatına görə, qurum 2010-cu ildən etibarən türk dünyasında prezident və parlament seçkiləri, eləcə də referendumların müşahidəsində iştirak edir. 2025-ci ilin noyabrında Qırğızıstanda keçirilmiş növbədənkənar parlament seçkilərində TÜRKPA missiyasının tərkibində Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentlərinin nümayəndələri iştirak ediblər. Missiyanın tərkibində Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev də yer alıb. Yeri gəlmişkən, TÜRKPA missiyası Azərbaycanda 2024-cü il fevralın 7-si və sentyabrın 1-də keçirilən sonuncu prezident və parlament seçkilərində də iştirak etmişdi. Missiya Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvlərindən təşkil olunmuşdu. Missiya seçki günü Bakı ilə yanaşı Şuşa və Xankəndidəki seçki məntəqələrində də müşahidə aparıb.
2026-cı ilin martında isə TÜRKPA nümayəndələri Qazaxıstanda ümumxalq referendumunun müşahidəsini həyata keçiriblər. Missiya Astana, Almatı və Türkistan şəhərlərində səsvermə prosesini izləyib; Azərbaycan parlamentinin nümayəndəsi Məlahət İbrahimqızı da missiyanın tərkibində olub. Bu faktlar göstərir ki, seçki müşahidəçiliyi artıq türk dövlətləri arasında davamlı institusional praktika çərçivəsinə addımlayıb.
Azərbaycan parlamentinin bu prosesdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Milli Məclisin deputatlarının Qazaxıstana müxtəlif beynəlxalq və parlament təşkilatlarının xətti ilə göndərilməsi Azərbaycanın parlament diplomatiyasının çoxvektorlu yönünü nümayiş etdirir. Hazırkı səfər çərçivəsində Səbinə Salmanova MDB Parlamentlərarası Assambleyasının, Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Parlament Assambleyasının, Günay Əfəndiyeva TÜRKPA-nın xətti ilə Astanada, Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatıda seçki prosesini müşahidə edir. Deputatların səfəri avqustun 25-dək davam edəcək. Burada diqqətçəkən məqam Azərbaycan parlamentarilərinin eyni seçki prosesində bir neçə beynəlxalq institusional formatda təmsil olunmasıdır. Bu, Azərbaycan parlament diplomatiyasının yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, çoxtərəfli platformalarda paralel fəaliyyət göstərdiyini nümayiş etdirir.
Nəticə etibarilə, Qazaxıstanda sabah keçiriləcək parlament seçkiləri ətrafında formalaşan mənzərə türk dövlətləri arasında əməkdaşlığın artıq yalnız ortaq tarix və mədəniyyət üzərində deyil, eyni zamanda, siyasi institutların, parlamentlərin və hüquqi sistemlərin qarşılıqlı əlaqəsi üzərində də qurulduğunu deməyə əsas verir. Bu tendensiyanın dərinləşməsi gələcəkdə TDT-ni müxtəlif dövlət institutlarını bir-birinə bağlayan çoxsəviyyəli regional inteqrasiya modelinə daha da yaxınlaşdıracaq.
Tacir SADIQOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Avqust 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















