Türk dünyası ilə bağlı beynəlxalq simpozium keçiriləcək
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
XQ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları" mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. Bu barədə AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.
Məlumata görə, simpozium sentyabrın 25-26-da AMEA-nın Folklor İnstitutunun, Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə dünyanın 10-dan artıq ölkəsindən, o cümlədən türk dövlətlərindən folklorşünaslıq, sənətşünaslıq, mədəniyyətşünaslıq, musiqişünaslıq sahələri üzrə alim və mütəxəssislər tərəfindən məruzələr təqdim ediləcək.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, simpozium Türk dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımdır və humanitar və ictimai elmlərin inkişafına öz töhfəsini verəcək.
N.Adilqızı
XQ


