Icma.az
close
up
RU
Türk dünyasını narkomaniya dalğası bürüyür DƏYRİMİ MASA

Türk dünyasını narkomaniya dalğası bürüyür DƏYRİMİ MASA

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə narkotikin təbliği sürətlə artır, uşaqlar təhlükədədir


Ən təhlükəsiz bildiyimiz yerlərə də “ağ ölüm” yol tapır


Dronlarla narkotik daşınır  - təhlükə yeni mərhələyə keçir


Birini tut, beşini burax - belə narkomaniya ilə mübarizə olmur


Türküstan elləri narkomaniya dalğasının təsiri altındadır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı sübut edir. Qazaxıstan  prezidenti bildirib ki, narkomaniya cəmiyyəti məhv edir, bir çox gəncin gələcəyini əlindən alır, millətin sağlamlığına birbaşa təhlükə yaradır. O əlavə edib: “Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qlobal tendensiya həyəcanverici xarakter alır. 

Bir çox ölkənin hökumətləri problemə təkcə fiziki və əqli asılılıq kimi deyil, həm də geniş sosial, iqtisadi və hüquqi hadisə kimi baxmağa başlayıblar. Narkomaniya termini bu yanaşmanı əks etdirir”. Tokayev əlavə edib: “Ekspertlər və alimlər qeyd edirlər ki, narkomaniya anlayışı bu bəlanın özündən daha genişdir, o, geniş sosial, iqtisadi və hüquqi problemlərə, o cümlədən milli təhlükəsizlik kontekstinə təsir edir”. Prezident narkomanların tibbi və reabilitasiya tədbirləri ilə kifayət qədər əhatə olunmaması məsələsinin həllinin zəruriliyini bildirib. O deyib: “Bir çox narkoman və onların yaxınları ictimailəşmədən və qınaqdan qorxaraq problemlərini gizlədirlər”. İclasda vurğulanıb ki, dövlət siyasəti narkomanlara qarşı çevik, narkobiznesə qarşı isə sərt və dözümsüz olmalıdır. Kasım-Jomart Tokayev digər təxirəsalınmaz vəzifə olaraq qarşıya statistik məlumatların toplanması və emalı, habelə kimyəvi maddələrin hərəkətinin izlənməsi üzrə informasiya-analitik işin təkmilləşdirilməsini qoyub. Qazaxıstan Prezidenti narkomaniyanın qarşısının alınması, xüsusilə də təhsil və informasiya sahəsində işin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Dövlət başçısı narkotik vasitələrin gənclər arasında təbliğinin yolverilməzliyini də diqqətə çatdırıb, internetdə və media sənayesində qadağan olunmuş maddələrin və spirtli içkilərin istifadəsinin romantikləşdirilməsinin mənfi tendensiyasını qeyd edib.

Görünən budur ki, narkomaniya bəlası türk dövlətlərinin ciddi probleminə çevrilib. Gələcəyimiz təhdid altındadır. Türk gəncliyini – balalarımızı bu bəladan xilas etmək lazımdır. Amma necə? Faciələrə gətirib çıxaran bu bəla ilə bağlı mütəxəssislərin rəylərini öyrəndik. 


Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev: 

- Azərbaycanda da vəziyyət düşündüyümüzdən daha narahatedici ola bilər. Rəsmi statistika rəqəmlərdir. Reallıq isə küçələrdə, internetdədir. Bizim ən təhlükəsiz hesab etdiyimiz yerlərə də “ağ ölüm” yol tapır artıq. Sosial şəbəkələrdə yayılan videolarda, əyləncə məkanlarında “təcrübə” nümayiş etdirənlər gənclərin həyatına sızmaq üçün fürsətdən yararlananlardır. Asılılıqdan əziyyət çəkənlərin çoxu yardım axtarmağa utanır, çəkinirlər. Çünki cəmiyyət olaraq biz bu adamları zəiflik,  iradəsizliklə damğalayırıq. Halbuki bu bir xəstəlikdir. Müalicəsi var və müalicə olunmalıdırlar. Lakin bizim müalicə və reabilitasiya imkanlarımız məhduddur. İlk növbədə müalicə imkanları genişləndirilməlidir. Psixoloji dəstək imkanları hər kəs üçün əlçatan deyil. Narkomaniyanın müalicəsi çox bahalıdır. Qanunların sərtləşməsi problemin həllində elementlərdən biridir. Təkcə qanunları sərtləşdirməklə istənilən nəticəni əldə etmək mümkün olmayacaq. Sərhəddən, gömrükdən sintetik maddələrin keçirilməsinin qarşısı alınmalıdır. Gənclərin məşğulluğu artırılmalı, iş imkanları genişlənməlidir. Onların asudə vaxtlarını keçirmələri üçün mədəniyyət ocaqları, idman mərkəzləri açıq olmalıdır. Regionlarda biz idman komplekslərinin çox zaman qapalı olduğunu görürük. Məhəllə futbolunu inkişaf etdirmək vacibdir. Əvvəllər hər bir məhəllədə stadion vardı. Onların yerini ticarət, iaşə obyektləri tutub. Məktəblərdə şagirdlərə maarifləndirici dərslər keçilməlidir. Ən təsirli dərs həyat hekayələridir. Bu insanların danışmasına imkan yaradılmalıdır. Qoy yaşadıqları faciəni uşaqlara anlatsınlar. Narkomanlara qarşı duyarlı olmalıyıq, onlara güzəşt etməliyik, cəmiyyətdən təcrid olunmamalıdırlar. Təcrid xilas yolu deyil, əksinə, növbəti faciələrə aparan yoldur. Cəzaçəkmə müəssisələrində narkotik maddələrin daşınması, dövriyyəsi ilə məşğul olmuş məhbuslar var. Onların reabilitasiyası üçün işlər görülməlidir. Hazırda narkotik maddələrin daşınması üsulları da müasirləşib. Dronlardan istifadə olunur. Azərbaycan hüquq-mühafizə orqanları, Dövlət Sərhəd Xidməti bununla mübarizə aparır. Amma mübarizə təkcə güc strukturlarıyla  məhdudlaşmamalıdır. Dövlətin bütün orqanları, nazirlik və idarələr, o cümlədən vətəndaş cəmiyyəti koordinasiyalı şəkildə bu mübarizədə aktiv olmalıdır. Yeni antinarkomaniya siyasəti işlənməlidir, mövcud çağırışlar nəzərə alınaraq. Bununla biz narkomaniyanın qarşısını almağa nail ola bilərik. Bu məsuliyyəti hamı üzərinə götürsə, sağlam cəmiyyət qura bilərik. 


Yazıçı-publisist Şərif Ağayar: 


- Qanunlar işləsə, kifayətdir. Azərbaycanda təkcə narkomaniyanın deyil, ümumiyyətlə, cəmiyyətin bütün sahələri ilə bağlı problemlərin həll olunması üçün qanunlarımızın funksionallaşması kifayətdir. Biz əgər qanunlarımıza əməl etsək, problemlərin çoxu aradan qalxacaq. O cümlədən də narkomaniya. Təəssüf ki, şəxsi və qrup maraqları bu və ya digər şəkildə qanunlardan yüksəkdə dayanır və onların icrası mümkün olmur. Bütün problemimiz budur. Kifayət qədər sərt cəzalar var, sərt nəzarət var, hər yer kameradır, Azərbaycan polisi çox güclüdür. Belə şəraitdə narkomaniyanın inkişafı nəyin göstəricisidir? Deməli, qanunların icrasında axsama var. Başqa səbəb görmürəm.


Psixoloq Fərqanə Mehmanqızı: 

- Narkomaniya ilə mübarizə aparıldığını nədə görə bilirik? Eyni cəmiyyətdə yaşayırıq. Mən yalnız metropolitendə narkomaniyaya qarşı sosial reklamlar olduğunu görürəm. Başqa heç bir yerdə. Ola bilsin, efirdə hansısa verilişdə bu haqda danışılır. Amma bu verilişlərin sayı nə qədərdir, nə qədər vaxt ayrılır bu problemin gündəmə gətirilməsinə, geniş diskussiyaların aparılmasına? Çox az. Bununla cəmiyyəti necə məlumatlandırmaq olar, bununla insanları bu ölümcül bəladan uzaq tutmaq, qəti surətdə çəkindirmək mümkündür? Əlbəttə, yox. Tamaşaçı kütləsi çox kiçikdir. Amma internet resurslarda narkomaniya təbliğatçılarına daha çox rast gəlinir. Yeniyetmələr, gənclər sosial şəbəkələrdədir günün 24 saatı. Uşaq və yeniyetmələri cəlb etmək, tora salmaq asandır. Narkotik satıcıları onları hədəf alır. Nə etməliyik? Təbii ki, narkokuryerlərdən əvvəl biz bu təbəqəyə yetişməliyik. Onlardan əvvəl biz onları məlumatlandırmalıyıq. Maarifləndirmək yoluyla. Bu iş məktəbdən başlamalıdır. Ancaq heç bir iş görülmür. Məktəblilərə bu mövzuda mühazirə keçən varmı, maarifləndirmə aparılırmı? Təəssüf ki, xeyr. Nəinki narkotiklər, siqaretin, içkinin ziyanları barədə yeniyetmələrə mühazirələr oxunmalıdır, qısametrajlı elmi-sosial məzmunlu filmlər nümayiş olunmalıdır. Valideynlər də məlumatlandırılmalıdır ki, övladlarında baş verə biləcək dəyişikliklər barədə məlumatlı olsun. Yeniyetmə və ya gənc əsəbidirsə, özünə qapanırsa, çılğınlıq edirsə, yaxud süstdürsə, ruhdan düşmüş vəziyyətdədirsə, valideyn buna diqqət etməli, səbəblərini öyrənməyə çalışmalıdır. Narkotik maddə qəbul edənlərdə müxtəlif ruhi dəyişikliklər ola bilər. Valideyn bilməlidir, belə vəziyyətdə hara müraciət edə bilər, kimə. Problem həm də bundadır ki, insanlar hara müraciət edəcəklərini çox zaman bilmirlər. Hamının bildiyi yalnız polisdir. Polis hüquq-mühafizə orqanıdır. Narkomaniya ilə bağlı məlumatlandırıcı, yaxud müalicə edəcək orqan deyil. Hər işi polisin üzərinə qoymaq olmaz. Narkomaniya ilə mübarizə aparacaq elmi mərkəzlər olmalıdır. Bu bəlanın əsaslarını öyrənməli, onunla mübarizə yollarını işləyib hazırlamalıdırlar. Hüquq-mühafizə orqanları tutdu, həbs etdi narkotik satıcısını, daşıyıcını. Bununla iş bitirmi, narkomaniya azalırmı, yox. Gərək narkotiklərdən çəkindirmə metodları olsun, insanlara, xüsusən yeniyetmələrə, gənclərə satıcıların, cəlbedicilərin toruna düşməmək yolları öyrədilsin.  Narkotik tacirləri insanları aldadır, heç bir asılılıq yaratmayacağına inandırmağa çalışır, “1 dəfə çək”, “1 dəfə vur,” bəsdir, deyirlər, amma 1 dəfə 2-yə, 2, 3-ə çevrilir. Beləcə asılılıq və narkomaniya kimi ölümcül xəstəlik yaranır. Hesab edirəm ki, təhsil müəssisələrində çox ciddi iş aparılmalıdır. Məktəblilərə başa salınmalıdır narkomaniyanın gətirəcəyi faciələr. İnsanlar bilməlidir narkotik satıcıları və ya asılı şəxslər haqqında məlumat verərkən anonimlik, təhlükəsizlik nə dərəcədə qorunur. Eləcə də narkomaniya ilə bağlı vətəndaş hara müraciət edə bilər. Daim aktiv olan “Qaynar Xətt”lər olmalıdır. Cəld əlaqə yarada biləcəyimiz mərkəzlər fəaliyyət göstərməlidir. Baxın, narkomaniya ilə bağlı uşaqları kimsə danışdırmır. Uşaqlar bizim düşündüyümüzdən daha çox bilirlər. Yeniyetmələrdən soruşan yoxdur. Sorğu aparılmır, müəyyən söhbətlərdən sonra onların fikirləri dəyişibmi? Narkomaniya ilə kor-koranə mübarizə aparırıq. Ona görə də real nəticə əldə olunmur. Məsələn, uşaqlar nə dərəcədə məlumatlıdır narkomaniya haqqında? Bilinmir. Siqaret çəkənlərin sayı hər keçən gün artır. Elektron siqaret, qəlyan, bunların hamısı narkomaniyaya yol açır. Amma qarşısını ala bilmirik.  


Sosioloq Yusif Nəbiyev: 

- Təəssüf ki, narkomaniya - xüsusilə gənclər arasında - artıq “başqa ölkələrin problemi” olmaqdan çıxıb və Azərbaycan cəmiyyətinin özü üçün də kifayət qədər aktual olan bir problemə çevrilib. Bu barədə real mənzərəni isə statistik rəqəmlərdən daha çox, küçə reallığının özü göstərir. İqtisadi imkanların qeyri-bərabərliyi, işsizlik, ailə içi münasibətlərdə boşluqlar və sosial nəzarətin zəifləməsi gəncləri risk zonasına itələyir. Və bu, sadəcə, fərdi zəiflik deyil — sosial normaların real həyat tələbləri ilə uzlaşmaması halında ortaya çıxan struktur səviyyəli bir problemdir. Bu problemi aradan qaldırmaq üçün isə “kampaniya” xarakterli "lokal keyitmə" tədbirləri yox, davamlı və çoxsahəli iş aparılmalıdır. Hüquq-mühafizə tədbirləri mütləqdir, amma bu, işin ən son halqasıdır. Çünki təchizat zəncirini qırmaqla yanaşı, işin TƏLƏB tərəfini də öldürmək lazımdır. Bu isə məktəblərdən başlayıb, əmək bazarına qədər uzanan sosial siyasətləri, psixoloji dəstək mexanizmlərini, risk qrupunda olan ailələrlə iş aparılmasını və s. tələb edir. Əks halda, etdiklərimiz sadəcə “birini tut, beşini burax” formatından kənara çıxmayacaq. Gəncləri bu vərdişdən çəkindirmək üçün sadəcə “pisdir, etməyin” demək heç bir nəticə vermir. Beyinin mükafat-cəza mexanizminə təsir edən real alətlər istifadə olunmalıdır. Məsələn, yaradıcı məşğulluq proqramları, idman və incəsənət mərkəzlərinin əlçatan edilməsi, “həyat təcrübəsi” paylaşan keçmiş aludəçi şəxslərin mentorluqları, həmçinin rəqəmsal platformalarda gənclərin öz dillərində hazırlanmış antinarkotik kontentlərdən faydalanılmalı, xüsusən də gənclərin alternativ sosial məna tapmaları üçün irimiqyaslı layihələr həyata keçirilməlidir. Çünki gənc insanın həyatında məna boşluğu varsa, narkotik həmin boşluğu çox sürətlə dolduracaq və həmin gəncin bütün maraq dairəsini tamamilə zəbt edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see240

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see188

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see136

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see134

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see131

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see131

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see131

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see130

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see129

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see128

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see128

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see126

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see125

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see124

Bu dəfə Zelenski ilə onlayn görüşəcək

13 Avqust 2025 11:40see118

Tibbi sabunda ölümcül xəstəliklərə yol aça bilən bakteriyalar aşkarlanıb

13 Avqust 2025 09:39see117

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see117

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see116

Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir TEXNOLOQ AÇIQLADI

13 Avqust 2025 10:18see112

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri