Icma.az
close
up
RU
Türk dünyasının zehnindəki işıq Yaqub Öməroğlu

Türk dünyasının zehnindəki işıq Yaqub Öməroğlu

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahanə MÜŞFİQ

Zamanın yaddaşı seçicidir. Hər kəs o yaddaşda iz qoymağı bacarmır. Lakin elə insanlar var ki, zamanın özü belə onları unutmağa qadir olmur. Türk dünyasının böyük aydını Yaqub Öməroğlu məhz belə simalardandır. Onun həyat yolu yalnız şəxsi uğurların xronikası deyil, bütöv bir coğrafiyanın mənəvi xəritəsində çəkilmiş izlərin tarixidir. Bu izlər müxtəlif ölkələrdən, fərqli dillərdən və mədəniyyətlərdən keçərək eyni bir məqama - ortaq türk kimliyinə və ədəbi yaddaşa qovuşur.

Bir neçə gün sonra mərhum Yaqub bəyin növbəti yubiley günü olacaq. Yaşasaydı ailəsinin, dostlarının, sevənlərinin arasında, bəlkə də Türk dünyasının ədəbiyyatının, mədəniyyətinin təbliğinə həsr etdiyi növbəti möhtəşəm tədbirlərin birində özünün 60 illik yubileyini qeyd edəcəkdi. Fiziki olaraq aramızda olmasa da, adı, əməli, idealları və xidmətləri Türk dünyasının mədəni yaddaşında yaşamaqda davam edir.

Yaqub Öməroğlu yalnız bir yazıçı deyildi. O, bir ideya adamı, təşkilatçı, yol açan, körpü quran və ən əsası, Türk dünyasının ortaq ruhunu duyan, bu ruhu yaşadan nadir ziyalılardan biri idi. Onun fəaliyyəti bir ölkənin sərhədləri ilə məhdudlaşmırdı. O, özünü təkcə Türkiyənin deyil, bütövlükdə Türk dünyasının bir övladı hesab edirdi və bu düşüncəni həyatının əsas xəttinə çevirmişdi.

Onun düşüncəsində coğrafiya sərhəd deyil, körpü idi. O, fərqli ölkələrdə yaşayan türkdilli xalqları bir bütövün parçaları kimi görürdü. Bu baxış tərzi onun bütün fəaliyyətinə sirayət edir, gördüyü işlərin mahiyyətini müəyyənləşdirirdi.

Onun yaradıcılığı və ictimai fəaliyyəti bir-birini tamamlayan iki böyük sütun kimi bütün ömrünün təməlini təşkil edirdi. Yazdıqları ilə düşüncəni formalaşdırır, təşkilatçılığı ilə isə bu düşüncəni həyata keçirirdi. Bu baxımdan Yaqub Öməroğlu həm nəzəri, həm də praktik sahədə Türk dünyası üçün misilsiz işlər görmüş bir şəxsiyyət idi.

Onun qələmə aldığı hekayələrdə, məqalələrdə, hətta müsahibələrində də tez-tez ortaq yaddaş, milli kimlik, dil və mədəniyyət məsələləri ön plana çıxırdı. O, ədəbiyyatı estetik sahə olmaqdan əlavə, həm də milli şüurun formalaşmasında mühüm rol oynayan bir vasitə kimi dəyərləndirirdi. Bu yanaşma onu bir yazıçıdan əlavə, həm də ideya daşıyıcısına çevirirdi.

Onun ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Avrasiya Yazarlar Birliyindəki fəaliyyəti ilə bağlıdır. Uzun illər bu quruma rəhbərlik edən Yaqub bəy bu təşkilatı sadəcə bir ədəbi platforma olaraq deyil, Türk xalqları arasında mədəni inteqrasiyanın mühüm bir mərkəzi kimi formalaşdırdı. Onun rəhbərliyi dövründə bu birlik Türk dünyasından olan yazarları, şairləri bir araya gətirməkdən əlavə, həm də fərqli coğrafiyalarda yaşayan türk dilli xalqlar arasında mənəvi bağları möhkəmləndirdi.

Bu birlik çərçivəsində həyata keçirilən layihələr, ədəbi toplantılar, simpoziumlar və nəşrlər müxtəlif ölkələrdən olan yazarların, incəsənət xadimlərinin bir-birini tanımasına, ünsiyyət qurmasına və ortaq layihələrə imza atmasına zəmin yaratdı. Bu isə sadəcə ədəbi əməkdaşlıq deyil, həm də mədəni yaxınlaşma demək idi.

Yaqub Öməroğlu üçün ədəbiyyat yalnız söz sənəti deyildi. O, ədəbiyyatı bir millətin yaddaşı, kimliyi və gələcəyinin təminatçısı kimi görürdü. Bu səbəbdən də o, xüsusilə gənc yazarlara böyük önəm verirdi. Onun üçün gənclər gələcək idi və bu gələcəyin sağlam təməllər üzərində qurulması üçün onları dəstəkləmək, yönləndirmək, ruhlandırmaq ən vacib şərtlərdən biri idi. O, gənclərə yalnız platforma təqdim etmirdi, həm də onlara yol göstərirdi. Onların ilk addımlarını diqqətlə izləyir, səhvlərini düzəltməyə kömək edir, onları daha böyük hədəflərə yönləndirirdi. Bu baxımdan o, təkcə bir təşkilat rəhbəri deyil, həm də bir müəllim idi.

Türk dünyasının müxtəlif bölgələrindən olan istedadlı gənclər Yaqub bəyin diqqətindən kənarda qalmırdı. O, onların yaradıcılığını izləyir, onlara platforma yaradır, əsərlərinin çap olunmasına dəstək verir və ən əsası, onlara inanırdı. Bu inam bir çox gəncin yolunu açdı, onların ədəbiyyata daha böyük həvəslə bağlanmasına səbəb oldu. Hətta deyə bilərik ki, bəzi gənc yazarlar Yaqub bəyin sayəsində öz ölkələrindən öncə böyük bir Türk dünyasında tanındılar, sevildilər.

Onun dəstəyi ilə tanınan, bu gün artıq öz sözünü deyən bir çox gənc yazar var ki, onların uğurlarında Yaqub bəyin rolu danılmazdır.

Bu istiqamətdə onun ən mühüm fəaliyyətlərindən biri Türk dünyasının ortaq ədəbi dərgisi olan "Kardeş Kalemler" dərgisi ilə bağlı idi. Bu dərgi ədəbi jurnaldan əlavə, Türk dünyasının ortaq ədəbi məkanıdır. Burada müxtəlif ölkələrdən olan yazarlar öz əsərləri ilə çıxış edir, fərqli mədəniyyətlər bir-biri ilə tanış olur, ortaq dəyərlər daha da möhkəmlənir.

Dərginin səhifələrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən, eləcə də türkdilli topluluqlardan olan yazarların əsərləri yer alır. Bu, bir tərəfdən ədəbi müxtəlifliyi göstərir, digər tərəfdən isə ortaq ruhun mövcudluğunu sübut edir. "Kardeş Kalemler" bu mənada artıq uzun illərdir ki, bir ədəbi körpü rolunu oynayır.

Yaqub bəy bu dərgini böyük sevgi və məsuliyyətlə idarə edirdi. Onun redaktorluq yanaşması da mənəviyyata söykənirdi. O, hər yazıda Türk dünyasının ruhunu axtarırdı. Bu səbəbdən də "Kardeş Kalemler" qısa müddətdə geniş bir coğrafiyada tanınan və sevilən bir dərgiyə çevrildi.

Onun vəfatından sonra da bu dərginin fəaliyyətini davam etdirməsi, onun qoyduğu ənənənin nə qədər güclü olduğunu göstərir. Bu gün "Kardeş Kalemler" və Avrasiya Yazarlar Birliyi Yaqub Öməroğlunun ideallarına sadiq qalaraq fəaliyyətini davam etdirir. Bir zamanlar böyük zəhmətlər, fədakarlıqlar hesabına qurduğu sistemin onun yoxluğunda da yaşayıb inkişaf etməsi isə onun həyatının və əməyinin ən böyük təsdiqidir.

Bu davamlılıq təsadüfi deyil, onun yaratdığı məktəbin, formalaşdırdığı dəyərlər sisteminin nəticəsidir. O, yalnız bir dövr üçün deyil, gələcək üçün çalışırdı və bu gün bunun bəhrələri aydın şəkildə görünür.

Yaqub Öməroğlunun Azərbaycanla olan əlaqələri isə xüsusi qeyd olunmalıdır. O, Azərbaycanı sadəcə qardaş ölkə kimi deyil, özünün mənəvi və mədəni bir parçası kimi görürdü. Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarix və ənənələrinə böyük sevgi ilə yanaşırdı.

Onun Azərbaycan yazarları ilə sıx əlaqələri vardı. Bir çox azərbaycanlı yazıçı və şair həm də onun dəstəyi ilə Türkiyədə tanınmağa başladı. O, Azərbaycan ədəbiyyatının daha geniş auditoriyaya çatdırılması üçün yorulmadan çalışırdı. O, Azərbaycan ədəbiyyatını Türk dünyasının ayrılmaz bir hissəsi kimi təqdim edir, onun zənginliyini və özünəməxsusluğunu hər zaman vurğulayırdı. Bu yanaşma Azərbaycan yazarlarının beynəlxalq müstəvidə tanınmasına mühüm töhfə verdi.

Yaqub bəyin Azərbaycana səfərləri, burada keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər onun bu ölkəyə olan sevgisinin açıq göstəricisi idi. O, Azərbaycan insanına, onun qonaqpərvərliyinə, səmimiyyətinə böyük dəyər verirdi. Onun çıxışlarında Azərbaycan haqqında söylədiyi fikirlər həmişə sevgi və hörmətlə dolu olurdu.

Bu münasibətlər yalnız onun həyatı dövründə deyil, ondan sonra da davam edir. Bu gün Azərbaycan və Türkiyə ədəbi mühiti arasında mövcud olan əlaqələrdə Yaqub Öməroğlunun əməyinin böyük payı var. O, bu əlaqələrin möhkəmlənməsi üçün çalışmış və bu istiqamətdə ciddi nəticələr əldə etmişdi.

Onun şəxsiyyətinin ən diqqətçəkən xüsusiyyətlərindən biri də sadəliyi və səmimiyyəti idi. O, böyük işlər görsə də, özünü heç vaxt böyük göstərməyə çalışmırdı. İnsanlarla münasibətində səmimi, açıq və mehriban idi. Bu xüsusiyyətləri ona böyük hörmət gətirməklə yanaşı, həm də onu hər kəs tərəfindən sevilən bir insan etmişdi. Onunla ünsiyyətdə olan hər kəs onun daxili zənginliyini, insanlara olan hörmətini və diqqətini hiss edirdi. O, dinləməyi bacaran nadir insanlardan idi və bu keyfiyyət onun münasibətlərini daha da dərinləşdirirdi.

Yaqub Öməroğlu üçün dostluq və insan münasibətləri böyük əhəmiyyət daşıyırdı. O, qurduğu münasibətləri qorumağa çalışır, insanlara dəyər verir, onların uğurlarına öz uğurları kimi, hətta bəzən uşaq saflığı ilə sevinirdi.

Bəli, bu gün onun yoxluğu Türk dünyası üçün böyük itkidir. Lakin bu itkinin ən böyük təsəllisi də yenə onun yaratdığı dəyərlərdir. Çünki o, özündən sonra onu daim xatırladacaq, hər zaman ehtiramla yada salacaq böyük bir miras qoyub getdi. Bu miras onun yazıları, yetişdirdiyi insanlar, qurduğu təşkilatlar və ən əsası, yaşatdığı ideallardır. Bu miras gələcək nəsillər üçün bir yol xəritəsidir. Elə bir xəritə ki, həm keçmişi yaşadır, həm də gələcəyi göstərir. Çünki Yaqub Öməroğlu gələcəyi düşünən, onu planlayan və bu istiqamətdə çalışan bir şəxsiyyət idi. O, bir düşüncə məktəbi, ədəbiyyat məktəbi, birlik məktəbi idi. O, sözlə əməli birləşdirə bilən nadir insanlardan idi. Bu xüsusiyyət isə onu fərqləndirən əsas cəhətlərdən biri idi.

Yaqub Öməroğlunun adı bu gün də hörmətlə çəkilir, onun haqqında danışarkən insanlar minnətdarlıq hissi keçirirlər. Bu isə bir insan üçün ən böyük mükafatdır. Çünki hər kəs yaşaya bilər, amma hər kəs iz qoya bilməz.

O, iz qoyanlardan idi.

Yaqub Öməroğlunun xatirəsi Türk dünyasının hər bir guşəsində yaşayır. Yazdığı hər sətirdə, dəstək olduğu hər gəncin uğurunda, qurduğu hər platformada onun ruhu hiss olunur.

Onun idealları bu gün də yeni nəsil yazarlar üçün bir mayak rolunu oynayır. Gənclər onun yolunu davam etdirir, onun başladığı işi irəli aparır, onun arzuladığı birlik və həmrəyliyi gerçəkləşdirmək üçün çalışırlar.

Bu gün Yaqub Öməroğlu fiziki baxımdan aramızda olmasa da, idealları, düşüncələri və sevgisi yaşamağa davam edir.

Belə yaşamaq isə əsl ölümsüzlükdür!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Mart 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri