Türk ekspert: Türkiyə ilə Azərbaycanın qardaşlığı tarixin miras qoyduğu dəyərdir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yalnız beynəlxalq münasibətlərin ənənəvi anlayışları və dövlətlərarası maraqlar çərçivəsində qiymətləndirmək kifayət deyil. Bu əlaqələrin təməlində eyni tarixi və mədəni köklərdən qaynaqlanan, ortaq sivilizasiya düşüncəsinə malik iki qardaş xalqın mənəvi birliyi dayanır. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı siyasi arzudan daha çox, tarixi və sosioloji reallığın ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Abdulla Günay bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan xalqları yalnız eyni dilin müxtəlif ləhcələrində danışmır, həm də bir-biri ilə könül dili ilə ünsiyyət qurur.
“Sözlərin ifadə etməkdə çətinlik çəkdiyi məqamlarda ortaq tarix, mədəniyyət və mənsubiyyət hissi ön plana çıxır. Azərbaycan torpaqlarında şəhid olan Anadolu övladları və Çanaqqalada şəhadətə yüksələn azərbaycanlılar iki xalqın qardaşlığının yalnız sözlərlə deyil, tale birliyi ilə də qurulduğunun tarixi şahidləridir.
Azərbaycanın 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq yalnız hərbi qələbə deyil, həm də misilsiz milli iradə və ictimai həmrəylik nümunəsidir. Prezident İlham Əliyevin liderliyi ilə vahid qüvvəyə çevrilən Azərbaycan xalqı milli birlik və həmrəyliyin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Həmin 44 gün müddətində Türkiyənin ürəyi Azərbaycanla birlikdə döyündü. Bu, ortaq tarixi və mədəni mənsubiyyətin təbii nəticəsi idi”, – deyə ekspert bildirib
Liderlər arasındakı etimad münasibətlərin strateji əsaslarını möhkəmləndirir
Abdullah Günay qardaşlıq münasibətlərinin diplomatik müstəvidə ən parlaq nümunələrindən biri kimi 2014-cü il aprelin 24-də Praqada keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitini xatırladıb.
“Türkiyə nümayəndələrinin zalda olmadığı şəraitdən istifadə edərək Türkiyəni hədəf alan Ermənistanın o zamankı Prezidenti Serj Sarkisyanın çıxışına qarşı Prezident İlham Əliyev söz alaraq “Türkiyə burda yoxdur, amma mən buradayam” cavabını vermişdi. Bu mövqe iki ölkə arasındakı münasibətlərin səviyyəsini ifadə edən mühüm nümunədir.
Prezident İlham Əliyevin həmin gün Türkiyəni müdafiə etmək üçün əvvəlcədən hazırlanmış diplomatik protokola və ya rəsmi səlahiyyətə ehtiyacı olmayıb. Şəxsən heç vaxt unutmadığım həmin səhnəni tarixi kodlarımızın yenidən canlandığı və könül birliyimizin diplomatiyada əks olunduğu müstəsna an kimi xatırlayıram”, – deyə A.Güney əlavə edib.
O, Azərbaycan və Türkiyə Prezidentləri arasındakı səmimi səmimi münasibətlərin iki xalqın qardaşlığını möhkəmləndirən mühüm amil olduğuna diqqət çəkib: “Hər iki dövlət başçısının bir-birinə müraciət edərkən işlətdiyi “qardaşım” ifadəsi rəsmi diplomatik nəzakətdən daha dərin məna daşıyır. Liderlərin qarşılıqlı səfərləri və əlamətdar günlərdə nümayiş etdirdikləri həmrəylik dövlətlərarası münasibətlərin insani tərəfini də gücləndirir. 2026-cı il noyabrın 8-də Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə Şuşada keçirilən görüşdə, eləcə də Antalya iqlim sammitində iki prezidentin ailələri ilə birlikdə rəsmi çərçivələri aşan səmimi münasibət nümayiş etdirməsi bu qardaşlığın və təbii yaxınlığın təzahürüdür.
Beynəlxalq münasibətlər baxımından liderlər arasındakı etimad diplomatik qeyri-müəyyənliklərin azaldılması, böhranların idarə olunması və ortaq siyasətlərin hazırlanması üçün mühüm sosial kapitaldır. Türkiyə-Azərbaycan münasibətlərinin fərqləndirici xüsusiyyəti isə bu kapitalın yalnız liderlər arasındakı şəxsi münasibətlərdən deyil, xalqların tarixi yaddaşından da qaynaqlanmasıdır”.
Tarixin miras qoyduğu dəyər
Ölkəmizin əhəmiyyətinin yalnız neft və təbii qaz ehtiyatlarının zənginliyi ilə məhdudlaşmadığını bildirən ekspert qeyd edib ki, beynəlxalq enerji və logistika xətlərinin fasiləsizliyi və təhlükəsizliyi baxımından Azərbaycan qitələrarası iqtisadi-siyasi münasibətlərin mühüm iştirakçılarından birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də inkişaf etməkdə olan Orta Dəhliz Azərbaycanın bu strateji mövqeyini daha da gücləndirir. Türk Dövlətləri Təşkilatının fəaliyyətini yaxından izləyən və regionda təsir imkanlarını artırmaq istəyən beynəlxalq aktorların Azərbaycanla sıx təmasda olmağa ehtiyac duyması da bu çərçivədə qiymətləndirilməlidir.
Ekspert Türkiyə ilə Azərbaycan arasında siyasi və mədəni yaxınlığın iqtisadi sahədə daha dərin inteqrasiya ilə dəstəklənməsinin vacibliyini qeyd edib. “Türkiyə ilə Azərbaycanın qardaşlığı tarixin bizə miras qoyduğu dəyərdir. Ortaq rifah və ortaq gələcək isə birlikdə inşa edəcəyimiz bir sivilizasiya əsəri olacaq”, – deyə Abdulla Günay fikirlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















