Müasir insan və hərəkət azlığı FOTO
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
"İnsan bədənində hərəkət üçün nəzərdə tutulmuş mexanizmdən hərəkətsiz şəkildə, öz təbiətinə zidd istifadə etmək bir çox fiziki və psixi problemə yol açır. Elmdə hərəkət çatışmazlığı hipokineziya adlanır. Bəzi hesablamalara görə, müasir insanlar əcdadlarından təxminən 60% az hərəkət edir. Bunun səbəbləri aydındır: insanlar avtomobildən və ictimai nəqliyyatdan istifadə edir, uzun saatlar oturaq iş görür, əyləncə və ictimai fəaliyyətlərə daha az vaxt ayırır, hətta alış-verişi belə mağazaya getmədən onlayn platformalar vasitəsilə həyata keçirir. Ağıllı cihazlar həyatımızı asanlaşdırsa da, gündəlik fiziki fəaliyyətimizi xeyli məhdudlaşdırır. Nəticədə bədən enerji sərf etmədən qalır və bu, müxtəlif orqan sistemlərində metabolik pozuntulara gətirib çıxarır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
Hərəkətsiz bədən: fiziologiyada nə baş verir?
G.Quliyevin sözlərinə görə, elmi araşdırmalar göstərir ki, insulin müqaviməti, tip 2 diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin (məsələn, yoğun bağırsaq və süd vəzi xərçəngi) risk amilləri sırasında hərəkətsizlik mühüm yer tutur. ÜST fiziki hərəkətsizliyi dünyada ölüm hallarının əsas risk amillərindən biri hesab edir. Uzun müddət oturmaq əzələlərin qlükozanı qandan götürmə qabiliyyətini azaldır və yağ mübadiləsini ləngidir. Geniş yayılmış “oturaq həyat gündə bir qutu siqaret qədər zərərlidir” ifadəsi dəqiq riyazi hesablama deyil, hərəkətsizliyin ciddiliyini vurğulayan bənzətmədir. Bundan əlavə, hərəkətsizlik mexaniki zədələrə də səbəb olur: onurğa və oynaq pozğunluqları, artıq çəki, əzələ kütləsinin və gücünün azalması (sarkopeniya) bunlara aiddir.
Hərəkətsizliyin təsiri yalnız bədən xəstəlikləri ilə məhdudlaşmır. Uzun müddət fiziki passivlik əhval-ruhiyyənin pisləşməsi, yuxu pozuntuları və yorğunluq hissi ilə də əlaqələndirilir. Başqa sözlə, hərəkətsizlik fiziki və psixi sağlamlığa eyni anda təsir edən risk amilidir.
Ən sadə və ən sağlam fəaliyyət: gəzintinin fizioloji faydaları
G.Quliyev onu da qeyd edib ki, gəzinti xüsusi avadanlıq, xərc və hazırlıq tələb etmədiyi üçün hər yaşda tətbiq oluna bilən fiziki fəaliyyətdir. Gəzinti zamanı iri əzələ qrupları işə qoşulur, ürək döyüntüsü orta səviyyədə artır və orqanizm aerob rejimdə işləyir. Bu, ən əlçatan və təhlükəsiz yüklənmə növlərindən biridir. Onun əsas faydaları bunlardır:
Qan dövranını sürətləndirir və ürək əzələsini məşq etdirir.
Damar divarından azot oksid (NO) ifrazını artırır; bu molekul damarları genişləndirərək qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Nəfəs almanı və ağciyər ventilyasiyasını dəstəkləyir.
Qan təchizatını və toxumaların oksigenlə təmin olunmasını yaxşılaşdırır, bu da dərinin sağlam və canlı görünməsinə təsir göstərir.
Kalori sərf edir, maddələr mübadiləsini sürətləndirir və yağ yığımının azalmasına kömək edir.
Sağlam qidalanma ilə birlikdə çəkinin nizamlanmasını asanlaşdırır.
30 yaşdan sonra təbii olaraq azalmağa başlayan əzələ kütləsinin qorunmasına yardım edir.
Elastikliyi, oynaq hərəkətliliyini və tarazlıq qabiliyyətini yaxşılaşdırır, yıxılma riskini azaldır.
Sümükləri gücləndirir və osteoporoz (sümük sıxlığının azalması) riskini azaldır.
İnsulin müqavimətini azaldır, əzələlərin insulinə həssaslığını artırır.
Zərərli (LDL) xolesterolun səviyyəsini azaldır, faydalı (HDL) xolesterolun səviyyəsini artırır.
Gəzintinin təsiri yalnız bədənlə məhdudlaşmır, psixi sağlamlıq üçün də əhəmiyyətli nəticələr verir:
Beyində xoşbəxtlik hormonları adlandırılan maddələrin ifrazını artırır, stress səviyyəsini azaldır və rifah halını gücləndirir.
Depressiya və həyəcan pozuntuları riskini azaltmağa kömək edir.
Zehni fəaliyyəti canlı saxlayır, diqqəti və konsentrasiyanı artırır.
Yaddaşı və öyrənmə qabiliyyətini dəstəkləyir.
Yuxunun keyfiyyətini yaxşılaşdırır.
Gündəlik doza və psixoloji dayanıqlıq
Həmsöhbətimiz fikirlərinə əlavə olaraq bildirib ki, fiziki fəaliyyət ən güclü və ən əlçatan profilaktik vasitələrdən biridir. Hərəkət yalnız xəstəliklərin qarşısını almağa kömək etmir, bir çox xroniki xəstəliyin gedişinə də müsbət təsir göstərir. Lakin bu, həkim nəzarətində aparılan müalicəni əvəz etmir, onu tamamlayır. ÜST böyüklər üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikli fəaliyyət tövsiyə edir ki, bu da gündə təxminən 30 dəqiqəlik sürətli yerişə uyğundur. Pilləkəndən istifadə etmək, qısa məsafələri piyada qət etmək və hər saatdan bir qısa fasilə vermək bu həddə çatmağa kömək edir; 30 dəqiqəni bir neçə qısa hissəyə bölmək də faydalıdır.
"Daimi idman psixoloji dayanıqlığı da artırır. Psixoloji dayanıqlığı yüksək olan insan stresli hadisələrdən daha az sarsılır və qarşılaşdığı problemləri daha məntiqli və sağlam yollarla həll edə bilir. Fiziki fəaliyyət bu prosesi dəstəkləyir, çünki stresə qarşı orqanizmin fizioloji cavabını tənzimləyir və özünə nəzarət hissini gücləndirir", - deyə G.Quliyev fikrini tamamlayıb.
Afət Tahirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















