Icma.az
close
up
RU
Türkiyə Azərbaycan Pakistan: Coğrafiyaları aşan ittifaq TƏHLİL

Türkiyə Azərbaycan Pakistan: Coğrafiyaları aşan ittifaq TƏHLİL

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə, Azərbaycan və Pakistan təkcə regional təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biri olaraq çıxış etmir, eyni zamanda müasir dövrün geosiyasi çağırışları fonunda yeni geoiqtisadi yüksəliş paradiqmasını birgə şəkildə formalaşdırır. Bu üç strateji müttəfiq dövlət arasında artan siyasi koordinasiya müdafiə sahəsində sinxron fəaliyyət və nəqliyyat-kommunikasiya layihələri üzrə inteqrasiya prosesi onları qlobal ticarət və enerji marşrutlarının əsas iştirakçılarına çevirir. Türkiyə, Azərbaycan və Pakistan XXI əsrin çoxtərəfli diplomatiyasında yeni güc mərkəzi kimi çıxış edir.

Yeni geosiyasi güc oxu: Türkiyə-Azərbaycan-Pakistan

Türkiyənin Yeditepe Universitetinin müəllimi, dosent Dr. Furkan KayaAnadolu Agentliyi” üçün yazdığı məqalədə Türkiyə, Azərbaycan və Pakistan arasında qurulan üçtərəfli ittifaqı təhlil edib.

Dr. Furkan Kayanın fikrincə, Türkiyə, Azərbaycan və Pakistan strateji əməkdaşlıqla yeni geosiyasi və iqtisadi imkanlar açan güclü bir ittifaq formalaşdırıb: “Bu strateji üçbucağın ən mühüm xüsusiyyətlərindən biri türk dünyası ilə Cənubi Asiya İslam aləmi arasında çoxşaxəli birbaşa dialoqun qurulması imkanlarıdır. Milli mübarizə dövründə Asiya müsəlmanlarının verdiyi mühüm dəstək təkcə Türkiyə Respublikasının qurulmasına deyil, eyni zamanda Anadolunun müdafiəsi və Türküstanla Asiya müsəlmanlarının təhlükəsizliyinin təmin olunmasına töhfə verib. Daha sonra isə türk dünyası ilə atılan möhkəm təməl sayəsində formalaşan strateji sütunlar bölgədə sülh ümidinə çevrilib. Qarabağ zəfərində Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli diplomatik və hərbi əməkdaşlığının xüsusi rolu olub. Bu üç ölkə arasında formalaşan güc bloku yalnız hərbi meydan oxuma deyil, eyni zamanda birlikdə olma zərurətini üzə çıxaran mühüm bağlayıcı rolu da üzərinə götürür. Bu kontekstdə, 2021-ci ildə Bakıda keçirilən “Üç Qardaş” hərbi təlimləri zamanı ayrı-ayrı coğrafiyalarda yerləşmələrinə baxmayaraq, üç ölkə ortaq təhlükəsizlik və milli dəyərlər əsasında bir blok yaratma potensialını nümayiş etdirdi. Bu isə regionallaşma baxımından yeni təhlükəsizlik əməkdaşlıqlarının nə qədər həyati önəm daşıdığını ortaya qoydu”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov da APA-ya açıqlamasında bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan ittifaq coğrafi sərhədləri aşaraq, ortaq tarix, güvən və strateji maraqlar üzərində qurulmuş güclü təhlükəsizlik və əməkdaşlıq platformasına çevrilir.

Onun sözlərinə görə, bu ittifaq sözün əsl mənasında dostluğu, qardaşlığı və ortaq maraqları əks etdirən strateji üçtərəfli əməkdaşlıq modelidir: “Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan dostluq və strateji tərəfdaşlıq müxtəlif sahələrdə dərin əməkdaşlığa əsaslanır. Siyasi, iqtisadi və mədəni əlaqələrlə yanaşı, bu üç ölkə beynəlxalq platformalarda bir-birinin suverenliyini və milli maraqlarını ardıcıl şəkildə müdafiə edir. Qarşılıqlı güvən və dəstək bu münasibətləri diplomatik çərçivədən çıxararaq strateji ittifaq səviyyəsinə yüksəldib, son dövrlərdə regional və qlobal təhlükəsizlik çağırışları fonunda üçtərəfli əməkdaşlıq daha da aktuallaşıb. Pakistanla Hindistan arasında yaranmış gərginlik zamanı İslamabadın ilk olaraq Türkiyə və Azərbaycana müraciət etməsi bu ölkələrə olan etimadın göstəricisidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsində Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi dəstək də bu birlikdəki sarsılmaz həmrəyliyin bariz nümunəsidir. Bu üçtərəfli əməkdaşlıq təkcə iştirakçı ölkələrin deyil, daha geniş bir regionun – Yaxın Şərq, Orta Asiya və Avrasiya məkanının sabitliyinə və təhlükəsizliyinə müsbət təsir göstərir. Türkiyədən Hind okeanına qədər uzanan bu təhlükəsizlik və əməkdaşlıq platforması bölgədə davamlı inkişaf və sülh üçün mühüm imkanlar yaradır. Bu dostluq və ittifaq modeli gələcəkdə də regional əməkdaşlıq üçün nümunə ola bilər”.

Birgə təlimlərdən daimi inteqrasiyaya: Yeni güc balansı

Dr. Furkan Kaya məqaləsində yazır ki, Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın təməli daha da dərinləşir. 2018-ci ildə MİLGEM layihəsi çərçivəsində Pakistanla imzalanan 1,5 milyard dollarlıq müqaviləyə əsasən təhvil verilən “Babür” sinifli freqatlar iki ölkə arasında imzalanan ən genişmiqyaslı müdafiə sazişlərindən biridir.

“Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi birgə hərbi təlimlər, hər iki qardaş ölkənin strateji müttəfiqliyinin göstəricisi olmaqla yanaşı, həm hərbi, həm də siyasi müstəvidə yüksək səviyyəli strateji tərəfdaşlıq konsepsiyasını formalaşdırdı. Məsələn, 2021-ci il iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşada imzalanan Bəyannamə ilə iki ölkə arasında münasibətlər rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırıldı. 2023-cü ildə isə Naxçıvanda keçirilən “Mustafa Kamal Atatürk” təlimi ilə iki ölkə birgə hərbi qabiliyyətlərini nümayiş etdirərək, bölgədə sabitliyi pozmaq istəyənlərə qarşı davamlı hərbi inteqrasiyanın mövcud olduğunu göstərdi. Bu baxımdan, Zəngəzur dəhlizinin gündəmə gəlməsi ilə Türkiyənin Cənubi Qafqazdakı geosiyasi təsirinin artması və ikitərəfli koordinasiyanın güclənməsi regionda xüsusilə Rusiya-İran təsirinə qarşı müqavimət formalaşdırır”, - deyə Dr. Furkan Kaya qeyd edib.

Sultan Zahidov isə hesab edir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan geosiyasi ittifaq beynəlxalq nizamsızlıq şəraitində Avrasiya sabitliyi və regional əməkdaşlıq üçün mühüm birgə güc platforması rolunu oynayır:“Hazırkı beynəlxalq sistem ciddi tektonik dəyişikliklər dövrünü yaşayır. Fərqli bölgələrdə münaqişə və müharibələrin artması, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin bu problemlərin həllində yetərincə səmərəli olmaması dövlətləri daha çox regional əməkdaşlığa yönəldir. Bu kontekstdə üçlü və dördlü formatda yeni ittifaqların təşəkkülü aktuallaşır. Bu mənzərədə Azərbaycan-Türkiyə-Pakistan geosiyasi oxu mövcud beynəlxalq reallığın diktə etdiyi zərurət kimi meydana çıxır. Lakin bu ittifaq digər bloklardan fərqli olaraq, parçalama deyil, birləşdirmə funksiyası daşıyır. Onun əsas məqsədi Avropanı Yaxın və Orta Şərq, eləcə də Uzaq Asiya ilə birləşdirən sabitlik və əməkdaşlıq platforması yaratmaqdır. Ankara, Bakı və İslamabadın formalaşdırdığı bu strateji xətt Avrasiyanın ən həssas bölgələrini əhatə edir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, bu ox Avrasiya materikinin sabitliyi və iqtisadi inkişafına töhfə vermək potensialına malikdir. Gələcəkdə həyata keçiriləcək nəqliyyat, enerji və ticarət layihələri bu üçtərəfli əməkdaşlığı daha da gücləndirəcək. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də hərbi sahədir. Azərbaycan və Türkiyə arasında artıq uzun illərə söykənən hərbi əməkdaşlıq son dövrlərdə Pakistanın iştirakı ilə üçtərəfli formatda davam etdirilir. Birgə hərbi təlimlər üç ölkənin təhlükəsizlik sahəsində koordinasiyasını artırmaqla yanaşı, hərbi potensiallarının inteqrasiyasına xidmət edir. Lakin Azərbaycan-Türkiyə-Pakistan ittifaqının məqsədi hərbi əməkdaşlıqla məhdudlaşmır. Bu format siyasi, iqtisadi, ticarət, mədəniyyət, elm və təhsil sahələrində də genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur. Beynəlxalq münasibətlər nəzəriyyəsinə əsasən, uğurlu inteqrasiyanın əsas şərti tərəflər arasında ortaq maraq və dəyərlərin olmasıdır. Bu baxımdan üç ölkə yalnız tarixi, dini və mədəni bağlarla deyil, eyni zamanda ortaq strateji maraqlarla, xüsusilə də regional sülh, sabitlik və inkişaf ideyaları ilə birləşir”.

TANAP-dan Hind okeanına

Enerji məsələsinə toxunan Dr. Furkan Kaya məqaləsində qeyd edir ki, Azərbaycan, Türkiyə və Pakistan enerji dəhlizləri sayəsində bloklardan asılı olmayan strateji geoiqtisadi platforma formalaşdırır: “Strateji üçbucağın başqa mühüm qazanc sahəsi enerji dəhlizləri və geoiqtisadi vizion çərçivəsində formalaşan maraq sahələridir. Türkiyə, Azərbaycan və Pakistan Avrasiya enerji geosiyasətinin mərkəzində yerləşir. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə qurulan bu ox Çin, ABŞ və Rusiya üçün narahatlıq yaradır, çünki bu ox heç bir blokun təsirində olmadan öz strateji prioritetlərini irəli sürə bilir. Məsələn, TANAP və Cənub Qaz Dəhlizi xüsusilə Rusiya-Ukrayna müharibəsinin taleyi hələ də qeyri-müəyyən olduğu bir dövrdə Avropa üçün Rusiya qazına alternativ kimi qiymətləndirilən əsas marşrutlardan biridir. Türkiyə isə bu dəhliz sayəsində həm tranzit ölkə, həm də enerji terminalı kimi strateji üstünlük əldə edir”.

Azərbaycan, Türkiyə və Pakistan arasında enerji sahəsində əməkdaşlıqdan danışan Sultan Zahidov isə düşünür ki, bu əməkdaşlıq regionun enerji xəritəsini dəyişə biləcək strateji addım olmaqla yanaşı, geopolitik maneələrə baxmayaraq, Cənub Qaz Dəhlizi və Transxəzər layihələri vasitəsilə Pakistana qədər uzana biləcək perspektivlər vəd edir.

Üç ölkə arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu məsələ Laçında keçirilən görüş zamanı da vurğulandı. Azərbaycan və Türkiyə artıq uzun illərdir, enerji sahəsində sıx əməkdaşlıq edir. Hər iki ölkə Cənub Qaz Dəhlizi kimi meqalayihənin əsas iştirakçılarındandır. Bu gün Azərbaycan qazı və nefti TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya çatdırılır. Eyni zamanda, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisindən keçərək dünya bazarlarına çıxarılır. Pakistanın bu enerji infrastrukturuna qoşulmaq imkanları hazırda qiymətləndirilir. İslamabad bu əməkdaşlıqda son dərəcə maraqlıdır. Bu təşəbbüs həm Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyət kəsb edir və regionun enerji xəritəsinin yenidən formalaşmasında ciddi sıçrayış ola bilər. Pakistanın Azərbaycan və Türkiyə ilə enerji layihələrində iştirak etməsi geosiyasi baxımdan da vacibdir. Bununla belə, bəzi regional güclər belə bir əməkdaşlığın reallaşmasına mane olmağa çalışa bilər. Məsələn, əgər gələcəkdə Azərbaycandan Pakistana birbaşa enerji xəttinin çəkilməsi planlaşdırılarsa, bunun üçün iki əsas marşrut ehtimal olunur: ya İran ərazisindən, ya da Transxəzər boru kəməri vasitəsilə Mərkəzi Asiya üzərindən. Transxəzər boru kəməri layihəsi uzun müddətdir gündəmdə olsa da, ona qarşı çıxan qüvvələr də az deyil. Xüsusilə, Mərkəzi Asiya regionunu nəzarətdə saxlamağa çalışan Rusiya bu cür layihələrə dəstək vermir. Moskva regionun enerji infrastrukturunu öz ərazisi üzərindən keçməyə məcbur etməyə çalışır və enerji xəritəsində dominant rol oynamasını təmin etmək istəyir. Lakin Qafqaz nümunəsində gördük ki, bu ambisiyalar hər zaman reallaşmır. Azərbaycan uzun illərdir ki, Rusiya ərazisindən keçməyən enerji marşrutlarının təşəbbüskarı olub və bu siyasət nəticəsində bu gün Avropa Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazı ilə təmin olunmaqdadır”, - deyə Zahidov vurğulayıb.

İnkişaf dəhlizləri: Qvadar limanından TANAP-a qədər jeoiqtisadi marşrutlar

Dr. Furkan Kaya təhlilində qeyd edir ki, Pakistanın geostrateji mövqeyi və Çin-Pakistan İqtisadi Dəhlizi (ÇPEK) layihəsi Türkiyə və Azərbaycanın TANAP və Orta Dəhliz təşəbbüsləri ilə birləşərək, Avrasiyada yeni çoxqütblü geoiqtisadi nizamın formalaşmasında mühüm rol oynayan strateji üçbucaq yaradır: “Pakistanın coğrafi mövqeyi Çin tərəfindən həyata keçirilən “Yeni İpək Yolu” layihəsi baxımından olduqca vacibdir. Xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi (ÇPEK) Sincandan (Şərqi Türküstan) başlayaraq Pakistanın Qvadar limanına qədər uzanan nəhəng layihədir. Təxminən 62 milyard dollar dəyərində olan bu iqtisadi dəhliz infrastruktur, enerji, avtomobil və dəmir yolu komponentlərini əhatə edir və Çinin “Dəniz İpək Yolu” təşəbbüsünün ən kritik mərhələsidir. Beləliklə, bu layihə region üçün əsl “inkişaf mühərriki” rolunu oynayır. Layihənin səmərəli və təhlükəsiz fəaliyyət göstərə bilməsi üçün Türkiyə-Azərbaycan-Pakistan strateji üçbucağı mühüm rola malikdir. TANAP, Xəzər dəhlizləri və Çin-Pakistan İqtisadi Dəhlizi tam gücü ilə fəaliyyətə başladıqda Avrasiyanın çoxmərkəzli güc vizionuna böyük geosiyasi töhfələr verəcək. Beləliklə, üçtərəfli ittifaq xətti üzrə yüksələn geoiqtisadi imkanların qapısı açılmış olacaq”.

Azərbaycanlı ekspert Sultan Zahidovun fikrincə, Azərbaycan, Türkiyə və Pakistan Orta Dəhliz və Qvadar limanı vasitəsilə Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat və kommunikasiya qovşağına çevrilmək potensialına malikdir və bu istiqamətdə birgə əməkdaşlıq imkanları sürətlə genişlənir.

Azərbaycan, Türkiyə və Pakistanı nəqliyyat və kommunikasiya layihələri də birləşdirir. Azərbaycan və Türkiyə bu gün Orta Dəhliz nəqliyyat marşrutunun əsas iştirakçılarındandır və bu marşrut Çindən Avropaya, həmçinin, əks istiqamətdə yüklərin daşınmasında getdikcə daha önəmli rol oynamaqdadır. Hazırkı geosiyasi şəraitdə Şimal və Cənub dəniz yollarının ciddi təhdidlərə məruz qaldığını nəzərə alsaq - şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda isə Qırmızı dənizdə husilərin təhdidləri – bu, Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Pakistanın bu dəhlizə fəal şəkildə qoşulmaq üçün real potensialı mövcuddur. Məsələn, Qvadar limanının 50 000 DWT (dedveyt) yükgötürmə qabiliyyəti var ki, bu da böyük tutum deməkdir və limanın regional geoiqtisadi əhəmiyyətini göstərir. Bu liman xüsusilə Çin üçün strateji önəm daşıyır - “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Malakka boğazına alternativ dəniz marşrutu rolunu oynayır. Qvadar limanına gətirilən yüklər buradan digər nəqliyyat dəhlizlərinə, o cümlədən Orta Dəhlizə birləşdirilə bilər. Eyni zamanda, Orta Dəhliz vasitəsilə gələn yüklər də Qvadar limanına qədər daşınıb, oradan dəniz yolu ilə müxtəlif regionlara yönləndirilə bilər. Bu model Pakistanın nəqliyyat baxımından geosiyasi əhəmiyyətini daha da artırır. Beləliklə, Azərbaycan, Türkiyə və Pakistanın maraqları bu sahədə üst-üstə düşür. Hər üç ölkə Şərqlə Qərb arasında mühüm nəqliyyat və kommunikasiya mərkəzi olmaq potensialına malikdir və bu potensialı reallaşdırmaq üçün birgə səylər göstərməyə hazırdır”, - deyə Zahidov bildirib.

Türkiyənin Pakistana strateji dəstəyi

Türkiyəli ekspert Dr. Furkan Kaya məqaləsində qeyd edib ki, Türkiyə Pakistanla Hindistan arasında illərdir davam edən və “dondurulmuş münaqişə” xarakteri daşıyan Kəşmir məsələsində açıq şəkildə Pakistanın mövqeyini dəstəkləyir: “Pakistan 2025-ci il aprelin 22-də Hindistanın Pahalqam qəsəbəsinə edilən hücumun məsuliyyətini onun üzərinə yıxan Hindistan rəhbərliyinə bunun “saxta bayraq əməliyyatı” olduğunu bəyan etmişdi. 1947-ci ildən bəri nüvə toqquşması təhlükəsi ilə davam edən Kəşmir münaqişəsi bu gün “su faktoru” üzərindən yeni mərhələyə qədəm qoyub. Hazırda Pakistanın müharibəyə çəkilməsi, xüsusilə Türkiyə-Azərbaycan xətti ilə qurduğu əməkdaşlığa əngəl törədilməsi məqsədilə səylər müşahidə olunur. Türkiyə isə istənilən halda Pakistan xalqının yanında olduğunu bəyan edir”.

Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan möhkəm strateji və mənəvi ittifaq barədə danışan Sultan Zahidov diqqətə çatdırıb ki, hər üç ölkə bir-birinin suverenliyini və beynəlxalq mövqelərini ardıcıl şəkildə dəstəkləyir.

Azərbaycan və Türkiyə hər zaman Pakistanın yanında olan, ona açıq və ardıcıl dəstək göstərən dövlətlər sırasında ön cərgədə yer alır. Bu dostluq qarşılıqlıdır: Pakistan da uzun illərdir həm Azərbaycanın, həm də Türkiyənin mövqelərini qətiyyətlə müdafiə edir. Bu münasibətlərin unikal göstəricilərindən biri də odur ki, Pakistan bu günə qədər Ermənistanı tanımayan yeganə dövlətdir. Azərbaycan və Türkiyə xüsusilə Kəşmir və Cəmmu məsələsində Pakistanın mövqeyini davamlı olaraq müdafiə edirlər. Azərbaycan bu problemin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, xüsusilə 47 saylı qətnamə əsasında, yəni bölgədə plebisitin keçirilməsi ilə həllini dəstəkləyir ki, bu da Pakistanın mövqeyi ilə üst-üstə düşür. Son eskalasiya zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin Hindistanın hücumlarını pisləyən rəsmi bəyanatı da bu möhkəm siyasi həmrəyliyin konkret nümunəsidir. Bu kimi addımlar göstərir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər yalnız strateji deyil, həm də dərin mənəvi və diplomatik təməllərə əsaslanır”, - deyə o fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see151

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see129

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see118

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see117

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see116

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see115

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Zelenski Kelloqla görüşdü

14 İyul 2025 16:20see110

Gözəl danışır, sonra insanları bombalayır Tramp Putinə əsəbiləşdi

14 İyul 2025 10:47see109

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see109

Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?

14 İyul 2025 10:28see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri