Icma.az
close
up
RU
Türkoloji Qurultay yüz yaşında

Türkoloji Qurultay yüz yaşında

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bakıda 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayının 100 illiyi geniş səviyyədə qeyd olunur. Bu dərəcədə əsaslı diqqətin, əlbəttə ki, öz səbəbləri var. Çünki türk dünyasının bütün sahələrdə qarşılıqlı birgə fəaliyyət göstərməsi məsələsi məhz bu konfrans çərçivəsində dərindən müzakirə edilmişdi. Qurultaya bir çox türk dövlətləri ciddi hazırlıq görmüşdü.

Səmərqəndli cədid tənqidçisi Vadud Mahmud "Yer üzü" jurnalının 1925-ci il 3-cü sayında dərc olunmuş "Nəvai üçün" adlı məqaləsində konfrans günlərində türk dünyasının ən böyük şairi Əlişir Nəvainin yad edilməsinə xüsusi önəm verərək yazırdı: "Nəvai türk dilini dirçəltmiş və çağatay ədəbiyyatı adlanan bir ədəbi məktəbin bu günə qədər yaşamasına səbəb olmuş şəxsdir. Buna görə də onu tanımaq və ona layiqli qiymət vermək bütün türklər üçün bir vəzifədir. Məhz bunu nəzərə alaraq bu gün türk dünyasının hər yerində - Türkiyədə, Azərbaycanda və bizdə (Özbəkistanda) onun xatirəsini yad etmək və yubileyini keçirmək istəyirlər. Ola bilsin ki, 1926-cı ilin fevral ayının əvvəlində keçiriləcək Türkologiya Qurultayı türk dünyasının böyük şairi və dil mütəxəssisi Nəvainin 500 illiyinə təsadüf etdiyindən Bakıda böyük bir təntənə təşkil olunsun. Türk alimlərindən Fuad Köprülüzadə və Bəkir Çobanzadə bu barədə fikirlərini yazmışlar. Özbəkistanda da bu yubileyin fevralın sonlarında, martın əvvəllərində keçirilməsi nəzərdə tutulur; bunun üçün geniş hazırlıq işləri görülməkdədir..."

Bundan əlavə, Vadud Mahmud qurultayın keçirilməsindən bir neçə ay əvvəl "Maarif və müəllim" jurnalında "Türkologiya Qurultayı" adlı məqaləsini dərc etdirir. Həqiqətən də, yer üzündəki millətlər maddi nemətlərin istehsal üsulu, istehsal vasitələrinə sahiblik forması və ümumilikdə sivilizasiya istiqaməti baxımından bir-birindən çox da fərqlənmirlər. Lakin mənəvi mədəniyyət sahəsində hər bir millətin özünəməxsus mənəvi aləmi olduğu üçün onlar bir-birindən seçilirlər. Buna görə də dünya mədəniyyəti tarixində alman, italyan, fransız, ərəb və Çin memarlığı kimi anlayışlar mövcuddur. Musiqi sahəsində də buna bənzər vəziyyət müşahidə olunur. Eyni coğrafi mühitdə yaşayan iki millətin həm musiqi alətləri, həm də melodiyaları və ahəngləri bir-birindən fərqlənir. Hər bir millətin mədəniyyəti və incəsənətindəki özünəməxsus xüsusiyyətlər çox qədim dövrlərə gedib çıxır. Bu xüsusiyyətlərin əsrdən-əsrə, nəsildən-nəslə miras qalması həmin xalqın təbiətindən və xarakterindən irəli gəlir.

Əgər bir millət mənəvi cəhətdən zəif olarsa, o, başqa millətlərin təsirinə daha tez məruz qalır, onların mədəni aləminə qarışıb əriyir və nəticədə öz milli kimliyini itirir. Mənəvi dünyada millətin öz mahiyyətini və kimliyini qoruyub saxlamaq ehtiyacı "qərbşünaslıq", "rusşünaslıq", "şərqşünaslıq" kimi anlayışların meydana çıxmasına səbəb olmuşdur. Bunlara bənzər şəkildə, Vadud Mahmudun fikrincə, "türkologiya", "türkologiya elmi" və "türkşünaslıq" anlayışları "türkü tanımaq elmi" mənasını ifadə edir.

V.Mahmudun yazdığına görə, gələcəkdə Bakıda keçiriləcək qurultayda onlarla məsələ müzakirə olunacaqdı. Türk dünyasının alimləri və türkologiya ilə məşğul olan mütəxəssislər bu qurultayda dil və ədəbiyyat tarixi, din və mədəniyyət tarixi ilə bağlı mövzular üzrə məruzələr etməli idilər. Vadud Mahmudun bu qəbildən olan bir sıra ehtimalları və gözləntiləri qurultay günlərində öz təsdiqini tapdı.

Vadud Mahmudun 1925-ci ilin sonlarında qələmə aldığı həmin tarixi "Türkologiya Qurultayı" məqaləsini oxuculara təqdim edirik.

Bahadur KƏRİM,

professor

(Özbəkistan)

Türkologiya Qurultayı

Vadud MAHMUD

"Türkiyat", "türkoloji", "türkologiya" ifadələrinin hər biri eyni mənanı ifadə edib, "türkü tanımaq elmi" deməkdir.

Həyat və mübarizə meydanına atılan millətlərin, bugünkü yaşayışlarını nizama salmaq üçün keçmiş günlərini nəzərdən keçirmələri və özlərinin kim və necə bir şəxsiyyətə malik olduqlarını aydınlaşdırmaları zəruri sayılır. Bu məcburiyyət, xüsusən, müxtəlif qövmlərin bir-birləri ilə olan mədəni toqquşmaları zamanı ciddi bir şəkildə hiss edilir.

Maddi mədəniyyətdə (sivilizasiyada) bir sırada olan, yəni eyni çəkic və eyni orağı işlədən xalqlar mənəvi mədəniyyətdə, yəni mədəniyyətdə bir-birlərindən dağlar və dənizlər qədər fərq göstərirlər. Mədəniyyət  ruhi fəaliyyətin nəticəsi olduğundan; incəsənətin bütün sahələrində, adət, əxlaq, din, məzhəb kimi ruhi təsisatlarda bu fərqlər açıq şəkildə görünür. Məhz buna görədir ki, memarlıqda alman, italyan, fransız, hind, ərəb kimi təsnifatlar görür və eşidirik. Maddi mədəniyyətdə (sivilizasiyada) nə qədər ümumilik (obyektivlik) görürüksə, mədəniyyətdə əksinə, bir o qədər xüsusilik (subyektivlik) görürük.

Ərəbin çaldığı "İraqı" ilə İranın və bizimki başqa-başqadır, bir-birindən tanınmayacaq dərəcədə fərqlidir. Memarlığımız ərəb, İran, hind və Çin təsiri altında başlamış olsa da, bu gün sübut olunub ki, Mavəraünnəhr memarlığı özünəməxsusdur, özününküdür, başqadır. Şeirdə də bu belədir; şimaldan başlayıb cənuba doğru nə qədər ensəniz, mövzuda gözəllik, zənginlik və genişlik görərsiniz.

Millətlər məhz bu xüsusiyyətlərə sahib olan topluluqlar olmasalar, süni sərhədlərin, zoraki ünvanların heç bir əhəmiyyəti yoxdur.

Bu fərqli xüsusiyyətlərə malik olan millətlər öz xüsusiyyətlərini nə qədər saf saxlaya bilsələr, bir o qədər güclü milliyət nümayiş etdirə bilər və güclü bir millət adlanarlar.

Çinlilər və hindlilər siyasi və mədəni cəhətdən nə qədər məhkum olurlarsa olsunlar, milli xarakterləri güclü olan millətlərdəndir. Onların bütün sənətlərində, yaşayışlarında, dinlərində özlərinəxas bir xüsusiyyət var. Ruslarda isə bu xüsusiyyət nisbətən zəifdir. Toqquşma, yəni mədəni münasibətlər zamanı bəzi millətlərin asimilə etməsi (təmsil) və asimilə olunması (təməssül) məhz bir mədəniyyətin digəri üzərindəki qələbəsi deməkdir. Məhz bu mədəni asimilə etmə və ya asimilə olunmama cəhətlərindəndir ki, bugünkü millətlər özlərinin ruhi xüsusiyyətlərini təsbit etmək çarələrinə sarılıblar və bunun nəticəsində şərqşünaslıq (şərqiyyat), qərbşünaslıq (qərbiyyat), türkiyat, rusşünaslıq (rusiyyat) kimi elmlər meydana çıxıb.

İngilislərin ingilisliyini qorumaq üçün təəssübkeşliklə əziyyət çəkmələri, almanların almanlıq üçün əsəbi şəkildə fədakarlıq etmələri bu günə qədər olan vəziyyətin açıq misallarındandır. Bu elmlərin qurulması və meydana gəlməsinin səbəbi yalnız bu deyildir. Ümumiyyətlə, hər millətin özünü tanımaq istəyini və bunun gündəlik həyatdakı praktiki əhəmiyyətini təqdir etmək də ciddi səbəblərdəndir.

Türkiyat elmi qərbdə və bizdə başqa-başqa ehtiyaclar nəticəsində doğdu.

Qərb millətləri elmə xidmət üçün (bəlkə də bizdən istifadə etmək və bizi daha yaxşı, daha asan idarə etmək üçün) işə başladılar.

Biz isə özümüzün kimliyimizi bilmək və başqaları arasında mövqeyimizi anlamaq üçün bu işə girişdik; bizim bu işimiz iki cəhətlidir: bir tərəfdən elmə xidmətdir, ikinci tərəfdən isə özümüzü dərk etməkdir.

Hər elmi irəli aparmaq üçün mütəxəssislərin biri-biriləri ilə münasibətdə olmaları, xəbərləşib durmaları çox kömək edir; bugünkü türkoloqlar bir-birlərinin işləri ilə tanış olmaq və gələcək işlərinin planlarını cızmaq istədiklərindən, ilk olaraq bir Türkiyat Qurultayı çağırmağa qərar veriblər.

Qurultayın bu gün çağırılmasının daha bir ayrıca fəziləti - türk qövmlərinin qərb mədəniyyət ailəsinə girməyə başladığı bu dövrdə həlli vacib olan mühüm məsələlərin öz əhli arasında müzakirəyə çıxarılmasıdır.

Bu, Türkiyat Qurultayının üçüncü əhəmiyyətli tərəfidir.

Nəzərdən keçiriləcək məsələlər aşağıdakılardır:

1. Türkiyatın hazırkı vəziyyəti və gələcək inkişaf yolları;

2. Türk dilləri və şivələrinin təsnifatı (klassifikasiyası);

3. Türk dili və şivələrinin mənşəyi, tarixi və inkişafı;

4. Türk dili və şivələrinin müqayisəli fonetikası və türk yazıları;

5. Türkcədə elmi terminlər yaratmaq məsələsinə aid olan türk dili və şivələrinin müqayisəli morfologiyası;

6. Türk dili və şivələrinin digər dil, şivələrlə (monqol, fin, başqaları) yafetizm (Marra nəzəriyyəsi) nəzəriyyəsi ilə yaxınlığı, əlaqəsi;

7. Türklərin ibtidai dinləri;

8. Türklərin ibtidai tarixləri;

9. Türk millətlərinin əlifbası;

a) ərəb əlifbası,

b) monqol əlifbası,

c) rus əlifbası,

d) latın əlifbası;

1. Türk dillərinin imlası (orfoqrafiyası);

2. Türk dillərinin tədrisi metodikası;

3. Türk dillərinin terminləri;

4. Türk millətləri arasında inqilabi hərəkat tarixi;

5.Təşkilati məsələlər;

Bu qurultayda SSRİ-dəki türk respublikalarından nümayəndələr iştirak edəcəyi kimi, SSRİ və xaricdəki türkoloqlar da iştirak edəcəklər. Nümayəndələrin təxminən 150 nəfər olacağı gözlənilir.

Bu qurultayın fevralın birində çağırılması nəzərdə tutulur. O vaxta qədər müxtəlif respublikaların nümayəndələrindən ibarət bir plenum (şura iclası) keçiriləcəkdir.

Qurultayda məşhur alimlərdən türkiyəli Fuad Köprülüzadə, almaniyalı Banq, Bartold, Samoyloviçlər iştirak edərək məruzələr oxuyacaqlar. Qurultay türkcə və rusca olmaqla iki dildə davam edəcəkdir.

Bu qurultay məşhur şairimiz Nəvainin beş yüz illik və Azərbaycanda müntəzəm türk mətbuatının əlli illik yubileyinə uyğunlaşdırılaraq açılacaqdır.

Qurultay çərçivəsində türk mətbuatı sərgisi (gəzintisi) təşkil olunacaqdır.

Bu qurultay münasibətilə Səmərqənddə çağırılmış məsləhət məclisinin qərarları ayrıca çap ediləcəkdir.

"Maarif və oqituvçi" ("Maarif və müəllim") jurnalı, 1925-ci il, № 11.

Yazını çapa professor Bahadır

Kərim hazırlayıb, Azərbaycan dilində professor Almaz Ülvi (Binnətova) uyğunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri