Üç qitəni birləşdirən İslam səkkizliyi
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsindən bir il ötür...
Çoxvektorlu xarici siyasət kursuna malik olan müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Diqqət çəkən məqam ondan ibarətdir ki, nümunəvi multikultural mühiti ilə fərqlənən respublikamız həm Qlobal Cənuba, həm də Qlobal Qərbə aid qurumlarda eyni səviyyədə yüksək statusa malikdir və dünyada fərqli mədəniyyətlər arasında körpülər yaradan ölkə qismində çıxış edir.
Bir il bundan əvvəl - 2024-cü il dekabrın 19-da isə Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib. Ölkəmizin təşkilatda qısa müddəti əhatə edən təmsilçiliyi kifayət qədər məhsuldar olub.
Yeni çağırışlar fonunda daha sıx əməkdaşlıq
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Üç qitəni əhatə edən, 5 trilyon 199 milyon dollar nominal,18 milyard 182 milyon dollar real ÜDM-ə malik olan,130 milyard dollar həcmində ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının (1,2 milyard ) ümumilikdə Yer üzündəki müsəlmanların 60 faizdən çoxunu təşkil edən qurum dünyada İslam səkkizliyi kimi tanınır. İslam səkkizliyinin əsas prinsipləri aşağıdakılardır:
- Münaqişələr əvəzinə sülh,
- Mübahisələr əvəzinə dialoq,
- İkili standartlar əvəzinə hüquq bərabərliyi,
- İstismar əvəzinə kooperasiyalar ,
- İkili standartlar əvəzinə hüquq,
- Zülm əvəzinə demokratiya,
- Diskriminasiya əvəzinə hüquqi bərabərlik və s.
D-8 ölkələri yeni çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyiblər. Bu məqsəd qəbul olunan qərarlarda da öz əksini tapıb. Təşkilatın dövlət və hökumət başçılarının X sammitində “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd 2020-2022-ci, 2023-2027-ci və 2028-2030-cu illəri əhatə etməklə üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Dünyadakı yeni reallıqlara və çağırışlara uyğun islahatların aparılması İslam səkkizliyinin qarşısına bir vəzifə kimi qoyulub. Qurumun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafı dayanır.
Onillik Yol Xəritəsi artıq ikinci icra mərhələsindədir (2023-2027). Bu mərhələ D-8 daxilində ticarətin genişləndirilməsinə, sektoral əməkdaşlığın gücləndirilməsinə və üzv ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətini və davamlılığını artıran konkret layihələrin həyata keçirilməsinə yönəlib.
Hazırda Misir D-8-in sədr ölkəsidir və 2026-cı il yanvarın 1-dən iki il ərzində İndoneziya təşkilata sədrlik edəcək.
Azərbaycana göstərilən böyük etimad
Elə dövlətlər var ki, onlar beynəlxalq həmrəyliyin gücləndirilməsinə, üzv olduqları təşkilatların fəaliyyətinin genişlənməsinə hər hansı bir töhfə vermək iqtidarında deyillər. Bu qəbildən olan dövlətlərin beynəlxalq təşkilatlarda təmsilçiliyi formal səciyyə daşıyır və onlar üzv olduqları beynəlxalq qurumlardan yalnız nəyi isə qoparmaq, birtərəfli qaydada faydalanmaq məqsədi güdürlər. Ölkəmizin yanaşmaları və mövqeyi isə tamam fərqlidir. Azərbaycan məsuliyyətli dövlət olaraq qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi təşəbbüslərindən çıxış edir və həmişə də proseslərdə fəallıq göstərir, öz imkanlarını ortaya qoyur və real töhfələr verir. Bütün bunların nəticəsi olaraq dünyada Azərbaycana və onun Liderinə böyük etimad yaranıb. Prezident İlham Əliyevin Azərbaycanın üzv olduğu və üzv olmadığı beynəlxalq təşkilatların yüksəksəviyyəli Zirvə görüşlərinə fəxri qonaq qismində dəvətlər alması, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun respublikamıza verilməsi bunun əyani təsdiqidir. Artıq Azərbaycan dünyada dialoq məkanı kimi tanınır, ən həssas qlobal çağırışlar məhz paytaxtımızda müzakirə olunur. Azərbaycanı fərqləndirən həm də o cəhətdir ki, ölkəmiz beynəlxalq birliyin etmadını yüksək məsuliyyət kimi qəbul edir, ev sahibliyi hüququnu üzərinə götürdüyü tədbirlərə yüksək hazırlıqlar görür və bir qayda olaraq substantiv nəticələr qazanır.
Bir il bundan əvvəl Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı respublikamızın yekdilliklə D-8-in üzvlüyünə qəbul edilıməsi İslam səkkizliyinin tarixində ilk genişlənmə idi. Bu fakt İslam dünyasında Azərbaycanın nüfuzunun artmasının göstəricisidir. Respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Qlobal Cənubun səsinin daha gur eşidilməsinə nail olmağa çalışır, o cümlədən də İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Xüsusilə də ölkəmiz Qoşulmama Hərəkatına uğurlu sədrliyi dönəmində bu istiqamətdə fəal iş aparıb. Bütün bunlar onu deməyə əsas verir ki, D-8-in ilk genişlənməsinin məhz Azərbaycanla edilməsi tam məntiqlidir. Bu qərar üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmətin ifadəsidir. Əksər D-8 ölkələri ilə respublikamızın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. Xatırladaq ki, ölkəmiz təşkilatda ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Azərbaycanın D-8-ə tamhüquqlu üzv qəbul edilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı rəsmi “X” hesabındakı paylaşımında belə yazıb: “Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir. Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.
Azərbaycanın bütün dost ölkələrlə və ayrı-ayrı beynəlxalq təşkilatlarla əlaqələri qarşılıqlı maraqlar əsasında qurulub. Bu baxımda D-8 təşkilatı ilə münasibətlər də istisna deyil. Ölkəmizin quruma tamhüquqlu üzv qəbul edilməsi hər iki tərf üçün faydalıdır. Beynəlxalq münasibətlərin indiki mərrhələsində genişlənmə hər bir təşkilat üçün vacib amilə çevrilib. Yəni reallıq onu tələb edir ki, qlobal miqyasda söz sahibi olmaqdan ötrü ilk növbədə siyasi və iqtisadi çəkiyə malik tərəfdaşların sayını artırmalısan. Azərbaycan özünün əlverişli coğrafi yerləşməsi və apardığı siyasətlə, yaratdığı reallıqlarla D-8-in Cənubi Qafqaza, Xəzər hövzəsi regionuna və daha geniş coğrafiyalara doğru genişlənməsinə körpü ola bilər. Eyni zamanda, qurumda təmsil olunan dövlətlər respublikamızın hər cəhətdən nümunəvi olan inkişaf modelindən, iqtisadi potensialından, investisiya imkanlarından bəhrələnə bilərlər. Hazırda Azərbaycan təxminən 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Prezident İlham Əliyev tərəfindən “yaşıl zona” elan edilən bu ərazilərin sərmayə cəlbediciliyi hədsiz dərəcədə yüksəkdir və D-8-də yer alan dost ölkələr bu imkandan bəhrələnə bilərlər.
Eyni zamanda, D-8-də təmsilçilik Azərbaycan üçün də faydalıdır. Belə ki, quruma tamhüquqlu üzv qəbul olunmaqla ölkəmizin geosiyasi mövqeyi daha da möhkəmlənib. Digər tərəfdən, ölkəmizin qarşısında geniş iqtisadi manevr perspektivləri, yeni bazarlara çıxış imkanları açılıb.
Bir ili əhatə edən səmərəli fəaliyyət
Azərbaycanın D-8-də bir illik tam hüquqlu üzvlüyü kifayət qədər səmərəli olub və çoxşaxəli fəaliyyətlə yadda qalıb. Burada siyasi dialoqun intensivləşməsini xüsusi qeyd edə bilərik. Ötən dövrdə təşkilatın yüksəksəviyyəli rəsmilərinin respublikamıza uğurlu səfərləri baş tutub. Prezident İlham Əliyev 4 mart 2025-ci il tarixində qurumun ölkəmizdə səfərdə olan Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib. Həmçinin Xarici işlər naziri Ceyhun Bayramovun İsiaka Abdulqadir İmam ilə görüşü baş tutub. Qəbulda aktual müzakirələr aparılıb. Ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev tamhüquqlu üzv kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azərbaycan müasirləşməni strateji kurs kimi müəyyənləşdirən yenilikçi ölkədir. Respublikamız həmçinin D-8 təşkilatı ilə əməkdaşlıqda da öz yanaşmasına sadiqlik nümayş etirərək bir sıra ilklərə imza atıb. 2025-ci il aprelin 29-da “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı çərçivəsində D-8 ölkələrinin QHT-lərinin ilk görüşü Azərbaycanda təşkil olunub. Müzakirələrdə D-8 ölkələrinin QHT-ləri əməkdaşlığı dərinləşdirməyə, birgə layihələr icra etməyə, BMT-nin ECOSOC (İqtisadi və Sosial Şura) təsisatı çərçivəsində səyləri birləşdirməyə çağırılıb. Bundan başqa, görüşdə D-8 regionunda rəqəmsal alətlərdən (xüsusilə süni-intellektdən) istifadənin təşviqi də diqqət mərkəzində olub. Ümumilikdə, Azərbaycanın D-8-ə qoşulması həm tarixi addım, həm də İslam həmrəyliyinə mühüm töhfə kimi dəyərləndirilib.
Azərbaycanda D-8 Həftəsi
Cari ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilib.
D-8 Həftəsi çərçivəsində baş tutan tədbirlərdə təşkilatın güclü iqtisadi bloka çevrilməsi məqsədilə qurumda islahatlar aparılması, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.
Oktyabr ayında paytaxtımızda həmçinin İqlim və Şəhərsalma Fəaliyyətlərinin D-8 Onillik Yol Xəritəsi ilə Uyğunlaşdırılması məqsədilə ilk dəfə “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbiri baş tutub. Bildirldiyi kimi, D-8 üçün iqlim davamlılığı ilə dayanıqlı şəhərsalmanı uzlaşdırmaq təkcə zərurət deyil, həm də strateji imkandır. Bu çərçivədə, ilk dəfə keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu təşkilat üçün tarixi bir mərhələ kimi səciyyələndirilir. Tədbir D-8 ölkələrinin nazir, komissar və merlərini bir araya gətirərək milli iqlim və şəhər prioritetlərini ümumi iqtisadi məqsədlərlə uzlaşdırmaq, aşağıkarbonlu inkişaf üçün innovativ yanaşmaları müzakirə etmək, “yaşıl tərəfdaş”lıqları təşviq etmək və D-8-i Qlobal Cənubda iqlimə davamlı şəhərsalma sahəsində aparıcı platforma kimi möhkəmləndirmək məqsədi daşıyıb. Bu dialoq, həmçinin D-8-in innovasiya, davamlılıq və ortaq rifah prinsiplərinə əsaslanan gələcəyə yönəlik, iqlimə həssas iqtisadi blok kimi mövqeyinin güclənməsinə müsbət təsir göstərib.
D-8 Media Forumu və gənclərin dialoqu
Bakı noyabr ayında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda Media Forumuna ev sahibliyi edib. Tədbir Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil olunub.
Forum D-8-ə üzv ölkələrin məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərini, digər yüksək vəzifəli nümayəndələri və sahə üzrə tanınmış ekspertləri bir araya gətirib.
Tədbir çərçivəsində regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunub. Forumda 8 ölkədən və təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla ümumilikdə 150-yə yaxın qonaq iştirak edib. “Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən D-8 Media Forumunun əsas vəzifələrindən biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır”, - deyə Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanladığı müraciətində vurğulayıb.
Dekabrın ilk ongünlüyündə Azərbaycanın ilk dəfə keçirilən D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi etməsi də əlamətdar hadisədir. Dekabrın 6-da baş tutan açılış tədbirindəki çıxışında gənclər və idman naziri Fərid Qayıbov respublikamızda həyata keçirilən gənclər siyasətindən bəhs edib və ölkə rəhbərliyinin gənclərə göstərdiyi daimi dəstəyindən danışıb. Nazir dialoqun üzv dövlətlərin gəncləri arasında əlaqələri inkişaf etdirəcəyini və birgə təşəbbüslərin reallaşmasına töhfə verəcəyini qeyd edib.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam dialoqun D-8 ölkələrinin gəncləri arasında korporativ əlaqələrin gücləndirilməsində əhəmiyyətli olacağını deyib. Baş katib çıxışında layiqli ev sahibliyi üçün Azərbaycana təşəkkür edib.
Mübariz ABDULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Dekabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















