Üçrəngli Bayrağınla Məsud Yaşa! Bir daha Himnimiz haqqında
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Kamil Şahverdi
Rəşid Behbudov Fondunun direktoru
(əvvəli BU LİNKDƏ)
...Qəzet və jurnallarda çap olunacaq yazıların son variantı "Kommunist" nəşriyyatında "Qlavlit" şöbəsinə aparılardı. "Qlavlitdə" bütün materiallar mikroskopla yoxlanılardı və hər səhifəyə imza atılar və möhür vurulardı. Bu möhür olmadan nəşriyyatın çap sexi heç nə çap edə bilməzdi.
Nəhayət, çətinliklə də olsa, Sərdar Fərəcov"Ədəbiyyat və İncəsənət" qəzetindən razılıq aldı və 1988-ci ilin dekabr ayında marşları redaksiyaya təqdim etdi. Hamımız Üzeyir bəyin məlum olmayan əsərlərinin çap olunacağı günü səbrsizliklə gözləyirdik. Hər həftə "Ədəbiyyat və İncəsənət" qəzetini (qəzet həftədə bir dəfə, cümə günü çıxırdı) köşklərdən alıb yoxlayardıq. Yazının çıxmadığını görüb pərişan olurduq.
Sərdar Fərəcov isə növbəti gün redaksiyaya gedər, yazının nə vaxt çıxacağı ilə maraqlananda, ona deyərdilər ki, materialımız çox idi, çap edə bilmədik, yəqin gələn nömrədə çıxar. Beləliklə düz yeddi ay həmin yazı "Ədəbiyyat və İncəsənət" qəzetinin redakdiyasında çapını gözləməli oldu. 1989-cu il iyul ayının 14-də yazının qəzetdə çap olunması hamımız üçün tarixi bir hadisəyə çevrildi. Üzeyir bəyin Cümhuriyyət dövründə yazdığı, 70 il ciddi cəhdlə xalqdan gizlədilən "Milli Marş" və "Azərbaycan Marşı" Vətəndə ilk fəfə işıq üzü gördü, qəzetdə çap olundu. Bu marşların mühacərətdən Vətənə qayıdışı idi. Millət üçün, Xalq üçün yazılan əsərlər Millətə, Xalqa qaytarıldı. Çox böyük tarixi hadisə idi. Hər şey bundan sonra başladı.
Sərdar Fərəcovun "Ədəbiyyat və İncəsənət" qəzetindəki məqaləsindən (marşları çap etdirməsi) "Azərbaycan Marşı" Milli Məclisin müzakirəsinə qədər maraqlı, gərgin mücadilə ilə zəngin bir yol keçdi. Nəticədə tarixi ədalət bərpa olundu. 1920-ci iıdə bolşevik işğalı nəticəsində təsdiqini tapa bilməyən "Azərbaycan Marşı" 72 il sonra Azərbaycan Respublikasının Dövlət Himni statusunu qazandı.
Böyük bəstəkar Aydın K. Azim "Ədəbiyyat və İncəsənət" qəzetininin 14 iyul 1989-cu il tarixli sayında çap olunmuş marşları analiz edərək onların üzərində işləməyə başladı. O dövrdə Aydın müəllimlə biz tez-tez görüşərdik. Günlərin birində Aydın müəllim qəzetdə çap olunan marşları dərindən öyrəndiyini bildirdi və qətiiyyətlə söylədi ki, Üzeyir bəy "Azərbaycan Marşı"nı ADR himni kimi yazıb. Buna qədər bu əsərlər sadəcə Üzeyir bəyin məlum olmayan marşları kimi təqdim olunurdu. İlk dəfə "Azərbaycan Marşı"nın ADR himni olması fikrini Aydın K. Azim irəli sürdü. Ustad sənətkar fikrində çox qəti idi. Yorulmadan bu fikri hər kəsə izah edir və böyük peşəkarlıqla fikrini sübut edirdi. O bildirirdi ki, "Azərbaycan Marşı" forma, quruluş, ideya, məzmun baxımdan bizim bildiyimiz marş janrına aid deyil. Bu ALQIŞDIR. Bu tamamilə başqa janrdır. Bunun kökü çox dərinliklərə gedir. Üzeyir bəy bunu ADR himni kimi yazıb. Bu fikri Aydın müəllim inadkarkıqla hər kəsə isbat edirdi. Çoxları onunla razılaşmırdı, mübahisə edirdi və bu əsərin sadəcə marş olduğunu söyləyirdi.
Artıq mübahisələr yaranmışdı. Bu mübahisələr haqqında daha sonra ətraflı məlumat verməyə çalışacağam. İndi isə Aydın K. Azimin ilk gündən "Azərbaycan Marşı"nı himn kimi qəbul etməsi və bunun üzərində ciddi işə başlaması prosesinə diqqət yetirək.
Aydın K. Azimin xatirələrindən:
"Mən ilk dəfə Üzeyir bəyin "Azərbaycan Marşını" 1970-ci ildə "Azadlıq"radiosunda Mirzə Xəzərin proqramından eşitmişəm. Bir alətdə ifa olunurdu. Mənə çox maraqlı gəldi. Radioda eşitdikdən sonra evdə pianoda bu marşın melodiyasını çalıb onu müxtəlif harmonik akkordlarla yoxlayırdım. Rəhmətlik atam melodiyanı eşidəndə qəribə hisslər keçirdi. Atam məndən bunun nə olduğunu soruşdu. Mən də cavab verdim ki, "Azadlıq" radiosunda Mirzə Xəzərin proqramında eşitmişəm . Atam onda mənə söylədi ki, biz məktəbdə oxuyanda hər gün dərsdən qabaq bu havanı ifa edirdik. Atam 1904-cü ildə anadan olub.
1918-1920-ci illərdə atamın 14-16 yaşı olub və məktəbdə oxuyub. Mən onda hələ bu əsərlə tanış deyildim. Təxmini fərz edirdim ki, Üzeyir bəyin ola bilər. Çünki, onun musiqi dilinə çox yaxın idi. Bunun marş, ya himn olması haqqında heç bir məlumatım yox idi. Atamın dedikləri isə yaddaşıma yazıldı
Sonralar, 1989-cu ilin yayında "Ədəbiyyat və İncəsənət" qəzetində bəstəkar həmkarım Sərdar Fərəcovun "Milli Marş" və "Azərbaycan Marşı" məqaləsi qarşıma çıxdı. Diqqətimi çəkdi və mən Üzeyir bəyin məlum olmayan əsərləri ilə yaxından tanış olarkən, atamın təxminən 15-16 il əvvəl dedikləri yadıma düşdü. Mən bu əsərlər üzərində çiddi şəkildə işləməyi qərara aldım. Mənə tam aydın oldu ki, strukturuna, yazılma tərzinə, emosionallığına, əhvalına, ümumiyyətlə bütün parametrlərinə görə Üzeyir bəy "Azərbaycan Marşı"nı himn kimi yazıb. Mən də "Azərbaycan Marşı" üzərində işləməyə başladım.
"Azərbaycan Marşı" nı himn kimi bərpa edərək orkestr və xor üçün işləmək istəyimi, artıq işə başladığımı yaxın dostum Vaqif Səmədoğluna bildirdim. Vaqiflə bu barədə uzun uzadı fikir mübadiləsi aparırdıq. O musiqiçi olduğuna görə məni yaxşı başa düşürdü. Gətirdiyim dəlillərlə razılaşırdı.
Vaqif "Azərbaycan Marşı"nın himn kimi yazılmasına əmin olmaq istəyirdi. Mən də buna nail oldum və onu əmin etdim ki, "Azərbaycan Marşı"nın himn olması haqqında heç bir şübhəm yoxdur və buna bəstəkar kimi qəti əminəm. Biz Vaqiflə tez-tez görüşürdük. O hər dəfə "Azərbaycan Marşı" üzərində işimlə maraqlanırdı. Hiss edirdim ki, bu məsələ onu dərindən düşündürür.
1989-cu ilin payız ayları idi. Bir gün Yusif Səmədoğlu mənə zəng elədi. Hal-əhval tutduqdan sonra Yusif dedi: "Aydın, Vaqif mənə deyib ki, sən Üzeyir bəyin əsəri üzərində çalışırsan. İşlər necə gedir?". Mən Yusifə ətraflı məlumat verdim. O da qardaşı Vaqif kimi məndən bu marşların hansı himn kimi nəzərdə tutulduğu haqqında soruşdu. Mən əminliklə bildirdim və əsaslandırdım ki, Üzeyir bəy məhs "Azərbsycan Marşı"nı ADR himni kimi qələmə alıb. Yusif izahımı müsbət qarşıladı. Mənə uğurlar arzuladı və sağollaşdıq. Bir neçə gündən sonra Yusiflə bir də danışdıq. Mən Vaqifgildə idim. Telefon zəng çaldı. Vaqif dəstəyi götürdü və sonra məni çağıraraq bildirdi ki, Yusif səninlə danışmaq istəyir. Yusiflə salamlaşdıq, hal-əhval tutduq və Yusif mənimlə görüşmək istədiyini bildirdi.
Təyin olunmuş vaxtda görüş yerinə gəldim. Yusif Səmədoğlu məni maşına əyləşməyə dəvət etdi. Mən maşına əyləşdim, görüşdük, hal-əhval tutduq və Yusif Səmədoğlu çibindən bir zərf çıxarıb mənə uzadaraq dedi:
"Aydın, bu Üzeyir bəyin və Əhməd Cavadın Himn üçün yazdığı musiqi və mətndir. Nə vaxt işi yekunlaşdıra bilərsən?
Mən bir neçə ay vaxt istədim. Yusif Səmədoğlu isə 2 həftəyə, yəni noyabrın 15-nə qədər bütün işləri yekunlaşdırmaq lazım olduğunu bildirdi. Xahiş etdi ki, noyabrın 15-də əsərin lent yazısını ona təqdim edim.
Yusif Səmədoğlu həm də bu haqda heç kimə bir söz deməməyimi tapşırdı.
Təyin olunan müddət çox az idi. Əsərin redaktə, bərpa işlərini yekunlaşdırmışdım. Amma bununla iş bitmir. Onu aranjiman etmək, orkestr və xor üçün işləmək, orkestrlə, xor ilə əsəri məşq edib öyrənmək, daha sonra lentə almaq belə qısa vaxtda çox çətin olsa da, söz verdiyim üçün gecə-gündüz çalışmalı oldum.
Qısa bir vaxtdan sonra əsər üzərində işi yekunlaşdırdım, O dövrdə mən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin bədii kollektivlərinin bədii rəhbəri və Səs Yazma Evinin direktoru idim. Komitədə Niyazi adına simfonik orkestr, xalq çalğı alətləri orkestri, estrada simfonik orkestri, xor kollektivi, Ə. Bakıxanov adına xalq çalğı alətləri ansamblı, "Xatirə" ansamblı, "Bənövşə" uşaq xoru və b. kollektivlər fəaliyyət göstərirdi. Bütün bu kollektivlərə ümumi rəhbərlik etdiyimə görə tez bir zamanda belə bir işin öhtəsindən gələ biləcəyimə əmin idim. Əsərin partiturasını və alətlər üçün notları simfonik orkestrinin dirijoru Əli Cavanşirə verdim və orkestrlə məşqlərə başlamağı xahiş etdim. Eyni zamanda Teleradio Komitəsinin xor kapellasının bədii rəhbəri bəstəkar Ramiz Mustafayevlə də danışdım, xor partiyasının notlarını ona verdim və hazırlaşmaqlarını xahiş etdim. Hamı böyük həvəslə məşqlərə başladı.
Bir neçə gündən sonra həm orkestr, həm də xor əsəri ifa edərək lentə yazdırmaq üçün tam hazır idi. İndiki Şəhriyar adına mədəniyyət evində Himni ilk dəfə ifa edib lentə aldıq. (O vaxtlar bura Dzerjinski adına klub idi. Qafqazda səs, musiqi yazmaq üçün ən yaxşı məkan sayılırdı. SSRi vaxtlarında məşhur "Melodiya" firması buraxdığı valların böyük əksəriyyətini burda lentə alırdı-K. Ş.) Yaxın dostum və unudulmaz bəstəkarımız Adil Bəbirovu səs rejissoru kimi dəvət etdim. Sevimli bəstəkar Adil Bəbirov bu işin ən böyük ustası idi. Mən özüm də uzun illər ali dərəcəli səs rejissoru kimi işləmişım. Amma öz əsərim olduğuna görə subyektivlik olmasın deyə Adil Bəbirovu dəvət etdim. Adil böyük bəstəkar və yüksək peşəkar idi...
(ardı var)

