Ukrayna üçün təhlükəsizlik dilemması: Real təminat, yoxsa siyasi ritorika?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-Ukrayna münasibətlərində təhlükəsizlik zəmanətləri məsələsi yenidən qeyri-müəyyənlik mərhələsinə daxil olur. Volodimir Zelenskinin uzunmüddətli təhlükəsizlik zəmanətləri tələb etməsi anlaşılandır, lakin reallıq bu səylərin nəticəsiz qalma ehtimalının yüksək olduğunu göstərir. ABŞ Konqresi bu məsələdə ehtiyatlı mövqe tutur, təhlükəsizlik zəmanətinin qanuniləşdirilməsinin Vaşinqtonu gələcəkdə Moskva ilə birbaşa qarşıdurma riskinə sürükləyə bilmə ehtimalından uzaqlaşdırmaq istəyir. Məhz buna görə Konqres səviyyəsində məsuliyyəti artıracaq mexanizmlərdən yayınma tendensiyası müşahidə olunur.
20 maddəlik sülh planı
Zelenskinin təqdim etdiyi sülh planının ana xətti Kiyevin təhlükəsizliyidir. Burada əsas diqqətçəkən məqam ABŞ, NATO və Avropa tərəfindən Ukraynaya Şimali Atlantika Alyansının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi, Rusiyanın Ukraynaya hücumu halında silahlı cavab və Moskvaya qarşı sanksiyaların bərpası, Donetsk və Luqanskda, eləcə də Zaporojye və Xerson vilayətlərində qoşunların razılaşmanın qəbul edildiyi tarixdəki mövqeləri üzrə atəşkəs, Rusiya qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarması, Ukraynanın Rusiya ordusunun Donbasdan çıxmasını tələb etməsi fonunda ABŞ-nin həmin ərazilərdə azad iqtisadi zona yaradılmasını təklif etməsi, Rusiyanın Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmaması, Kinburn burnunun demilitarizasiya edilməsi və nəhayət bütün tərəflər bu təkliflərlə razılaşdıqdan sonra tam atəşkəsin dərhal qüvvəyə minməsi. Sülh planına nəzər salanda həqiqətən də atəşkəsin və sülhün qüvvəyə minəcəyi real görünmür, çünki tərəflər bu maddələrə əməl etsəydi, onsuz da müharibə olmayacaqdı. Xüsusən də Rusiyanın münaqişəyə "xüsusi əməliyyat" adı ilə başlamasının əsas səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi idi. Üstəlik, Zelenskinin uzunmüddətli təhlükəsizlik zəmanəti müqabilində silahsızlaşdırılmış zonaya razı ola biləcəyi ehtimalı sülh üçün kompromis kimi təqdim edilsə də, bu modelin dayanıqlılığı da sual altındadır. Təcrübə göstərir ki, sülh danışıqları gündəmə gələn kimi tərəflərdən biri yeni şərtlər irəli sürür və ya gərginliyi artıran addımlar atır. Son olaraq Kiyev və Moskvanın qarşılıqlı olaraq inzibati binalara və prezident iqamətgahlarına dron hücumları ilə bağlı bir-birlərini ittiham etməsi də bunu təsdiqləyir. Bu cür addımlar etimad mühitini daha da zəiflədir və danışıqları faktiki olaraq dalana dirəyir. Nəticə etibarilə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusu hazırkı geosiyasi şəraitdə real təminatlardan çox siyasi ritorika səviyyəsində qalır. ABŞ daxilindəki qeyri-müəyyənlik, Konqresin riskdən yayınması və tərəflər arasında davam edən qarşıdurma fonunda uzunmüddətli sülh perspektivi zəifləyir. Mövcud dinamika göstərir ki, proses sülhə deyil, qarşıdurmanın uzanmasına daha çox xidmət edir.
Silahsızlaşdırılmış zona nədir?
Bu, klassik "bufer zona" yanaşmasıdır və eskalasiyanın qarşısını almaq üçün nəzəri baxımdan məntiqlidir. Lakin burada əsas sual mexanizmlərlə bağlıdır. Yəni bu zonaya kim nəzarət edəcək, təhlükəsizlik zəmanətləri necə təmin olunacaq və razılaşmalar pozularsa, sanksiya mexanizmləri necə işləyəcək?
ABŞ, Rusiya, Ukrayna və Avropanın eyni masa arxasında müzakirələr aparması format baxımından müsbət siqnaldır. Amma maraqların kəskin fərqləndiyi şəraitdə razılığa gəlmək son dərəcə çətindir. Lakin bu proses nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən çətindir. Məsələn, tarixdə bununla bağlı analoji nümunələr var. İstər Koreya yarımadası, istər Kipr, istərsə də Balkan ölkələrində silahsızlaşdırılmış zona amilinə rast gəlmək olar. Bu məqam eskalasiyanı dondurmaq və atəşkəsi qorumaq üçün texniki baxımdan işlək mexanizmdir. Lakin zonaya kimin nəzarət etməsi, formatın necə olması da sual doğurur. Çünki problemin əsas mənbəyi məhz bu günə qədər münasibətlərdə irəliləyişə imkan verməyib. Kiyev ərazi itkisi ilə barışmır, Moskva isə nəzarətə götürdüyü zonaları geri vermək və Qərbin təsirinin yenidən artmasını istəmir. Bu baxımdan, indiki mərhələdə bu, real razılaşmadan daha çox diplomatik manevr və gələcək üçün ehtiyat plan təsiri bağışlayır. Reallıq isə ondan ibarətdir ki, münaqişə ya aşağı intensivlik mərhələsinə keçəcək, ya da faktiki olaraq dondurulacaq. Bu halda cəbhə xətti müvəqqəti sərhəd kimi formalaşa bilər, amma hüquqi tanınma olmayacaq. Ukrayna ərazilərdən de-yure imtina etməyəcək, Rusiya isə onları de-fakto qaytarmayacaq. Bu ziddiyyət isə illərlə davam edə bilər. Qərb, xüsusən ABŞ və Avropa üçün əsas hədəf Ukraynanın məğlub olmaması, Rusiya üçün isə strateji məğlubiyyətə uğramamaqdır.
Tərəflər sülhə nə dərəcə hazırdır?
Sülh danışıqları ilə bağlı digər məqam isə əvvəlki təcrübə ilə bağlıdır ki, bu da nikbinlik üçün əsas vermir. Çünki hər dəfə diplomatik proses aktivləşəndə tərəflərdən biri ya yeni şərtlər irəli sürür, ya da hərbi-siyasi gərginliyi artıran addımlar atır. Son olaraq inzibati binalara dron hücumları ilə bağlı qarşılıqlı ittihamlar bunun bariz nümunəsidir. Bu cür insidentlər sülh iradəsinin zəif olduğunu, qarşıdurmanın isə hələ də əsas alət kimi saxlanıldığını göstərir. Ümumilikdə isə mövcud mənzərə onu deməyə əsas verir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırda real təminatlardan daha çox diplomatik ritorika səviyyəsində qalır. Müharibə ilə bağlı ABŞ daxilindəki siyasi parçalanma və tərəflər arasında dərin etimadsızlıq fonunda uzunmüddətli və dayanıqlı sülh perspektivi xeyli zəifləyib. Mövcud proseslər sülhə yaxınlaşmadan çox, münaqişənin uzadılması və idarə olunan gərginliyin qorunmasına xidmət edir.
Perspektivdə gözləntilər
ABŞ-Ukrayna münasibətlərində təhlükəsizlik zəmanətləri mövzusu təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Qərbin Rusiya ilə münasibətlərinin gələcək trayektoriyasını müəyyən edən əsas faktor kimi çıxış edir. Bu baxımdan, gələcəyə baxdıqda bir neçə ssenari ön plana çıxır: Birinci ssenari, siyasi qeyri-müəyyənliyin davam edəcəyi təqdirdə, Ukraynanın Qərbdən aldığı dəstəyin həcmi və keyfiyyəti ilə bağlıdır. İkincisi "uzadılmış münaqişə" modelidir ki, bu halda nə tam sülh, nə də açıq eskalasiya baş verir, lakin gərginlik uzun illər saxlanılır. Üçüncü - daha zəif ehtimal olunan ssenari isə tərəflərin real güzəştlərə getməsi ilə məhdud və kövrək sülh razılaşmasının əldə olunmasıdır. Lakin mövcud proseslər göstərir ki, təhlükəsizlik zəmanətləri ətrafında gedən müzakirələr real təhlükəsizlikdən daha çox siyasi manevr xarakteri daşıyır. Konqresin tərəddüdü və qarşılıqlı etimadsızlıq fonunda Ukraynanın gələcək təhlükəsizlik modeli açıq sual olaraq qalır. Bu baxımdan, hazırki gedişat sülhdən çox, münaqişənin yeni formatda davam etməsinə işarə edir.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















